Məhkəmə qərarları › İş №2-1(112)-19855/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-19855/2025

17.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(112)-19855/2025 17.03.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Sabunçu RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon S.Əliyev adına Südçülük Maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli, * №-li əmrindən çıxarışa əsasən Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 1995-ci il tarixli, ** saylı qərarı ilə sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan ona ayrılmış 0.02 ha torpaq sahəsinin sxeminin (yerləşmə cizginin) tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Sabunçu RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon S.Əliyev adına Südçülük Maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli * №-li əmrindən çıxarışa əsasən Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 1995-ci il tarixli, ** saylı Qərarı ilə Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş ona 0,02 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Həmin torpaq sahəsi onun istifadəsinə verildikdən sonra, tərəfindən sözügedən torpaq sahəsində yaşayış evi tikilərək ailə üzvlərinlə birlikdə həmin ünvanda fasiləsiz olaraq yaşayır və həmin torpaq sahəsi bu günədək onun istifadəsindədir. Hazırda yaranmış zərurətlə əlaqədar olaraq, Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunaraq S.Əliyev adına Südçülük Maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli * №-li əmrindən çıxarışa əsasən Abşeron Rayon İcra Hakimiyyətinin ## ###### 1995-ci il tarixli, ** saylı Qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış 0,02 hektar torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsi barədə maraciətinə ## #### 2023cü il tarixli, *-**/*-H-**-***/**** saylı məktubla cavab olaraq fərdi həyətyanı torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən sənədləri təqdim etməklə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə edilmişdir. Sabunçu RİH-nin *-**/*-H-**-***/**** saylı ## ###### 2024-cü il tarixli məktubu ilə 0,02 hektar torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Sabunçu RİH təhvil verilmədiyindən torpaq sahəsinə cizginin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin ##.##.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Sabunçu RİH-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh Sabunçu RİH-nin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, südçülük sovxozunda həyətyanı torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıla bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması qanunsuzdur. Həmçinin bildirmək istəyirik ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Sabunçu RİH-də yoxdur, iddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından hesab edirik ki, imtinamız əsaslı olmuşdur. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş edi. ƏSASLANDIRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Abşeron Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli, 3-48-RA/2-H-****/** №-li məktubu ilə iddiaçıya təqdim edilmiş “Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin” ##.##.2000-ci il tarixli, ** №-li əmrindən müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyətinin ## ###### 1995-ci il tarixli sərəncamına əsasən, sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq, Sovxoz fəhlələrinin mənzil şəraitinin ağır olmasını və sovxozda işləmələrini nəzərə alaraq, İddiaçı Səfərəli oğluna 0,02 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh Sabunçu RİH ##.##.2024 -cü il tarixli, 5-18/2-H-33-***/**** №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Sabunçu Rayon İcra Hakimiyyətinə təhvil verilmədiyindən Sizə ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil”. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, 3-21-3- 30/2-****/**** №-li cavab məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisi tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hər tərəfdən mişar daş ilə sərhələnmişdir. İki tərəfi qonşu, iki tərəfi isə yoldur. Faktiki sahə 0.0214 ha təşkil edir. Üzərində birmərtəbəli yaşayış evi inşa olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi S.Əliyev adına Damazlıq sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sözügedən əraziyə digər şəxsin müraciəti aşkar edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (## ###### 2001-ci il tarixli **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) ... Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. ... Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. ... Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. ... Maddə 56. ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. (“Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # ###### 1999-cu il tarixli, *** №-li Fərmanın (#.#.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli, 695-IQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) ... Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. ... Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında”Əsasnamə: ... Bənd 2.Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: - qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: - mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; - mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; - torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; - istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; - torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; - torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. - Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. MƏHKƏMƏNİN MÖVQEYİ Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İş materiallarından müəyyən edilir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 1995-ci il tarixli ** nömrəli sərəncamı və Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ## ###### 2000-ci il tarixli ** №-li əmri əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasına əsas olan sənədlər hazırda qüvvədədir. Məhkəmə qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Bundan başqa Məhkəmə araşdırılması zamanı mütəxəssis rəyi alınmış, həmin mütəxəssis rəyinə əsasən iddia olunan torpaq sahəsinin Bakı şəhərinin hüdudları daxilində yerləşdiyi, faktiki ölçüsünün 0,0214 ha olması, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması və hüquqları dövlət qeydiyyatına alınmış digər torpaq sahələri ilə üst-üstə düşmədiyi, ən əsası isə həmin torpaq sahəsinin Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı İstehsal Müəssisəsinin ərazi hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Göründüyü kimi mütəxəssis rəyinin mövcudluğu da hazırki vəziyyəti iddiaçının xeyrinə dəyişir. Eyni zamanda nəzərə alınmalıdır ki, müvafiq sənədlərdə iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü 0,0214 ha təşkil etsə də, iddiaçı məhz hazırki torpaq sahəsinin hüquqmüəyyənedici sənədə göstərilmiş ölçülərinə münasibətdə texniki sənədin tərtib olunmasını xahiş edir ki, torpaq sahəsinin faktiki ölçüsünün çox olması belə hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya Zirə qəsəbəsinin şimalqərb hissəsində *** nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, 629/611 həmin sərəncamı hazırda qüvvədədir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin *** saylı ## ### 1994 -cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının ## ###### 1998-ci il tarixli ** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X3 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.” Yuxarıda adı çəkilən məhkəmə qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsinin hazırki işlər üzrə formalaşmış mövqeyi vətəndaşın xeyrinə olmuş, torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qəbul edilərkən yerli icra hakimiyyəti tərəfindən verilməli olan yerləşmə cizgisinin məhz yerli icra hakimiyyətinin özü tərəfindən təmin olunmasını nəzərdə tutmuşdur. Göstərilən bütün halları nəzərə alqıda məhkəmə hesab edir ki, iddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən, cavabdeh inzibati orqan kimi Əsasnamayə görə iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in: - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon S.Əliyev adına Südçülük-maldarlıq üzrə X1 Təsərrüfatı İstehsalı Müəssisəsinin ##.##.2000-ci il tarixli ** saylı əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, S.Əliyev adına Damazlıq sovxozu ərazisində fərdi ev tikmək üçün iddiaçı İddiaçı ayrılmış 0, 02 ha torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması öhdəliyi cavabdeh Bakıv şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar