Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1986/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “aylıq kirayə xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinə qeydiyyata alınması ilə bağlı kirayə tutulmuş mənzilin xərclərini 18.02.2021-ci il tarixindən hesablanaraq hər ay ailə tərkibini nəzərə alaraq 375 (üç yüz yetmiş beş) manat ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 16.09.1994-cü il tarixdə hərbi xidmətə çağırılmış və 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirdikdən sonra Azərbaycan Respublikasının Dövlət Sərxəd Xidmətinə zabit olaraq xidmətə başlamışdır. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 16.09.1994-cü ildən 07.03.2018-ci il tarixədək zabit qismində qüsursuz həqiqi hərbi xidmət keçmiş və öz arzusu ilə Dövlət Sərhəd Xidməti rəisinin 19.02.2018-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və 2 övladı) birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 1 (Binəqədi Rayon Polis İdarəsinin inzibati binası) ünvanında qeydiyyatdadır. O, ehtiyata buraxıldıqdan sonra şəxsi yaşayış sahəsi olmadığına görə ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzili notariat qaydasında təsdiq olunmuş kirayə müqaviləsinə əsasən hər ay 375 (üç yüz yetmiş beş) manat ödəməklə 18.02.2021-ci il tarixdə kirayəyə götürmüşdür. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, ona Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mənzil verilməsi və mənzil verilənədək kirayə xərclərini qanuna uyğun olaraq Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən ödənilməsi ilə bağlı müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti 18 may 2018-ci il tarixli imtina məktubu ilə o öz arzusi ilə ehtiyata buraxıldığı üçün onu mənzil növbəsinə götürməkdən və kirayə haqlarını ödəməkdən imtina etmişdir. Daha sonra cavabdehin ona ilk imtinasından sonra ikinci dəfə onun mənzil növbəsinə götürülməsi və kirayə haqlarının ödənilməsi üçün yenidən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti onun mənzil növbəsinə uçota alınması və kirayə haqlarının ödənilməsi üçün bir sıra müvafiq sənədlərlə birlikdə ərizə ilə yenidən müraciət etməsini bildirmişdir. Həmin siyahıda tələb olunan bütün sənədləri cavabdehə təqdim etdikdən sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 16 iyun 2021-ci il tarixli, 119 nömrəli sərəncamı ilə onun ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və 2 övladı) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin sərəncamla ona mənzil verilənədək qanunvericiliyə uyğun olaraq kirayə haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd olunan sərəncama əsaslanaraq ona Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mənzil kirayə haqqının ödənilməsi üçün o, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh öz növbəsində 13.07.2021-ci il tarixli imtina məktubu ilə cavab vermişdir. Həmin imtina məktubunda Binəqədi Rayon İcra Hakimiyyəti “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində ’’Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsinin nəzərə tutulmadığını əsas gətirərək ona qanunsuz və əsassız olaraq kirayə haqlarını ödəməkdən imtina etmişdir. Qanunvericilikdə öz arzusu ilə ehtiyata buraxıldığı üçün kirayə haqlarının ödənilməsindən məhrum edən hər hansı bir norma yoxdur. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzunuz ilə) əsasən ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Lakin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının 16.06.2021-ci il tarixli 119 saylı sərəncamı ilə iddiaçı ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülsə də ona müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 18.05.2018-ci il tarixli məktubda qeyd olunur: Siz 18.04.2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən ehtiyyatda olan zabit kimi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməyinizə və mənzil kirayə haqqının ödənilməsinə köməklik göstərilməsini xahiş etdiniz. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş 09.04.2018-ci il tarixli 114 saylı arayışdan məlıım olmuşdur ki. Siz AR DSX rəisinin SQKnın 19.02.2018-ci il tarixli 223 ş/h saylı əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndinə (öz arzunuz ilə) əsasən ehtiyata buraxılmısınız. Nəzərinizə çatdırıram ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Lakin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də Sizin yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməyiniz qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinizin müsbət həlli mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 16.08.2021-ci il tarixli məktubda qeyd olunur: Mənzil kirayə haqqının ödənilməsinə köməklik göstərilməsi barədə Binəqədi Rayonu İcra Hakimiyyətinə ünvanladığınız 22.06.2021-ci il tarixli H-124/2-068/2-t/1 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Siz “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzunuz ilə) əsasən ehtiyata buraxılmısınız. Nəzərinizə çatdırıram ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Lakin, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının 16.06.2021-ci il tarixli 119 saylı sərəncamı ilə ehtiyyatda olan zabit kimi mənzil növbəsinə götürülsəniz də Sizə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi məsələsinin müsbət həlli mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 09.04.2018-ci il tarixli 114 nömrəli arayışdan görünür ki, 1976-cı il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən 16.09.1994-cü il tarixdən 17.08.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müdavim, 17.08.1998-ci il tarixdən 07.03.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası DSX rəisinin SQKom-nın 19.02.2018-ci il tarixli 223ş/h saylı əmrinə əsasən "HV və HXH” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində HHX-dən ehtiyata buraxılmışdır. Əsas: Şəxsi iş. İş materiallarında olan Kirayəyə verən X6 ilə Kirayəçi İddiaçı arasında imzalanmış 18.02.2021-ci il tarixli kirayə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kirayəyə verən X6 ona məxsus olan ünvan 5 ünvanında yerləşən mənzili İddiaçı kirayəyə verməyi, Kirayəçi isə Kirayəyə verənə aylıq 375 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 11.02.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 119 nömrəli 16 iyun 2021-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və 2 övladı) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi, İddiaçı ehtiyatda olan zabit olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05.02.2021-ci il tarixli elektron arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü mayor İddiaçı həqiqətən 17.07.1998- 07.03.2018, 16.09.1994- 17.07.1998 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Öz arzusu ilə ehtiyata buraxılmışdır. Həmin sənədlərdə olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 08.02.2021-ci il tarixli arayışının surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1976-cı il tarixdə Azərbaycan Respublikası Tovuz rayonu Xatınlı kəndində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair 08.02.2021-cı ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdır: arvadı - X5 (01.04.1985-ci il), oğlu - X4 (23.06.2006-cı il), qızı - X7 (06.02.2009-cu il). Həmin sənədlərdə olan Tovuz rayon VVADQ şöbəsi tərəfindən 25.08.2004-cü ildə verilmiş AZ-İ seriyalı 104989 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov X1 Nüşabə Əhməd qızı ilə 25.08.2004-cü ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Məmmədova soyadı verilmişdir. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Naxçıvan X2 64 saylı 06.03.2018-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 06.03.2018-ci il tarixədək “Naxçıvan" X2 hərbi yaşayış şəhərciyində bina-8, mənzil 14-də müvəqqəti olaraq ailə üzvləri ilə birlikdə yaşamış, Silahlı Qüvvələrin ehtiyyatına buraxıldığı üçün xidməti mənzili təhvil vermişdir. Hal-hazırda onun adına “Naxçıvan” X3 mənzil və yaşayış sahəsi yoxdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 16.09.1994-cü il tarixdən 17.08.1998ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müdavim, 17.08.1998-ci il tarixdən 07.03.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası DSX rəisinin SQKom-nın 19.02.2018-ci il tarixli 223ş/h saylı əmrinə əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində HHX-dən ehtiyata buraxılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 119 nömrəli 16 iyun 2021-ci il tarixli sərəncamına əsasən iddiaçının ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və 2 övladı) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi, onun ehtiyatda olan zabit olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Lakin iddiaçıya cavabdeh tərəfindən mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayə haqqı ödənilmir. İddiaçı ona qeyd olunan kirayə haqqının ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının öz arzusu ilə ehtiyata buraxıldığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat; 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat; 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin qərarın 2-ci bəndinə əsasən bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət müddəti 15 ildən çoxdur və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 119 nömrəli 16 iyun 2021-ci il tarixli sərəncamına əsasən ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və 2 övladı) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülmüş, onun ehtiyatda olan zabit olması nəzərə alınaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasında Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ təsbit edilmişdir. Həmin qanunun 12-ci maddəsinin 2ci hissəsinin 4-cü abzasında isə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilməsi təsbit edilmişdir. Göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qeyd olunan normada şəxsin öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması əsası istisna edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. İddiaçının həm hərbi xidmət müddətinin 15 ildən çox olması, həm də yerli icra hakimiyyəti orqanında ehtiyata buraxılmış zabit kimi mənzil uçotuna götürülmüş olması nəzərə alınaraq qeyd olunan normaların tələblərinə əsasən iddiaçıya mənzil növbəsinə götürüldüyü tarixdən müvəqqəti yaşayış sahəsinin kirayə haqqı ödənilməlidir. Cavabdehin iddiaçının öz arzusu ilə ehtiyata buraxıldığını əsas gətirərək qeyd olunan kirayə haqqının ödənilməsindən imtina etməsi əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1986/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1986/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver