Məhkəmə qərarları › İş №2-1(112)-1987/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1987/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1987/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X5 direktoru X7, İddiaçının nümayəndəsi və vəkili X8, Üçüncü şəxs X2 və vəkili X3 iştirakları ilə, İddiaçı X5 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (X9 üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin X6 təhkim edilməsinə dair Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998-ci il tarixli, 1221 saylı sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6897/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən X9 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X11 xx.xx.2000-ci il tarixdə kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hal-hazırda İddiaçı X11 ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində Hövsan çimərliyi adlanan ərazi 2001ci il tarixdən İddiaçı X5 faktiki sahibliyi və istifadəsindədir. Həmin sahə əvvəllər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998-ci il tarixli, 1221 saylı sərəncamına əsasən Hövsan qəsəbəsində yaşayan X6 təhkim edilmişdir. Həmin sahəni 2001-ci ilin may ayında qarşılıqlı razılıq əsasında X1 aldıqdan sonra Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 902 saylı sərəncamına əsasən torpaq sahəsi İddiaçı X5 adına keçirilmişdir. Qeyd edilən ərazi Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 902 saylı sərəncamına əsasən İddiaçı X5 adına keçirilsə də, X2 adına olan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998-ci il tarixli, 1221 saylı sərəncamı ləğv edilməmişdir. Sərəncam verilərkən onlar hesab etmişlər ki, əvvəlki sərəncam ləğv edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998-ci il tarixli, 1221 saylı sərəncamı ləğv edilməmişdir. Bu da onların hüquqlarını pozur. İddiaçı qeyd edilən ərazini aldıqdan sonra orada tikinti və abadlaşdırma işləri aparmışdır. xx.xx.2002-ci il tarixdən elektrik sayğacı qoyulmuşdur. “xxxx” ASC-nin Suraxanı Rayon Enerji Təchizatı İdarəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən Hövsan qəsəbəsində Xəzər sahilində, 11/1399 kodu altında Mehdiyev Qalib T. (Günəşli-sahil restoranı) adlı abonent kimi fəaliyyət göstərir. xx xxxxxx 2006-cı il tarixli icarə müqaviləsinə əsasən İddiaçı X11 tərəfindən ərazi xx.xx.2017-ci il tarixə kimi X13 icarəyə verilmişdir. Sonrakı dövrlərdə kommunal xidmətlərə dair sənədlər icarəçi kimi X12 adına rəsmiləşdirilmişdir. İddianın mümkünlük məsələsinin həll edilməsinə dair məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçının direktoru, nümayəndəsi və vəkili və üçüncü şəxs və onun vəkili məhkəmə iclasına gəlmişlər. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru X14 iddia ərizəsinə uyğun məzmunda izahat verdi. İzahatına əlavə olaraq göstərdi ki, iddiaçı qeyd edilən torpaq sahəsini aldıqdan sonra Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2001-ci il tarixli 902 saylı sərəncamına əsasən torpaq sahəsi İddiaçı firmasının adına keçirilmişdir. İddiaçı hesab etmişdir ki, X2 adına verilmiş Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998-ci il tarixli, 1221 saylı sərəncamı ləğv edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998-ci il tarixli, 1221 saylı sərəncamının təsdiq edilmiş surəti 2001-ci il tarixdə X9 tərəfindən ona təqdim olunmuşdur. Lakin o, həmin sərəncamın artıq qüvvədə olmadığı, ləğv edildiyi qənaətinə gəldiyindən bu günədək mübahisələndirməmişdir. 2019-cu ildə X10 İddiaçı firmasına qarşı həmin torpaq sahəsi ilə əlaqədar iddia qaldırmışdır. Bundan sonra həmin sərəncamın qüvvədə olmasından məlumatı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar çıxarmışdır. Sonra apelyasiya məhkəməsində işə baxılmışdır. 2020-ci ildə Hacımurad Rzayev yenidən Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Pandemiya dövründə məhkəmələr də müəyyən dövrlərdə işləməmişdir. Onlar 2020-ci ildə hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Ona görə də buraxılmış müddəti üzrlü hesab edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verdi. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahatında göstərdi ki, İddiaçı X11na Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam əsasında ayrılmış torpaq sahəsinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998-ci il tarixli, 1221 saylı sərəncamı ilə ona təhkim edilmiş torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Həmin torpaq sahələri eyni ərazidə yerləşsə də, lakin üst-üstə düşmür. Torpaq sahəsinin üst-üstə düşmədiyi əsası ilə onun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində icra hakimiyyətinə qarşı qaldırdığı İddiaçı X5 adına verilmiş sərəncamın ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. Belə ki, həmin iş üzrə ekspertiza keçirilmiş və mütəxəssis rəyi əldə olunmuşdur. Mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, hər iki sərəncam üzrə ayrılmış torpaq sahələri naturada üst-üstə düşmür. Onlar arasında uzun illərdi ki, ərazi ilə bağlı mübahisə mövcuddur. Belə ki, iddiaçı ona ayrılmış torpaq sahəsinə müdaxilə etdiyindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1998ci il tarixli, 1221 saylı sərəncamının təsdiq olunmuş surətini o, 2001-ci il tarixdə İddiaçı X5 direktoruna şəxsən təqdim etmişdirç əsli isə özündədir. İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürüldüyündən, prosessual müddətin bərpa edilməsi üçün əsaslar olmadığından iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürüldüyündən, prosessual müddətin bərpa edilməsi üçün əsaslar olmadığından iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşdə olan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı, xx xxxx 1998-ci il tarixli sərəncamından görünür ki, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200mx50m ölçüdə torpaq sahəsinin abadlaşdırılması və əhalinin rahatlığını təmin etmək təqdim olunmuş cizgi əsasında X6 təhkim olunmuşdur. İddiaçı hazırda Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı, xx xxxx 1998-ci il tarixli sərəncamını mübahisələndirir. Hazırki iddia tələbi ilə xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının direktoru X14 məhkəmə iclası zamanı verdiyi izahatında mübahisələndirilən sərəncamın təsdiq olunmuş surətinin 2001-ci il tarixdə X9 tərəfindən ona təqdim edildiyini bildirsə də, lakin sərəncamın qüvvədə olmadığını düşündüyü əsası ilə bu günədək mübahisələndirmədiyini, sərəncamın qüvvədə olmasından X4 Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı irəli sürdüyü inzibati mübahisə zamanı məlumatlı olduğunu bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən buraxılmış prosessual müddətin üzrlü olması barədə gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, iddiaçının direktorunun özünün də etiraf etdiyi kimi iddiaçı tərəfin mübahisələndirilən sərəncamın mövcud olmasından 2001-ci il tarixdən məlumatı olmuşdur. Həmin sərəncamı qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Hövsan çimərliyində İddiaçı çoxsahəli istehsalat kommersiya firmasına torpaq sahəsinin mövcud istifadə vəziyyətində təhkim olunması haqqında Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 902 saylı, xx xxxxxxx 2001-ci il tarixli sərəncamında Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı, xx xxxx 1998-ci il tarixli sərəncamının ləğv edilməsi ilə bağlı hər hansı qeyd edilməmişdir. Buna görə də məhkəmə iddiaçının bu günədək sərəncamın qüvvədə olmadığını düşünməsi barədə gətirdiyi dəlilləri inandırıcı hesab etmir. Məhkəmə iddiaçının sərəncamın qüvvədə olmasından X4 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində qaldırdığı iddia tələbinə baxılan zaman məlumatlı olduğunu hesab etsə də, həmin halda da iddiaçı tərəfindən müəyyən edilmiş müddətin buraxılmışdır. Belə ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-97/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən iddiaçı X4 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs İddiaçı çoxsahəli istehsalat kommersiya firması) qarşı Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2001-ci il tarixli 902 saylı sərəncamının ləğv olunması və etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-863/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsi və vəkili X3 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-97/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş apelyasiya şikayəti geri qaytarılması barədə ərizəsi təmin edilmiş və şikayət geri qaytarılaraq, şikayət üzrə apelyasiya icraatına xitam verilmişdir. Qeyd olunan qərarlardan göründüyü kimi X10 tərəfindən İddiaçı çoxsahəli istehsalat kommersiya firması barəsində verilmiş xx xxxxxxx 2001-ci il tarixli 902 saylı sərəncamı mübahisələndirilmiş, həmin mübahisə üzrə tələbinin hüquqi əsası kimi hazırda mübahisələndirilən Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1221 saylı, xx xxxx 1998ci il tarixli sərəncamına istinad etmişdir. Həmin iş üzrə İddiaçı çoxsahəli istehsalat kommersiya firması həmin iş üzrə üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Qeyd olunan mübahisə üzrə İddiaçı çoxsahəli istehsalat kommersiya firması üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddiaçı çoxsahəli istehsalat kommersiya firması Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2001-ci il tarixli 902 saylı sərəncamından ən geci həmin məhkəmə mübahisəsi gedən zaman məlumatlı olduğu halda, həmin müddətdən 1 ildən çox müddət keçdikdən sonra xx xxxxxxx 2020-ci il tarixdə həmin sərəncamın ləğv edilməsi ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, yenə də iddia müddətini buraxmışdır. Məhkəmə tərəfindən həmçinin xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq, Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddətə əməl edilməli olduğu, mübahisə predmeti olan inzibati aktın məzmunundan hansı vaxtdan məlumatlı olması barədə sübutu məhkəməyə təqdim etmək təklif edilmişdir. İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddətin buraxılmasına səbəb olmuş halların üzrlü olmasını əsaslandıra bilməmişdir. İPM-in 24-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir (maddə 24.5). İddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Sadalanan qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, iddiaçının pozulması müəyyən dərəcədə ehtimal olunan subyektiv hüququnun mövcudluğu və bu hal üzrə müəyyən edilmiş müddət ərzində inzibati aktdan və ya onun qəbulundan imtinadan şikaət edilməsi iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdir. Beləliklə iddiaçı qanunvericliklə müəyyən edilmiş müddətdən sonra sərəncamı mübahisələndirmiş, bununla da həmin sərəncamı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və buna görə də hazırkı iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı X5 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (X9 üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar