Məhkəmə qərarları › İş №2-1(112)-1968/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1968/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1968/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil (Ünvan:Bakı şəhəri, B.Nuriyev küçəsi ev 13, mənzil 26; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 4 saylı vəkil bürosunun vəkili) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli «Lexus GX470» markalı avtomobilin qeydiyyata alınmasının və qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 05.05.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli «Lexus GX470» markalı avtomobili 14 may 2018-ci il tarixdə almışdır. Göstərilən avtomobilə dair 14 may 2018-ci il tarixdə öz adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almışdır. Lakin, sonradan avtomobilin ban nömrəsinin qeyri zavod üsulu ilə vurulması bildirilmişdir. Bundan sonra həmin halla bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası DİN BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılmış və buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli «Lexus GX470» markalı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin hansı şəraitdə aparılması müəyyən edilmədiyi üçün nəqliyyat vasitəsinin qeydiyyata alınması məqsədəmüvafiq hesab edilməmişdir. Buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli «Lexus GX470» markalı avtomobilin qeydiyyata alınmasından imtina edilməsi əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə ona məxsus olan buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli «Lexus GX470» markalı avtomobilin qeydiyyata alınmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə ünvanlanan 06.02.2019-cu il tarixli 005-3293-1219 nömrəli məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin mübahisə predmeti olan avtomobilin qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə ünvanlanan 005-3293-1219 nömrəli məktubunda göstərilmişdi: “Lexus GX470 markalı ** NH *** dövlət qeydiyyat nişanlı 2009-cu il buraxılışlı JTJBT20XX90173530 ban nömrəli avtomobil DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin ekspertlərinə təqdim edilmiş, tədqiqat aparılaraq KTİ-nin 28.01.2019-cu il tarixli 19/162a №-li arayışı alınmaqla müəyyən edilmişdir ki, təqdim edilmiş avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «JTJBT20XX90173530» hərf və rəqəmlərinin 1-16-cı mövqedə duran hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. 17-ci mövqedə duran «0» rəqəmi sonradan kustar-üsulla vurulmuşdur. Həmin «0» rəqəmi ban nömrəsində olan digər hərf və rəqəmlərdən vurulma dərinliyinə və ölçülərinə görə fərqli olması müşahidə edildi. Sonradan «0» rəqəminin orta hissəsi kustar üsulla yonulmuşdur. Həmçinin avtomobilin ban nömrəsinin dörd tərəfində qaynaq işləri aparılmışdır. Zavod lövhəciyinin və qapıların dirək hissələrində yapışqan kağız üzərində olan ban nömrəsi «JTJBT20XX90173530» çap üsulu ilə vurulmuşdur. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi vurulması nəzərdə tutulan hissədə ban nömrəsi aşkar edilmədi. Odur ki, Lexus GX470 markalı **-NH-*** dövlət qeydiyyat nişanlı 2009-cu il buraxılışlı JTJBT20XX90173530 ban nömrəli avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin hansı şəraitdə aparılması müəyyən edilmədiyi üçün nəqliyyat vasitəsinin qeyliyyata alınması məqsədəmüvafıq hesab edilmir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yol hərəkətinin təhlükəsizliyi — yol hərəkəti iştirakçılarının və cəmiyyətin yolnəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Həmin Qanunun 2-ci maddəsinə əsasən yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Həmin Qanunun 4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək, nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək yol hərəkəti sahəsində dövlətin vəzifələrindəndir. Həmin Qanunun 27-ci maddəsinin 4-cü hissəsinə əsasən hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. Həmin Qanunun 27-ci maddəsinin 14-cü hissəsinə əsasən təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli, 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.5-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə texniki baxışlararası müddətlərdə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən avtonəqliyyat vasitələrinin istismarını qadağan etmək onları qeydiyyata alan orqanın əsas vəzifələrinə aiddir. DİN-in 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X1 nəzarəti qaydaları barədə Təlimat”ın 1.4-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş texniki tələblərə və bu tələblərin icrası üzrə DYP-nin göstərişlərinə riayət etməlidirlər. Həmin Təlimatın 6.3.10-cu bəndinə əsasən dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğun gəlməməsi, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta üsulla nömrələrin vurulması halları aşkar edildikdə sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, mübahisə predmeti olan Lexus GX470 markalı **-NH-*** dövlət qeydiyyat nişanlı 2009-cu il buraxılışlı JTJBT2OXX90173530 ban nömrəli avtomoilin mühərrik nömrəsinin silinmə-nömrəsiz və ban nömrəsinin dəyişdirilməsi (ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması) işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə İcraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli «Lexus GX470» markalı avtomobilin qeydiyyata alınmasının və qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar