Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1984/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinin ilkin hüquqi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, Bakı ŞİH X2 İdarəsi tərəfindən Nardaran bağlar sahəsindən 16 saylı order əsasında 9/333 nömrəli 0,12 ha torpaq sahəsi olan 635b bağ sahəsi iddiaçının anası X4 ayrılmışdır. X5 4 iyun 2002-ci il tarixdə vəfat etmişdir. Həmin bağ sahəsinə dair iddiaçının müraciəti üzrə vərəsəlik işi açılmışdır. Bakı ŞİH tərəfindən verilmiş arxiv çıxarışından və Bakı Şəhər XDS İK-nın 30 avqust 1989-cu il tarixli 9/333 nömrəli sərəncamından görünür ki, həqiqətən X4 Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,12 ha bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi ayrıldıqdan bu günədək fasiləsiz olaraq mərhumun ailəsinin istifadəsindədir. Torpaq sahəsi hasara alınmış və onun abadlaşdırılması (qulluq olunması) davam edir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən “635b” saylı torpaq sahəsi üzərində (vərəsəlik qaydasında) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 6 iyun 2023-cü il tarixdə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavabdehin 7 iyul 2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bağların bölgüsünə dair sxematik xəritədə “635b” saylı bağ nömrəsi öz əksini tapmamışdır, ümumi ərazidə hasarlama işləri sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır, İdarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin ölçüsü sənəd üzrə 1.200 kv.m göstərilsə də, faktiki 1.161 kv.m təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin bu mövqeyi tamamilə əsassız və qanunsuzdur. Göstərilən bağ sahəsi sxematik xəritəyə uyğun gəlmədiyi halda, 1989-cu ildən bu günədək bağ sahəsinin kənar şəxslərin bağ sahələri ilə kəsişməsi aşkar edilər və nəticədə mübahisə açıla bilərdi. Belə bir fakt mövcud deyil. İmtinada göstərilən başqa bir əsas isə bağ sahəsinin ölçüsünün faktiki olaraq 1.161 kv.m olmasıdır. Göründüyü kimi, torpaq sahəsinin sənəddə olan ölçüsü ilə faktiki ölçüləri arasında ciddi fərq yoxdur və hesab edilir ki, yaranmış fərq bağ sahəsi hasarlanarkən yolun genişləndirilməsinə görə yaranmışdır. Bütün bu dəyişikliklər cavabdehin texniki baxış keçirən mütəxəssislərinə bildirilmişdir. Cavabdeh qanunla üzərinə qoyulmuş vəzifənin icrasından imtina etmişdir. İddiaçının istifadəsində olan bağ sahəsinin cizgi planından da aydın görünür ki, həmin bağ sahəsi sxematik xəritəyə tam uyğundur. Həmin bağ sahəsinin qonşu ərazidə yerləşən bağ sahələri ilə üst-üstəsi halı mövcud deyil. İşin mübahisəsiz halları ondan ibarətdir ki, göstərilən torpaq sahəsi yuxarıda istinad olunan order əsasında ayrılmışdır. Orderin həqiqiliyi dövlət orqanının vermiş olduğu arxiv çıxarışı ilə təsdiq olunur. Göstərilən torpaq sahəsi naturada mövcuddur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 15, 19-cu maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, İPM-in 2, 33, 34, 35, 45-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 635b saylı bağ sahəsinin iddiaçının adına dövlət reyestrində ilkin qeydiyyatdan keçirilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlarlə bağlı 6 iyun 2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və 7 iyul 2023-cü il tarixli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən və ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Belə ki, qonşu bağ nömrələri 1386V, 1386S və 1223Q-dür. Qeyd edilənlərlə yanaşı, təqdim edilmiş sənədlərdə mərhumun soyadında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş orderdə mərhumun soyadı “Mövsümə” kimi qeyd edilsə də, Bakı Şəhər XDS İK-nin 30 avqust 1989-cu il tarixli 9/333 saylı qərarında “Mövsümova” kimi qeyd edilmişdir. Eyni zamanda, torpaq sahəsinin ölçüsü sənəd üzrə 1.200 kv.m qeyd edilsə də, faktiki 1.161 kv.m təşkil edir. İddia tələbində müvafiq bağ sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi deyil, İddiaçı İsrafıl oğlunun adına çıxarışın verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat»ın 1.2-ci maddəsinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23.1-ci maddələrinə, «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 635b saylı bağ sahəsinə hüququn iddiaçının mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehn üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, iddiaçı bağ sahəsinə hüququn qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etmişdir, lakin cavabdeh imtina cavabı vermişdir. İmtinada bildirilmişdir ki, bağ sahəsinin yerləşdiyi ərazi sxematik xəritəyə uyğun deyil. Sadalanan dəlillərə qarşı iddia ərizəsində bütün arqumentlər qeyd olunmuşdur. İddia olunan bağ sahəsinin ətrafında olan bağ sahələri məhkəmə qərarları ilə reyestrdən çıxarışla təmin olunmuşdur. Bağ sahəsinə kənar şəxsin iddiası yoxdur, sahə mübahisəli deyil. İddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək də daxildir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderləri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə Bakı ŞİH X2 və İstismarı Birliyinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 96 saylı BTK tərəfindən verilmiş 10 oktyabr 1989-cu il tarixli 16 saylı orderlə iddiaçının mərhum anası X3 istifadəsinə həmin bağlar massivindəki 635b saylı bağ sahəsi ayrılmışdır. X5 4 iyun 2002-ci il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı İddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. Bağ sahəsinə hüququn iddiaçının mərhum anasına məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, lakin həmin inzibati orqan məsələnin həllindən imtina etmişdir. İdarə imtinasını onunla əsaslandırmışdır ki, 1) texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir; 2) göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyindən və ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır; 3) torpaq sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir; 4) təqdim edilmiş sənədlərdə mərhumun soyadında uyğunsuzluq mövcuddur (orderdə “Mövsümə”, Bakı Şəhər XDS İK-nin 30 avqust 1989-cu il tarixli 9/333 saylı qərarında “Mövsümova” kimi qeyd edilmişdir); 5) torpaq sahəsinin ölçüsü sənəd üzrə 1.200 kv.m qeyd edilsə də, faktiki 1.161 kv.m təşkil edir. Məhkəmə inzibati mübahisə üzrə tərəflərin dəlillərinə münasibətdə aşağıdakıları diqqətə çəkir: - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 635b saylı bağ sahəsinin (96 saylı BTK nəzdində) hazırkı İddiaçı mərhum anası X4 ayrılması barədə Bakı Şəhər XDS İK X2 və İstismarı Birliyinin 96 saylı BTK tərəfindən verilmiş 10 oktyabr 1989cu il tarixli 16 saylı order həmin bağ sahəsinin adıçəkilən şəxsin qanuni istifadəsinə verilməsini təsdiqləyən inzibati aktdır. Sözügedən bağ sahəsinə dair həmin order ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum anası X6 həmin bağın qanuni istifadəçisi olmuşdur və «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən bağın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətinə keçmişdir; - cavabdeh inzibati orqanın imtinasında göstərilən dəlilərlə bağlı qeyd olunmalıdır ki, bağ sahəsinin nömrəsinin bağların bölgüsü üzrə sxematik xəritəsində əksini tapmaması, habelə bağ sahəsinin nömrələnməsinin bağ nömrələrinin ardıcıllığına uyğun gəlməməsi iddiaçının və ya onun mərhum anası X3 iradəsindən asılı hal olmamış və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nə və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3cü bəndinə görə birbaşa inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərindədir; - iddiaçının məhum anası X1 bağ sahəsinə dair orderdə və Bakı Şəhər XDS İK-nın qərarında fərqli göstərilməsi də iddiaçının və mərhum anasının iradə ifadəsindən asılı olmayan bir haldır və onların məsuliyyət sferasına aid olmamışdır. Bu səbəbdən də cavabdehin imtina əsası kimi göstərdiyi həmin əsas formal xarakter daşıyır. - bağ sahəsinin digər bağ sahəsi ilə ümumi hasar daxilində yerləşməsi də onun üzərində mülkiyyət hüququna dair arayışın alınmasına və ya hüququn qeydiyyata alınmasına hər hansı maneə yaratmır; - bağ sahəsinin ölçüsünün sənəd üzrə və faktiki olaraq fərqli olmasına gəldikdə isə, iddiaçı tərəf iddia ərizəsindəki mövqeyinə görə bağ sahəsinin faktiki ölçüsü ilə razılaşır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının vərəsə kimi hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 635b saylı bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 635b saylı bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum anası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1984/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1984/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver