Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1968/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “qaraj sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “qaraj sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 199 saylı sərəncamına əsasən onun istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (yuxarı evlər), 11 nömrəli evin qarşısında yerləşən qeyri-yaşayış sahəsinə (qaraja) dair cizginin tərtib edilərək verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 199 saylı sərəncamına əsasən onun istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (yuxarı evlər), 11 nömrəli evin qarşısında yerləşən və sahibsiz qalan 3 boksdan biri fərdi avtomobilinin saxlanılması üçün onun istifadəsinə verilmiş və həmin vaxtdan bugünə kimi sözügedən boksu qaraj kimi istifadə edir. Həmin əmlakı sənədləşdirmək üçün ondan cizgi tələb olunur. Cizginin əldə edilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən icarə müqaviləsinin təqdim edilməməsi və bu qarajın onun daimi istifadəsinə verilməsi barədə RİH-də heç bir məlumatın olmamasına istinad edilməklə imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, sözügedən qaraj sahəsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 199 saylı sərəncamına əsasən onun istifadəsinə verilmiş və halhazıra kimi də, onun istifadəsindədir. Belə olan halda, hesab edir ki, cizginin verilməsi cavabdeh tərəfindən təmin edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən hal-hazıradək iddia ərizəsinə münasibətdə hər hansı bir etiraz təqdim edilməmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli, 5-20/2-P-8/2-091/2-2024 nömrəli məktuba əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 199 nömrəli sərəncamı ilə Əmircan qəsəbəsi (yuxarı evlər),11 nömrəli evin qarşısında yerləşən, təcili yardım stansiyası tərəfindən istifadə edilən və təcili yardım stansiyası dislokasiyasını dəyişdikdən sonra sahibsiz qalan 3 (üç) ədəd boks rayon Mənzil-Təsərrüfatı İdarəsinin balansına qəbul edilmiş və həmin bokslardan biri ona fərdi avtomaşını saxlamaq üçün istifadəsinə verilmişdir. Yuxarıda qeyd olunan sərəncamın 3-cü bəndində sözügedən qarajın istifadəsi üçün rayon Mənzil- Təsərrüfatı İdarəsi ilə onun arasında icarə müqaviləsinin bağlanması qeyd olunmuşdur. Həmin icarə müqaviləsinin surəti RİH-ə təqdim olunmadığı və bu qarajın onun daimi istifadəsinə verilməsi barədə RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətinin müsbət həlli imkan xaricindədir.
7. İddiaçı tərəfindən iş materiallarına qarajın fotoşəkilləri əlavə edilmişdir.
8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 06 noyabr 2024-cü il tarixli, 5-20/2-2574/2024 nömrəli məktubla bildirilmişdir ki, rayon icra hakimiyyətinin ötən illərə, o cümlədən 2018-ci ilə dair sənədləri qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyindən sorğunun cavablandırılması imkan xaricindədir.
9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-2434/2024 nömrəli məktubla İddiaçı barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 199 saylı sərəncamın və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sərəncama əsasən müəyyən edilmişdir ki, İddiaçı yaşadığı evin yaxınlığında mövcud istifadəsiz bokslar vardır. Həmin bokslar rayon təcili yardım stansiyası tərəfindən istifadə edilirdi. Təcili yardım stansiyası dislokasiyasını dəyişdikdən sonra bokslar balansda olmadıqları üçün sahibsiz qalmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Əmircan qəsəbəsi (yuxarı evlər), 11 nömrəli evin qarşısında yerləşən və sahibsiz üç boks rayon Mənzil-Təsərrüfat İdarəsinin balansına qəbul edilməsi və həmin bokslardan birinin İddiaçı fərdi avtomobil saxlamaq üçün istifadəyə verilməsi, rayon Mənzil- Təsərrüfatı İdarəsinin İddiaçıla icarə müqaviləsinin bağlanması barədə sərəncam qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
16. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 199 saylı sərəncamına əsasən iddiaçıya yaşadığı evin yaxınlığında mövcud istifadəsiz, əvvəllər təcili tibbi yardım stansiyası tərəfindən istifadə edilən, sonradan təcili yardım stansiyası dislokasiyasını dəyişdikdən sonra balansda olmadıqları üçün sahibsiz qalmış, Əmircan qəsəbəsi (yuxarı evlər), 11 nömrəli evin qarşısında yerləşən və rayon Mənzil-Təsərrüfat İdarəsinin balansına qəbul edilmiş, bokslardan biri fərdi avtomobil saxlamaq üçün onun istifadəsinə verilmişdir. Sərəncama cizgi əlavə edilməmişdir. İddiaçı həmin qaraj sahəsi ona ayrıldığı zamandan, qaraj sahəsini istifadə etməsinə baxmayaraq, bugünədək qaraj sahəsinə dair cizgi əldə edə bilməmişdir. O, sözügedən sərəncam əsasında ona yerləşmə cizgisinin verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən qaraj sahəsinə dair icarə müqaviləsinin bağlanmaması əsası ilə imtina edilmişdir.
17. Halbuki, mübahisəli qaraj sahəsi iddiaçıya Rayon İcra Hakimiyyətinin yuxarıda qeyd edilən müvafiq sərəncamına əsasən ayrılmış, qaraj sahəsi ayrılarkən sərəncamın yerləşmə cizgisi əlavə edilməmiş (bu hal Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş cavab məktubu ilə də, təsdiq edilmişdir) və sərəncam qəbul edildiyi tarixdən hal-hazıradək sözügedən qaraj onun faktiki sahibliyində və istifadəsində olmuşdur. Belə olan təqdirdə, Mənzil-Kommunal Təsərrüfatı Birliyi (həmin dövrdə Mənzil- Təsərrüfat İdarəsi) tərəfindən iddiaçı ilə icarə müqaviləsinin bağlanmaması iddiaçının məsuliyyət sferası ilə əhatə oluna bilməz. Belə ki, iş materiallarında olan fotoşəkillərdən də, göründüyü kimi, sözügedən qaraj uzun illərdir ki, iddiaçının faktiki istifadəsindədir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya qaraj sahəsi ayrılması barədə sözügedən sərəncam inzibati akt kimi öz hüquqi qüvvəsini saxlayır, o, inzibati akt kimi geri çağırılmamış, ləğv olunmamış, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır. Bu halda, inzibati akt kimi öz hüquqi qüvvəsini saxlayan sərəncamdan irəli gələn öhdəliklər cavabdeh tərəfindən icra edilməli və iddiaçıya mübahisəli qaraj sahəsinə dair yerləşmə cizgisi təqdim edilməlidir.
18. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı inzibati icraat zamanı işin hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan qaraj sahəsi üzərində gözlənilən hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur.
19. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra hakimiyyətinin sərəncamının mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridirdir. .... Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 199 saylı sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (yuxarı evlər), 11 nömrəli evin qarşısında yerləşən qaraj sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva