Məhkəmə qərarları › İş №2-1(112)-1976/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1976/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1976/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1579,71 manat və Dövlət Sosial Müdafiə Fonduna yaranan 264,73 manat məbləğinə ödənilməmiş borcuna görə qiyməti 23000 manat məbləğində 2006-cı il buraxılışı olan “BMW X5“ markalı (qara rəngli) **-SV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 23000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və DSMF-na ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 1579,71 manat və Dövlət Sosial Müdafiə Fonduna 264,73 manat borcuna görə fərqləndirici əlaməti qiyməti 23000 manat məbləğində 2006-cı il buraxılışı olan “BMW X5“ markalı (qara rəngli) **-SV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 23000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********2 və **********9 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafıq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə yaranan 1519,71 manat və Dövlət Sosial Müdafiə Fonduna yaranan 264,73 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşmar əmlakının İ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşmar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. VM-in 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1 -ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Eyni zamanda həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu da, Azərbaycan Respublikasının ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion vəzifə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən «Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur». VM-in 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Qeyd olunmalıdır ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Bakı Apellyasiya və Ali Məhkəmələrinin mövqeyləri də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, "Sosial sığorta haqqında" Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

3. 05.10.2021-ci il tarixində Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması barədə **********5 nömrəli qərar qəbul edilmişdir.

4. 05.10.2021-ci il tarixində Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması barədə **********1 nömrəli qərar qəbul edilmişdir.

5. xx.xx.2023-cü il tarixində Cavabdeh (VÖEN: **********) münasibətdə “Vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarların bir icraatda birləşdirilməsi barədə” **********2 nömrəli qərar qəbul edilmişdir.

6. xx.xx.2023-cü il tarixində Cavabdeh (VÖEN: **********) münasibətdə “Vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarların bir icraatda birləşdirilməsi barədə” **********9 nömrəli qərar qəbul edilmişdir.

7. xx.xx.2023-cü il tarixli əmlakın siyahıya alınması haqqında **********2 nömrəli və **********9 nömrəli protokola əsasən cavabdehə məxsus əmlak - 1 vahidin qiyməti 23000 manat olan “BMW X5” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır.

8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində “BMW X5 minik” markalı, WBAFA91050LH73135 ban nömrəli, 99SV320 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və “LADA 21214 URBAN minik” markalı, XTA212140L2390932 ban nömrəli, 77CX904 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi vardır.

9. Cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli qəbzlərdə vergi orqanına ödənilmiş 1 495,00 manat, 35,00 manat və 188,00 manat məbləğ göstərilmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 2-1(112)-12890/2023 saylı məhkəmə işi üzrə iddia predmeti Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixə **********2 nömrəli qərar üzrə dövlət büdcəsinə 1579,71 manat və **********9 nömrəli qərar üzrə Dövlət Sosial Müdafiə Fonduna 264,73 manat borcuna görə 23000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədədir. Bununla əlaqədar qeyd edirik ki, xx.xx.2023-cü tarixə **********2 nömrəli qərar üzrə dövlət büdcəsinə 84,71 manat və **********9 nömrəli qərar üzrə Dövlət Sosial Müdafiə Fonduna 41,72 manat məbləğində borc qalmaqdadır. Bundan əlavə xx.xx.2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair İXM-nin 211.2 maddəsi ilə xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilərək 200 manat məbləğində inzibati cərimə tədbiq edilmişdir, inzibati cərimənin 143495 təsnifat koduna ödənilməsi vergi ödəyicisinə tövsiyə edilir.

11. Cavabdeh məhkəmə iclasında iştirak edərkən ödəniş qəbzlərini təqdim edərək vergi borcunu ödədiyini və şəxsi hesab vərəqəsində göstərilmiş inzibati cərimə üzrə 200 manat borcun ödənilməsi üçün texniki imkanların olmadığını, dəfələrlə cəhd etsə də, həmin məbləği ödəyə bilmədiyini bildirmişdir.

12. Tərəflər məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

13. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.

14. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İddia mümkündür.

II. Məhkəmənin mövqeyi

16. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

17. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.

18. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.

19. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, cavabdehin ilkin olaraq xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 1579,71 manat və Dövlət Sosial Müdafiə Fonduna 264,73 manat borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edərkən xx.xx.2023-cü il tarixli qəbzləri (1 495,00 manat, 35,00 manat və 188,00 manat məbləğində) məhkəməyə təqdim edərək vergi borcunu ödədiyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən cavabdehin xx.xx.2023-cü tarixə **********2 nömrəli qərar üzrə dövlət büdcəsinə 84,71 manat və **********9 nömrəli qərar üzrə Dövlət Sosial Müdafiə Fonduna 41,72 manat məbləğində borcu qalmışdır.

20. Odur ki, hazırda yaranmış borc (126,43 AZN - dövlət büdcəsinə 84,71 manat və Dövlət Sosial Müdafiə Fonduna 41,72 manat) siyahıya alınmış əmlakın (“BMW X5” markalı, WBAFA91050LH73135 ban nömrəli, **-SV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi) dəyərinə (əmlakın siyahıya alınmasına dair protokolda nəqliyyat vasitəsinin qiyməti 23000 manat göstərilmişdir) mütənasib deyil.

21. Məhkəmə qeyd edir ki, borcun tutulmasına dair vergi orqanının hərəkətləri nəticəsində mülkiyyətə müdaxilə mülkiyyətdən istifadəyə nəzarət qanunvericiliyinin tərkib hissəsidir. Bu zaman nəzərə alınan əsas meyar prosedurun ədalətli olması və cəmiyyətin maraqları ilə fərdin hüquqları arasındakı tarazlığı, tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsəd arasındakı ağlabatan mütənasibliyi təmin etməkdir.

22. Odur ki, tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasiblik pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

23. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

24. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X1 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

25. Digər tərəfdən cavabdehin mülkiyyətində tələb olunan borcun ödənilməsini təmin etməyə kifayət edə biləcək digər nəqliyyat vasitəsi mövcuddur. Belə ki, CMS-AZEMİS məlumat axtarış sistemindən əldə edilən məlumata əsasən cavabdehin mülkiyyətində “LADA 21214 URBAN Minik” markalı 2020-ci buraxılış ili olan nəqliyyat vasitəsi mövcuddur.

26. Odur ki, qeyd edilən hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar