Məhkəmə qərarları › İş №2-1(112)-1975/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1975/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1975/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Nuridin oğlunun, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi nümayəndəsi X4, Üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı Nuridin oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X20, X19) qarşı “çıxarışın verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Nuridin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) 16 may 2007-ci il tarixindən əvvəlki tarixlərdə bu torpaq sahəsi ilə bağlı mövcud sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınması; 2) Başqa şəxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatın aparılmasının hüquqi əsası olmuş inzibati aktı ləğv edilməsi; 3) Torpaq sahəsi üzərində olan hüquqlarım bərpa edilərək, torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması xahiş edilmişdir.

2. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə iddia tələbi “X10 adına olan 2375A saylı bağ sahəsinin koordinatlarının ləğv edilməsi və həmin torpaq sahəsi üzərində 2376A saylı bağ sahəsi kimi hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 16 may 2007-ci ci il tarixində İddiaçı Nuridin oğlu Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi arasında birliyin 22 may 1992-ci il 24 saylı Protokolu əsasında 10 il müddətinə Ləhiş ərazisindəki 0, 12 ha torpaq sahəsi olan 2376 a nömərli bağın istifadəmə verilməsi haqqında 24336 saylı müqavilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi mərhum atası X7 1960cı ildən 0,25 ha torpaq sahəsi istifadəsində olmuşdur. Bakı Şəhər İcraiyə Komitəsinin 14 iyun 1988-cı il tarixli 3\333 №li Qərarına əsasən bir şəxsin adına 0, 12 ha artiq torpaq sahəsinin olmasına icazə verilmədiyi üçün həmin torpaq sahəsi bölünərək anası X8 və onun adına 0,12 sot olmaqla rəsmiləşdirildi. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Prezidentin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti, o cümlədən Bakı şəhəri İcra hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə (hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) verilməsi qərara alındı. Bunu 2014-cü ildə öyrəndi və 06 avqust 2014-cü il tarixində yuxarıda qeyd etdiyi torpaq sahəsinin sxematik bölgüsünün aparılması və həmin ərazinin adına rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq həmin bağ sahəsinin **********91 olan özəl bağ sahəsi ilə üst- üstə düşdüyü qeyd edildi. Beyin, qandamarla və ürəyi ilə bağlı səhhətində çox ciddi problemlər yaşadığı üçün bu məsələ ilə məşğul ola bilməmişdir. Səhhəti ilə bağlı problemləri müəyyən qədər yoluna qoyduqdan sonra 23 iyun 2021-ci ildə yenidən Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti 1 saylı Ərazi dairəsinə həmin bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün müraciət etmişdir. İkinci müraciətə də cavab olaraq bildirildi ki, həmin bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmışdır. Həmçinin qeyd olunan bağ sahəsi mübahisəlidir. Bunu da qeyd edim ki, hər dəfə təzə müqavilə bağlandıqca əlində olan köhnə sənədlərin hüquqi mahiyyəti olmadığını düşünərək özlərində saxlamamışdırlar. Qeyd olunan məsələ ilə bağlı cəhdləri uğursuz olduğunu gördükdən sonra xx.xx.2022 tarixində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir (İş №2-1(112)-4765/2022). Uzun müddət davam edən məhkəmə prosesindən sonra hakim ona təkrar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi tövsiyyə etdi. Bu səbəbdən iddia ərizəsini geri götürmüş və təkrar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti yenə nəticəsiz qaldı.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 7/386 saylı qərarı ilə 211 nömrəli bağ tikinti kooperativi nəzdində Ləhiş bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 2375A saylı bağ sahəsinin ayrılmasına dair X13 adına 9 nömrəli order tərtib edilmişdir. Həmin order və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixli torpaq sahəsininin planı və ölçüsü sənədinə əsasən 2375A saylı torpaq sahəsi xx.xx.2009-cu il tarixdə X13 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, 4 saylı DNK-nın böyük dövlət notariusu AS.Abbasov tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə/1-125 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında sözügedən bağ sahəsi özgəninkiləşdirilərək xx.xx.2010- cu il tarixdə X14 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, 37 saylı DNK-nın notariusu Süleymanov Q.A tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/3-655 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən bağ sahəsi özgəninkiləşdirilərək xx.xx.2014-cü il tarixdə X10 adı na dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən tərəfinizdən göstərilən bağ sahəsi reyestr nömrəsi **********91 olan özəl bağ sahəsi ilə üst-üstə düşür. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən “2376A” nömrəli bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin qeyd olunan bağ sahəsi mübahisəlidir. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla edilmiş tələblərə uyğun olmalıdır.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-596/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər X20 və X19) qarşı “xx.xx.2007-ci il tarixindən öncə torpaq sahəsi ilə bağlı sənədlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınması, həmin torpaq sahəsi ilə bağlı çıxarışın etibarsız sayılması, torpaq sahəsi üzərində olan hüquqların bərpa edilərək dövlət reyestrində qeydiyyata alınması” haqqında iddia tələbi geri götürülmüş sayılmışdır.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4765/2022 nömrəli mütəxəssis rəyinin verilməsi haqqında qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınmışdır: -Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 2376A nömrəli bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisinin (sahəsi göstərilməklə) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunsun Cavab: Bildirilmişdir ki, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə uyğun) aprılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. İddiaçı tərəfindən kənarda göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb, sahədə natamam tikili inşa olunub. Əlavə olaraq bildirilmişdir ki, iddia olunan mübahisəli sahə **********91 reyestr nömrəsi ilə qeydiyyata alınıb.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli **********81 nömrəli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

10. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktubunda bildirilişdir ki, **********91 reyestr nömrəsi ilə qeydiyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və X17 bağlar sahəsindəki 211 saylı kooperativ 9 saylı order ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 7/386 saylı qərarına əsasən bağlar sahəsində 211 saylı BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 2375a saylı bağ X16 ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa (Seriya MH № 0206241) əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi xx.xx.2009-cu il tarixində X13 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi- **********91) - xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən (AN – İ №0223871) X20 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi ünvaında yerləşən 0,117 ha torpaq sahəsini X14 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya MA № 0124237) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi xx.xx.2010-cu il tarixində X14 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi-**********91) - xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən (AN – İ №0389209) X21 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi ünvaında yerləşən 0,117 ha torpaq sahəsini X10 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya RX № 0310215) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 211 saylı BTK-nın 2375a saylı bağ sahəsi xx.xx.2014-cü il tarixində X10 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi-**********91)

11. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli torpaq sahəsinə dair məlumat və sənəd surətlərinin verilməsi barədə məktubunda bildirilişdir ki, iddiaçı tərəfindən kənardan göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb, sahədə natamam tikili inşa olunub. Əlavə olaraq bildirilmişdir ki, iddia olunan mübahisəli sahə digər fiziki şəxsin adına qeydiyyata alınıb. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ərazi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü əsasında 2375a saylı bağ kimi qeydiyyata alınmışdır. Həmçinin arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 2376a saylı bağın ərazisinə uyğun gəlir.

12. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2376 bağa dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir: - 2376 № bağın icarəyə verilməsi haqqında xx.xx.1990-cı il tarixli 11165 №-li müqavilə ilə Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1990-ci il tarixli qərarı əsasında sahəsi 0,25 ha olmaqla X5 icarəsinə verilmişdir. - X15 bağlar trestinə ərizə ünvalayaraq sahəsi 0,25 ha olan 2376 nömrəli bağın bölünərək oğlu İddiaçı adına müqavilə bağlanmasını xahiş etmişdir. - 2376 № bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli 11165 №-li müqavilə ilə Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1990-ci il tarixli qərarı əsasında sahəsi 0,12 ha olmaqla X5 icarəsinə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və X27 ərazisindəki 2376 nömrəli bağın istifadəyə verilməsi haqqında 11165 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 2376 №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaçlarla X12 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya MA № 0114071) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2376 saylı bağ sahəsi xx.xx.2010-cu il tarixində X18 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi-**********48-11301) - 13.09.2010-cu il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən (AN – İ №0223896) X18 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən ümumi sahəsi 33 kv.m, yaşayış sahəsi 22 kv.m və yardımçı sahəsi 11 kv.m olan bir otaqdan ibarət 2376 saylı bağ evini və yerləşdiyi 0.12 ha-dan ibarət olan bağ sahəsini X1 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya MA № 0143422) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2376 saylı bağ sahəsi xx.xx.2010-cu il tarixində X1 adına qeydiyyata alınmışdır. (Reyestr nömrəsi-**********48-11301)

13. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və X27 ərazisindəki 2376a nömrəli bağın istifadəyə verilməsi haqqında 24336 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 2376a №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaçlarla İddiaçı istifadəsinə verilmişdir.

14. İş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə X19 zəruri cəlbetmə qaydasında üçüncü şəxs, xx.xx.2024-cü il tarixli qərardad ilə X20 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iştirak etmişdir.

II. İddianın növü və mümkünlüyü

18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. X24 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

23. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. Hazırki iş üzrə iddia tələbi X10 adına olan 2375A saylı bağ sahəsinin koordinatlarının ləğv edilməsi və həmin torpaq sahəsinin 2376A saylı bağ sahəsi kimi iddiaçı X9 adına qeydiyyata alınması ilə bağlıdır.

28. Məhkəmə ilk növbədə müəyyən edir ki, mütəxəssis rəyinə və ortofoto çıxarışına əsasən iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi 2376A saylı bağ sahəsi faktiki olaraq 2375A saylı bağ sahəsinin ərazisində yerləşməklə digər şəxsin adına qeydiyyata alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli üçün 2375A (iddiaçı tərəfindən 2376A kimi qeyd edilən) saylı bağın ərazisinə uyğun gələn sahə üzərində sahibliyin kimin tərəfindən həyata keçirilməsi müəyyən edilməlidir.

29. İddiaçı iddia tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismar Birliyi ilə bağlanmış “Ləhiş ərazisindəki 2376a nömrəli bağın istifadəyə verilməsi haqqında” 24336 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən torpaq sahəsinin ona verildiyini bildirir. Belə ki, “Ləhiş ərazisindəki 2376a nömrəli bağın istifadəyə verilməsi haqqında” 24336 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sabunçu rayonunun, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 2376a №-li bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaçlarla İddiaçı istifadəsinə verilmişdir.

30. Məhkəmə nəzərə alır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 7/386 saylı qərarına və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X2 İnkişafı və X17 bağlar sahəsindəki 211 saylı kooperativ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 9 saylı orderə əsasən 2375A saylı bağ sahəsi (iddiaçı tərəfindən iddia olunan 2376A bağ sahəsinin ərazisində yerləşir) X16 ayrılmışdır.

31. Məhkəmə müəyyən edir ki, İddiaçı münasibətdə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və X27 ərazisindəki 2376A nömrəli bağın istifadəyə verilməsi haqqında 24336 saylı xx.xx.2007-ci il tarixli müqavilə bağlanarkən torpağın faktiki yerləşdiyi ərazi 2375A saylı bağ sahəsi kimi X13 istifadəsində olmuşdur. Mübahisələndirilən bağ sahəsi ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən X13 adına qeydiyyata alınmış, daha sonra isə özgəninkiləşdirilmişdir, torpaq sahəsinin yerləşdiyi ərazi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsində olmamışdır (hazırda da deyil). Belə ki, 2376 saylı bağın ərazisi vaxtilə 0,25 ha olmaqla iddiaçının atasına ayrılmış, sonuncu 1992-ci ildə həmin bağın bölünərək bir hissəsinin oğlunun (iddiaçının) adına rəsmiləşdirilməsinə dair bağlar trestinə ərizə vermiş və həmin 1992-ci ildə 2376 nömrəli bağa dair sahəsi 0,12 olmaqla iddiaçının atası X11 adına müqavilə bağlanmışdır. 2376a olmaqla İddiaçı Nuridin oğlunun adına müqavilə 25 il sonra 2007-ci il tarixdə bağlanmışdır. İddiaçının məhkəmə iclasında verdiyi izahatında bağ sahəsindən 1990-cı illərin sonu, 2000-ci illərin əvvələrinə dair istifadə edildiyi bildirilir. Beləliklə, artıq xx.xx.2007-ci ildə İddiaçı Nuridin oğlunun adına 2376a saylı bağ sahəsinə dair müqavilə bağlanarkən həmin bağ sahəsinin faktiki ərazisi 2375a saylı bağın ərazisi olmaqla iddiaçının sahibliyində olmamışdır. Beləliklə, xx.xx.1990-cı il tarixli müqavilə ilə 2376 saylı bağın ərazisinin 0,25 ha olması, xx.xx.1992-ci il tarixdə icarəçinin ərizəsinə əsasən bölünərək xx.xx.1992-ci il tarixli müqavilə ilə 2376 saylı bağın ərazisinin 0,12 ha olması, həmin vaxtdan xx.xx.2007-ci il tarixədək bölünmüş digər 0,12 ha sahəyə dair müqavilə bağlanmaması işin mübahisəsiz halıdır.

32. Beləliklə, məhkəmə iş materiallarını məcmu halda qiymətləndirərək müəyyən edir ki, Ləhiş bağ massivində 211 №-li BTK nəzdindəki 2376A (faktiki olaraq 2375A) saylı bağ sahəsi nəinki iddiaçının qanuni istifadəsində deyil, həmin bağ sahəsinə dair müqavilə bağlanan vaxt da istifadəsində olmamışdır. Həmin bağ sahəsinə mülkiyyət hüququ ilkin olaraq X13 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmış (Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1990-cı il tarixli qərarı əsasında) və daha sonra digər şəxslərin (X14, X10) adına özgəninkiləşdirilmişdir və hazırda bağ sahəsinə X19 tərəfindən faktiki sahiblik həyata keçirilir. Reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və Ləhiş bağ massivindəki 2376A (faktiki 2375A) saylı bağ sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının Ləhiş bağ massivindəki 211 №-li BTK nəzdindəki həmin 2376A (faktiki 2375A) bağ sahəsinə mülkiyyət hüququnun tanınmasına qanuni gözləntisi yoxdur.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Beləliklə, məhkəmə qeyd edir ki, qeyd edilən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi və həqiqi hüquqi vəziyyətə uyğun olmadığı məhkəmə araşdırması nəticəsində müəyyən edilmədi.

35. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 2376 bağ sahəsi kimi mübahisələndirilən X10 adına qeydiyyatda olan 2375a saylı bağ sahəsinin koordinatların ləğv edilməsi tələbi təmin edilə bilməz. Belə ki, həmin 2376a saylı bağ sahəsinə dair müqavilə bağlanan xx.xx.2007-ci il tarixdə artıq həmin bağ sahəsi faktiki və hüquqi olaraq mövcud deyildi. Belə ki, yuxarıda qeyd edildiyi kimi 2376 nömrəli bağ 1992-ci ildə faktiki olaraq bölünmüş və görünən odur ki, iddiaçının hazırda iddia etdiyi sahə elə həmin vaxtdan 2375a saylı bağ sahəsi hesab edilmişdir.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar