Məhkəmə qərarları › İş №2-1(112)-1985/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1985/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1985/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, pensiyaçı, işləmir), cavabdehin nümayəndəsi X1 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilməklə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilməklə ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar iddiaçı yaşadığı binanın qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamında da qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsinə xahiş etmişdir. Bu müraciət və Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai mənzil Komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilmişdir. Bununla iddiaçıya ailəsi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 44 2-ci giriş 2-ci mərtəbə, 3 otaqlı, 84.16 kv.m olan 13 saylı mənzil 4 (dörd) nəfər ailə tərkibi olmaqla İddiaçı verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi də tərtib edilərək təsdiq edilmişdir. İddiaçı 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa, 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2” arayışından da görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. Mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq iddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.10.2012-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı ilə ünvan 2 ünvanı) yerləşən yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzillər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilmişdir. İddiaçı yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdehə rəsmi müraciət etsə də inzibati orqan müvafiq mənzil üzərində hüquqlarının dövlət qeydiyyatından qanunsuz olaraq imtina etmişdir. Cavabdeh inzibati orqan **********20 nömrəli, 06.08.2021-ci il tarixli imtina məktubunda müraciətini imtina səbəbi kimi ona mənzil verilməsi haqqında Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli sərəncamının 2012-ci ildə verilməsi göstərilmişdir. Müvafiq yaşayış binasının 2012-ci ildə istismara qəbul edilməsinə baxmayaraq, 10.12.2015-ci il tarixli əvvəlki müraciətinə cavab olaraq verilən imtina məktubunda isə, sözügedən mənzil yerləşən yaşayış binasının istismara qəbul aktının Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməməsi səbəbi kimi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İnzibati orqanın bu qanunsuz hərəkəti onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh inzibati orqanın imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən imtina əsaslarından hər hansı biri yoxdur. Bu səbəbdən də, cavabdeh inzibati orqanın imtina məktubu qanunsuz hesab edilməlidir. Müvafiq binada iddiaçı ilə qonşu olanlara da eyni sənədlər əsasında mənzillər verilmiş və həmin sənədlər əsasında omların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və dövlət reyestrindən 0475128, ******* və ******* saylı çıxarışlar verilmişdir. Lakin iddiaçı eyni sənədləri cavabdeh inzibati orqana təqdim etsə də ona qanunsuz olaraq imtina verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 44 saylı evin, 13 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 saylı sərəncamından çıxarışı 15.10.2012-ci il tarixdə verilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********20 saylı 06.08.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair cavabdehin etirazının məzmununa uyğun məzmunda izahat edərək iddia tələbinin təmin edilməməsi barədə xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini və cavabdehin etirazını nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15.10.2012-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Lökbatan qəsəbəsində yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi haqqında qərarın təsdiq edilməsi haqqında” sərəncamından çıxarışa əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44, 2-ci mərtəbə, 3 otaqlı 59,06 kv.m olan 13 saylı mənzil verilmişdir. Həmin sərəncamın giriş hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktub ilə müraciət edərək Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətini və Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatı yanında “İctimai mənzil komissiyası”nın təklifini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublikası Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanda yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin köçürülməsi yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir (28 fevral 2012-ci il tarixli, 2 №-li protokol). Cavabdehin iddiaçıya ünvanlanmış 06.08.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya mənzilin verilməsi haqqında Qaradağ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 136 nömrəli sərəncamdan çıxarışın 15.10.2012-ci ildə verilməsi əsası ilə iddiaçının Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44-də yerləşən 13 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 1356 nömrəli, 17.08.2021-ci il tarixli arayışına əsasən ünvan 1, mənzil 13-də iddiaçı və onun 1976-cı il təvəllüdlü oğlu X3, 1977-ci il təvəllüdlü qızı X2 və 1978-ci il təvəllüdlü oğlu X4 qeydiyyatdadırlar. Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan (Forma A) qeydiyyat kartoçkasının surətindən görünür ki, 1954-cü il təvəllüdlü Quliyeva (Məmmədova) Mədinə Atabala qızı 1971-ci ildən ünvan 3 ünvanında daimi qeydiyyatdadır. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş sxemdə yaşayış sahəsi 59.06 kv.m, ümumi sahəsi 84,16 kv.m olan Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 13 nömrəli mənzilin sxemi verilmişdir. Qaradağ rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 0063 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, S.Orucov küçəsi, ev 44, mənzil 13-də İddiaçı və onun 1976-cı il təvəllüdlü oğlu X3, 1977-ci il təvəllüdlü qızı X2 və 1978-ci il təvəllüdlü oğlu X4 qeydiyyatdadırlar. İddiaçı tərəfindən 2020-ci il tarixdən 2021-ci il tarixədək olan dövr üzrə özəl mənzilin istismar haqqı ödənilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.05.2011-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq edilmiş Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının surətinə əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 24, 24 “a”, 25 və 27-ci məhəllələrdə 5 mərtəbəli (+texmərtəbə, -3.30 m səviyyəsində zirzəmi ) 2 girişli yaşayış binası (5 saylı) istismara qəbul edilmişdir. Poçt ünvanı: ünvan 5. **********523 nömrəli ərizəyə əsasən X3 ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razıdır. **********524 nömrəli ərizəyə əsasən X2 ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razıdır. **********025 nömrəli ərizəyə əsasən X4 ünvan 1 ünvanda yerləşən 13 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razıdır. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları: cavabdehin 06.08.2021ci il tarixli imtina məktubunun, 02.08.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının, iddiaçının cavabdehə ünvanlanmış ərizənin surətləri təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********11 nömrəli, 22.10.2021-ci il tarixli məktubuna əsasən İddiaçı adına Bakı şəhəri, Qaradağ rayonu, S.Orucov küçəsi, ev 44, 12, 13 saylı mənzillərin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 1971-ci ildən yaşadığı qəzalı binada yerləşən mənzilin əvəzinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində inşa edilmiş çoxmənzilli binada Bakı şəhəri Qaradağ rayon icra Hakimiyyətinin sərəncamına əsasən mənzillə təmin edilmişdir, iddiaçı qeyd edilən mənzilin onun adına özəlləşdirilərək mülkiyyət hüquqlarının qeydə alınması haqqında cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci mаddəsinə əsаsən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması;mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qаnunun 8-ci mаddəsinə əsаsən, “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 9-cu mаddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. İş mаtеriаllаrındаn göründüyü kimi, iddiаçının hazırda yaşadığı və onun adına özəlləşdirilməsini tələb etdiyi mənzil əvvəllər iddiaçıya məxsus olan, lakin qəzalı binada yerləşən mənzilin əvəzində verilmişdir, yəni iddiaçı və onun ailəsi əvvəllər yaşadıqları və özəlləşdirmək hüquqları olan mənzildən özlərindən asılı olmayan səbəblərdən hazırki mənzilə köçürülmüşlər. Məhkəmə hesab edir ki, hazırki mənzil iddiaçının özəlləşdirmək hüququnun olduğu mənzilin əvəzində verildiyi, iddiaçı bu günə qədər mənzil özəlləşdirilməsi hüququndan istifadə etmədiyi üçün məhz Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına əsasən hazırda sahibliyində olan mənzili “Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun müddəalarına əsasən özəlləşdirmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır, 3.0.28-ci bəndinə əsasən dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək, 3.0.6-cı bəndinə əsasən hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrin mülkiyyət hüququnu və onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi təmin edilməli, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilərək, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cаvаbdеhin üzərinə qоyulmаlıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2,34, 68, 69, 85, 110-cü mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. Cavabdehin imtinası qanunsuz və əsassız hesab edilsin, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və buna dair çıxarışın verilməsi, mənzilin texniki pasportun tərtib edilməsi vəzifəsi cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvаlə еdilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar