Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1969/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mansard sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, Abdulla Şaiq küçəsi, 214 saylı evin 96 saylı mənzilinin üstündə yerləşən mansard sahəsinə hüquqi presedent cəhətdən “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın, yəni qeyd olunan mansard sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü ildə ******* nömrəli daşınmaz əmlakın alqı-satqı ilə o zaman mövcud olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 30/20280 nömrəli arayışa əsasən üç otaqlı Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, Abdulla Şaiq küçəsi, 214 saylı evin 96 saylı mənzilini almışdır. Onun həmin daşınmaz əmlaka xüsusi mülkiyyət hüququ o zaman mövcud olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli ÖM seriyalı və 209285 nömrəli qeydiyyat vəsiqəsi ilə hüquqi qeydiyyatdan keçirilmişdir. O bu mənzili alan zaman "xxxx" mənzil tikinti kooperativinin sədri tərəfindən ona bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə inşa olunmuş kooperativ yaşayış binasının 6-cı girişinin 9-cu mərtəbəsinin 96 saylı mənzilinin üstündə yerləşən (10-cu mərtəbə) 105.0 (yüz beş) kv.mdən ibarət mailli dam örtüyü sahəsi qeyri-yaşayış sahəsi kimi "xxxx" MTK-nin payçılarının ümumi iclasının 16 saylı protokolundan xx.xx.1998-ci il tarixli çıxarışla payçılara pay haqqı ödənilməmək şərtiylə verilmişdir və həmin protokoldan çıxarışı ona təqdim etmişdir. Ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, Abdulla Şaiq küçəsi, 214 saylı evin 96 saylı mənzilinin üstündə yerləşən mansard sahəsinə hüquqi presedent cəhətdən “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, müraciətinə qeyd olunan qurumdan imtina cavabı verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il tarixli, 170 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Akt”ında kooperativ yaşayış binası 9 mərtəbəli, 7 girişli, 112 mənzilli- Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə 9 mərtəbəli yaşayış binası (7 girişli: - Abdulla Şaiq küçəsi,214 saylı ünvanda 3 girişli “A” blok, F.İbrahimbəyov küçəsi, 5 saylı ünvanda 2 girişli “B” blok, M.Sübhi küçəsi, 221 saylı ünvanda 2 girişli “V” blok) mövcud istismar vəziyyətində istismara qəbul edilməsi olduğu göstərilir. Lakin buna baxmayaraq, binanın sakinlərinin çoxu 10-cu mərtəbədə yerləşən həmin qeyri-yaşayış sahələrinə o zaman mövcud olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” və o zaman mövcud olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən “Qeydiyyat Vəsiqəsi” almışlar. Eyni zamanda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllədə inşa olunmuş kooperativ yaşayış binasının 6-cı girişinin 9-cu mərtəbəsinin 96 saylı mənzilinin üstündə yerləşən (10-cu mərtəbə) ona məxsus 105.0 (yüz beş) kv.m-dən ibarət mailli dam örtüyü sahəsi qanunvericiliklə müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara malik olan 1 geniş hol, 2 yaşayış otağı və 2 sanitar qovşaqdan ibarətdir, hal-hazırda iddiaçı həmin sahədən yaşayış sahəsi kimi istifadə edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd olunan 214 nömrəli 9 mərtəbəli binanın dam kimi nəzərdə tutulmuş sahədə əlavə mərtəbə inşa edilmişdir. 09 iyun 2006-cı il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı”nda Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 214 nömrəli binanın 9 mərtəbəli olduğu göstərilmiş, binanın damında əlavə inşa edilmiş mərtəbə həmin aktda öz əksini tapmamışdır. Bundan əlavə, "xxxx" Mənziltikinti kooperativinin payçılarının xx.xx.1998-ci il tarixli ümumi iclasında 9 mərtəbəli, 7 girişli binanın 9-cu mərtəbəsindəki mənzillərin satılması problemini həll etmək məqsədilə 9-cu mərtəbədə mənzil götürmüş mənzil payçılarına həmin mənzillərin üstündə yerləşən maili dam örtüyünün pay haqqı ödənilməmək şərti ilə verilməsi qərara alınmış, lakin həmin əlavə sahənin iddiaçının mülkiyyətinə verilməsi barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022ci il tarixli, **********12 nömrəli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil- tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli AN–İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X3 3 otaqlı, yaşayış sahəsi 58,6 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, A.Şaiq küçəsi, 214 saylı evin 96 saylı mənzili alıcı İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 209285 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, A.Şaiq küçəsi, 214 saylı evin 58,6 yaşayış sahəsindən ibarət 3 otaqlı, 96 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 138 saylı reyestr kitabında 21133 səhifədə 30/23452 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli ADNA nəzdindəki "xxxx" MTKnin payçıların ümumi iclasının 16 saylı protokolundan Çıxarışda qərara alınmışdır ki, binanın 9-cu mərtəbəsindəki mənzillərin satılması problemini həll etmək məqsədiylə 9-cu mərtəbədə götürülmüş mənzil payçılara həmin mənzilin üstündə yerləşən maili dam örtüyü pay haqqı ödənilməmək şərtiylə verilsin. Həmin payçılara həvalə edilsin ki, onlara verilmiş maili dam örtüyündə gələcəkdə ortaya çıxa bilən işlər onların öz şəxsi vəsaitləri hesabına yerinə yetirilsin. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 170 saylı sərəncamı ilə təsdiq edilmiş xx.xx.2006-cı il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, 9-cu mərtəbəli yaşayış binası (7 girişli): A.Şaiq küçəsi 214 saylı ünvanda 3 girişli “A” blok, F.İbrahimbəyli küçəsi, 5 saylı ünvanda 2 girişli “B” blok, M.Sübhi küçəsi 221 saylı ünvanda 2 girişli “V” bloku mövcud istismar vəziyyətində istismara qəbul edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubunda bildirilmişdir ki, müraciətinizlə əlaqədar olaraq idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı adıçəkilən 214 nömrəli 9 mərtəbəli binanın dam kimi nəzərdə tutulmuş sahədə əlavə mərtəbə inşa edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 09 iyun 2006-cı il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Akt”nda Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 214 nömrəli binanın 9 mərtəbəli olduğu göstərilmiş, binanın damında əlavə inşa edilmiş mərtəbə həmin aktda öz əksini tapmamışdır. Bundan əlavə, "xxxx" Mənzil-tikinti kooperativinin payçılarının xx.xx.1998-ci il tarixli ümumi iclasında 9 mərtəbəli, 7 girişli binanın 9-cu mərtəbəsindəki mənzillərin satılması problemini həll etmək məqsədilə 9-cu mərtəbədə mənzil götürmüş mənzil payçılarına həmin mənzillərin üstündə yərləşən maili dam örtüyünün pay haqqı ödənilməmək şərti ilə verilməsi qərara alınmış, lakin həmin əlavə sahənin sizin mülkiyyətinizə verilməsi barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11301/2022 saylı sərəncamı daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı idarəyə daxil olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdınlmasnı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, A.Şaiq küçəsi, 214 saylı evin 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 58,6 kv.m olan 96 saylı mənzilin xx.xx.2004-cü il tarixdən mülkiyyətçisidir. İddiaçı sözügedən mənzili xx.xx.2004-cü il tarixli AN–İ № ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı X2 almışdır. Hazırkı iddiasında iddiaçı sözügedən binanın 9-cu mərtəbəsində mülkiyyətində olan mənzilinin üstündə yerləşən maili dam örtüyünün-mansard hissənin yaşayış sahəsi kimi istifadə edildiyini nəzərə alaraq həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işdən görünür ki, iddiaçının iddia etdiyi mənzilin üstündə yerləşən mansard sahəsi ilə bağlı istinad etdiyi hüquqi sənədi xx.xx.1998-ci il tarixli ADNA nəzdindəki "xxxx" MTK-nin payçıların ümumi iclasının 16 saylı protokolundan çıxarışdır. Halbuki qeyd edilən çıxarış yuxarıda adıçəkilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrində qeyd edilən hüquqmüəyyənedici sənəd qismində qəbul edilmir. Belə ki, "xxxx" MTK-nin payçıların ümumi iclasının 16 saylı protokolu 9-cu mərtəbədə götürülmüş mənzil payçılarına həmin mənzilin üstündə yerləşən maili dam örtüyünün pay haqqı ödənilməmək şərtiylə verilməsi barədədir. Həmin protokoldan eyni zamanda ayrılan mansard hissənin ölçüsü, yerləşdiyi yer, kimlər üçün ayrıldığı göstərilməmişdir. Başqa sözlə, sözügedən protokol ümumi məzmunlu olub, konkret olaraq iddiaçıya mansard hissənin ayrılmasını ehtiva etmir. Belə olan halda mansard hissənin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (Dövlət Tikinti norması (AzDTN 1.6-1)) 6.1-ci bəndinə görə tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən istismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi, təsdiq olunmuş layihə və müqavilə sanədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitargigiyeniya və təhlükəsizlik texnikası tələblərinə uyğun hər cür fəaliyyət (yaşayış, iş, istirahət və s.) şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə görə yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Eyni Məcəllənin 12.3-cü maddəsinə görə sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Eyni Məcəllənin 13.1-ci maddəsinə görə yaşayış sahələrinə aşağıdakılar aiddir: -13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; -13.1.2. mənzil, mənzilin hissəsi; -13.1.3. otaq; -13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Eyni Məcəllənin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi qanunvericilik insanların yaşaması üçün nəzərdə tutulmuş yaşayış sahəsinin müvafiq təsnifatını vermiş və bu təsnifata mənzili daxil etsə də, texniki mərtəbələrdə, binanın mansardında yerləşən sahələri mənzil və ya onun hissəsi kimi nəzərdə tutmamışdır. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”nda yaşayış binasının 9 mərtəbəli olduğu qeyd edilməklə, dolayısı ilə 9-cu mərtəbənin üst hissəsində əlavə bir mərtəbənin inşa edildiyi göstərilməmişdir. Başqa sözlə, adıçəkilən istismara qəbul aktında sözügedən binanın 9-cu mərtəbənin üst hissəsində-10-cu mərtəbəsində hər hansı yaşayış mənzilinin və qeyri-yaşayış sahəsinin mövcudluğuna dair qeydlər edilməmişdir. Halbuki, sahənin yaşayış sahəsi kimi qəbul olunması yalnız həmin sahənin mənzil kimi istifadəsinə əsas olan sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməsinə dair səlahiyyətli orqanın müvafiq sənədi təqdim etdiyi halda mümkündür. Hazırkı iş üzrə adıçəkilən binanın istismara qəbul edilməsi haqqında dövlət komissiyasının aktında iddia olunan əmlakın ümumiyyətlə olması, eləcə də mansard hissənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istismara qəbul olunması nəzərdə tutulmamışdır. Belə olan halda cavabdehin iddia olunan mansard hissədə yerləşən sahə üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi həmin binada mansard hissədə yerləşən mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışlara münasibətdə qeyd edilməlidir ki, inzibati orqanın məhkəmədənkənar olan inzibati praktikası məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyildir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 12 və 13-cü maddələrinə əsasən yalnız qanuna əsaslanan hüquq və inzibati praktikaya münasibətdə bərabərlik və etimad hüququ qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mansard sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1969/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1969/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver