Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1984/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə olunmaq ilə əlaqədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Penitensiar xidmətdə qulluq etdiyi 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2012, 2013, 2014, 2015-ci illər üçün ona ödənilməyən müalicə olunmaqla əlaqədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 19.06.1996-cı il tarixdən 25.12.2018-ci il tarixə kimi Penitensiar xidmətdə qulluq etmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər daxil olmaqla) və onların ailə üzvləri ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində müalicə olunmaq üçün birdəfəlik müavinət verilir. Ona xidmət etdiyi 2011, 2016, 2017, 2018-ci illərdə müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinət ödənilmişdir. Hüquqları pozulmuş, belə ki, Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin Hərbi Həkim Kommissiyası tərəfindən (qərar № 296, Protokol № 49, 04 iyun 2019-cu il tarixdə) 2001-ci il tarixdən ağır xəstəlikdən müalicə aldığı təsdiq olunur. Ağır xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq müraciəti rəhbərlik tərəfindən süni olaraq əngəllənmişdir, nəticədə ildə bir dəfə iki aylıq əməkhaqqı məbləğində müalicə olunmaqla əlaqədar birdəfəlik müavinəti ala bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə 19.07.1996-cı il tarixdə qulluğa qəbul edilmiş və 25.12.2018-ci il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı xidmət etdiyi illər ərzində 2011, 2016, 2017 və 2018-ci illərdə müraciət etmiş və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət almış, digər illərdə İddiaçı müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin naddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Göründüyü kimi ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilməsi ilk dəfə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununda nəzərdə tutulmuş, həmin müavinətin verilmə mexanizmi 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda öz əksini tapmışdır. X1 xidmət etdiyi 1996-2005-ci illərdə mövcud qanunvericilikdə ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinət nəzərdə tutulmamış, 2006-2007-ci illərdə həmin müavinətin verilmə mexanizmi müəyyən edilməmişdir. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilmə mexanizmi, yəni Qaydalar müəyyən edildikdən sonra İddiaçı xidmət etdiyi 2008-2010-cu və 2012-2015-ci illər ərzində müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir. Göstərilənləri və İddiaçı iddiasının əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pensitensiar Xidmətin 25.12.2018-ci il tarixli 1528 ş/h nömrəli əmrdən çıxarışa əsasən Penitensiar xidmətin Həbsxanasının tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.1.12-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İddiaçı ünvanlanmış 26.07.2021-ci il tarixli, 17/7-12993 nömrəli məktubunda bildirilmişdir ki, 2011, 2016, 2017, 2018-ci illərdə müalicə olunmanız ilə əlaqədar birdəfəlik müavinət ödənilmişdir. Digər illərdə xəstəliyiniz barədə heç bir sənəd daxil olmamışdır. Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Penitensiar xidmətin büdcə xərclərində pensiyada olan sabiq əməkdaşlara ödənişlərlə bağlı heç bir vəsait nəzərdə tutulmamışdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı 19.07.1996-cı ildən penitensiar xidmətə qulluğa qəbul edilmiş, 25.12.2018-ci ildən ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı xaric edildikdən sonra ona xidmət etdiyi müddət ərzində 1996-2010, 2012-2015-ci illər üzrə müalicə olunması ilə əlaqədar ödənilməyən müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciət təmin olunmamışdır. Hazırkı iddia üzrə iddiaçı qulluq etdiyi müddətdə ona ödənilməyən müalicə ilə əlaqədar müavinətin ödənilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir (maddə 23.1); Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir (maddə 23.2); Ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir (maddə 23.3) Azərbaycan Respublikası Ədliyyə nazirinin 7-T nömrəli, 28 aprel 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir (1.1); müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir (1.2); işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir (1.3); müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir (1.4). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinin birinci hissəsində pulsuz dövlət tibb xidməti ilə təmin olunma hüququ pensiyaya çıxmış işçilər də daxil olmaqla ədliyyə orqanlarının işçilərinə şamil edildiyi halda, həmin maddənin müalicə ilə əlaqədar müavinətin verilməsi hüququnu nəzərdə tutan ikinci hissəsində “pensiyaya çıxmış işçilər”ə şamil edilməmişdir. Eyni zamanda yuxarıda adıçəkilən “Qaydalar”a görə işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Pensiyaya çıxan işçilərin ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyini və onların vəzifələrindən irəli gələn səlahiyyətlərini itirdiyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, müalicə olunma ilə əlaqədar müavinət yalnız cari faəliyyətdə olan, yəni hazırda qulluq keçən işçilərə aiddir. Həmçinin nəzərə alındıqda ki, qeyd olunan ildə bir dəfə verilən müavinətin məqsədi işçinin müalicə olunaraq əmək qabiliyyətini bərpa etməsi və sonrakı əmək funksiyalarını arzuolunan şəkildə həyata keçirməsi ilə bağlıdır, belə olan halda hesab olunur ki, pensiyaya çıxmış işçilər həmin iş üzrə əmək funksiyasını icra etmədiklərindən, onlara müntəzəm olaraq müalicə məqsədli müavinətlərin verilməsi qanunauyğun və əsaslı hal hesab edilə bilməz. İddiaçı hazırda ədliyyə orqanlarında qulluq keçmir. Sabiq ədliyyə qulluqçularına isə yuxarıda qeyd edildiyi kimi müalicə olunma ilə əlaqədar müavinətin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçının tələb etdiyi xidmət etdyi 1996-2007-ci illər üzrə müavinətin ödənilməsi tələbi də əsaslı hesab edilə bilməz. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun 26.05.2006-cı il tarixdə qəbul olunmuş, həmin Qanunun 23.2-ci madddəsi ilə nəzərdə tutulmuş müalicə olunma ilə əlaqədar müavinətin verilməsini tənzimləyən “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” 28 aprel 2008-ci il tarixli əmrlə təsdiq edildiyindən 2008-ci ildən əvvəlki illər üzrə müavinətin verilmə mexanizmi müəyyən edilməmişdir. Belə olan halda 1996-2007-ci illər üzrə müavinətin ödənilməsi üzrə tələbin hüquqi əsası yoxdur. Digər tərəfdən, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. Həmin Qaydaların: -2.2-ci bəndinə əsasən müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. -2.3-cü bəndinə əsasən müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonra-komissiyalar) təqdim edilir. -2.9-cu bəndinə əsasən müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır. Göründüyü kimi adı çəkilən Qaydalar birmənalı olaraq qulluqda olan ədliyyə işçisinin müalicə ilə əlaqədar müavinətin verilməsini sonuncunun bilavasitə müraciəti və həmin müraciətə müalicə olunmasını zəruri edən müvafiq sənədləri əlavə etməsi ilə şərtləndirmişdir. İşdən müəyyən olunur ki, iddiaçıya xidmət etdiyi müddətdə 2011, 2016, 2017, 2018ci illər üzrə müalicə pulu ödənilmişdir (iddiaçı ona həmin illər üzrə müavinətin ödənildiyini mübahisələndirmir). İddiaçı 2008-2010, 2012-2015-ci illər üzrə müvafıq müalicə pulunun verilməsi barədə cavabdehə xidmət etdiyi dövrdə müraciət edilməsini və müvafiq tibbi arayışın təqdim edilməsini, cavabdehin belə müraciətləri qəbul etməkdən imtinasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu əsasdan məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı mübahisələndirdiyi illərdə müavinətin verilməsi üçün müraciət etmədiyindən həmin illər üzrə müavinət də verilə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə olunmaq ilə əlaqədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1984/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1984/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver