Məhkəmə qərarları › İş №2-1(112)-1972/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1972/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1972/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6, üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X7 və Bakı şəhəri Sabunçu rayonu, Maştağa Bələdiyyəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın və icarə müqaviləsinin etibarsız hesab edilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, “Ləəç” bağ massivi, 386-cı sahədə yerləşən 12000 kv. mert torpaq sahəsinin də daxil olduğu 4,7 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 81 saylı Sərəncamının, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1933 saylı icarə müqaviləsinin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, “Ləəç” bağ massivi 386-cı sahədə yerləşən 12000 kv. metr torpaq sahəsinin də daxil olduğu 4,7 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 81 saylı Sərəncamının və Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1933 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 41 saylı Qərarı ilə Sabunçu rayonu, “Ləəç” bağ massivi 386-cı sahədə yerləşən 12 000 kv.m torpaq sahəsi bağçılıqla məşğul olmaq üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2028-ci il tarixədək onun icarəsinə verilmişdir. Bununla əlaqədar Sabunçu rayonu, Maştağa Bələdiyyəsi ilə xx.xx.2006-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Son günlər məlumatı olmuşdur ki, onun icarəsində olan ərazinin də daxil olduğu 4,7 hektar torpaq sahəsi qanunsuz olaraq Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 1933 saylı icarə müqaviləsi əsasında 5 il müddətinə X4 icarəyə verilmiş və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilərək Sabunçu rayonu, “Ləəç” bağ massivi 386-ci sahədə yerləşən 12000 kv.m torpaq sahəsinin də daxil olduğu 4,7 ha torpaq sahəsinin X4 icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1933 saylı icarə müqaviləsinin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın qanuna zidd olduğu üçün ləğv edilməsi barədə Sərəncam verilməsi xahiş edilmişdir. Lakin 40 gün keçməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət tərəfindən hər-hansı tədbir görülməmiş və məktuba cavab verilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilərək, cavabdehdən və üçüncü şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 81 nömrəli sərəncamına və Xidmət ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1933 nömrəli icarə müqaviləsinə əsasən Sabunçu rayonu, “Ləəç” bağ massivi 386-cı sahədə yerləşən 4.7 ha torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66cı maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 41 nömrəli qərarına istinad edərək mübahisə predmeti olan torpaq sahəsinin onun icarəsinə verildiyini qeyd edir. Halbuki, mübahisəli torpaq sahəsi Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşir. Beləliklə, Maştağa Bələdiyyəsi tərəfindən Nardaran qəsəbəsində yerləşən torpaq sahəsinin icarəyə verilməsi qanunsuz olmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin ikinci abzasına əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Hazırda iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə qərarı ilə onun mülkiyyətinə verildiyini qeyd etsə də, həmin sahənin bələdiyyə mülkiyyətində olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə olaraq mübahisə predmeti olan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında olmaqla dövlət mülkiyyətindədir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının Registrində buna dair müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin ikinci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin beşinci hissəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı formal olaraq iddia tələbinin əsası kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 41 nömrəli qərarına əsaslansa da, torpaq sahəsinin yerləşmə yeri ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış hər hansı (ayrıc aktı və s.) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin üçüncü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.Həmin məcəllənin 67-ci maddəsinin dördüncü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.Qeyd edilənlərdən göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətindədir və qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri səlahiyyətli dövlət orqanının aktı əsasında fiziki və ya hüquqi şəxsin mülkiyyətinə keçə bilər. Bu səbəbdən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixii, 41 nömrəli qərarı əsasında mübahisə predmeti olan torpaq sahəsi üzərində hər hansı bir hüququnun qeydə alınması mümkün olmadığından iddiaçı hazırkı mövcud halda iddiaçının mübahisə predmeti olan əmlakla hər hansı bağlılığı sübut olunmadığından, onun hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. İddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İnzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuş üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İnzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuş üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. İnzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuş üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddiaçı tərəfindən istinad olunan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 41 saylı Qərarının arxiv nüsxəsinin nə Maştağa bələdiyyəsində, nə də ki, Dövlət Arxivində aşkar olunmadığının nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə surətləri təqdim olunmuş: Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinin “vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi haqqında” 41 №-li, xx.xx.2006-cı il tarixli qərardan görünür ki, qeyd olunan qərarla 1) Maştağa qəsəbəsi “Ləəç” bağ massivi sahə 386-da 12000 kv. m. torpaq sahəsinin bağçılıqla məşğul olmaq məqsədi ilə vətəndaş İddiaçı icarəsinə verilməsinin məqsədəuyğun sayılması; 2) İddiaçı ilə Maştağa Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin bağlanması; 3) İcarə haqqının 1 kv. m. torpaq sahəsi üçün 2 (iki) qəpik müəyyən edilməsi; 4) Torpaq sahəsinin icarə müddətinin 01 avqust 2006-cı ildən 01 avqust 2028-ci ilə qədər müəyyən edilməsi qərara alınmışdır (1-ci bənd). xx.xx.2006-cı il tarixli Torpaq icarəsi müqavilədən müəyyən olunur ki, “İcarəyəverən” Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsi ilə “İcarəçi” adlandırılacaq vətəndaş İddiaçı şəxsində müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyəsinin 21 iyul 2006-cı il tarixli 41 saylı Qərarı əsasında “Ləəç” bağ sahəsində yerləşən ümumi sahəsi 12000 kv. m. olan torpaq sahəsi “İcarəçi”yə icarəyə verilmişdir. Müqavilənin 6.1-ci bəndində göstərilmişdir ki, icarə müqaviləsi 01 avqust 2006-cı il tarixdən 01 avqust 2028-ci il tarixə qədər müddətə bağlanır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********32 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş: “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 1933 №-li, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, qeyd olunan müqavilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 81 nömrəli sərəncamına əsasən bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən”in icarəyə verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 47000,0 kv. m., torpaq sahəsi “İcarəçi” tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan 4,7 ha torpaq sahəsi icarə müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1090 nömrəli reyestr kitabının 107904 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci ilədək icarə hüququ ilə X3 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-14334/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş: - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının “Nardaran kəndi ərazisində vətəndaş X1 məqsədi üçün torpaq sahəsinin ayrılması və orada müvafiq tikililərin icazə verilməsi barədə” xx.xx.1999-cu il tarixli 730 №-li sərəncamın surətindən müəyyən olunur ki, vətəndaş X4 Nardaran kəndində istifadəsiz qalmış antisanitariya vəziyyətində olan (4,7 ha) torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıq məqsədi üçün və həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə sərəncam verilmişdir (1-ci bənd). Eyni zamanda Sabunçu RİH Rayon Təsərrüfat şöbəsi və Sabunçu RİHB-nin Nardaran qəsəbə Nümayəndəliyi tərəfindən Nardaran kəndi ərazisində vətəndaş X4 Sabunçu rayon İBH-nın 730 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 1629 №li xx.xx.2022-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında (qeydiyyat № 7609) olan daşınmaz dövlət əmlakı haqqında Registrdən Çıxarış”da əmlak haqqında məlumat bölməsində kod:14218, registr nömrəsi: ***-*******8; adı X3 istifadəsində olan torpaq sahəsi; ünvanı: ünvan 1muşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-07899/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Sabunçu rayon İH-nin arxiv fondu üzrə 1999-cu ilə dair 730 saylı sərəncamı xx.xx.1999-cu il tarixli deyil, xx.xx.1999-cu il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət.X7 barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 3-16/2- 1944/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 41 saylı qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Bakı şəhəri, Sabunçu rayonu Maşatağa Bələdiyyəsinin 13 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müvafiq qaydalara uyğun olaraq Maştağa bələdiyyəsinin arxiv sənədləri saxlanılmasından ötrü Dövlət Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-388/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 41 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3-35-1/2-636/2024 saylı xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu Maştağa bələdiyyəsinin İddiaçı torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 41 nömrəli qərarı ilə Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiş bağ massivi, sahə 386 ünvanında yerləşən 12000 kv. m. torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 4,7 ha torpaq sahəsinin X4 icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 81 saylı Sərəncamının və Əmlak Məsələləri Dövlət Xidməti ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1933 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 41 nömrəli qərarına istinad edərək mübahisə predmeti olan torpaq sahəsinin onun icarəsinə verildiyini qeyd edir. Halbuki, mübahisəli torpaq sahəsi Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşir. Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 41 nömrəli qərarı ilə bağlı nə Maştağa Bələdiyyəsində, nədəki Dövlət Arxivində hər hansı məlumaat müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında olmaqla dövlət mülkiyyətindədir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının Registrində buna dair müvafiq qeydiyyat aparılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X7 və Bakı şəhəri Sabunçu rayonu, Maştağa Bələdiyyəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın və icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar