Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19856/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi və şikayət üzrə araşdırmanın davam etdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və X2 barəsində cavabdehə etdiyi şikayət üzrə araşdırmanın davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mobil telefonların alqı-satqısı işi ilə məşğuldur. 2017-ci ildə tanışı X1 dükanında satıcı kimi işə götürmüşdür. Sonuncu bildirmişdir ki, satış çox olsun deyə tanıdığı adamlara nisyə mal verəcək və onlar da bir müddət sonra pulunu ödəyəcəklər. İddiaçı dükanda mal əksikliyi aşkar etmiş və bu barədə Fərzulla Rufullayevdən soruşduqda müştərilərin pulu yaxın zamanda verəcəyini bildirmişdir. Bundan sonra iddiaçı həmin şəxslərlə telefon vasitəsi ilə əlaqə saxlamış və məlum olmuşdur ki, Fərzulla şəxslərdən pulu alaraq mənimsəmişdir. Bundan sonra onun yaşadığını iddia etdiyi qayınatasıgilə getmiş və məlum olmuşdur ki, Fərzulla başqa yerdə yaşayır. Daha sonra Fərzulla ailəsinin yanında üzr istəyərək ona bir neçə gün vaxt verməsini istəmiş, beləcə vaxt qazanmışdır. İddiaçıya aydın olmuşdur ki, o, ölkəni tərk etmişdir. İddiaçı onun əməlləri barəsində cavabdehə şikayətlə müraciət etmişdir. Nəsimi RPİ-nin müstəntiqi, polis baş leytenantı Mahmud Mirzəyevin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan Nəsimi Rayon Prokurorluğuna şikayət etmiş və həmin qərar ləğv edilərək iş yenidən araşdırılması üçün istintaqa qaytarılmışdır. xx.xx.2020-ci il tarixli qərarla yenə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı yenidən Nəsimi Rayon Prokurorluğuna şikayət etmiş və həmin qərar ləğv edilərək iş yenidən araşdırılması üçün istintaqa qaytarılmışdır. xx.xx.2021-ci il tarixli qərarla yenə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı məhkəmə nəzarəti qaydasında həmin qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş, xx.xx.2021-ci il tarixli qərar ləğv edilərək iş yenidən araşdırılması üçün həmin orqana qaytarılmışdır. Bundan sonra ona bildirmişlər ki, material itmişdir və araşdırma aparıla bilmir. Daha sonra çoxsaylı şikayətlər nəticəsində onun şikayət ərizəsi araşdırılıb hüquqi qiymət verilmişdir. Ona bildirmişlər ki, şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. O isə həmin qərarın məhkəmə qərarı ilə ləğv edildiyini bildirmişdir. Bundan sonra iddiaçıya iş materiallarının məhv edildiyini bildirmişlər. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (bundan sonra – CPM) əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır (212.1). Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir (212.2). Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (212.3). Həmçinin, CPM-də göstərilmişdir ki, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir (442.1). Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır (442.2.2). Yuxarıda qeyd edilən hüquq normalarına əsasən cinayət prosesində aparılan bəzi prosessual hərəkətlərin qanuniliyinə məhkəmə nəzarəti həyata keçirilir. Bu nəzarət istintaq hərəkətlərinin və ya prosessual məcburiyyət tədbirlərinin tətbiq olunduğu yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Məhkəmə bu qaydada cinayət prosesini həyata keçirən orqanların hərəkətlərindən və ya qərarlarından verilmiş şikayətlərə baxır. İşin müəyyən edilmişdir hallarından görünür ki, iddiaçı tanışı Fərzulla Rufullayevin əməlləri ilə bağlı Nəsimi RPİ-yə müraciət etmiş, sonuncu tərəfindən cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar müvafiq olaraq Nəsimi Rayon Prokurorluğu və məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsi tərəfindən ləğv edilərək yenidən araşdırılması üçün göndərilsə də, yenə də cinayət işinin başlanması haqqında qərarlar qəbul edilmişdir. Bundan sonra iddiaçıya iş materiallarının məhv edildiyi bildirilmişdir. İddiaçı hazırda cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və X2 barəsində cavabdehə etdiyi şikayət üzrə araşdırmanın davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçı hazırda faktiki olaraq cinayət təqibinin aparılmasını və istintaqın davam etdirilməsini tələb edir, bu isə inzibati icraatın predmeti deyil və Cinayət-Prosessual Məcəllə ilə tənzimlənir. İnzibati məhkəmələr yalnız inzibati orqanların inzibati fəaliyyətindən irəli gələn mübahisələrə baxır. Cinayət təqibi ilə bağlı qərarlar və hərəkətlər isə cinayət-prosessual fəaliyyətə aiddir və inzibati mübahisə hesab olunmur. Məhkəmə qeyd edir ki, iddiaçı cinayət təqibinin aparılmasını və istintaqın davam etdirilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi və şikayət üzrə araşdırmanın davam etdirilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-19856/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19856/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver