Məhkəmə qərarları › İş №2-1(112)-1976/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1976/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1976/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) «ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin hesab edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin hesab edilməsi» tələbini irəli sürərək ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) Dünyamin Xəlilovun rəhbərlik etdiyi “GENERAL CONSTRUCTİON” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-də 2010-cu ilin may ayından 2013-cü ilin iyun aymadək olan müddətdə “operator” vəzifəsində işləmişdir. Birbaşa vəzifə öhdəliyi Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Sitalçay adlanan ərazidə 20 ədəd külək elektrik turbinlərinin quraşdırılması və montajmda sahə operatoru kimi çalışmaq olmuşdur. 2013-cü ilin iyun ayında layihənin inşası tam olaraq bitdiyindən, iddiaçı öz ərizəsi ilə işdən azad edilmişdir. Lakin 2015-ci ildə iddiaçı "xxxx" Açıq Səhmdər Cəmiyyətinin sabiq rəhbərliyinə və Dünyamin Xəlilova qarşı külli miqdarda bank vəsaitlərinin mənimsənilməsi üzrə məhkəmə işi açıldıqdan sonra Dünyamın Xəlilovun qeyri-rəsmi şəkildə rəhbərlik etdiyi "xxxx" MMC və "xxxx" MMC şirkətlərində onun (iddiaçının) təsisçisi olduğu müəssisənin adına "xxxx" ASC-dən götürülmüş və geri qaytarılmamış kredit borclarının olması haqqında məlumat almışdır. İddiaçı həmin müəssisənin "xxxx" ASC-dən aldığı kreditlərlə bağlı 2017-ci ilin mart ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış və orada şahid qismində ifadə vermişdir. İfadə verərkən ona bildirilmişdir ki, "xxxx" ASC-nin “Mərkəzi” filialında sözügedən müəssisənin ehtiyaclarını qarşılamaq məqsədilə iddiaçının adına kredit rəsmiləşdirilmiş və həmin kreditdən ödənilməmiş məbləğ qalmışdır. Bank qarşısında olan kredit borcunun olması, eyni zamanda cinayət işi üzrə araşdırılmaların davam etdirilməsi səbəbindən iddiaçının ölkədən kənara çıxışıma və əmlakına məhdudiyyət qoyulmuşdur və bu məhdudiyyətin aradan qaldırılması üçün qeyd edilən məbləğin tam ödənilməsini təmin etmək lazımdır. Xəlilov və digər aidiyyəti şəxslər (mühasibatlıq) barəsində məhkəmə qərarı ilə müvəqqəti həbs qətimkan tədbiri seçildiyindən və həmin dövrdə onların həbsdə olması səbəbindən, iddiaçı məsələ ilə bağlı müraciət edəcək və borcun ödənilməsini təmin edə biləcək heç bir şəxslə əlaqə yarada bilmədi və bu günədək hələ də əlaqə yarada bilməmişdir. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbəti xəbərini gözləməli olmuşdur. Sözügedən kredit işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ilin iyul ayında başa çatmış və bu işlə bağlı təqsirli bilinən vəzifəli şəxslər məhkəmənin qərarı ilə cəzalandırılmışlar. İddiaçı həmin prosesə cəlb olunmamışdır. Hətta, o zaman Maliyyə Nazirliyi tərəfindən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ezam olunmuş və bu iş üzrə araşdırmalar aparan əməkdaş da ifadə verərkən onun (iddiaçının) təqsirsiz olduğunu şifahi şəkildə etiraf etmişdir. Bundan sonra iddiaçı məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir neçə dəfə gedərək müraciətlər və sorğular etmiş, ancaq bunlar cavabsız və nəticəsiz qalmışdır. 4 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron məktub şəklində ərizə ilə müraciət etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət ünvanlamışdər. Müraciətə cavab olaraq, 6 may 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən onun müraciətinə baxılaraq nəticəsi barədə məlumat veriləcəyi haqda məktub alsa da, həmin tarixdən bu vaxtadək heç bir rəsmi və ya əyani bir cavab verilməmişdir. 4 avqust 2020-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təkrar sorğu ilə müraciət etmiş və bu müraciəti də cavabsız qalmışdır. İddiaçı 21 noyabr 2020-ci il tarixdə “AZAL”-ın saat 09:10-a təyin etdiyi “J2 177” Baku-İstanbul aviareysi üzrə İstanbula səfər etmək istəyərkən Bakı Hava Limanında passport nəzarətini həyata keçirən Sərhəd Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikasının hüdudlarından çıxışına məhdudiyyətin qoyulduğu bildirildikdən sonra hava limanından geri qaytarılmışdır. İddiaçıya şifahi şəkildə bildirilmişdir ki, "Giriş-çıxış və qeydiyyat” İdarələrarası X1 ölkədən çıxışına məhdudiyyətin mövcudluğu göstərilir və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Bu səbəbdən, yenidən 5 yanvar 2021-ci il tarixdə X5 ərizə şəklində sorğu ilə müraciət məktubu ünvanlamışdır. Sonuncu rəsmi müraciətdən sonra sözügedən orqan müraciətin nəticəsi barədə ona məlumat verəcəyini bildirsə də, həmin vaxtdan 7 aya yaxın müddət keçməsinə baxmayaraq, heç bir məlumat əldə edə bilmir. Bu müddət ərəfəsində bir neçə dəfə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də belə, heç bir nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla, 4-cü bənddə nəzərdə tutulan hallarda isə eyni zamanda dayandırıla bilər: 1) vətəndaş haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə – müvafiq olaraq iş üzrə icraat qurtaranadək və ya cəza çəkilib qurtaranadək, yaxud cəzadan azad edilənədək; 2) vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 3) beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək; 4) məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci iltarixli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sistemi haqqında Əsasnamənin 8.7-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prokurorluğu, Fövqəladə Hallar Nazirliyi axtarışda olan, barəsində tutma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhəd keçməyə məhdudiyyət siyahısı’na daxil edilməsi dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələrdən biridir. İstinad olunan fərmandan, Azərbaycan Respublikasının qanunundan və konstitusiya normalarından da göründüyü kimi barəsində cinayət işi açılmamış, cinayət prosesinin tərəfi olmayan şəxlər barəsində məhkəmənin hökmü olmadan ölkədən çıxışına məhdudiyyətin qoyulması qanunsuz hesab edilməlidir. Digər tərəfdən mübahisə doğuracaq məqamlardan biri də məhkəmə aidiyyəti məsələsidir. Məlum olduğu kimi, inzibati orqanın aktının qanunsuz və etibarsız hesab olunmasını təmin etmək inzibati məhkəmələrin səlahiyyətindədir. Lakin sözügedən işdə inzibati orqan tərəfindən ona (iddiaçıya) qarşı qoyulan məhdudiyyətin cinayət işinin istintaqı zamanı yaranan zərurətdən irəli gəldiyini nəzərə alaraq və bu məhdudiyyətin müvafiq inzibati orqanın ona göndərdiyi 6 may 2020-ci il tarixli məktubunda da qeyd edildiyi kimi, birbaşa həmin cinayət işi ilə bağlı olması iddiaçının şikayətinə məhkəmə nəzarəti qaydasında baxılmasım zəruri edən amillərdən biri idi. Çünki İPM-in 1.1-ci maddəsinin tələblərinə əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxıla bilər. Bundan başqa, işlərə inzibati məhkəmə icraatı qaydasında baxılmasına dair digər mühüm bir müddəa da İPM-nin 2.1-ci maddəsində təsbit edilmişdir. Buna görə isə, qanunla başqa aidiyyat qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən isə bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İddiaçının barəsində sərhədkeçməyə və əmlakına məhdudiyyət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ibtidai istintaqı aparılan "xxxx" ASC ilə bağlı cinayət işi üzrə tətbiq olunmuşdur. Bu halda, iddiaçı hesab etmişdir ki, onun ölkədən çıxışına aparılan hər hansı cinayət təqibinin gedişində qadağa qoyulmuşdursa, həmin məsələnin mübahisələndirilməsi də cinayət mühakimə icraatı çərçivəsində məhkəmə nəzarəti qaydasında aparılmalıdır. Məhz bu səbəblərdən o, ilk öncə aidiyyata uyğun olaraq barəsində sərhədkeçmə qadağasının götürülməsi iddiasını Bakı şəhər Nərimanov Rayon Məhkəməsində qaldırmışdır. Uzun çəkən bir neçə prosesdən sonra məhkəmə iddianı qismən təmin edərək sadəcə onun əmlakı, yəni avtomobili üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı qərar qəbul etmişdir. Bundan sonra isə iddiaçı müvafiq olaraq, Bakı Apellyasiya Məhkəməsinə birinci instansiya məhkəməsinin çıxardığı qərarda iddianın təmin etmədiyi hissəsindən şikayət vermişdir. Apellyasiya məhkəməsinin müvafiq orqanlara göndərdiyi sorğulardan belə məlum olmuşdur ki, onun ölkədən çıxışı ilə bağlı heç bir rəsmi qadağanedici qərar yoxdur və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sadəcə görünən bu idi ki, Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının ölkədən çıxışına məhdudiyyət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qeyri-rəsmi göstərişi əsasında tətbiq edilmişdir. Hətta bunu Dövlət Sərhəd Xidməti onun sorğusuna cavab olaraq 30 noyabr 2020-ci il tarixdə verdiyi cavab məktubunda da qeyd etmişdir. X4 Xidməti tərəfindən heç bir məhdudiyyətin qoyulmadığı və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. Dövlət Sərhəd Xidmətinin məlum cavab məktubuna əsaslanaraq iddiaçı yenidən Daxili İşlər Nazirliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məsələnin aydınlaşdırılması və onun üzərindən bu qadağanın götürülməsi ilə bağlı rəsmi və bir neçə dəfə əyani müraciətlər etsə də, müraciətə baxılmamış və bir neçə ay keçməsinə baxmayaraq hələ də cavab verilməmişdir. Bu vəziyyətdə, yəni heç bir rəsmi qərar olmadan inzibati orqanın özbaşına qanunsuz şəkildə onun ölkədən çıxmağına qadağa qoyduğu üçün apellyasiya məhkəməsi ona inzibati məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İddiaçının məlum cinayətdə mühakimə icraatının subyekti, habelə cinayət prosesinin tərəfi olmadığını, şahid qismində dindirildiyini və barəsində məhkəmənin heç bir qərarı olmadığını nəzərə alsaq, müvafiq inzibati orqanın hərəkətləri onun konstitusiya və qanunlarla qorunan hüquq və azadlıqlarını ciddi surətdə pozduğundan, məlum məhdudiyyətin qanunsuz hesab olunması və üzərindən götürülməsi zəruri xarakter daşımaqdadır. Qanunla başqa aidiyyat qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (İPM-in 2.1-ci maddəsi). İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (İPM 2.2.3-cü maddəsi), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (2.2.4-cü maddəsi) baxılır. Sərhədkeçmə ilə bağlı iddiaçının üzərində məhkəmənin və heç bir inzibati orqanın rəsmi qərarı olmadığı halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun üzərinə qeyri-rəsmi və qeyri-qanuni bir qadağanı qoyması və bununla bağlı Dövlət Sərhəd Xidmətinə belə bir göstəriş verməsini, yuxarıda qeyd edilən "xxxx" ASC ilə bağlı işin məhkəmə araşdırmasının başa çatmasını, Azərbaycan Respublikası Konstitusiyasının 28ci maddəsini və «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini və Azərbaycan Respublikasının Prezidentinin 22 aprel 2008-ci il tarixli Fərmanının müddəalarını nəzərə alaraq, məhkəmədən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin iddiaçının Azərbaycan Respublikasının hüdudlarından getməyinə qoyulmuş məhdudiyyətlə bağlı hərəkəkətlərinin qanunsuz müdaxilə hesab edilməsi və bu hərəkətlərdən çəkinməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cavabdeh qismində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi isə (cavabdeh kimi prosessual iştirakına xitam verilməklə) üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iddia ilə bağlı məhkəmənin müvafiq müvafiq sorğusuna cavab olaraq təqdim olunmuş 11 dekabr 2021-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilir: -İddiaçı ilə bağlı məlumatların məhkəməyə təqdim olunması barədə daxil olmuş məktuba DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılmışdır. "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin direktoru olmaqla MMC-nin banka 4.180.183 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Hazırda "xxxx" MMC-nin vəzifəli şəxslərinin əməlinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehlərin və üçüncü şəxsin nümayəndələri gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Giriş-çıxış və qeydiyyat” X2-axtarış sistemi haqqında» Əsasnamənin 2-ci bəndinə görə “Giriş-çıxış və qeydiyyat" X2-axtarış sistemi – xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: (2.4) ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması. Əsasnamənin 8.1-ci bəndinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: -(8.1.12) axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. Əsasnamənin 8.4-cü bəndinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: -(8.4.4) axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin onun ölkədən gedişinə məhdudiyyət qoyulması ilə bağlı hərəkətlərini mübahisələndirir. Cavabdeh kimi iki inzibati orqan çıxış etsə də, mübahisə predmetini onların hər birinin iddiaçıya münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qeyd olunmalıdır ki, işdə olan sənədlər, o cümlədən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə ünvanlanmış 11 dekabr 2021-ci il tarixli məktubunda müvafiq cinayət işinin istintaqı zamanı iddiaçının rəhbəri olduğu qurumun (hüquqi şəxsin) "xxxx" ASC-yə 4.180.183 manat kredit borcunun olduğu nəlum olmuşdur. Hazırkı məhkəmə icraatında iddiaçı özü də bu halı təkzib etməmişdir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı hərəkətləri qanuna zidd qiymətləndirilə bilməz. Digər cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinin hərəkətlərinə gəldikdə isə, “Giriş-çıxış və qeydiyyat" X2-axtarış sisteminə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi tərəfindən müvafiq məlumat daxil olduğundan, iddiaçının ölkə hüdudlarından çıxışına cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin də məhdudiyyət qoyması qanunsuz sayılmamalıdır. Belə olan halda, məhkəmə İddiaçı iddiasının əsassız olması qənaətinə gəlir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) «ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) «ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar