Məhkəmə qərarları › İş №2-1(112)-1974/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1974/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1974/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qzının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın xx.xx.2020-ci il tarixdən təyin olunmasına” dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqlarının bərpa edilməsi və ona ödəniləcək pul məbləğinin təmin edilməsi üçün ədalətli qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə bağlı, Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti əsasında Əmək pensiyalarının verilməsi və təminatı haqqında qanunun müvafiq maddəsinə əsasən yaş həddi ilə aldığı əmək pensiyasının dəyişdirilərək, ailə başçısını itirməyə görə pensiyası ilə təmin olunmuşdur. Lakin iddiaçı buna baxmayaraq səhhəti və yaşlı olması ilə əlaqədar olaraq hüquqları barədə heç bir məlumat əldə edə bilməmişdir. Bu səbəbdən iddiaçı pensiya təminatı hüququnun yarandığı zamanda bu barədə müraciət edə bilmədiyini və buna görə də ona müəyyən məbləğin ödənilməsindən məhrum olunduğunu bildirmişdir. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixində bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaçıya xx.xx.2022-ci il tarixdə **********24 saylı cavab məktubu ilə ünvanlanan tələbin müvafiq qanunvericiliyə uyğun olmadığı bildirilmişdir. İddiaçı qanunla müəyyən olunmuş qaydada yaranan və qüvvədə olan hüquqları barədə inzibati orqan tərəfindən lazımı qaydada və zamanında xəbərdar olunmadığı üçün ona verilməli olan pensiya təminatından məhrum edildiyini bildirmişdir.

3. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməklə iddia tələbinin qanunla müəyyən edilmiş qaydada hüquqlarının bərpa edilərək 21.890 AZN pul məbləğinin ödənilməsi kimi dəyişdirilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli, № 2-1(112)-11315/2022 nömrəli qərardadı ilə İddiaçı yazılı vəsatətini təmin edərək iddia tələbini qanunla müəyyən edilmiş qaydada hüquqların bərpa edilərək 21.890 manat pul məbləğinin ödənilməsi kimi göstərilməsi barədə qərar qəbul etmişdir.

4. Məhkəmənin 9 mart 2023-cü il tarixl qərardadı ilə iddia tələbi “iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun bərpa edilməsi, 11 iyun 2020-ci il tarixdən mərhum oğlunun pensiyasının ona təyin edilməsi və ona ödənilməli olan 21.890 manat pensiya məbləğinin ödənilməsi” kimi dəyişdirilmişdir.

5. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının oğlu X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

6. Cavabdeh orqan tərəfindən İddiaçı “qanunla müəyyən edilmiş qaydada hüquqlarının bərpa edilərək 21.890 azn pul məbləğinin ödənilməsi” tələbinə dair 27 dekabr 2022-ci il tarixində etiraz təqdim olunmuşdur. Etirazda bildirilir ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə xx.xx.2006-ci il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tələblərinə uyğun şəkildə yaşa görə əmək pensiyası təyin edilmişdir.İddiaçının oğlu xx.xx.2020-cu ildə vəfat etmiş və iddiaçının müraciətinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən onun yaşa görə əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. İddiaçının niyyəti yaşa görə əmək pensiyası aldığı vaxtda ailə başçısını itirməyə görə əmək pensiyası almaq olmuşdur.Qanunvericiliyin tələbinə görə eyni anda 2 növ pensiya almaq mümkün hesab olunmur. Bu səbəbdən cavabdeh orqan iddiaçıya yaşa görə əmək pensiyası ödənmiş olduğu vaxtda həm də ona ailə başçısını itirməyə görə əmək pensiyası həmin hüququn yarandığı, yəni xx.xx.2020-ci ildən təyin etməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə müraciət edərək yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilməsini xahiş etmişdir. ”Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılır.Buna uyğun olaraq da iddiaçıya xx.xx.2022-ci iı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən cavabdeh orqanın verdiyi imtinanın qanuni və iddiaçının tələbini realizə etməyin qeyri mümkün olduğu bildirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı “qanunla müəyyən edilmiş qaydada hüquqlarının bərpa edilərək 21.890 azn pul məbləğinin ödənilməsi” tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi (vəkilinin) ərizəsi əsasında iddia tələbi ailə başçısının itirilməsinə görə əmək pensiyasının mərhum oğlu X1 vəfat etdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməsi kimi dəyişdirilmişdir.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə dinləmələri zamanı iddiaçı iştirak etmir.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi “ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasına” dair iddia ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (həmin qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddə yeni redaksiyada verilmişdir. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. əvvəlki redaksiyada deyilirdi: Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.

13. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.

14. Məhkəmə qeyd edir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ailə başçısının öldüyü 11 iyun 2020-ci il tarixdən yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının hüququnun yarandığı vaxt (xx.xx.2020-ci il) qüvvədə olan redaksiyasına əsasən, ailə başçısını itirməyə görə pensiya əmək pensiyasının təyin edilməsi müvafiq müraciətin edildiyi tarixdən deyil (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyadan fərqli olaraq), məhz vətəndaşın hüququnun yarandığı vaxdan təyin edilməli və hesablanmalıdır.

15. Bu qənaət “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.2-ci maddələri ilə yanaşı, həmin Qanunun 31.1-ci və 32.1-1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, 31.1-ci maddəsinə “əmək pensiyası hüququ olan şəxslər” müddəası o cümlədən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə, həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehtiva edir.

16. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2022-ci il tarixdə təyin edilmişdir. Həmin tarixə qədər o, yaşa görə pensiya almışdır. İddiaçının əmək pensiyasının pensiya növü (yaşa görə əmək pensiyasından ailə başçısının itirilməsinə görə pensiyaya keçirilməklə) həmin tarixdən dəyişdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya (həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq) hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli və xx.xx.2022-ci il tarixədək olan pensiya fərqi (yaşa görə əmək pensiyası və ailə başçısının itirilməsinə görə pensiya arasındakı) ödənməlidir.

17. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2020-ci il tarixdən təyin edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar