Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1973/2023 07.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncam verilməsi” (üçüncü şəxs Mənzil Kommunal Təsərrüfatı Departamenti) tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncam verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atasına order əsasında 2 otaqlı mənzil istifadəsinə verilmiş, bundan sonra atası yenidən müraciət etmiş və nəticədə 2 otağa əlavə olaraq 1 otağın birləşdirilməsinə dair protokol əsasında mənzildə otaqların sayı 3-ə çatdırılmışdır. Bununla bağlı mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, lakin 1 əlavə otağın rəsmiləşdirilməsindən imtina edilmişdir. Belə ki, əlavə 1 otağın birləşdirilməsinə dair cavabdeh tərəfindən sərəncam verilməmişdir Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Orderdən görünür ki, iddiaçı ailə üzvü hesab edilməklə onun atasına 2 otaqlı mənzil verilmişdir. Protokoldan çıxarışdan görünür ki, mənzilin yaxşılaşdırılması ilə əlaqədar əlavə 1 otağın birləşdirilməsi qərara alınmışdır. Arayışdan görünür ki, iddiaçı özü və ailə üzvləri adıçəkilən 3 otaqlı mənzildə yaşayırlar. Cavabdehin imtina məktubundan görünür ki, “Suraxanıneft” NQÇİ-nin ləğv edilməsi səbəbindən sərəncamın verilməsindən imtina edilmişdir. Mənzil Kommunal Təsərrüfatı Departamentinin məktubundan görünür ki, mənzilin yerləşdiyi yaşayış binası cavabdehin yox Departamentin balansındadır. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məktubunda bir daha təsdiq edilmişdir ki, adıçəkilən bina cavabdehin yox Departamentin balansındadır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, hazırda sərəncamın verilməsi tələb olunan mənzil Bakı ş, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsində 11 saylı binada yerləşir. İddiaçının hazırda hüquqi marağı faktiki olaraq hal-hazırda 3 otaqlı mənzilə hüquqmüəyyənedici sənədin alınmasına, yəni ailə üzvünün adına rəsmiləşdirilmiş olan 2 otaqlı mənzilin 1 otaq əlavə edilməsinə dair faktiki vəziyyətin sərəncamla öz təsdiqini tapmasına yönəlmişdir. İddiaçı da mənzilin yerləşdiyi yerli icra hakimiyyəti orqanına müraciət etmiş və həmin sərəncamın qəbul edilməsinə cəhd etmişdir ki, cavabdeh inzibati orqan düzgün inzibati icraatı aparmaq, inzibati icraat üzrə daxil olmuş materialları aidiyyəti üzrə inzibati orqana göndərmək əvəzinə səlahiyyətin olmaması əsası ilə imtina vermişdir ki, nəticədə hazırkı halda olduğu kimi mümkünsüz iddianın verilməsinə səbəb olmuşdur. Belə ki, inzibati məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi mənzilin olduğu bina Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansından Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir ki, hazırkı iş üzrə cavabdeh olan yerli icra hakimiyyəti orqanı isə həmin binaya, dolayısı ilə də iddiaçının yaşadığı mənzilə münasibətdə balansaxlayıcı olmayan, beləliklə də heç bir səlahiyyəti olmayan qurum qismində çıxış edir. Cavabdeh balansaxlayıcı olmadığından da bununa davamı kimi də iddiaçının mənzilə dair müraciəti üzrə hər hansı inzibati aktın qəbul edilməsi də onun səlahiyyətindən kənardır. Beləliklə, cavabdeh yerli icra hakimiyyəti orqanı mənzilin yerləşdiyi binanın balansaxlayıcı olmadığından həmin binada yerləşən mənzilə dair hər hansı sərəncam vermək səlahiyyətinə malik deyildir ki, həmin hal iddianın cavabdehin düzgün cavavbbdeh olmaması səbəbindən mümkünsüz hesab edilməsi üçün əsas yaradır. İddiaçıya isə izah edilir ki, hazırkı növ tələblə ilkin olaraq binanın balansaxlayıcısı olan inzibati orqan- Mənzil kommunal Təsərrüfatı Departamentinə müraciət etmək, əgər həmin qurum tərəfindən müraciəti təmin edilmədiyi təqdirdə isə analoji iddia ərizəsi ilə düzgün cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırki tələb ilə bağlı ilkin olaraq inzibati qaydada Mənzil Kommunal Təsərrüfatı Departamenti müraciət etmək, müraciətin təminindən imtina edildikdə isə cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamentinə iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1973/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1973/2023
07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver