Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1976/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X2 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və xidmətə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Madafiə Nazirliyinin 03 dekabr 2021-ci il tarixli 01702 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində Müdafiə nazirinin Xidmətinin Katibliyin rəisi vəzifəsinə və ya ona bərabər digər vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməli olan əmək haqqının hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 (iyirmi) təqvim ili Xüsusi Dövlət Orqanında qüsursuz və nümunəvi xidmət etmişdir. 2017-ci ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyində Müdafiə nazirinin Xidmətinin Katibliyin rəisi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi dövrdə qüsursuz və nümunəvi xidmət etməsinə və hərbi rütbəsinin polkovnik olmasına baxmayaraq heç bir qanuni əsas olmadan “yaşa görə” əsası ilə Azərbaycan Respublikası Madafiə nazirinin 03 dekabr 2021-ci il tarixli 01702 nömrəli əmri ilə istefaya buraxılmışdır. Belə ki, Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü bəndinə əsasən polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 53 yaş həddinədək xidmət edirlər. Hazırda onun 51 yaşı var. Həmçinin Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377 İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci bəndində əsasən son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasının əsasları əks olunmuşdur. Həmin əsaslara xəstəliyə görə, ştatların ixtisarına görə, ailə vəziyyətinə görə, xidməti uyğunsuzluğa görə, hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə, azı 5 il xidmət etmiş zabitlər öz arzusu ilə, törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə halları daxildir. Göründüyü kimi bu halların heç biri mövcud olmadan məcburən tərxis olunması və 53 yaşı tamam olmamış polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitin “yaşa görə" əsası ilə tərxis olunma halı qanunvericilikdə nəzərdə tutulmamışdır. 05 avqust 2021-ci il tarixdə anası X6 vəfat etmiş və bu hadisə onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur ki, nəticədə həmin dövrdə səhətində müvəqqəti problemlər yaranmışdır. Həmin dövrdə “yaşa görə” istefaya buraxılması barədə onunla 15 sentyabr 2021-ci il tarixdə söhbətləşmə aparılmış və sonradan verilən şifahi məlumatlara görə istefaya buraxılması əmrləşdirilmişdir. Söhbətləşmə vərəqəsində o, xidmət illərinə görə pensiyaya əlavələrin hesablanması məqsədilə xidmətini davam etdirmək arzusunda olduğunu bildirmişdir. Lakin ona “yaşa görə” istefaya buraxılması barədə Əmr (əmrdən çıxarış) onun Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı 26 iyul 2022-ci il tarixli müraciətindən sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsi tərəfindən 04 avqust 2022-ci il tarixli məktubları ilə rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli, 11/4318 nömrəli iddiaya yazılı münasibətini məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 03 dekabr 2021-ci il tarixli 01702 nömrəli əmri ilə Müdafiə Nazirinin Xidmətinin Katibliyin rəisi polkovnik İddiaçı Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) və Əsasnamənin 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi xidmətdən istefaya buraxılaraq qeydiyyat üçün Azərbaycan Respublikasjının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 172-ci maddəsinə əsasən: -hərbi vəzifəli qadınlar yaşlarından və hərbi rütbələrindən asılı olmayaraq üçüncü dərəcəli ehtiyata keçirilirlər; - hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50 yaşdır. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən ehtiyatda ilmağın son yaş həddi qadın zabitlər üçün 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün - 45 yaşdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqdu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Hesab edirəm ki, iddiaçı X3 barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 03 dekabr 2021-cu il tarixli 01702 nömrəli əmri, yəni inzibati aktın qəbul edilməsindən 8 ay sonra onu mübahisələndirmişdir. Azərbaycan Respublikasının mübahisələndirmə haqqında iddia 30 gün müddətində qaldırıla bilər. Qeyd olunana əsasən iddiaçı 30 günlük iddia müddətini ötürmüşdür “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən yoxlayarkən İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Həmin Qərarın 2.2-ci bəndində isə qeyd edilir ki, İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktik halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin araşdırılması prinsipi həm mümkünlük, həm də əsaslılıq hallarına aiddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul etməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarxidə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Müdafiə Nazirinin 03 dekabr 2021-ci il tarixli 01702 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı xidmətə bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilibedilməməsi ilə bağlı ilə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 344 nömrəli Əmrdən çıxarışında qeyd olunmuşdur ki, Polkovnik İddiaçı, Müdafiə nazirinin Xidmətinin Katibliyinin sabiq rəisi, Azərbaycan Respublikası müdafiə nazirinin 03 dekabr 2021-ci il tarixli 01702 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin «a» bəndinə (yaşa göre) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq istefaya buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 2021-ci ilin növbəti məzuniyyəti (45 gün) verilməklə, 24 yanvar 2022-ci il tarixdən Müdafiə Nazirliyi Aparatının şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə göndərilsin. Polkovnik İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017ci il tarixli 22 nömrəli qərarının 27.2-ci bəndinə əsasən 2021-ci ilin yanvar-dekabr ayları üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Polkovnik İddiaçı istefaya buraxılması ile əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilsin. 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyətə görə əlavə pul təminatı ödənilib. Əsas: Azerbaycan Respublikası müdafiə nazirinin 03 dekabr 2021-ci il tarixli 01702 nömrəli əmrindən çıxarış (dax.ol.№ 1162), hesablaşma vərəqəsi № 223. Məhkəmənin sorğusuna cavab olaraq Azerbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 11/3798 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - xx.xx.2021-ci il tarixli, MN 01702 nömrəli Təqdimatda bildirilmişdir ki, polkovnik leytenant İddiaçı Müdafiə Nazirinin Xidmətinin Katibliyinin rəisi xx.xx.2017-ci il tarixdən yaşa görə həqiqi hərbi xidmətdən istefaya buraxılması üçün təqdim olunur. -xx.xx.2021-ci il tarixdə aparılmış birinci söhbət vərəqində qeyd olunmuşdur ki, İddiaçı qzı 20 (iyirmi) təqvim ili Xüsusi Dövlət Orqanında qüsursuz və nümunəvi xidmətini nəzərə alaraq, xidmət illərinə görə pensiyaya əlavənin olması məqsədilə xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamında saxlanılmağını xahiş etmişdir. -xx.xx.2021-ci il tarixdə aparılmış ikinci söhbət vərəqində qeyd olunmuşdur ki, ona əsassız olaraq noyabr ayı üçün tam ödənilməmiş pul təminatının ödənilməsini, növbəti aylar üçün nəzərdə tutulmuş aylı və digər pul təminatının AR MN-nin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarına müvafiq olaraq tam şəkildə ödənilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirinin 03.122021-ci il tarixli, 01702 nömrəli Əmrdən çıxarışına əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a" bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq, Müdafiə Nazirinin Xidmətinin Katibliyinin rəisi polkovnik İddiaçı hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi barədə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 44.2-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün – 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün – 45 yaşdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci maddəsinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -157-ci maddəsinə əsasən hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: a) yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda; (...) -172-ci maddəsinə əsasən hərbi vəzifəli qadınlar yaşlarından və hərbi rütbələrindən asılı olmayaraq üçüncü dərəcəli ehtiyata keçirilirlər. Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50 yaşdır. Sadalanan normalardan görünür ki, hərbi qulluqçunun istefaya buraxılmasının əsaslarından biri də hərbi qulluqçunun son yaş həddinə çatmasıdır. Qadın zabitlər üçün son yaş həddi üçün 50 yaş olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə İddiaçı xx.xx.1971-ci il təvəllüdlü olmaqla polkovnik rütbəsində Müdafiə Nazirinin Xidmətinin Katibliyinin rəisi vəzifəsində xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə 50 yaşına çatmışdır. İddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə-son yaş həddinə çatması ilə əlaqədar istefaya buraxılmışdır. Qeyd edilməlidir ki, qanunverici hərbi qulluqçunu son yaş həddinə çatdığı təqdirdə birbaşa ehtiyata və ya istefaya buraxılmasını imperativ norma kimi nəzərdə tutmamışdır. Başqa sözlə, hərbi xidmətkeçməni tənzimləyən qanunvericilik son yaş həddinə çatmış hərbi qulluqçuların həqiqi hərbi xidmətini davam etdirmələrinin mümkün olan hallarını da tənzimləmişdir Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla, bu Əsasnaməyə 3 saylı əlavədə göstərilən şərtlərə uyğun olaraq aşağıdakı qaydada hərbi xidmətdə saxlanıla bilərlər: baş zabitlər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə;(...). Ayrı-ayrı hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanılması haqqında vəsatət adbaad siyahıları (1, 2 və 3 saylı əlavələr) təqdim etməklə hərbi qulluqçunun şəxsi raportu əsasında alay (briqada) komandiri, ona bərabər və ondan yuxarı olan birbaşa rəis tərəfindən ildə bir dəfə oktyabr ayının 1-nə kimi komanda üzrə qaldırılır və hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlamağa hüququ olan rəislərin təsdiqinə verilir. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanılması hər dəfə müvafiq müvafiq əmrlə rəsmiləşdirilir. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılması barədə qəbul edilmiş qərar hərbi hissə komandirləri tərəfindən onlara şəxsən elan edilir. Bu hərbi qulluqçuların şəxsi işində onların kimin qərarı ilə və həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hansı müddətə hərbi xidmətdə saxlandıqları barədə qeyd edilir (yazılır). Həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılan hərbi qulluqçular həmin müddət qurtaranadək tərxis oluna bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə edilmiş 3 saylı Əlavə ilə “Hərbi qulluqçuların son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanması üçün siyahıların tərtib edilməsi Qaydaları”na əsasən siyahılar hərbi qulluqçuların heyətləri üzrə ayrılıqda, zabit heyəti üçün isə, bundan əlavə kiçik zabitlər, baş zabitlər, generallar və admirallar üzrə, əlifba sırasına ciddi riayət etməklə 5 il müddətə qədər və ikinci 5 il müddətə qədər həqiqi hərbi xidmətdə saxlananlar üçün ayrı-ayrı tərtib edilir. Hərbi qulluqçuların 5 il müddətə qədər olan siyahısına o şəxslər daxil edilirlər ki, onlar həqiqi hərbi xidmətdə son yaş həddinə cari ildə çatıblar və 5 il müddətinə hərbi xidmətdə saxlanılmaları məqsədəuyğundur. Hərbi qulluqçuların ikinci 5 il müddətə qədər olan siyahısına yüksək ixtisaslı elə hərbi qulluqçular daxil edilir ki, onlar cari ildə həqiqi hərbi xidmətdə olmalarının son yaş həddindən 5 il artıq xidmət etmiş olacaqlar, lakin onların daha 5 il müddətə qədər həqiqi hərbi xidmətdə saxlanılmasına xüsusi ehtiyac var. Hərbi qulluqçunun saxlanıla biləcəyi 5 illik müddət, belə ixtisaslı hərbi qulluqçuya ehtiyac olub-olmamasının, onun səhhətinin vəziyyətinin, iş qabiliyyətinin, attestasiya nəticələrinin, eləcə də praktiki imkanlarının və tutduğu, yaxud digər vəzifədə istifadə olunmasının uçotu ilə müəyyən edilir. Siyahılara bütün instansiyalarda baxılması və onların şəxsi heyətin tərbiyəsi üzrə orqanların, qərargahların, qoşun növlərinin və xidmətlərin rəisləri ilə razılaşdırılması vəzifəyə təyin edilmə təqdimatlarına baxılması üçün müəyyən olunmuş qaydada həyata keçirilir. Göründüyü kimi son yaş həddinə çatmış hərbi qulluqçunun hərbi xidmətini davam etdirməsinə hərbi qulluqçunun razılığı ilə onun həqiqi hərbi xidmətdə saxlanılmasına ehtiyac olduğu halda, eləcə də zabitlər həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığı lakin xidmət illərinə görə pensiya hüququ əldə etmədiyi halda bu hüququ əldə edənə qədər davam etdirə bilmələrinə yol verilir. Hazırkı iş üzrə iddiaçı polkovnik rütbəsində baş zabit heyətinə aid hərbi qulluqçu olmaqla xidmətdə olmanın son yaş həddinə çatmış, lakin istefaya buraxıldığı vaxt iddiaçının son yaş həddindən artıq müddətə hərbi xidmətini davam etdirməsinin məqsədəuyğunluğu və ya zərurəti müzakirə olunmamış, bu baxımdan inzibati orqan tərəfindən müvafiq qiymətləndirmə aparılmamışdır. Belə ki, iş materillarında olan istefaya buraxılmazadan öncə aparılmış söhbətləşmələrdə də iddiaçı Əsasnamənin 157-ci maddəsinin “a" bəndi ilə istefaya buraxılmağına münasibətdə xidmət illərinə görə əlavənin alınması məqsədilə bu hüququ əldə edənədək xidmətini davam etdirməsini, bu məqsədlə Müdafiə Nazirinin sərəncamında saxlanılmasını xahiş etmişdir. Əmrin qəbul edilməsi ilə bağlı təqdim edilmiş inzibati icraat materiallarında cavabdeh inzibati orqanın hərbi qulluqçunun qeyd edilən xahişi üzrə araşdırma apardığı, onun Əsasnamə ilə nəzərdə tutulmuş hərbi xidmətini, xidmət illərinə görə pensiya hüququ əldə etməsi üçün davam etdirə bilmək imkanına (hüququna) hər hansı münasibət bildirdiyi müəyyən olunmur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd edilməlidir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Başqa sözlə, ehtiyata buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməsi hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında əmrin ləğvinə əsas verir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qeyd olunan qanunvericilik normalarını hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirməmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmuşdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 dekabr 2021-ci il tarixli 01702 nömrəli əmri ləğv edilməli və İddiaçı xidmətə bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 dekabr 2021-ci il tarixli 01702 nömrəli əmri ləğv edilsin. İddiaçı xidmətə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1976/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1976/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver