Məhkəmə qərarları › İş №2-1(112)-1978/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1978/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1978/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının yeni ölçülərə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının yeni ölçülərə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanda 190.4 kv.m torpaq sahəsində yenidən tikilmiş fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.09304 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması, iddiaçıya yeni fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X2 14 sentyabr 2011-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, 7 nömrəli binada yerləşən ümumi sahəsi 333 kv.metr olan 1 nömrəli mənzili ona - qızı İddiaçı bağışlamışdır. Bundan sonra 13 oktyabr 2011-ci il tarixində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən onun adına MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir və onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Ona aid hüquqlar qeydiyyata alınarkən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi, 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi, həmin evin altında yerləşən 0,01904 ha torpaq sahəsi isə istifadə hüququ olaraq qeydiyyata alınmışdır. Ona aid hüquqlar dövlət qeydiyyatına alınarkən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə daşınmaz əmlakın texniki pasportu verilmişdir. Həmin texniki pasportda isə istifadədə olan torpaq sahəsi 0,09304 ha olaraq qeyd olunmuş, həmçinin ölçmə işləri də, o, şəkildə aparılmışdır. Daha sonradan tərəfindən qeyd edilən ünvandakı fərdi yaşayış evi rekonstruksiya edilmiş, yenidən tikinti işləri aparılmışdır. Bununla bağlı tərəfindən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətini müraciət edilmiş, yeni tikilinin eskiz layihəsi də Xəzər RİH-ə təqdim edilmişdir. Xəzər RİH tərəfindən təqdim edilmiş 03 iyun 2019-cu il tarixli V-15- 151 saylı məktubunda ünvan 3 ünvanda təqdim olunmuş layihə əsasında yeni yaşayış evinin tikintisinə icazə verilməsi barədə RİH-ə ünvanlanmış ərizəyə baxıldığını, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA №0280977; xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Buzovna qəsəbəsi, Puşkin küçəsində ona məxsus 190,4 kv.mter torpaq sahəsindən ibarət 7 saylı ünvanda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun təqdim edilən memarlıq-planlaşdırma bölməsinin RİH-də razılaşdırıldığı bildirilmişdir. 27 may 2024-cü il tarixində tərəfimdən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Puşkin küçəsi ünvanında olan 7 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni tikilmiş tikiliyə çıxarışın verilməsi istənilmişdir. Bununla əlaqədar olaraq, cavabdeh orqan tərəfindən ona verilən 27 iyun 2024-cü il tarixli 3-21-3-30/2-23822/2024 saylı cavab məktubunda tərəflərindən edilən müraciət ərizəsinə baxıldığı, torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Resopublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reystri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, bunların nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanda 190.4 kv.m torpaq sahəsində yenidən tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** və ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş, **********47 və **********22 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirirlər i, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 204.8 kv.m təşkil edən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

9. Sözügedən fərdi yaşayış evinə dair cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-23822/2024 nömrəli məktubla imtina edilmişdir.

11. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı tərəfindən iddiaçıya ünvanlanmış V-15-151 nömrəli, xx.xx.20214-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 6 ünvanda təqdim olunmuş layihə əsasında yeni yaşayış evinin tikintisinə icazə verilməsi barədə rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizəyə baxılmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA, 0280977, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Buzovna qəsəbəsi, Puşkin küçəsində ona məxsus 190.4 kv.m trpaq sahsindən ibarət 7 saylı ünvanda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun təqdim edilən memarlıqplanlaşdırma bölməsi rayon İcra Hakimiyyətində razılaşdırılır.

12. "xxxx" MMC tərəfindən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış memarlıq-planlaşdırma layihəsi iş materiallarına əlavə edilmişdir.

13. İş materiallarına mübahisəli fərdi yaşayış evinə dair Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş 3m/a-69 nömrəli alqı-satqı müqaviləsinə dair notariat işinin və Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş 4Ə/4-567 nömrəli bağışlama müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 6 may 2025-ci il tarixli, 3- 21-3-30/2-18038/2025 nömrəli məktubla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 4 . Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; ...

24. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: M a d d ə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

25. Beləliklə inzibati işin araşdırması zamanı müəyyən olunmuş mübahisəli hallarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 204.8 kv.m təşkil edən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təqdim olunmuş layihə əsasında sözügedən ünvanda təqdim olunmuş layihə əsasında yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən V-15-151 nömrəli, xx.xx.20214-cü il tarixli məktubla Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA, 0280977, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Buzovna qəsəbəsi, Puşkin küçəsində iddiaçıya məxsus 190.4 kv.m torpaq sahəsindən ibarət 7 saylı ünvanda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun təqdim edilən memarlıq-planlaşdırma bölməsi rayon İcra Hakimiyyətində razılaşdırılmışdır. İddiaçı bununla bağlı cavabdehə ərizə ilə müraciət edərək yeni inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh tərəfindən mübahisəli daşınmaz əmlaka və onun altında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad etmişdir.

26. Halbuki, mübahisə predmeti olan daşınmaz əmlak əvvəlcədən iddiaçının xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak fərdi yaşayış evi, üzərində yenidən qurma işləri aparılaraq inşa edilmiş əmlakdır və fərdi yaşayış evinin memarlıq-planlaşdırma layihəsi rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır.

27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçı tərəfindən sözügedən ünvanda yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

28. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə icraatının gedişatında iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tələbini hazırda irəli sürmədiyindən, bununla da, həmin tələb, hazırki mübahisənin predmetini təşkil etmədiyindən, həmin hissədə cavabdehin dəlillərinə məhkəmə tərəfindən münasibət bildirilməsinə lüzum qalmamışdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanda 190.4 kv.m torpaq sahəsində yenidən tikilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar