Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1969/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, 26 saylı evin 42 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********16 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 26 saylı evin, 42 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair ərizəyə əlavə edilən Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 115 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. Əlavə olaraq, adıçəkilən mənzillə bağlı 2 saylı Bakı İİM-nin xx.xx.2018ci il tarixli, 2-1(82)-3386/2018 saylı qərardadı daxil olmuş, lakin qeyd olunan iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı rəsmi qaydada İdarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Həmçinin, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Davud küçəsi, 14 saylı evin 23 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət, yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində 26 saylı evin 42 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 6, mənzil 42-də qeydiyyatda olmaqla yaşayır, mənzilin yaşayış sahəsi 20.0 kv.metr olmaqla bir otaqdan ibarətdir. Bu mənzilin icarədarı əvvəllər nənəsi X8muş, o, 1974-cü ildə vəfat etmiş, ölümündən sonra mənzilə olan şəxsi hesab vərəqəsi iddiaçının dayısı oğlu X10 adına dəyişdirilmişdir. X17 mənzildə yaşamamasına baxmayaraq qeydiyyatda qaldığına görə iddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onun mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, nəticədə xx.xx.2019cu il tarixli 2(008)-3993/2019 saylı qətnamə ilə iddia tələbi təmin olunmuşdur. Uzun illər E.Mehdiyev küçəsi, 26 saylı evin 42 saylı mənzilinə dair bütün kommunal ödənişlər iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, onunla kirayə müqaviləsi bağlanmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2021 saylı qərarına əsasən, nəhayət, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında 42 saylı mənzilin müddətsiz istifadəyə verilməsi ilə bağlı birtipli müqavilə bağlanmışdır. Bununla bağlı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 115 nömrəli sərəncamı da mövcuddur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslılıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən müəyyən edilir ki: - xx.xx.1955-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin kirayəçisi X6 vəfatından sonra nəvəsi X17 ərizə ilə müraciət edərək sözügedən mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmiş, yetkinlik yaşına çatmış ailə üzvü olan anasının razılıq ərizəsi və müstəqil gəlir mənbəyinin olduğu nəzərə alınaraq Lenin rayon XDS İK-nın (indiki Sabunçu rayon İH) xx.xx.1982-ci il tarixli, 2/10 saylı qərarı ilə X10 ünvan 1 ünvanında yerləşən mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)- 3993/2019 saylı qiyabi qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X13, X22 və X14 cavabdeh X11 qarşı idia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 Bakı şəhəri, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia təmin edilmiş, X12 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilinə olan istifadə hüququna xitam verilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-3993/2019 saylı məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3993/2019 nömrəli qiyabi qətnaməsi 10 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1178/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilinə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən 42 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 115 nömrəli sərəncamından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-1178/2021 saylı qərarı icra olunmuş, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən 26 saylı evin 42 saylı mənzilinə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. - Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilədən görünür ki, 69 saylı Mənzil Kommunal İstismar Sahəsi və İddiaçı arasında müqavilə bağlanmış, Sabunçu rayon İcra Hakimiyyətinin 115 saylı sərəncamı əsasında Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 26 saylı evin 42 saylı mənzilində 32,3 kv.m yaşayış sahəsi müddətsiz istifadə üçün iddiaçıya verilmişdir. -DİN Baş Pasport,Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında X20 xx.xx.2012-ci il tarixdə qeydiyyatda olmuş və vəfat etmiş, X4 0.5.1982-ci il tarixdən xx.xx.2004-cü il tarixədək qeydiyyatda olmuş və vəfat etmişdir, həmin ünvanda: - İddiaçı xx.xx.2004-cü ildən hazıradək; - X13 xx.xx.2004-cü ildən hazıradək; - X22 xx.xx.2004-cü ildən hazıradək; - X24 xx.xx.2015-ci ildən hazıradək; - X14 xx.xx.2004-cü ildən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. - İşdə olan X5 xx.xx.2020-ci il tarixli, X18 xx.xx.2020-ci il tarixli, X7 xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, onlar 42 saylı evə dair kirayə müqaviləsinin anaları İddiaçı ilə bağlanmasına etiraz etməmişlər. İddiaçı hazırda yaşadığı və qeydiyyatda olduğu 42 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edir, cavabdeh isə bu qeydiyyatı aparmaqdan imtina edir. Cavabdehin bu zaman istinad etdiyi dəlillər aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 26 saylı evin, 42 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair ərizəyə əlavə edilən Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 115 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir;
2. Adıçəkilən mənzillə bağlı 2 saylı Bakı İİM-nin xx.xx.2018-ci il tarixli, 2-1(82)- 3386/2018 saylı qərardadı daxil olmuş, lakin qeyd olunan iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı rəsmi qaydada İdarəyə daxil olmamışdır;
3. Bakı şəhəri, Yasamal rayonu, M.Davud küçəsi, 14 saylı evin 23 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət, yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Məhkəmə cavabdehin bu dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İ dəlilə münasibətdə: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, iddiaçının mübahisəli mənzilə hüquqlarının xx.xx.2009-cu il tarixdən əvvəl yarandığını, icarədarla birlikdə yaşayan və birgə təsərrüfat aparan ailə üzvü kimi həmin mənzilə istifadə hüququnun mövcud olduğunu nəzərə almamışdır. Belə ki, hazırda qüvvədə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-1178/2021 saylı qərarında qeyd olunmuşdur ki, “məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş 133 nömrəli, xx.xx.1962-ci il tarixli Əsasnaməyə uyğun olaraq iddiaçının nənəsi X16 ilə kirayə müqaviləsi bağlanmışdır. X6 ölmündən sonra Lenin rayon X21 İcraiyyə Komitəsinin 2/10 saylı, 09 iyul 1982-ci il tarixli qərarına əsasən X6 adına açılmış şəxsi hesab vərəqi iddiaçının dayısı oğlu X10 adına dəyişdirilmiş, X15 08 may 2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Sonradan iddiaçının tələbi əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(008)-3993/2019 saylı qiyabi qətnaməsinə əsasən X1 mənzilə olan istifadə hüququna xitam verilmişdir. İddiaçı 2008-ci il tarixdən sözügedən mənzildə yaşamaqdadır. Bununla da mənzil bütünlüklə iddiaçının ailəsinin istifadəsində olmuşdur. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Mənzilin 2008-ci il tarixindən fasiləsiz iddiaçının və ailə üzvlərinin istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxslər mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmirlər və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etmişlər. Göründüyü kimi iddiaçının həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərindədir... Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə dair 01 oktyabr 2009-cu il tarixdən əvvəl icarə münasibətləri yarandığından, həmçinin hazırki qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğunda, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 3 ünvanında yerləşən 42 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması öhdəliyi cavabdehə həvalə edilməlidir.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mübahisəli mənzilə hüquqlarının xx.xx.2009-cu ildən əvvəl yarandığı təsbit olunmuş, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 115 nömrəli sərəncamı isə həmin hüquqların təsdiqi kimi qəbul edilmiş, bu sərəncam iddiaçıya yeni hüquq verməmiş, onun statusunu yəqinləşdirmək məqsədi daşımışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinasının birinci dəlili əsassız olmuşdur. İİ dəlilə münasibədə: Cavabdeh 2 saylı Bakı İİM-nin xx.xx.2018-ci il tarixli, 2-1(82)-3386/2018 saylı qərardadının İdarəyə daxil olduğunu, lakin qeyd olunan iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının rəsmi qaydada təqdim edilmədiyini bildirmişdir. Lakin iş materiallarında olan həmin qərardaddan görünür ki, qərardadın özü elə yekun məhkəmə aktı olmuşdur. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)- 3386/2018 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ünvan 5 ünvanı üzrə yerləşən yaşayış sahəsi 20 kv.m olan birotaqlı mənzilin icarədarı X10 ölümü ilə əlaqədar şəxsi maliyyə hesabının adının dəyişdirilməsi ilə əlaqədar qərar çıxarılması barədə öhdəlik götürməsi üçün qərar çıxarılmasını xahiş etmiş, daha sonra məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, məhkəmə bu ərizəni təmin edərək, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “icarə müaviləsinin dəyişdirilməsi və şəxsi maliyyə hesabının adının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etsə də, daha sonra ərizəsini geri götürdüyündən həmin iş üzrə icraata xitam verilməklə inzibati mühakimə icraatı yekunlaşdırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili formal xarakter daşımışdır. İİİ dəlilə münasibətdə: Cavabdeh iddiaçının dövlət mənzil fonduna daxil olan mənzili əvəzsiz özəlləşdirmək hüququndan artıq bir dəfə istifadə etdiyini, yəni Bakı şəhəri, Yasamal rayonu, M.Davud küçəsi, 14 saylı evin 23 saylı mənzilinin idiaçının adına özəlləşdirildiyini və həmin mənzilin Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyata alındığını bildirmişdir. Məhkəmə qeyd edir ki, doğrudur, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Lakin işdən iddiaçının bu hüquqdan artıq bir dəfə istifadə etməsi müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 013/29 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli Qanununa əsasən M.Davud küçəsi, 14 nömrəli evin ümumi sahəsi 45,48 kv.m. olan 23 nömrəli mənzili İddiaçı adına özəlləşdirilmiş, Mirzə Davud küçəsi, ev 14 ünvanında yerləşən 23 saylı mənzilə İddiaçı xüsusi mülkiyyət hüququ 118 nömrəli reyestr kitabında 30/17620 nömrə ilə qeydə alınmış, bu barədə xx.xx.1994-cü il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Lakin həmin sərəncama əlavə edilmiş Bakı şəhər X25 Baş Təsərrüfat İdarəsi tərəfindən verilən xx.xx.1994-cü il tarixli 23 nömrəli arayışdan görünür ki, adına özəlləşdirmə aparılan İddiaçı 1934-cü il təvəllüdlü olmaqla M.Davud küçəsi, ev 14, mənzil 23 ünvanına xx.xx.1966-cı il tarixdə qeydiyyata alınmışdır və onun 1965-ci il təvəllüdlü X23 və 1970-ci il təvəllüdlü Alla Yuryevna adlı iki qızı vardır. İşdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından və digər sənədlərdən məlum olur ki, o, 1934-cü il deyil, xx.xx.1958-ci il təvəllüdlüdür. Onun 1980-ci il təvəllüdlü X14, 1983-cü il təvəllüdlü X13 və 1988-ci il təvəllüdlü X22 adlı 3 övladı vardır. Göründüyü kimi, cavabdehin dəlilində istinad etdiyi M.Davud küçəsi, 14 nömrəli evin 23 saylı mənzili adına özəlləşmiş İddiaçı ilə hazırkı iddiaçı eyni şəxs olmamışdır. Belə olan halda isə aydın olur ki, cavabdehin bu dəlili də əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. İddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə formal əsaslar onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. İddiaçı ünvan 6 ünvanında yerləşən 42 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova