Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1974/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən – 17 aprel 2021-ci il tarixdən başlayaraq ona həmin pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-1980-ci illərdə peşə təhsili almışdır (01 il). 23 aprel 1981-ci ildən 10 iyun 1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur (02 il 01 ay 16 gün). Əmək fəaliyyətinə 1977-ci ildə “M.B.Qasımov adına kolxozda başlamışdır. 01 iyun 1977-ci ildən 01 oktyabr 1984-cü ilədək həmin kolxozda kolxozçu işləmişdir (07 il 04 ay). 16 fevral 1985-ci il tarixdə "xxxx" Keşlə Stansiyasında işə qəbul olmuş və 23 iyul 1986-cı il tarixədək işləmişdir (01 il 05 ay 07 gün). 23 iyul 1986-cı ildən hal-hazıradək "xxxx" QSC İnfrastruktur sinifdən kənar Keşlə Stansiyasının qatar tərtibçisi vəzifəsində işləyir (35 il). Sonuncu və hazırkı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 21.4-cü bəndinə əsasən zərərli peşə olmaqla qanunda göstərilən şərtlərlə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ yarandığı üçün bununla bağlı olaraq cavabdehə müraciət etmişdir. Cavabdehin 26 iyul 2021-ci il tarixli, **********2 saylı məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə hazırda 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 40720,99 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı 05.11.2021-ci il tarixdə məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 57 yaşının tamam olduğu 17 aprel 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinin əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, 24.04.1981-10.06.1983-cü illərdə hərbi xidmətdə olmuşdur; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 14.04.2021-ci il tarixli müraciətinə cavab olaraq 20 may 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 40720,99 manat təşkil edir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 16.02.1985-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-nin Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin sinifdən kənar Keşlə stansiyasında qatar tərtibçisi peşəsində işləyir və qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda 23001000-18726 nömrəli kod üzrə əks olunmuşdur; Ağsu rayon Dövlət Arxivinin 23 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda minimum kişilər üçün 240 adam günü norması müəyyən olunmuşdur. Kolxozun əmr və əmək haqqı barədə digər sənədləri Arxivə verilməmişdir. “M.B.Qasımov” adına kolxoza aid sənədlər həmin kolxozun bazasında yaradılmış “Ağsu” istehsal kooperativi “D” tərəfindən Arxivə verilmişdir. Həmin məktuba əlavə olunmuş cədvəldən görünür ki, İddiaçı il ərzində işlədiyi adam günlərinin miqdarı aşağıdakı kimi qeyd olunur: 1977-ci ildə 220 gün, 1978-ci ildə 214 gün, 1979-cu ildə 365 gün, 1980-ci ildə 302 gün, 1981-ci ildə 63 gün və 1983-cü ildə 76 gün. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1963-ci il təvəllüdlüdür, 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun pensiya kapitalının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Cavabdeh tərəfindən imtina məktubunda və iddiaya etirazda iddiaçının ümumi və xüsusi stajla bağlı şərtləri ödəməsi mübahisələndirilməmişdir. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının yetərli olmamasıdır. Bununla belə, məhkəmə iddiaçının ümumi və xüsusi stajı ilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk olaraq, iddiaçıya məxsus əmək kitabçasında onun 01.06.1977-01.10.1984-cü illərdə “M.B.Qasımov” adına kolxozda işləməsinə dair qeydlərin aparıldığı müəyyən olunur. Lakin məhkəmə araşdırması zamanı Ağsu rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş iddiaçının 1977- 1983-cü illərdə “M.B.Qasımov” adına kolxozda işləməsinə dair əmək haqqı və adam günü cədvəlində 1977-ci ildə 220 gün, 1978-ci ildə 214 gün, 1979-cu ildə 365 gün, 1980-ci ildə 302 gün, 1981-ci ildə 63 gün və 1983-cü ildə 76 gün kolxozçu kimi işlədiyi göstərilmişdir. Həmçinin Ağsu rayon Dövlət Arxivinin 23 noyabr 2021-ci il tarixli məktubunda Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kişilər üçün minimum adam günü normasının 240 gün müəyyən olunduğu qeyd edilmişdir. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. “SSRİ vətəndaşlarının pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli məktubuna əlavə olunmuş cədvəldəki məlumatlar nəzərə alındıqda müəyyən edilir ki, Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda tələb olunan minimum əmək iştirakı norması 240 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1977-ci ildə 220 gün, 1978-ci ildə 214 gün, 1979cu ildə 365 gün, 1980-ci ildə 302 gün, 1981-ci ildə 63 gün və 1983-cü ildə 76 gün işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasının ödənilməsi yalnız 1979 və 1980-ci illər üzrə olmuşdur. Digər illərdə isə, iddiaçı minimum əmək iştirakı normasından az işlədiyindən, həmin illər ona tam əmək stajı kimi hesablanmamalı, həmin illər iş stajına yalnız faktiki müddət nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablanma isə iddiaçının faktiki işlədiyi günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama nəticəsində iddiaçının 1977-ci il üzrə 11 ay, 1978-ci il üzrə 10,7 ay, 1981-ci il üzrə 3,15 ay və 1983-cü il üzrə 3,8 ay olmaqla , ümumilikdə həmin illərdə kolxozda işlədiyi müddət 28,65 ay, yəni 2 il 4 ay 20 gün təşkil edir. İddiaçının minimum əmək iştirakı normasını ödədiyi illər də nəzərə alındıqda ümumilikdə kolxozdakı iş stajı 4 il 4 ay 20 gün müəyyən edilir Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 24.04.1981-10.06.1983-cü illərdə hərbi xidmətdə (2 il 1 ay 17 gün); - 1977-1981, 1983-cü illərdə “M.B.Qasımov” adına kolxozda (4 il, 4 ay, 20 gün); - 16.02.1985-ci il tarixdən hal-hazıradək “Azərbaycan Dəmir Yolları QSC-nin Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin sinifdən kənar Keşlə stansiyasında qatar tərtibçisi (01.01.2006-cı ilədək 20 il, 10 ay, 13 gün, 23001000-1876) Göründüyü kimi, iddiaçının işlədiyi “qatar tərtibçisi” peşəsi 01.01.2006-cı ilədək 20 il, 10 ay, 13 gün olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “23001000-18726” kod ilə nəzərdə tutulan “qatar tərtibçiləri” peşəsi ilə uyğunluq təşkil etməsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20.09.2021-ci il tarixli məktubunda öz təsdiqini tapmışdır. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla 01.01.2006-cı ilədək ümumilikdə 27 il 4 ay 20 gün olmaqla 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət, 20 il, 10 ay, 13 gün ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdehin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 17.04.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 17.04.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1974/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1974/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver