Məhkəmə qərarları › İş №2-1(112)-1984/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1984/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1984/2021 02.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı “sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 10 saylı evin 3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 117,2 kv.m. olan 10-cu mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 10 saylı evin 10-cu mənzilində uzun müddətdir ki, 3 nəfər ailə üzvü ilə yaşayır. İddiaçının yaşadığı mənzilin sosial-kirayə müqaviləsi 06.04.2009-cu il tarixdə keçmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin 69 saylı əmri əsasında iddiaçı ilə bağlanmışdır. İddiaçının yaşadığı mənzil 3 otaqdan ibarət olmaqla yaşayış sahəsi 55,12 kv.m, köməkçi sahə isə 61,9 kv.m təşkil edir. İddiaçının yaşadığı mənzilin sosial kirayə müqaviləsinin keçmiş Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin MKXD tərəfindən onunla bağlansa da, həmin təşkilat ləğv olunmuş və səlahiyyətləri, eləcə də arxivi cavabdeh təşkilata təhvil verilmişdir. Bununla əlaqədar iddiaçının yaşadığı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması tələbi ilə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh Bakı şəhəri MKTDnin 17.09.2020-ci il tarixli, H-22 saylı cavab məktubu ilə yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənədin olmamağını əsas gətirərək müqaviləni bağlamaqdan imtina etmiş və mübahisənin həllinin məhkəmə qaydasında araşdırılmalı olduğunu bildirmişdir. Cavabdeh təşkilatın imtinası qanunsuzdur. Belə ki, iddiaçının yaşadığı mənzil Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olmuş və həmin idarə ilə iddiaçı arasında sosial kirayə müqaviləsi bağlanmışdır. Lakin həmin təşkilatın arxivi cavabdeh təşkilata təhvil verilsə də, həmin təşkilat iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından əsassız yerə imtina etmişdir. İddiaçı 2009-cu ildən etibarən hazırki mənzildə 3 nəfər ailə üzvü kimi yaşayır və mənzildən fasiləsiz, etirazsıs istifadə hüquqlarını həyata keçirir, bütün kommunal xidmət xərclərini kirayəçi kimi ödəyir. Bu səbəbdən də iddiaçının qanuni əsaslarla yaşadığı mənzilin kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, iddiaçının qeydiyyatda olmaqla faktiki olaraq yaşadığı Bakı şəhəri, ünvan 1 evin 10 saylı mənzilinə dair hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim olunmadığından, iddiaçının yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 17.09.2020-ci il tarixli, H-22/1 saylı məktubda qeyd olunur: Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, əmr, məhkəmə qərarı və sair) əsasında bağlanılır. Qeydiyyatda olmaqla faktiki olaraq yaşadığınız Bakı şəhəri, ünvan 1 evin, ümumi sahəsi 117,2 kv.metr olan dörd otaqdan ibarət 10 saylı mənzilinə dair qeyd edilən hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim olunmadığından, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişinizi təmin etmək mümkün olmamışdır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən vəkil Pərvanə Ağakişiyevaya ünvanlanmış 25.09.2020-ci il tarixli, 665 saylı məktubunda qeyd olunur: Vətəndaş İddiaçı yaşadığı Bakı şəhəri, ünvan 1 evin 10 saylı mənzilinə dair hüquqmüəyyənedici sənədin olub-olmaması barədə sorğunuza baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 1 ünvanda yerləşən yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Təhvil-təslim zamanı Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən ünvan 1 evin 10 saylı mənzilinə dair hər hansı hüquqmüəyyənedici sənəd təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhər MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB 148 saylı MKİS-nin 22.09.2020-ci il tarixli 593 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Bülbülə qəsəbəsi, Aşurbəyovlar (keçmiş Çaparidze) küçəsi, ev 10, mənzil 10 ünvanında qeydiyyatdadır. X1 bu ünvanda qeydiyyatdadır və yaşayırlar. Mənzilin yaşayış sahəsi 3 otaq, 55,12 kv.m, ümumi sahəsi 117,02 kv.m-dən ibarətdir. İş materiallarında olan Bakı şəhər MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB 148 saylı MKİS tərəfindən verilmiş mənzil haqqında qeydiyyat kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və onun X1 16.03.2009-cu il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar (keçmiş Çaparidze) küçəsi, 10 saylı evin 10 saylı mənzilində (3 otaqlı) qeydiyyatdadırlar. Mənzilin yaşayış sahəsi 55,12 kv.m, köməkçi sahəsi 61,9 kv.m olmaqla, ümumi sahəsi 117,02 kv.m-dir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 22.01.2021-ci il tarixli, 29 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25.01.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. İddiaçı qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə faktiki olaraq yaşadığı mənzil dövlət fonduna aiddir və həmin mənzil onun istifadəsindədir. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən təhvil verilən mənzil fonduna dair sənədlər arasında ünvan 1 evin 10 saylı mənzilinə dair hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. İş materiallarında olan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış 22.01.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 02.02.2006-cı il tarixli 13 saylı əmri ilə neftçilərin sosial tələbatlarının daha dolğun təmin edilməsi məqsədi ilə Sosial İnkişaf İdarəsi yaradılmış və Şirkətin balansında olan bütün sosial obyektlər, o cümlədən yaşayış binaları və yataqxanalar həmin İdarənin balansına verilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən ünvan 5 ünvanında yerləşən bina Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bununla əlaqədar, ünvan 5 ünvanında yerləşən binaya dair hər hansı məlumatın alınması üçün Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.04.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bu sərəncamdan irəli gələn məsələləri həll etmələri qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Çaparidze (indiki Aşurbəyovlar) küçəsi, ev 10, mənzil 10 ünvanında 2009-cu ilin oktyabr ayından əvvəl yaşayır. Həmin mənzil Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olmuş, sonradan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 1 ünvanda yerləşən yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçı həmin mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması ilə əlaqədar cavabdehə müraciət etsə də, mənzilinə dair hüquqmüəyyənedici sənədlərin olmadığı əsas gətirilməklə müraciətin təmin edilməsindən imtina edilmiş, cavabdeh təhviltəslim zamanı Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən ünvan 1 evin 10 saylı mənzilinə dair hər hansı hüquqmüəyyənedici sənədin təhvil verilmədiyini bildirmişdir. İş materiallarından da görünür ki, mənzil Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməmişdən əvvəl - 16.03.2009-cu il tarixdən iddiaçı həmin mənzildə qeydiyyatdadır və orada yaşayır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubdan da görünür ki, qeyd olunan mənzildə iddiaçı qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır, həmin mənzil dövlət fonduna aiddir və iddiaçının istifadəsindədir. Göründüyü kimi, iddiaçı və onun ailə üzvləri qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdən yaşayırlar və mənzil münasibətləri də həmin dövrdə yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ayrıayrı orqanların balansında olan binalara dair hüquqmüəyyənedici sənədlərin qorunub saxlanılması öhdəliyini daşımır, həmin sənədlərin saxlanılmaması və ya lazımi qaydada təhvil verilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil. Balansda olan və ya balansdan balansa keçən binaya aid hüquqmüəyyənedici sənədlərin qorunub saxlanılması öhdəliyini müvafiq orqanlar daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 10 saylı evin 10 saylı mənzilinə dair (üç otaq, ümumi sahəsi 117,02 kv.m) İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar