Məhkəmə qərarları › İş №2-1(112)-1981/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1981/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1981/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək məcburi iş buraxmaya görə yəni 25.10.2016-cı il tarixdən 18.05.2020-ci il tarixə kimi əmək haqqının ödənilməsinə, maddi ziyanın ödənilməsi üçün 5.000 manat, mənəvi ziyanın ödənilməsi üçün 50.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 22.07.2021-ci il tarixli qərardadı ilə işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:

1. Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi;

2. Maddi və mənəvi ziyanının ödənilməsidir. Tələbin birinci hissəsinin mümkünsüzlüyü ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 15.6-cı bəndinin tələbinə görə qeyd olunan maddələrdə təsbit olunmuş hallar müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İş materiallarından göründüyü kimi, iddiaçı bir neçə dəfə Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəmələrə müraciət etmişdir. İlkin olaraq iddiaçı işə faktiki bərpa edilməklə əmək haqqı alacağı tarixədək olan müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsi iddiaçının bu tələbinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmasını bildirmiş və iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə bu mövqeyə gələrkən iddiaçının “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçusu hesab edilmədiyinə, hazırda bərpa olunduğu direktor-müəllim vəzifəsinin inzibati və yardımçı vəzifələrinin təsnifatında nəzərdə tutulmadığına əsaslanmışdır. Bundan sonra iddiaçı həmin qərardaddan şikayət vermiş və Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı digər bir inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın inzibati icraat qaydasında baxılmalı olmaması barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, həmin yekun məhkəmə aktı yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə tələblə əlaqədar ləğv edilməmiş məhkəmə qərarları mövcuddur ki, həmin qərarların ləğv edilmədiyi müddətdə həmin məsələyə yenidən inzibati icraat çərçivəsində başqa inzibati məhkəmədə baxılmasını məhkəmə yolverilməz hesab edir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, mülki iş üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin mübahisəyə dair işin inzibati məhkəmədə baxılmalı olmasına dair mövqeyi də işin hazırkı vəziyyətdə Bakı İnzibati Məhkəməsində baxılmasını mümkünsüz edən şəraiti aradan qaldırmır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı hazırki iddia ilə eyni məzmunda ümumi məhkəməyə müraciət etmiş, ümumi məhkəmə tərəfindən iddiaçının tələbinə mahiyyəti üzrə qiymət verilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Sözügedən məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinin əsasında duran hal odur ki, tərəflər arasında yaranmış bu mübahisəyə baxılması inzibati məhkəmənin səlahiyyətindədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” ilə bağlı irəli sürdüyü tələbə dair məhkəmələr arasında inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılması ilə əlaqədar müxtəlif mövqeyilər qoyulmuşdur. Təkzib olunmaz haldır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən mübahisəyə baxılmasının inzibati icraat qaydasından həyata keçirildiyi ilə bağlı hüquqi mövqeyi qoyulmuşdur. Lakin, məhkəmə hesab edir ki, Ali Məhkəmənin həmin qərarının mövcudluğu inzibati qaydada işə baxan Gəncə İnzibati Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin qərarını özü-özlüyündə ləğv etməmişdir. İnzibati məhkəmə icraatı qaydasında qərarın ləğv edilməsi ilə bağlı hər hansı qərar mövcud olmadığı təqdirdə isə məhkəmə hesab edir ki, hazırkı məsələyə yenidən başqa inzibati məhkəmədə baxılması prosessual pozuntu hesab edilər. Təbii haldır ki, hər iki icraat qaydasında işə baxıla bilməməsi ilə bağlı ləğv edilməmiş məhkəmə qərarlarının mövcudluğu iddiaçının hüquq müdafiə vasitələrinin tükənməsi mənasına gəlmir. Belə ki, iddiaçının Gəncə İnzibati Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin qərarlarından sonra mülki qaydada öz hüquq və mənafelərini müdafiə etmək üçün mülki icraat qaydasında iddia ilə müraciət etməsi nəticəsində yalnız ona məlum olmuşdur ki, mülki iş üzrə işə baxan Ali Məhkəmə işin inzibati qaydada baxılması mövqe nümayiş etdirir. Təbii haldır ki, məhkəmə yardımetmə vəzifəsinin mühüm elementi kimi hal-hazırda iddianın həmin hissədə qeyri-mümkünlüyü nəticəsinə gələrkən iddiaçıya Gəncə Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququna tərəfə izah edilməsi vəzifəsini daşıdığından həmin hüquq ona izah olunmuş, hazırkı işə inzibati qaydada həmin yurisdiksiyalı məhkəmədə baxışının davam etdirilib-etdirilməməsi ilə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının yekun qərarının zəruriliyi tərəfin diqqətinə çatdırılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, Gəncə Apellyasiya Məhkəməsinin iddianın göstərilən hissədə baxılmasının inzibati icraat qaydasında yolverilməzliyi ilə bağlı yekun məhkəmə aktı mövcuddur, həmin qərarın qanuniliyinə qiymət verilmədən işə Bakı İnzibati Məhkəməsində baxılması yol verilməzdir. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının işin inzibati qaydada baxılması ilə bağlı qərar Gəncə Apellyasiya Məhkəməsinin qərardadının kassasiya şikayəti ilə mübahisələndirilməsi üçün əsas qismində olsa belə, həmin qərardaddan indiki halda şikayət verilmədiyindən, qərardad qüvvəsində olduğundan, yəni mübahisə predmeti barədə Bakı İnzibati Məhkəmə üçün yuxari instansiya sayılan Gəncə Apellyasiya Məhkəməsinin qərarı mövcud olduğundan həmin iddiaya hazırkı vəziyyətdə inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. Eyni zamanda, məhkəmə yardımetmə vəzifəsinin elementi kimi mülki iş üzrə Ali Məhkəmənin işin mülki qaydada baxılmalı olmaması ilə bağlı qərarı olduğundan iddiaçıya Gəncə Apellyasiya Məhkəməsinin iddianın mümkünsüz sayılması barədə qərardadından şikayət vermək hüququnun prosessual qanunvericilikdə nəzərdə tutulduğunu iddiaçıya izah edir. Beləlikə, məhkəmə hesab edir ki, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia Məcəllənin 78-ci maddəsinə əsasən uyğun olaraq mümkün sayılmır. İddia tələbini ikinci hissəsinə münasibətdə Məhkəmə bildirir ki, hazırkı iddia həmin hissədə (maddi və mənəvi zərərin ödənilməsi) növ etibarı ilə AR İPM-nin 2.2.7-ci maddəsində göstərilən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Məhkəmə bununla bağlı əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, həmin tələb üzrə müraciətlə bağlı şərt yerinə yetirilsə belə iddia birinci hissədə məhkəmə tərəfindən mümkünsüz sayıldığından əsas tələbə münasibətdə əlavə tələb kimi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddianın da hazırkı mərhələdə baxılması mümkünlük şərtlərini ödəməyəcəkdir. Belə ki, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin qanuniliyi məhz iddiaçının birinci hissədə nəzərdə tutulmuş tələbinin qanuniliyindən birbaşa asılı olacaq, ilkin tələbə münasibətdə qiymətləndirmə ikinci tələb üzrə də qərarın qəbuluna səbəb olacaqdır. Bu səbəbdən də nə qədər ki, iddiaya 1-ci hissədə inzibati qaydada baxılması mümkünlük tələbləri baxımından yolverilməzdir, məhkəmə hesab edir ki, zərərin ödənilməsi də hazırkı halda mahiyyəti üzrə qiymətləndirmək kriteriyalarına uyğun deyildir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsinin nəzərə alınaraq işə mahiyyəti üzrə baxılıb iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb həmin hissədə mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar