Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1978/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “rəyin elektron reyestrə (sistemə) yerləşdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, ona əlilliyin təyin olunmasından imtina barədə Tibbi Sosial Ekspert Komissiyasının 23.09.2020-ci il tarixli rəyin bütün məlumatlar daxil edilməklə elektron reyestrə (sistemə) yerləşdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddət hər iki ayağında bud-çanaq oynaqlarının artrozu ilə bağlı müalicələr almışdır. Ağrıların kəskinləşməsi, hərəkət etmə qabiliyyətinin itirilməsi ilə əlaqədar 18.11.2019-cu il tarixində əməliyyat olunmuşdur. Sol budçanaq oynağının artoplastika endroprotezləşmə əməliyyatı keçirmişdir. Əməliyyatdan sonrakı bərpa dövründə xəstəlik məzuniyyətində olmuşdur. 6 aydan sonra 21 saylı Şəhər Poliklinikası tərəfindən əlilliyin təyin olunmasına dair 0038003AAB2U nömrəli forma 88 doldurulub, TSEK-ə göndərilmişdir. Həmin dövrdə ciddi karantin rejimi ilə əlaqədar Travmotologiya İnsitutunun, poliklinikaların işləməməsi səbəbindən komissiya bir qədər gec baş tutmuş və 21 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının rəyi 03.07.2020-ci il tarixli bildirişlə TSEK-ə göndərilmişdir. Əmək qabiliyyətinin olmamasına dair sonuncu xəstəlik vərəqəsi 10.07.2020-ci il tarixində bağlanmışdır. Bu səbəbdən o, ümumilikdə 8 ay müddətinə bülletendə olmuş, həmin 8 aydan 5 ayın müavinətini almış, qalan 3 ayın, yəni 12.04.2020-ci il tarixdən 10.07.2020-ci il tarixinədək olan dövrün müavinətini ala bilməmişdir. Halbuki, həmin dövrdə əmək qabiliyyətinin olmamasına dair 12.04.2020 - 04.06.2020-ci il tarixli 781231 saylı və 05.06.2020 - 10.07.2020-ci il tarixli 781282 saylı xəstəlik vərəqələri DSMF-yə göndərilmiş, lakin onlar müavinəti ödəməmişdilər. Buna səbəb kimi TSEK-in cavabının olmaması göstərilmişdir. O, əlilliyin təyin olunması ilə bağlı dəfələrlə TSEK-ə yaxınlaşmış, TSEK-dən bildirmişlər ki, sizin sənədlərinizə baxılmamışdır, sistemdə görünmür, TƏBİB icazə verməlidir, sonra qiymətləndirmə apara bilərlər. Sənədlərin təkrar göndərilməsi tələb olunur. İddiaçı sənədlərin təkrar göndərilməsi üçün poliklinikaya müraciət etmiş, oradan təkrar forma 88 doldurulub göndərilən zaman TSEK-dən 23.09.2020-ci il tarixli imtina (təyin olunmayıb) cavabı gəlmişdir. TSEK-in həmin 23.09.2020-ci il tarixli cavabı digər tələb olunan sənədlərlə birlikdə DSMF-yə göndərilmiş, lakin yenə də ona müavinət ödənilməmişdir. DSMF-dən bildirirlər ki, TSEK-in bu imtina cavabı sistemdə görünmür, TSEK-ə müraciət edin ki, imtinanı sistemə yerləşdirsinlər, bundan sonra müavinət ödənilər. 02.08.2021-ci il tarixində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sisteminə daxil olmuş, orada imtina yerləşdirilsə də müayinə tarixi və sair zəruri məlumatlar qeyd edilməmişdir. Bu da iddiaçının xəstəlik vərəqələrinə görə müavinəti almağına maneə törədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.1-ci maddəsinə görə göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.5-ci bəndinə görə isə yenə bu qaydalara uyğun olaraq müalicə həkimi Komissiyası tərəfindən qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib olunur. Həmin qaydaların 2.6-cı bəndinə görə isə tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmin qaydaların 2.7-ci bəndinə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. Qeyd edilən qaydalara uyğun olaraq müvafiq həkim komissiyaları tərəfindən təsdiq edilən göndərişlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzdində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra - TƏBİB) tərəfindən Agentliyə göndərilir. Ancaq bundan sonra qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılaraq əlillik məsələlərinə baxılır. Mövcud məsələ üzrə iddiaçı tərəfindən müvafiq tibb müəssisəsindən alınmış göndərişə TƏBİB tərəfindən imtina verilmiş, bu səbəbdən iddiaçı barəsində məlumatlar Agentliyin altsisteminə daxil olmamışdır. Bununla əlaqədar olaraq iddiaçının əlillik vəziyyətinə dair məlumatların, o cümlədən Agentlik tərəfindən imtinaya dair rəyin elektron reyestrə daxil edilməsi mümkün deyildir. Qeyd olunan səbəblərdən göndərişin Agentliyin altsisteminə ötürülməməsi ilə bağlı səbəblərin aydınlaşdırılması üçün iddiaçının TƏBİB-ə müraciət etməsi məsləhət görülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq əlilliyin qiymətləndirilməsi üçün Agentliyə müraciət edilməməsi səbəbindən iddianın mümkünsüz hesab edilməsi xahiş edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 28.09.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, sığortaedən "xxxx" MMC (SUN: **********9) tərəfindən “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş 18.11.2019-cu il tarixdən 11.04.2020-ci il tarixədək olan dövrü əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinə əsasən iddiaçının "xxxx" ASC-nin Həzi Aslanov filialındakı **********0104 nömrəli hesabına ümumilikdə 5040,05 manat (beş min qırx manat beş qəpik) məbləğində müavinət köçürülmüşdür. Əlavə olaraq bildirilir ki, 12.04.2020-ci il tarixdən 10.07.2020-ci il tarixədək olan dövrü əhatə edən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri "xxxx" MMC tərəfindən “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş (daxilolma tarixi 01.10.2020-ci il, geri qaytarılma tarixi 05.10.2020-ci il; daxilolma tarixi 09.10.2020-ci il, geri qaytarılma tarixi 09.10.2020-ci il; daxilolma tarixi 18.01.2021-ci il, geri qaytarılma tarixi 21.01.2021-ci il), lakin haqq-hesab cədvəlləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə və “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”a uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: - TSEK-in müvafiq rəyi daxil edilməyib; protokolda əmək qabiliyyəti olmaması vərəqəsinin nömrəsi düzgün qeyd edilməyib. Əsasnamənin 8-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək verilir. Qeyd edilir ki, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməlidir. Tərəflərindən bildirilmişdir ki, 12.04.2020-ci il tarixdən 04.06.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 781282 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə 18.05.2020-ci il tarixdə xəstələnmə müddəti 6 ay tamam olduğu üçün TSEK-in müvafiq rəyi daxil edilməlidir. Qeyd olunan uyğunsuzluqlar sığortaedən tərəfindən aradan qaldırıldıqdan və haqq-hesab cədvəlləri “X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə müvafiq düzəlişlər edilib TSEK-in rəyi daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə yenidən baxıla bilər. İddiaçı məhkəməyə ünvanladığı 22.09.2021-ci il və 20.12.2021-ci il tarixli ərizələrində məhkəmə iclaslarının onun iştirakı olmadan mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, İddiaçı barəsində 21 nömrəli Şəhər Poliklinikası tərəfindən 03.07.2020-ci il tarixli 0038003AAB2U nömrəli Forma 88 (tibbi göndəriş) tərtib edilmişdir. Elektron hökümət portalından Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi bölməsindən çıxarışda 0038003AAB2U nömrəli Forma 88 statusu imtina edilmiş, imtinanın səbəbi qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmağınız tövsiyə olunur qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının nümayəndəsi X2 ünvanladığı 17.07.2021-ci il tarixli **********2 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı dair 0038003AAB2U nömrəli göndərişə sistem tərəfindən imtina verilmiş və göndəriş “Əlillik” altsisteminə daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 27.10.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30.12.2015-ci il tarixli 413 nömrəli Qərarına uyğun olaraq 21 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş və Tibbi- Sosial Ekspertiza Komissiyasının (TSEK) elektron reyestrinə yerləşdirilmiş 0038003AAB2U nömrəli göndərişin və TSEK tərəfindən verilən cavabın reyestrdən çıxarışının surəti qoşmada təqdim olunur. Həmin məktuba əlavə edilmiş 0038003AAB2U nömrəli tibbi göndərişə dair Tibbi Sosial Ekspert Komissiyasının cavabı çıxarışında qeydlər aşağıdakılardan ibarət olmuşdur: -Xəstəni göndərən müalicə müəssisəsi 21 nömrəli Şəhər Poliklinikası; -Göndəriş № 0038003AAB2U; -TSEK-də müayinə tarixi 01.01.0001; -TSEK-in cavabı təyin olunmayıb; Göndərilmə tarixi 23.09.2020. Beləliklə, işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçı barəsində 21 nömrəli Şəhər Poliklinikası tərəfindən 23.09.2020-ci il tarixdə 0038003AAB2U nömrəli Forma 88 (tibbi göndəriş) tərtib olunmuş, poliklinikanın həkim komissiya üzvləri tərəfindən imzalanmışdır. İddiaçı barəsində tərtib olunmuş tibbi göndərişin Tibbi Sosial Ekspert Komissiyasının elektron reyestrinə yerləşdirildiyi halda cavabdeh Agentlik tibbi göndərişə cavab olaraq əlillik təyinatından imtina etmiş, lakin əlillik təyinatından imtina ilə bağlı müayinə tarixi və digər zəruri məlumatlar qeyd edilməmişdir. Bu səbəbdən də o, xəstəlik vərəqələrinə görə müavinəti ala bilmədiyini iddia edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mövqeyinə görə isə həkim komissiyaları tərəfindən təsdiq edilən göndəriş TƏBİB tərəfindən Agentliyə göndərilir. Yalnız bundan sonra qanunvericiliyə uyğun qiymətləndirmə aparılaraq əlillik məsələlərinə baxılır. İddiaçıya müvafiq tibb müəssisəsindən alınmış göndərişə TƏBİB tərəfindən imtina olunmuş və bu səbəbdən iddiaçı barəsində məlumatlar Agentliyin altsisteminə daxil olmamışdır. İddiaçının əlillik vəziyyətinə dair məlumatların, Agentlik tərəfindən imtinaya dair rəyin elektron reyestrə daxil edilməsi mümkün deyildir. Hazırkı iddiasında iddiaçı əlilliyin təyin olunmasından imtina barədə Tibbi Sosial Ekspert Komissiyasının 23.09.2020-ci il tarixli rəyin bütün məlumatlar daxil edilməklə elektron reyestrə (sistemə) yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: -2.1-ci bəndinə görə göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. -2.3-cü bəndinə görə komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir -2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. -2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə cavabdeh tərəfindən qəbul ediləcək qərarın forması göstərilmiş və bu qərar forması əlilliyin qiymətləndirilməsinin bütün nəticələrinə aid olan forma kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə yerləşdirilsə də həmin göndərişin TSEK-in əlillik altsisteminə ötürüldüyü sübut olunmur. TƏBİB tərəfindən təqdim edilmiş tibbi göndərişə dair TSEK-in cavabı “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə göstərilmiş TSEK-in əlilliyin qiymətləndirmə nəticələrinə dair qərara uyğun deyildir. Qeyd edilən cavabda TSEK-də müayinə tarixi 01.01.0001 tarixi kimi göstərilmiş, xəstəliyin diaqnozu, əlillik təyinatından imtina edildikdə imtinanın mərkəzə göndərilmənin səbəbləri qrafaları ümumiyyətlə öz əksini tapmamışdır. Halbuki, əlilliyin qiymətləndirilməsinin nəticəsi elektron sistemdə bütün tibbi göndərişlərin qiymətləndirilməsi zamanı eyni olan formada - “müayinə aktı” formasında doldurulur ki, hazırkı iş üzrə iddiaçı barəsində iddia edilən TSEKin imtina cavabı göstərilən meyarlara cavab vermədiyindən məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq bu nəticəyə gəlir ki, təqdim edilən cavab TSEK-in əlilliyin qiymətləndirilməsinə dair qərarı (cavabı) deyildir və tibbi göndəriş TSEK-in alt sisteminə ötürülməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hətta hesab edilsə ki, təqdim edilmiş tibbi göndəriş TSEK-in alt sistemində yerləşdirilmişdir, bu halda belə təqdim olunan tibbi göndərişin hazırkı halda qiymətləndirilməsi də mümkün deyildir. Belə ki, iddiaçı barəsində 0038003AAB2U nömrəli tibbi göndəriş 03.07.2020-ci il tarixdə tərtib olunmuş, həmin tibbi göndərişin özündə göndərişin etibarlılıq müddəti 03.08.2020-ci il tarixi göstərilmişdir. Başqa sözlə, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla artıq etibarlılıq müddəti keçmişdir. Hazırkı halda etibarlı hesab edilməyən həmin tibbi göndərişin cavabdeh Agentlik tərəfindən qiymətləndirilməsi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafelərinin pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “rəyin elektron reyestrə (sistemə) yerləşdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1978/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1978/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver