Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1971/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mərhum həyat yoldaşı vəfat etdiyinə görə və eyni zamanda ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, o, 29.07.1956-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. 30 noyabr 2005-ci il tarixində Almaniya Federativ Respublikasının vətəndaşı 25.09.1948-ci il təvəllüdlü X8 Maria ilə nikaha girmişlər. Birgə nikahlarından övladları yoxdur. Həyat yoldaşı 1995-ci il tarixindən ölən günə kimi Azərbaycanda yaşamış, işləmiş və eyni zamanda 30-40 faiz demək olar ki, vergi ödəyicisi olmuşdur. Uzun müdət ona məxsus olan mənzildə birgə yaşamışlar. Xəstəliyi ilə əlaqədar mərhum həyat yoldaşı ilə Almaniya Federativ Respublikasına müalicəyə birgə getmişlər, lakin müalicə mümkün olmamış və o, 17.12.2019-cu il tarixində Almaniya Federativ Respublikasında vəfat etmişdir. Onu özünün vəsiyyətinə əsasən Biləcəri qəbirstanlığında dəfn etmişdir. 22 avqust 2020-ci il tarixində 3 saylı Bakı “Asan xidmət” Mərkəzində (2V- 488 vərəslik işinin nömrəsi 201/2020) Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mərhum həyat yoldaşı Azərbaycan Respublikasında qanuni qaydada işləmiş və vergi ödəyicisi olmuşdur. Onun əmək kitabçasını və digər sənədləri qanuna müvafiq qaydada 3 saylı Bakı “Asan xidmət” Mərkəzində cavabdedhin nümayəndəsinə təqdim etmişdir. Onlar, ona 02 sentyabr 2020-ci il tarixli, **********9 nömrəli “Ərizə və ona əlavə olunmuş sənədlərə baxaraq ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1, 14.1.2 və 17.1-ci maddəsinə uyğun olaraq məhrum həyat yoldaşının – Kuhlmann Johanın tələb olunan sığorta stajı olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunauyğun hesab olunmur..” cavabını vermişlər. Tərəfindən mərhum həyat yoldaşının işlədiyi bir neçə şirkətlərdən arayışlar almış, lakin, ona şifahi olaraq bildirmişlər ki, məhkəmə sorğusu əsasında onlar ətraflı cavab verə bilərlər. Əlavə olaraq bildirir ki, mərhum həyat yoldaşı 1996-1998-ci illərdə "xxxx" Şirkətində işləmişdir. Bundan başqa, 2001-2002-ci il tarixindən 2012/2013-cü il tarixinə kimi AOQJ Moody İnternational LTD, 2013-2015-ci illərdə BP Eksploration (Caspian SEA) LTD işləmiş və eyni zamanda yüksək faiz ilə vergi ödəyicisi olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsaitt mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17-ci maddəsinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Yəni, ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Deməli, hazırki iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt eyni anda mövcud olmalıdır: 1) iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmlıdır; 2) iddiaçının mərhum ərinin ölüm gününədək “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olmalıdır. Birinci şərtlə bağlı qeyd etmək lazımdır ki, iş materiallarından məlum olur ki, İddiaçı Kuhlmann Johan ilə nikah münasibətində olmuşdur. İş materiallarına əlavə edilmmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının pensiya hüququ 29.07.2015-ci il tarixdə yaranmışdır. İkinci şərtlə bağlı iş materiallarından məlum olur ki, mərhum Kuhlmann Johan 25.09.1948-ci ildə anadan olub, 17.12.2019-cu ildə (71 yaşında) vəfat etmişdir. Beləliklə, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün, mərhum ərinin ölüm gününədək tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: (71 yaş – 15 yaş) × 4 ay = 224 ay (18 il 8 ay). Deməli, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün, onun mərhum ərinin 18 il 8 ay sığorta stajı olmalıdır. Lakin, sığortaolunan Kuhlmann Johanın fərdi hesabına baxış zamanı müəyyən olunmuşdur ki, onun hesabına 2015-ci ilin noyabr ayından 2019-cu ilin dekabr ayına qədər məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Başqa sözlə, onun 4 il 1 ay 15 gün sığorta stajı vardır. İddiaçının mərhum ərinin 2006-cı ildən əvvəl ümumi iş stajı ilə bağlı əmək kitabçasında qeyd yoxdur və bu barədə təsdiqedici sənədlər təqdim edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Höküməti və Almaniya Federativ Respublikası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş mövcud deyildir. Beləliklə, iddiaçının mərhum ərinin tələb olunan 18 il 8 ay sığorta stajına qarşılıq 4 il 1 ay 15 gün sığorta stajı olduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilmiş 02 sentyabr 2020-ci il tarixli, **********9 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1, 14.1.2 və 17.1-ci maddələrinə uyğun olaraq məhrum həyat yoldaşı Kuhlmann Johannın tələb olunan sığorta stajı olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunauyğun hesab olunmur. İşdə olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İşdə olan iddiaçının mərhum əri 26.09.1948-ci il təvəllüdlü Kuhlmann Johannın adına 02.11.2015-ci ildə açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Kuhlmann Johann 02.11.2015-ci ildə "xxxx" MMC-də Biznesin inkişafı və konstraktorlar üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, 17.12.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən (işçinin vəfatı) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş 22.08.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, 17.12.2019cu il tarixdə ölmüş X6 Marianın vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı X3r. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Departamenti və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X9 üzrə İş Departamenti tərəfindən verilmiş 2002-2012-ci illər və 2014-cü il üzrə Azərbaycanda şəxsi gəlir vergisinin ödənilməsi haqqında qəbzlərin surətindən görünür ki, Kuhlmann Hans tərəfindən sözügedən təqvim illəri üzrə Azərbaycanda şəxsi gəlir vergisi ödənilmişdir. Məhkəmə işin faktiki hallarını qanunvericiliyin aşağıdakı normalarına tətbiq edərək hesab edir ki, iddia əsassız hesab edilməklə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Həmin Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Yəni, ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Hazırki iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt eyni anda mövcud olmalıdır: 1) iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmalıdır. 2) iddiaçının mərhum əri ölüm gününədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olmalıdır. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, onun 50 yaşı 29.07.2015-ci ildə tamam olmuşdur. İddiaçının mərhum əri Kuhlmann Johann 25.09.1948-ci ildə anadan olmuş, 17.12.2019-cu ildə (71 yaşında) vəfat etmişdir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün, mərhum ərinin ölüm gününədək tələb olunan sığorta stajı aşağıdakı 18 il 8 ay olmalıdır ((71 yaş – 15 yaş) × 4 ay = 224 ay)). Lakin, iddiaçının mərhum ərinin 2019-cu ilin dekabr ayınadək sığorta stajı 4 il 1 ay 15 gün (əmək kitabçasına əsasən) təşkil etmişdir. İddiaçının mərhum ərinin adına olan əmək kitabçası 2015-ci il tarixdə açılmış, həmin tarixədək onun ümumi iş stajı ilə bağlı əmək kitabçasında hər-hansı bir qeyd yoxdur. 2015-ci ildən əvvəlki tarixdə iş stajını təsdiq edən qanunvericliklə müəyyən edilmiş hər-hansı bir sənəd də, təqdim edilməmişdir. İddiaçı iş materiallarına Azərbaycanda şəxsi gəlir vergisinin ödənilməsi barədə qəbzlər əlavə etsə də, həmin qəbzlərdə vergi ödəyicisi olan xarici əməkdaşın adı Kuhlmann Johann deyil, Kalmenn X. Kuhlmann Hans göstərilmişdir və həmin sənədlər Kuhlmann Hansın adına olsa belə, sözügedən sənədlər qanunvericiliyin tələblərinə əsasən sığorta stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü bəndinin (sosial sığorta stajının hesablanması proseduru) tələblərinə əsasən: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmış, işin faktiki və hüquqi hallarına düzgün qiymət vermiş, bununla da, iddiaçıya verdiyi imtina cavabı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət vərərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1971/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1971/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver