Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1972/2020 18.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı İddiaçı oğlunun, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iştirаkları ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1983-cü ildən 2015-ci il tarixədək Daxili İşlər Nazirliyində müvafiq vəzifələrdə çalışmış və hal-hazırda pensiyadadır. Xidmət olduğu müddətdə 1992-ci il yanvar ayında Xocalı rayonu Kosalar kəndinə 50 nəfər polis heyəti ilə birlikdə ezam olunmuşdur. Bu müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və bunlar müvafiq əmrlərlə öz əksini tapmışdır. Bu səbəbdən Müharibə veteranı statusu və vəsiqəsinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X17 İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X17 İdarəsinin 23.07.2019-cu il tarixli, 024-31297-H-3219 nömrəli məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, xidmətdə olduğu müddətdə göndərildiyi ezamlar hərbi biletində öz əksini tapmışdır.İddiaçı qeyd edilənlərə və “Veteranlar haqqında” qanuna, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 15.07.2019-cu il tarixli, 012-19308-1219 nömrəli məktubda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlərin aşkar olunmadığı, eləcə də DİN-in 1992-1994—cü illəri əhatə edən əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmrin müəyyən edilmədiyi göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından 26 ilə yaxın vaxt keçdiyinə görə iddiaçının həmin əməliyyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiaçıya «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X7 məhkəmə iclasında etiraz ərizəyə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X17 İdarəsinin iddiaçıya ünvanladığı 23.07.2019-cu il tarixli, 024-31897-H-3219 saylı məktubunda qeyd edilir ki, İddiaçı Mahiyəddin oğlunun arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə konkret məlumat olmadığından, həmçinin Bakı şəhər BPİ-nin 1992-1994-cü illəri əhatə edən əmrlərində döyüş bölgələrinə ezam olunmağı barədə heç bir əmr aşkar edilmədiyindən DİN-də fəaliyyət göstərən müvafiq komissiya tərəfindən İddiaçı Mahiyəddin oğluna müharibə veteranı adı və vəsiqəsinin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. Xocalı rayon İHB-nin Kosalar kənd İƏD-si üzrə nümayəndəsinin 14 nömrəli 14 mart 2020-ci il tarixli məktubundan görünür ki, Ağdam rayon sakini İddiaçı 1992-ci ilin yanvar ayında Bakı şəhər X11 50 nəfər əməkdaşları ilə birlikdə Azərbaycan torpaqlarının azadığı uğrunda gedən döyüşlərdə Xocalı rayon Kosaslar kəndinin müdafiəsində iştirak etmişdir. Məlum hadisələrlə bağlı arxiv sənədlərinin işğal zonasında qaldığını, lakin sonradan Kosalar kəndində döyüşmüş igidlərin iştirakı ilə Kosalar kənd İƏD-si üzrə adlı siyahı tərtib edilmişdir. Odur ki, İddiaçı həmin döyüşlərdə iştirakı təsdiq olunur. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 mart 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, 23.08.1958-ci il təvəllüdlü İddiaçı cinayət təqib məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 19 mart 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokuroluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş və daxili işlər orqanlarında xidmət etmişdir, lakin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iddiaçının iştirakına dair DİN-in arxivində heç bir məlumat yoxdur, həmin əsaslar ilə cavabdeh iddiaçının ona “Müharibə veteranı” vəsiqəsinin və adının verilməsi tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı 14.07.1964-cü il təvəllüdlü X8, 09.12.1961-ci il təvəllüdlü X6 və 01.07.1960-cı il təvəllüdlü X9 ilə birlikdə eyni tarixdə eyni əmrlə döyüş bölgələrində ezam olunmalarını qeyd etmiş, işin hərtərəfli araşdırılması məqsədilə 14.07.1964-cü il təvəllüdlü X4, 09.12.1961-ci il təvəllüdlü X2 və 01.07.1960-cı il təvəllüdlü X5 döyüş bölgələrində ezam olunmalarına dair Bakı şəhər Baş Polis İdarəsinin 1992-1994-cü illəri əhatə edən əmrlərindən çıxarışlar tələb edilmiş, Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X17 İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki,14.07.1964-cü il təvəllüdlü X4, 09.12.1961-ci il təvəllüdlü X2 və 01.07.1960-cı il təvəllüdlü X5 cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında, həmçinin döyüş bölgələrində ezam olunmalarına dair Bakı şəhər Baş Polis İdarəsinin 1992-1994-cü illəri əhatə edən əmrlərində məlumatlar aşkar olunmamışdır. Məhkəmə işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu təşkil edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Eyni zamanda qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdir. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə -döyüş bölgəsinə ezam olunmasına dair əmrlər mövcud olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ yoxdur. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1972/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1972/2020
18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver