Məhkəmə qərarları › İş №2-1(112)-1969/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1969/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1969/2024 02.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Maraqlı şəxs MTK-dan ünvan 1 ünvanında yerləşən 7 saylı binanın 7-ci blok, 5-ci mərtəbə 2 nömrəli mənzilin alınması üçün ödədiyi 171993 AZN məbləğində pul vəsaitinin ƏDV-sinin geri qaytarılması üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və həmin vəsaitin ona ödənilməsi vəzifəsinin Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Maraqlı şəxs MTK-dan ünvan 1 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzili almışdır. Müqaviləyə əsasən mənzilin dəyəri ƏDV daxil 171993 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi edilmiş, qalan 88000 manat məbləğ isə Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış xx.xx.2022-ci il tarixli AVP-126 saylı kredit müqaviləsinə əsasən kreditə götürülmüşdür. Ödənişlər edildikdən və mənzilin dəyəri ödənildikdən sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı müraciət edən zaman ona bu haqda məlumat veriləcəyi bildirilmişdir. Yanvar-fevral aylarında yenidən müraciət zamanı yenə gözləməyini bildirdilər. Belə ki, verilən məlumata əsasən elektron qeydiyyatla bağlı portal açılacağı və ƏDV-nin geri alınmasının onlayn qaydada həyata keçiriləyi məlumat verilmişdir. 2023-cü il Novruz bayramından sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı təkrar müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidmətindən imtina verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda qeyd olunan 3 aylıq müddət ilə bağlı qeyd edirəm ki, sözügedən portalın istifadəyə verilməsi yaxın aylarda baş vermişdir. Bu halda müddətin ötürülməsi nəzərə alınmamalıdır. Vergi orqanın müvafiq sistemin qurulması mart-aprel aylarına təsadüf edir. Tikinti şirkətinin bildirdiyinə görə mənzilin ödənişi ilə bağlı elektron qaimələr istifadə olunmamış, pul tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. Mədaxil qəbzi barədə məlumatlar: Nömrə: BPM**********98, Müştərinin adı: AVANT Group, Hesab:********************, Məbləğ: 83993 AZN. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Lakin maddədə göstərilən həmin məbləğ ona geri qaytarılmamışdır. Dövlət Vergi Xidmətinin Elektron ünvan e-mail ünvanına sözügedən məsələ ilə bağlı müraciət edərək ona geri qaytarılmalı olan, lakin qaytarılmamış ƏDV məbləğini ödəmələrini xahiş etmişdir. Dövlət Vergi Xidməti tarixli elektron məktubla ona sözügedən məbləğin geri qaytarılmasından imtina etmişdir. Dövlət Vergi Xidməti imtinanın səbəbini müvafiq elektron qaimənin olmaması ilə əsaslandırmışdır və qeyd etmişdir ki, bu məsələ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020 tarixli 969 nömrəli fərmanı və Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə tənzimlənir. Dövlət Vergi Xidmətinin imtina cavabını qanunsuz hesab edir. Belə ki, Xidmətin imtina məktubunda nə stat gətirdiyi fərmanda, nə də Vergi Məcəlləsinin ümumiyyətlə heç bir maddəsində mənzil alqı-satqısı üçün ödənilmiş məbləğə görə ƏDV-nin geri qaytarılmasına heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12867/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra Qayda) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1.ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Qaydalardan göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi qaytarılması bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi ilə şərtləndirilmir. Başqa sözlə, bu Qayda qanuni qüvvəyə mindiyi tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılar tərəfindən ƏDV məbləği bu Qayda qanuni qüvvəyə mindiyi tarixədək satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilə bilərdi və bu hal ödənilmiş ƏDV-nin qaytarımasına imtina kimi qiymətləndirilə bilməzdi. Ancaq bu Qaydanın 6.1-ci maddəsinin tələblərindən belə nəticəyə gəlmək olur ki, bu Qayda qanuni qüvvəyə mindikdən sonra ödənişlər bu Qaydanın 5.1.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, bu Qaydanın 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və müvafiq məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədini alıcı ƏDV-nin qaytarılması məqsədilə skan edərək portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Alıcı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinə görə xx.xx.2022-ci il tarixli 83993,0 manat ilkin ödəniş sənədi və kredit müqaviləsi əlavə edildiyi müəyyən edilmişdir. Həmçinin, iddia ərizəsində yaşayış sahəsinə görə ödənilmiş məbləğin ƏDV-sinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürüldüyünü etiraf etmişdir. Belə ki, məhkəmədən ötürülmüş müddətin üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. İnzibati-Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli 0604 nömrəli Payçı müqaviləsinin: - 1.1-ci maddəsinə əsasən “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan "xxxx" Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürür. -1.2-ci maddəsinə əsasən “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan "xxxx" Yaşayış Kompleksinin 7-ci binasından 7-ci blok, 5-ci mərtəbə, 2 №-li, 3 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə "xxxx" yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. -2.3-cü maddəsinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 171993 (bir yüz yetmiş bir min doqquz yüz doxsan üç) manat təşkil edir. -2.4-cü maddəsnə əsasən müqavilənin ilkin ödənişi müqavilənin ümumi dəyərinin 49%-ni təşkil etməklə, “Payçı” müqavilə imzalandıqda dərhal 83993 (səksən üç min doqquz yüz doxsan üç) manat məbləğində öncədən MTK-ya avans ödəniş edir. 2.5. “Payçı” Müqavilənin ümumi dəyərinin qalıq 88000 (səksən səkkiz min) manat məbləğində pul vəsaitini, “Payçı” “MTK” və “Payçı” "xxxx" ASC arasında bağlanacaq olan müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. 2.6. “Payçı” ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir. İş materiallarına əlavə edilmiş İddiaçı Mirsəli-Əli qızı ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli, AVP-126 nömrəli Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən (bundan sonra «MTK» adlandırılacaq) ilə Borc verən arasında bağlanmış Birgə fəaliyyət haqqında saziş (bundan sonra «Saziş» adlandırılacaq) çərçivəsində Borc verən Bu Müqaviləyə əsasən Borc alana 120 (bir yüz iyirmi ) ay müddətində xx.xx.2032-ci il tarixədək) 88000 (səksən səkkiz min ) manat məbləğində, kreditdən istifadəyə görə illik 8% (səkkiz) faiz ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən kreditin təyinatı: Saziş çərçivəsində Bakı şəhəri, A.M.Şərifzadə küç. 241 inşa olunan, bina 7, mərtəbə 5, ümumi sahəsi 102.99 kv.m olan 3 otaqlı 2 nömrəli mənzilin alınması. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Bankın adı: Azərbaycan Beynəlxalq Bankı ASC, Filialın adı: Mərkəzi ofis, VÖEN: **********, Müxbir hesab/inter-bank Account: AZ03NABZ********************, S.W.İ.F.T./SWİFT: İBAZAZ2X, Benefisiar: AVANT GROUP MTK, Hesab № / Account No: AZ19İBAZ********************, VÖEN: **********, Valyuta növü: AZN, Ödəniş tarixi: xx.xx.2022, Sənədin No: AVNT – 594, Ödəyənin ad: İddiaçı Mirsəli-Əli qızı, Ödənişin təyinatı: İlkin ödəniş, məbləğ: 83993,00 (səksən üç min doqquz yüz doxsan üç). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********083000 nömrəli məktubunda qeyd edilmişdir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı satıcı tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal hazırlanaraq (https://new.e- taxes.qov.az/eportal/az/loqin/) 21 noyabr 2022-ci il tarixində istifadəyə verilmiş və bununla bağlı mətbuatda rəsmi açıqlama 25 noyabr 2022-cü il tarixdə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, portalın rəsmi istifadəyə verilmə tarixi 25 noyabr 2022-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında 26 may 2023cü il tarixli **********175700 saylı Qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDVnin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mənzilə görə qaytarılmalı olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Hazırkı iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğundur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixli qərarla müraciətin təminindən imtina edilmişdir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından görünür ki, İddiaçı "xxxx" MTK ilə bağlanmış xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsi və Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış 05 dekabr 2022-ci il tarixli, AVP-126 nömrəli Kredit müqaviləsinə əsasən ünvan 1 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzili ƏDV daxil 171993 manata satın almış, mənzilin ilkin ödənişi edilmiş, qalan 88000 manat məbləğ isə kredit müqaviləsinə əsasən kreditə götürülmüşdür İddiaçı hazırda həmin vəsait üzrə ƏDV-nin geri qaytarılmasını xahiş edir. xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin maddənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın aşağıdakı bəndlərinə əsasən: - 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. - 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. - 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. - 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. - 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. - 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. - 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. - 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. - 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə. Sadalanan normalardan görünür ki, nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün şəxs portala müraciət daxil etməli, bu müraciəti yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq etməlidir, əks halda Qaydalara əsasən həmin müddət başa çatdıqdan sonra edilən müraciətlər üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. Məhkəmə sorğusuna cavab olaraq övlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********083000 nömrəli məktubundan müəyyən olunur ki, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal (https://new.etaxes.qov.az/eportal/az/loqin/) xx.xx.2023-cü il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. İşdən görünür ki, iddiaçı ƏDV-nin qaytarılması barədə tələblə müvafiq portalın istifadəyə verildiyi, daha sonra isə bununla bağlı ictimaiyyətin məlumatlandırıldığı tarixdən 90 gün keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da Qaydalarda nəzərdə tutulan müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, Qaydalarda istinad olunan 90 günlük müddət kəsici müddətdir və həmin müddətin bitməsi şəxsin malik olduğu hüququn özünün xitamı ilə nəticələnir, həmin müddət dayandırıla, kəsilə və bərpa edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən, qanunla nəzərdə tutulmuş müddətlər xüsusi müddətlər olmaqla həmin müddətlərin bərpasına yol verilmədiyindən və Qaydaya əsasən prosessual müddətin ötürülməsi ƏDV-nin qaytarılmasından imtina üçün əsas təşkil etdiyindən, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar