Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-197/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X3) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3255/2019 saylı, xx.xx.2019-cu il tarixli qərararı ilə, iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, 22 saylı evin 9 saylı mənzilinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərardadı ilə inzibati mübahisəyə dair iş üzrə icraata X2 üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3255/2019 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-1207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsində mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi qeyd olunmamışdır. Məhkəmənin 01 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X3 cəlb edilməklə “iddiaçının mənzilə mülkiyyət hüquqlarının qeydiyyat alınmasına dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə icraat Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon Məhkəməsinin 2(008)-1207/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası zamanı həyata keçirilmiş hərrac nəticəsində əldə etdiyi mənzil (Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, ev 22, mənzil 9) üzərində mülkiyyət hüquqlarını reallaşdırmaq istəyir. İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, mülki məhkəmə qətnaməsi əsasında verilmiş vərəqəsində mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi ilə bağlı məlumat qeyd olunmamışdır. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur ki,mənzilin açıq hərracdan əldə olunmasına dair şəhadətnamə bu əsaslardan biri qismində çıxış edir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli mənzili açıq hərrac yolu ilə əldə etmişdir. Əmlakın açıq hərrac yolu ilə satışının həyata keçirilməsi bilavasitə mülki məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə üçüncü şəxs arasında yaranmış mübahisəyə baxılmış, mübahisə predmetini təşkil edən borc məbləğinin üçüncü şəxsdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra məhkəmə qətnaməsi əsasında icra vərəqəsi verilmiş və icra sənədi icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra tədbirləri zamanı əmlakın açıq hərrac yolu ilə satışı keçirilmiş, əmlakın satış qiyməti dəyərləndirilmiş və nəticə etibarı ilə mənzil İddiaçı satılmışdır. Göründüyü kimi açıq hərracın həyata keçirilməsi məhz icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbir olmuşdur. Doğrudur ki, icra sənədinin icra edilməsi anlayışı mahiyyəti etibarı ilə məhkəmə qətnaməsinin (qərarının) icrasına yönəlmiş tədbirdir. Əlbəttə ki, bu istiqamətdə icra hərəkətlərini davam etdirmək, müvafiq olaraq zəruri məcburi icra tədbirlərini görmək icra məmurunun səlahiyyətləri çərçivəsində həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunvericilik vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakını qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmasını nəzərdə tutmuşdur. Burada mühüm olan hal odur ki, icra məmuru hərracların hazırlanması və keçirilməsi prosedurunu müvafiq olaraq “İcra haqqında” Qanunun 61-ci və 62-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlaka münasibətdə keçirilmiş hərracın nəticələri etibarsız hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)5775/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, X3 (hazırki mübahisə üzrə üçüncü şəxs) cavabdeh qismində Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən X1 iddiası təmin edilməsə də, apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən Bakı şəhəri, K.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzilinin (iddia olunan) satılmasına dair keçirilmiş hərracın nəticələri, 41/01 saylı xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. Göründüyü kimi iddiaçının Bakı şəhəri, K.Mehdiyev küçəsində yerləşən 22 saylı evin 9 saylı mənzili üzərində ehtimal olunan mülkiyyyət hüquqlarının əsası aradan qalxmış, ən əsası əmlakın iddiaçıya keçməsini təsdiq edən hərracın nəticələri mübahisələndirilmiş və məhkəmə aktı əsasında ləğv olunmuşdur. Başqa sözlə desək keçirilmiş hərracın nəticələri, 41/01 saylı xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edildiyindən, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması istisna olunur. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, həmçinin əmlakın iddiaçıya satılması barədə açıq hərracın nəticələri etibarsız hesab edildiyindən və hərracın nəticələrini etibarsız hesab edən məhkəmə qərarı qanuni qüvvəsini aldığından, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərə malik olmamış, bununla da əmlak üzərində mülkiyyət hüquqları yaranmamışdır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə, eyni zamanda hazırkı iddianın mümkünlük şərtlərini ödədiyinə münasibətdə də ayrıca əsaslandırmanın göstərilməsinin zəruri olduğunu bildirərək qeyd edir ki, necə ki hüquqmüəyyənedici sənəd olmadığı halda çıxarışın verilməsi ilə əlaqədar məhkəmə təcrübəsi iddianın mahiyyətinə qiymət verilməsi və iddianın rədd edilməsinə səbəb olursa, əvvəllər mövcud olmuş hüquqmüəyyənedici sənədin sonradan öz qüvvəsinə itirməsinə münasibətdə də iddia mümkünsüz yox, rədd edilməlidir. Belə ki, hüquqmüəyyənedici sənədin hazırkı iş üzrə olduğu kimi sonradan müxtəlif səbəblərdən (inzibati orqanın özünün ləğv etməsi, məhkəmə qərarı ilə ləğv edilməsi və s) öz hüquqi əhəmiyyətini itirməsi, mahiyyət etibarı ilə iddiaçının heç bir hüquqmüəyyənedici sənədinin olmaması deməkdir. Bu səbəbdən də daşınmaz əmlaka dair heç bir sənəd olmadan iddia rədd edilirsə, məhkəmə hesab edir ki, iddianın hazırkı halda da məhz mahiyyətinə qiymət verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-197/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-197/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver