Məhkəmə qərarları › İş №2-1(112)-1968/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1968/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1968/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar İddiaçı1, X4, İddiaçı3 qanuni nümayəndəsi Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, iddiaçıların cavabdehə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X4, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onlara məcburi köçkün statusunun verilməsi və buna müvafiq olaraq vəsiqənin təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların qanuni nümayəndəsi Nümayəndə1 1993-cü il oktyabrın 29-u Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Zəngilan rayonunun Zərnəli kəndindən ailəsi ilə birlikdə məcburi köçkün düşərək indiki Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən yataqxanalardan birində məskunlaşmış və təqribən 2001-ci ilə qədər həmin ünvanda yaşamışlar. Həmin tarixdən indiyədək isə ünvan 1 ünvanında yerləşən özbaşına tikili olan mənzildə ailəvi (həyat yoldaşı X3 və övladları ilə) yaşayır. İddiaçıların qeydiyyat yeri Zəngilan rayonunun Zərnəli kəndidir. Bunun onların şəxsiyyət vəsiqələri təsdiq edir. Ataları Nümayəndə1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin mart ayından 1996-cı ilin yanvar ayına qədər Azərbaycan ordusunun əsgəri olmuş, Zəngilan, Qubadlı, Zəngilan ərazilərində gedən döyüşlərdə döyüşmüşdür. Nümayəndə1 məcburi köçkün statusu və veteranlıq vəsiqəsi vardır. Nümayəndə1 övladları İddiaçı1 (xx.xx.2008-ci il təvəllüdlü), İddiaçı2 (xx.xx.2007-ci il təvəllüdlü), İddiaçı3 (xx.xx.2005-ci il təvəllüdlü) məcburi köçkün statusunun verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə cavab verilmişdir. Nümayəndə1 hesab edir ki, bu imtinanın verilməsi tamamilə hüquqaziddir. Belə ki. həmin məktubda imtinanın verilinəsi səbəbi yetərli qədər əsaslandırılmamış, yalnız müvafiq qaydaların norması göstərilmişdir, bu isə Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə inzibati akta qoyulan tələblərə uyğun deyildir. İddiada həmçinin qeyd edilir ki, iddiaçılar müvafiq elektron sistemdə məcburi köçkün olaraq qeydiyyatdadırlar və buna müvafiq olaraq bir sıra qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan yararlanırlar, məsələn, məcburi köçkün müavinəti alır, X8 keçirdiyi ödənişli qəbul imtahanında ödəniş etməkdən azaddırlar və s. Bunlara baxmayaraq, cavabdeh orqan tərəfindən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir və bunun səbəbi tam aydın deyildir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətdə bildirilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qanuni nümayəndəsi Nümayəndə1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçıların anası X1 övladı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitənin 01/4027 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası "məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Odur ki, qeydiyyatının (məhkəmənin qeydi- Rəxşəndə Atakişiyevanın) Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, ünvan 2 ünvanında olduğu üçün müraciətin müsbət həlli Komitənin imkanı xaricindədir. Göründüyü kimi, iddiaçılardan yalnız İddiaçı3 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Komitəyə müraciət ünvanlanmışdır. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. Cavabdeh “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi Nümayəndə1 verdiyi izahatında iddia tələbini müdafiə etmiş, hazırda məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində sənədsiz evdə ailəvi məskunlaşdıqlarını, övladlarının və özünün məcburi köçkün kimi vahid aylıq müavinət aldığını bildirərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 verdiyi izahatında iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçılar arzuladıqları inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01/4027 və xx.xx.2022-ci il tarixli, 01/5476 saylı imtina məktublarından görünür ki, iddiaçılara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə dair müraciətlərinə həm anaları X1 qeydiyyatının Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, ünvan 2 ünvanında olmasına, həm də “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilərək onların istəklərinin təmin edilməsindən imtina edilmişdir. - “ASAN 1” xidmət mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçıların atası Nümayəndə1 oğlu xx.xx.1966-cı il tarixdə Zəngilan rayonunun Zərnəli kəndində doğulmuşdur. Yaşayış yeri Zəngilan rayonu, Zərnəli kəndidir. - Zəngilan rayonun X11 tərəfindən verilmiş A3 №1550743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1968-ci il tarixdə Zəngilan rayonunun Akara kəndində doğulmuşdur. - Sumqayıt şəhəri Nikah Evi tərəfindən verilmiş AZ-İ№132285 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Nümayəndə1 ilə xx.xx.1968-ci il tarixdə Zəngilan rayonunun Zərnəli kəndində doğulan X5 (nikahdan sonra Atakişiyeva) arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmışdır. - Sumqayıt şəhər VVADQ tərəfindən verilmiş AZ-İ №702668 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə İddiaçı3 doğulmuşdur. Atası- Nümayəndə1, anası- X2r. - Sumqayıt şəhər VVADQ tərəfindən verilmiş AZ-İ №936958 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə İddiaçı2 doğulmuşdur. Atası- Nümayəndə1, anası- X2r. - Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №184817 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə İddiaçı1 doğulmuşdur. Atası- Nümayəndə1, anası - X2r. - Elektron Məhkəmə Sistemindən əldə edilən məlumatlardan görünür ki, xx.xx.2020ci il tarixdə ASAN-Sumqayıt tərəfindən verilən AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X3 xx.xx.1968-ci il tarixdə Zəngilan rayonunun Akara st-da doğulmuşdur. Yaşayış yeri Sumqayıt şəhəri, 4-cü mikrorayon ünvanıdır. - Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AA seriyalı, 135046 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 məcburi köçkün statusu verilmişdir. - Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Zərnəli kənd inzibati ərazi idarəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 45№li arayışından görünür ki, Nümayəndə1 həqiqətən məcburi köçkündür. Ailə üzvləri aşağıdakı tərkibdədir: həyat yoldaşı 1968-ci il təvəllüdlü X3, 2005-ci il təvəllüdlü İddiaçı3, qızı 2007-ci il təvəllüdlü İddiaçı2, oğlu 2008-ci il təvəllüdlü İddiaçı1. Nümayəndə1 məcburi köçkün düşəndən, övladları isə anadan olandan nümayəndəlik tərəfindən aylıq müavinət alırlar. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - Həmin Qanunun 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - Həmin Qanunun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - Həmin Qanunun 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin (Komitənin) qərarı əsasında verilir. Bu statusun verilməsi üçün şəxs Komitədə qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıların atası Nümayəndə1 1993-cü ildən Zəngilan rayonunun Zərnəli kəndindən məcburi köçkün düşmüşdür. Məcburi köçkün statusuna və vəsiqəsinə malikdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində inşa edilmiş sənədsiz evdə ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışlar. Məcburi köçkün kimi özü və övladları (iddiaçılar) vahid aylıq müavinət alır. İddiaçılar hazırkı tələblə bağlı Komitəyə müraciət etsələr də, sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın: - 1.2-ci bəndinə əsasən, işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir və Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. - Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (əlavə olunmuş 1 №-li formaya uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. - 1.3. Məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər (pasport, doğum haqqında şəhadətnamə və s.) əsasında həyata keçirilir... - 1.4. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən ərazisi işğal olunmuş rayon icra hakimiyyəti başçısı tam məsuliyyət daşıyırlar. - 1.5. Dövlətqaçqınkom əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən hər ayın 20-dək məcburi köçkünlərin sayına dair rəsmi təsdiq edilmiş arayışa uyğun olaraq, tələb olunan aylıq müavinətin məbləğini müəyyənləşdirir və vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir. - 1.6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yemək xərclərinin ayrılmasına dair təqdim olunmuş sifariş əsasında vəsaiti əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin xəzinə hesabına köçürür. - 1.7. Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri 1-2 gün müddətində daxil olunmuş vəsaitin BUS Bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Dövlətqaçqınkoma rəsmi məlumat verir. - 2.1. Məcburi köçkünlərə müavinət əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda BUS Bankın idarə və filiallarına (sonradan filial adlanacaq) 2 №-li forma əsasında (forma əlavə olunur) təsdiq olunmuş adlı siyahılar əsasında ödənilir. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün” statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Göründüyü kimi, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutulmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. İddiaçının anasının məcburi köçkün olmaması işin mübahisəsiz haldır. Buna baxmayaraq iddiaçılar- İddiaçı1, X4, İddiaçı3 hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, xx.xx.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarına istinad edərək iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. Məhkəmə imtinanın “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, bəhs olunan Qaydalar sonradan qəbul edilmiş və iddiaçıların vəziyyətini ağırlaşdırmışdır. İddiaçıların doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, X4 və İddiaçı3 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. “İnizbati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar