Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1969/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi ev 9, m.8 vahid daşınmaz əmlak obyekti olaraq həmin qurum tərəfindən qeydiyyata aparılmaqla müvafiq reyestrdən çıxarışın və texniki pasportun verilməsinin təqdim olunması vəzifəsinin cavabdeh inzibati orqan- DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 9 ünvanında yerləşən ümumi sahəsi 52.9 kv.metr, yaşayış sahəsi 36.4 kv.metr və köməkçi sahəsi 16.5 kv.metrdən ibarət olan 8 saylı mənzil üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə müraciət edərək yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 9 saylı evin 8 saylı mənzilinin şəxsi hesabını anası X3 razılığı ilə əlaqədar olaraq öz adına dəyişdirilməsini xahiş etmişdir. Belə ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi Xanlar küçəsi, 9 saylı evin sahəsi 36,07 kv.metr olan 2 otaqdan ibarət 8 saylı mənzilin icarədarı X5 olmuşdur. Hal-hazırda həmin mənzildə o, 3 nəfər ailə üzvü ilə (özü, anası və qardaşı) yaşayırlar. Onun müraciəti və müvafiq sənədlər baxılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə təqdim edilmiş və Sosial İnkişaf İdarəsinin xx.xx.2008-ci il tarixli BB 11- 07/344 saylı məktubu ilə mənzilin şəxsi hesabının adına dəyişdirilməsi məqəsdə uyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən “Şəxsi hesabın dəyişdirilməsi barədə” xx.xx.2008-ci il tarixli 22M saylı əmr imzalanmışdır. Sözügedən mənzilin adına özəlləşdirilməsi ilə əlaqədar olaraq rəsmi ərizə ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsindən onun müraciətinə 17 aprel 2024cü il tarixli **********60, 3-21-3-30/2-V0027-8/2024 saylı cavab məktubu ilə müraciətindən imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 9 saylı evin, 8 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin müraciətə əlavə edilmiş qeyd olunan mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının 1026 saylı arayışı (2 №-li forma) xx.xx.2021-ci il tarixdə verilmişdir İPM-nin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən isə Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Belə ki, İdarə qeyd olunan məsələ ilə bağlı inzibati aktın qəbulundan imtina etməmiş və ya hər hansı hərəkətsizlik nümayiş etdirməmişdir. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 nömrəli Fərmanının 5-ci bəndində Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi qeyd olunmuşdur. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.7.1-5.7.4-cü bəndlərinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, torpaq sahəsinin planının və ölçüsünün verilməsi, daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi, daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi, daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi, yerquruluşu planının verilməsi, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, ünvan reyestri məlumat bazasından arayışların verilməsi, ünvan xəritələrindən çıxarışların verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılı Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin “Şəxsi hesabın dəyişdirilməsi barədə” xx.xx.2008-ci il tarixli, № 22 saylı əmrində qeyd olunmuşdur ki; - Vətəndaş İddiaçı ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommuna) Xidmətlər Departamentinə müraciət edərək yaşadığı Bakı şəhəri, Pirallahı qəsəbəsi. Xanlar küçəsi 9 saylı evin 8 saylı mənzilinin şəxsi hesabını anası X3 razılığı ilə əlaqədar öz adına dəyişdirilməsini xahiş elmişdir. - Təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Pirallahı qəsəbəsi. Xanlar küçəsi 9 saylı evin sahəsi 36.07 m olan 2 otaqdan ibarət 8 saylı mənzilin icarədarı X5 olmuşdur. Hal-hazırda həmin mənzildə ərizəçi 3 nəfər ailə üzvü ilə (özü,anası və qardaşı) yaşayır. - Vətəndaş İddiaçı müraciəti və müvafiq sənədlər baxılması üçün ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə təqdim edilmiş xə Sosial İnkişaf İdarəsinin xx.xx.2008-cı ıl tarixli BB İİ-07 344 saylı məktubu ilə mənzilin şəxsi hesabının onun adına dəyişdirilməsi məqsədə uyğun hesab edilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Pirallahı qəsəbəsi. Xanlar küçəsi 9 saylı evin sahəsi 36.07 kv.metr olan 2 otaqdan ibarət 8 saylı mənzilin şəxsi hesabının 3 nəfər ailə üzvü ilə (özü, anası-Valadova Məryəm, qardaşı-Vələdov Əlişir) vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla icarə müqaviləsinin bağlanılması; X3 adına olan şəxsi hesab vərəqinin bağlanılması və vətəndaş İddiaçı adına yeni şəxsi hesab vərəqəsinin açılmasının MKXDnin 13 saylı MİS-nə tapşırılması əmr edilmişdir. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ № 905027 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X5 xx.xx.2017-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 11 ayının 10 günündə 907 № ilə qeyd edilmişdir. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 153 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, № 1026 saylı arayışında göstərilmişdir ki, Şəxsi hesab xx.xx.2008-ci il tarixdə İddiaçı adına açılmışdır. Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Q.Abbasov küçəsi, 9 №-li 2 mərtəbəli evin 2 mərtəbəsində, sahəsi 36,07 kv.metr olan 8 №-li 2 otaqlı mənzildə yaşayır. Mənzil kommunal şəraitlidir. Ev sahibi Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyidir. Mənzili icarəyə götürən İddiaçıdur və ailəsi 2 nəfərdən ibarətdir. Mənzildə daimi qeydiyyatda olanlar: xx.xx.2007-ci il tarixdə mənzilə daimi qeydiyyata götürülən 1963-cü il təvəllüdlü İddiaçı və xx.xx.1991-ci il tarixdə mənzilə daimi qeydiyyata götürülən 1953-cü il təvəllüdlü X2. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 153 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, № 1028 saylı arayışında göstərilmişdir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası, Tver vilayəti, Vışniy Voloşek şəhərində xx.xx.1953-ci il təvəllüdlü X2 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ** AA ***9102 saylı razılıq ərizəsinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.1963-cü il təvəllüdlü İddiaçı adına özəlləşdirilməsinə razılıq verir və etiraz etmir. Bununla göstərilən mənzilin mülkiyyətə verilməsi müqaviləsinə daxil edilməsindən imtina edir. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 153 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, № 263 saylı arayışında göstərilmişdir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibi: Qardaşı – xx.xx.1953-cü il təvəllüdlü X2. xx.xx.2025-ci il tarixdə “Asan 5” tərəfindən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı və xx.xx.1953-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında pasport qeyiyyatındadırlar. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********60 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, 9 saylı evin, 8 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin müraciətə əlavə edilmiş qeyd olunan mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının 1026 saylı arayışı (2 №-li forma) xx.xx.2021-ci il tarixdə verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 Ns-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21-3-30/2-49689/2024 saylı məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın faktiki 2 otaqdan ibarət olan mənzil yaşayış sahəsi 36.4 kv.metr və köməkçi sahəsi 16.5 kv.metr olmaqla ümumi sahəsi 52.9 kv.metr təşkil edir. 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Eskiz mövcud vəziyyətə uyğun tərtib edildi. Bina 1 girişlidir, mənzil 2-ci mərtəbədə, soldan 4-cü qapıda yerləşir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:
... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;
… Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 9 ünvanında yerləşən 8 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinin məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeydə alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. Qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına nəzər yetirdikdə məlum olur, Məcəllənin: 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.4-cü maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 9-cu maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Qanunvericiliyin səciyyələnmiş hər bir müddəasını təhlil etdikdə məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, dövlət və ya ictimai mənzil fondunun balansında olmuş yaşayış sahələri ilə bağlı Azərbaycan Respubikası vətəndaşlar arasında xx.xx.2009-cu il tarixədək bağlanmış kirayə müqavilələri, vətəndaşın həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab edilir. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı məlum olur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti ilə iddiaçı arasında xx.xx.2008-ci il tarixdə icarə müqavilə bağlanmış, həmin müqavilə münasibətləri zəmnində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti ünvan 1 ünvanında yerləşən sahəni İddiaçı istifadəsinə vermişdir. Göründüyü kimi, müvafiq olaraq yuxarıda göstərilən tərəflər arasında müqavilə münasibətləri olmuşdur ki, bununla da iddiaçının mübahisəli mənzil üzrə hüquqları 2009cu il oktyabrın 1-dək yaranmışdır. Lakin cavabdehin hazırki iddia üzrə mövqeyi tamamilə fərqlidir. Belə ki, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublkasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respubikasının 2015-ci il 24 fevral tarixli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə istinad edərək, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsi ilə bağlı kirayə müqaviləsinin yerli icra hakimiyyəti orqanı ilə bağlanmalı olmasını əsas gətirir. Bu mövqeyin əsaslı olub-olmamasını yoxlamaq üçün, məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinin təhlilini zəruri hesab edir. Maddənin məzmunundan göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində mülkiyyət huququnun qeydə alınma əsaslarından biri qismində çıxış edir. Cavabdehin imtinasından görünür ki, cavabdeh həmin maddənin tələbinə uyğun olaraq müraciəti o əsasla qəbul etməmiş, mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir ki, həm, sərəncam, həm order, həm də kirayə müqaviləsi o zaman mülkiyyət hüququnun qeydə alınma əsası qismində çıxış edə bilər ki, müvafiq icra hakimiyyəti, yəni yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş olsun, hazırkı işdə isə əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmişdir. Məhkəmə isə cavabdehin maddənin cavadehin qeyd olunan formada başa düşülməsi ilə bağlı mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun: 45.1. Normativ hüquqi aktın layihəsinin hazırlanmasına aşağıdakılar daxil edilə bilər: 45.1.7. hüquqi, linqvistik, maliyyə və digər zəruri ekspertizaların keçirilməsi. 52.Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilməlidir. 53.Normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilir. Mənzil kirayə müqaviləsi” söz birləşməsinin isə təkcə yerli icra hakimiyyəti orqanına aid olmaması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliklə müəyyən edilir ki, müqavilə hansısa bir tərəfin verdiyi anlayış hesab edilmir, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanan əqddir. Bu səbəbdən də kirayə müqaviləsinin yerli icra hakimiyyətinə aid olması fikri ilə də razılaşmaq olmaz. Belə ki, yuxarıdakı maddədən göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının mənzil kirayəsi müqaviləsi anlayışı ədəbi dil normasının pozuntusudur. Çünki müqavilə tək bir tərəfin müqaviləsi hesab edilmir, vətəndaşla yerli icra hakimiyyəti orqanı arasında bağlanılan müqavilə yerli icra hakmiyyəti orqanının müqaviləsi hesab edilmir. Həmin müqavilə hesab ediləcəksə hər iki tərəfin müqaviləsidir ki, ümumiyyətlə sözlərin o formada qeyd edilməsi belə normativ hüquqi aktın linqivistikası baxımından məntiqsiz səslənərdi. Halbuki maddənin şərhi aydındır. Maddədə ifadə tərzi baxımından yalnız sərəncamın yerli icra hakimiyyəti orqanına aid olmasından bəhz edilmişdir ki, sərəncamdan əlavə kirayə müqaviləsi və orderin də ora aid olması ədəbi dil normalarının pozuntusu kimi görünəcəkdir ki, halbuki belə bir normanın pozuntusu baş verməmişdir. Dilçilik baxımından ekspertizası aparılmış və mütəxəssis tərəfindən müsbət rəy verilmiş normativ hüquqi aktın ədəbi dil normalarına uyğun olaraq cümləsinin bu səbəbdəndir ki, dilçilik normalarını pozaraq cavabdehin qeyd etdiyi formada şərhi məhkəmə qəbul etmir. Göründüyü kimi cümlədə yalnız sərəncamın yerli icra hakimiyyəti orqanı tərəfindən verilməsi nəzərdə tutulmuş, order və kirayə müqaviləsinin mütləq qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən verilməli olması ilə bağlı qayda müəyyən edilməmişdir ki, həmin dövrdə balansaxlayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti olduğundan onun balansında olan əmlakla bağlı mütləq qaydada yerli icra hakimiyyəti orqanının order və kirayə müqaviləsi verməsini gözləməkdə məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə uyğun deyil. Köhnə Mənzil Məcəlləsi də order və müqavilənin bağlanılmasının mütləq qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi ilə bağlı qayda müəyyən etməmiş, əksinə balanssaxlayıcı kimdirsə onun səlahiyyətli qurum qismində çıxış etmək imkanını müəyyən etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi şəxsin əmlakın mülkiyyətə keçirmək hüququnun əsasında duran kirayə müqaviləsinin Azərbyacan Respublikasının vətəndaşı və dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə bağlanılmalı olmasını şərtləndirmişdir. Həmin dövrdə isə mübahisə predmetini təşkil edən mənzil də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olmuşdur ki, bu hal müqavilə tərəflərinin məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti ilə olmasına qənaətinə qəlmək üçün əsas verir. Bundan başqa, qeyd olunmalıdır ki, balanssaxlayıcı ilə iddiaçı arasında bağlanmış müqavilə, iddiaçının adına şəxsi hesab vərəqinin açılmasına və aidiyyəti şəxslər tərəfindən təsdiq olunmasına səbəb olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 14-cü bəndinə görə iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi ərizənin daxil olduğu gündən bir ay müddətində baxır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, iddiaçı ilə kirayə müqaviləsi balandıqdan sonra uçot işlərinin aparılması məqsədilə onun adına şəxsi hesab vərəqəsi açılmış və MKİS, həmçinin 13 saylı sahə tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının adına açılmış şəxsi hesab vərəqəsi dolayısı yol ilə həmin dövrdə balanssaxlayıcı ilə iddiaçı arasında bağlanmış müqaviləni təsdiq edir. Beləliklə məhkənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının sözügedən mənzil üzrə hüquqları 2009-cu il oktyabrın 1-dək yarandığından, həmçinin hüquqlarının yaranmasında əsas olaraq məhkəmə qətnaməsi və mənzil fondunun mülkiyyətçisi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin “Şəxsi hesabın dəyişdirilməsi barədə” xx.xx.2008-ci il tarixli, № 22 saylı əmri əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti ilə iddiaçı arasında bağlanmış müqavilə təşkil etdiyindən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən iddiaçının əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınması üçün əsas yaranır. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin “Şəxsi hesabın dəyişdirilməsi barədə” xx.xx.2008-ci il tarixli, № 22 saylı əmrinə əsasən iddiaçı ilə yanaşı onun qardaşı X1 da mənzilə münasibətdə hüquqları yaranmışdır. Lakin məhkəmə icraatı zamanı təqdim olunmuş ərizənin surətindən də göründüyü kimi X2 mənzilin iddiaçının adına özəlləşdirilməsində etirazının olmadığını bildirmiş, bununla da iddianın təmin edilməsində iradə ifadəsini nümayiş etdirmişdir. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş cizgidə istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilməməsi ilə bağlı cavabdehin qeyd etdiyi arqumentə gəlincə məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 9 ünvanında yerləşən 8 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev