Məhkəmə qərarları › İş №2-1(112)-1987/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1987/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1987/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Adi cəlbetmə qaydasında üçüncü şəxs X16, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi olan 375 saylı bağ sahəsinə dair X8 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, X19 Trestinin 13405 saylı, 01.02.1973-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu. Zirə qəsəbəsi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi olan 375 saylı bağ sahəsi X11 ayrılmışdır. Həmin bağ sahəsi hal-hazırda da onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdi. Müraciət edilərkən qanunvericiliklə tələb olunan bütün sənədlər təqdim edilməsinə baxmayaraq, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavab məktubu ilə müraciətdən imtina etmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətindən imtina etməsi qanunsuz və əsassızdır.

3. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 0,20 ha torpaq sahəsi olan 375 saylı bağ sahəsinə dair onun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

4. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının dövlət qeydiyyatından alınmasından imtina onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsi ümumi hasar daxilindədir. Bundan əlavə təqdim etdiyiniz X4 və İstismarı Birliyi tərəfindən verilmiş 01.02.1973-cü il tarixli, 13405 nömrəli müqavilədə həmin Birliyin təsdiqedici möhürü yoxdur. Qeyd olunanlarla yanaşı “375” bağ nömrəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsi ümumi hasar daxilindədir. Bundan əlavə təqdim edilmiş X4 və İstismarı Birliyi tərəfindən verilmiş 01.02.1973-cü il tarixli, 13405 nömrəli müqavilədə həmin Birliyin təsdiqedici möhürü yoxdur. Qeyd olunanlarla yanaşı “375” bağ nömrəsi digər fiziki şəxsin (X17) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya 10.08.2021-ci il tarixli, **********50 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1. maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

6. İddiaçının müraciətinə cavab olaraq cavabeh qurum tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi olan 375 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keşmiş X20 ilə X12 arasında bağlanmış 01.02.1973-cü il tarixli 13405 nömrəli müqavilə idarənin arxivində mövcuddur. Sorğu ilə əlaqədar həmin müqavilənin və cizginin arxiv qovluğunda mövcud olan nüsxəsinin təsdiq edilmiş surəti təqdim edilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 375 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına əsas olmuş sənədlərin və Rzayeva (Səlimova) Xədicə Ağabəy qızının adına ayrılmış Zirə qəsəbəsində yerləşən 375 saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

8. Təqdim edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 375 saylı iki ayrı bağ sahəsinə dair sənədlər mövcuddur: - X20 ilə X12 arasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində sahəsi 0,20 ha olan (67) 375 bağ sahəsinə dair 25.11.1966-cı il tarixli müqavilə bağlanmış, daha sonra 01.02.1973-cü il tarixdə X12 arasında həmin müqavilə (13405 nömrəli) 375 nömrəli bağ sahəsi olaraq yenilənmişdir. - keşmiş X20 ilə X21 arasında 27.06.1969-cu il tarixli 17235 nömrəli müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində sahəsi 0,20 ha olan 375 saylı bağ sahəsinə dair müqavilə bağlanmış, X15 ilə X18 arasında 17235 nömrəli müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 0,20 ha torpaq sahəsi X5 istifadəsinə verilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 26.01.2011-ci il tarixdə 375 nömrəli bağ evinin tikintisi üçün X5 adına torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş, qeyd edilən sənədlər əsasında sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 25.02.2011-ci il tarixdə qeydiyyata alınmışdır. X18 tərəfindən həmin torpaq sahəsi 25.11.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında X6 bağışlanmış, sonuncu tərəfindən həmin torpaq sahəsi X1. Torpaq sahəsinin hazırda mülkiyyəçisi X10r.

9. Məhkəmənin 17.12.2021-ci il tarixli qərardadı ilə X18, X13 və X17 hazırki iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilmişlər.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, həmin bağ sahəsi 1966-cı ildən onun istifadəsindədir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur, X18, X13 və X17 adlı şəxsləri tanımır, ona məxsus torpaq sahəsində qeyd edilən şəxsləri görməmişdir.

11. Məhkəmənin 01.04.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən sahəsi 0,20 ha olan (67) 375 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi kimi dəyişdirilmişdir.

12. X13 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində sahəsi 0,20 ha olan 375 nömrəli bağ sahəsi ona məxsus olmuş və X2, İddiaçı Ağabəy qızı adlı şəxsi tanımır, ona məxsus torpaq sahəsində İddiaçı Ağabəy qızı adlı şəxsi görməmişdir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur.

13. X17 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində sahəsi 0,20 ha olan 375 nömrəli bağ sahəsi ona məxsusdur, İddiaçı Ağabəy qızı adlı şəxsi tanımır, ona məxsus torpaq sahəsində İddiaçı Ağabəy qızı adlı şəxsi görməmişdir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

15. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 ha torpaq sahəsi olan 375 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keşmiş X20 ilə X12 arasında bağlanmış 01.02.1973-cü il tarixli 13405 nömrəli müqavilədə iddiaçının ailə üzvləri kimi göstərilən əri X22, qızı Dərgahova (Rzayeva) Nəzakət İkram qızı, qızı Quliyeva (Rzayeva) İradə İkram qızı və qızı Ansarova (Rzayeva) Sevil İkram qızı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. X22 məhkəmədə verdiyi izahatında, iddiaçının qızlarının adından isə məhkəməyə notariat qaydasında təqdim olunmuş ərizədə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində sahəsi 0,20 ha olan (67) 375 bağ sahəsinin İddiaçı Ağabəy qızının adına özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir.

II. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

20. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

22. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

26. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

27. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

28. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

30. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

33. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

34. X29 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

35. X29 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

36. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

37. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

38. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya məxsus Zirə qəsəbəsindəki 67(375) saylı bağ sahəsinə dair etibarlı icarə müqaviləsi idarənin arxiv qovluğunda mövcud olduğundan iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh qurum tərəfindən X7 adına olduğu qeyd edilən Zirə qəsəbəsindəki 375 nömrəli digər bağ sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə əlaqəsi yoxdur, həmin bağlar üst-üstə düşmür, Zirə qəsəbəsində ayrı-ayrı ərazilərdə yerləşir. Bununla əlaqədar, X18, X13 və X7 hazırkı inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştiraklarına xitam vermişdir.

39. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının Zirə qəsəbəsindəki 67(375) saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

40. Məhkəmə həm də nəzərə alır ki, Zirə qəsəbəsindəki 67(375) saylı bağ sahəsinə dair müqavilədə göstərilən ailə üzvləri bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməyərək buna dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişlər.

41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

42. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

43. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

44. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən sahəsi 0,20 ha olan (67) 375 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar