Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1977/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı XXX İddiaçı iştirakı ilə, iddiaçı XXX İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin aparılması və şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: XXX İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının 27 oktyabr 2021-ci il tarixində anadan olmuş qız övladınının soyadının “Kərimli”, adının “Ömür”, ata adının “İddiaçı” göstərilməklə doğum akt qeydinin aparılması və doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC-nin Hospitalında iddiaçının qız övladı dünyaya göz açsa da, həmin müddətdən bu günə kimi iddiaçı övladının adına doğum haqqında şəhadətnaməni ala bilməmişdir. Cavabdeh şəhadətnamənin verilməsindən əsassız olaraq imtina etmişdir Belə ki, iddiaçının doğum haqqında şəhadətnaməsində soyadının göstərilməməsi səbəbindən, şəxsiyyət vəsiqəsində də soyadı göstərilməmiş, məhz “İddiaçı” kimi qeyd edildiyindən, qız övladları üçün soy adının "Kərimli" kimi göstərilməsinə ata və ananın da razılığının olmasına belə baxmayaraq, cavabdeh tərəfindən bunun qanunusuz olduğu bəhanəsi gətirilərək şəhadətnamə verilməsindən imtina edilmişdir. Hərçənd ki, İddiaçı 05 iyun 2005-ci ildən anadan olmuş oğlu Kərimli Ramiz İddiaçı oğluna və xx.xx.2009-cu il tarixdə anadan olmuş oğlu Kərimli Turan İddiaçı oğluna, cavabdeh tərəfindən doğum haqqında şəhadətnamələrin verilməsində heç bir problem olmamış və bu uşaqlara “Kərimli” soyadının verilməsi üçün İddiaçı doğum haqqında şəhadətnaməsinə uyğun olaraq, həmin şəhadətnamənin “ata” qrafasında, X4 qeydinin mövcudluğu yetərli olmuşdur. Yəni, “Kərimli” soyadı, İddiaçı olunun atasının soyadından götürülmüşdür. Hərçənd ki, ona şəhadətnamənin verilməsi zamanı da, atasının soyadı verilməli olduğu halda, buna əməl edilməmiş və hazırda həmin soyadın onun qızına verilməsində də heç bir qanunsuzluq halına da yol verilmir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və həmçinin bildirdi ki, “Kərimli” soyadı onun atasının soyadıdır. Əslində onun da soyadı bu cür yazılmalı idi. Lakin, müəyyən səhlənkarlıqlar ucbatından soyad yazılmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamədən görünür ki, atası XXX İddiaçı, anası X3 olan qadın cinsli uşaq xx.xx.2021-ci il tarixində doğulmuşdur. 13 saylı Uşaq poliklinikasının xx.xx.2022-ci il tarixli, 310 nömrəli arayışına əsasən X2 xx.xx.2021-ci ildə "xxxx" MMC-nin doğum evində doğduğu qız uşağı hazırda sağlamdır və 13 saylı Uşaq poliklinikasında qeydiyyatdadır. Nikah haqqında AZ 096502 saylı şəhadətnamədən görünür ki, XXX İddiaçı ilə X2 nikahları xx.xx.2004-cü ildə qeydə alınmışdır. Nikahdan sonra qadına “Eminova” soyadı verilmişdir. İddiaçının doğum şəhatənamsəindən görünür ki, o, xx.xx.1973-cü ildə anadan olmuşdur. Onun atası X4, anası X1r. İşdə olan doğum şəhadətnamələrindən və doğum akt qeydlərindən görünür ki, iddiaçı ilə X2 birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Kərimli Ramiz İddiaçı oğlu və xx.xx.2009-cu il təvəllüdlü Kərimli Turan İddiaçı oğlu adlı uşaqları vardır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göstərilənlərə əsasən doğum akt qeydinin uşaq bəndində soyadın “Kərimli”kimi qeyd edilməsi imkanımız xaricindədir. Bunula bağlı yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına müraciət etməyiniz məsləhət görülür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yetkinlik yaşıa çatmamış uşağının doğumunun qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir (158.1.). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (158.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (160.1.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (160.2.). Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir (161.1.). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər (161.2.). Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır (161.3.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasında göstərilmişdir ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (1.4.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır (10.2.). İddiaçı hazırkı iddiasında onun uşağının soyadının “Kərimli” kimi qeyd edilməklə doğum akt qeydinin aparılmasını istəyir. Ailə Məcəlləsinin 53.3-cü maddəsində göstərilmişdir ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İşdən göründüyü kimi iddiaçının atasının soyadı “Kərimov”dur. Yəni, buradan belə çıxıar ki, iddiaçıya həmin soyad verilə bilərdi. Lakin, qeyri-müəyyən səbəblərdən iddiaçının soyadı doğum akt qeydində qeyd edilməmiş, yəni soyad qrafası boş qalmışdır. Hazırda iddiaçı həmin soyadının uşağına verilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). İşdən göründüyü kimi iddiaçının uşaqları xx.xx.2005-ci il təvəllüdlü Kərimli Ramiz İddiaçı oğlu və xx.xx.2009-cu il təvəllüdlü Kərimli Turan İddiaçı oğlunun doğumu qeydə alınarkən onlara “Kərimli” soyadı verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər uşaqlarının soyadı “Kərimli” kimi qeydə alındığı halda, onlarla eyni vəziyyətdə olan, tələbin eyni faktiki hallara və hüquqi əsaslara söykəndiyi sonuncu uşağına münasibətdə tələbin təmin edilməsindən imtina edilməsi qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı XXX İddiaçı 27 oktyabr 2021-ci il tarixində anadan olmuş qız övladınının soyadının “Kərimli”, adının “Ömür”, ata adının “İddiaçı” kimi göstərilməklə doğum akt qeydinin aparılması və doğum şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1977/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1977/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver