Məhkəmə qərarları › İş №2-1(112)-1987/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1987/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1987/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Xətai rayonu X3 İcraiyyə Komitəsi tərəfindən 24 mart 1991-ci il tarixli, 5/5, 19 saylı qərarından çıxarışa əsasən Əhmədli yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi (keçmiş 1727 saylı keçid 31 saylı binanın yaxınlığında fərdi qarajın planı və ölçüsü əsasında texniki pasportu İddiaçı adına verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Xətai rayonu X3 İcraiyyə Komitəsi tərəfindən 24 mart 1991-ci il tarixli, 5/5, 19 saylı qərarından çıxarışa əsasən Əhmədli yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi (keçmiş 1727 saylı keçid 31 saylı binanın yaxınlığında fərdi qarajın planı və ölçüsü əsasında texniki pasportu İddiaçı adına verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu X3 İcraiyyə Komitəsi tərəfindən 24 mart 1991-ci il tarixli , 5/5, 19 saylı qərarından çıxarışa əsasən Əhmədli yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi ( keçmiş 1727 saylı keçid) 31 saylı binanın yaxınlığında iddiaçıya İddiaçı fərdi qaraj verilmişdir. Verilmiş qaraja dair iddiaçı Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Bakı filialına müraciət etmiş, arxiv İdarəsinin 4 iyul 2022-ci ilin BA-04046-2022 saylı cavab məktubda həmin qərarı təsdiq etmişdir. Arxiv arayışını aldıqdan sonra iddiaçı Xətai rayon İcra Hakimiyyətinə qarajın yerləşmə cizgisini tərtib edilməsinə dair müraciət etmişdir. Cizgi Xətai rayon İcra Hakimiyyəti təsərrüfat hesablı Layihə-Smeta bürosunun mühəndisi Qaçay Əzizi tərəfindən tərtib edildi. Sənədlərin hamısını topladıqdan 19 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təhvil veildi. 10 yanvar 2023-cü il tarixli 3-21-3-30/2-373/2023 20500373 saylı cavab məktubunda bildirilmişdir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin qarajın yaşayış binasından olan məsafəsi 17.5 metr göstərilsədə, faktiki 42.5 metr təşkil edir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehin imtina məktubunu qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddia tələbinə dair etirazı onunla əsaslandırmışdır ki, qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş Xətai Rayonu X5 İcraiyyə Komitəsinin 5/5.19 saylı, xx.xx.1991-ci il tarixli Qərarından çıxarış “fərdi qarajın tikilməsi” ilə bağlı olmuşdur. Həmçinin idarənin mütəxəssisləri tərəfindən göstərilən qaraja yerli baxış zamanı qonşu qarajla arakəsmə divar sökülərək birgə istifadə edildiyi məlum olmuşdur. Yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin qarajın yaşayış binasından olan məsafəsi 17.5 metr göstərilsə də, faktiki 42.5 metr təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

İİİ. Tədqiq edilmiş sənədlər.

AZE seriyalı, 000***** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1943cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 1 ünvanında qeydiyyatdadırlar - İddiaçı, X4. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin qarajın yaşayış binasından olan məsafəsi 17.5 metr göstərilsə də, faktiki 42.5 metr təşkil edir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Xətai rayonu X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5.19 nömrəli “Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş 1727-ci keçid) yerləşən 31 nömrəli evin yaxınlığında fərdi qarajların tikintisi haqqında” Qərardan çıxarışına əsasən, Azərbaycan KP MK-nin və Azərbaycan SSR-nin Nazirlər Şurasının “1986-1990-cu illərdə və 2000-ci il tarixədək olan dövr ərzində əhalinin sifarişi ilə mənzillərin, bağçılıq tərəfdaşlığı üçün tikinti obyektlərinin, qarajların və digər tikililərin tikintisi və təmiri üzrə xidmətlərin inkişafına dair tədbirlər haqqında” 236 saylı 10.06.85-ci il tarixli qətnaməsini və Bakı şəhər Şurasının icraiyyə komitəsinin 23.09.85-ci il tarixli 15/320 saylı qərarının, eləcədə 07.07.86-cı il tarixli 11/753 saylı və 08.04.86-cı il tarixli 4/620 saylı (tikinti haqqında pasport № 11163) qərarları icra etmək məqsədilə xətai rayonu X3 icraiyyə komitəsinə Qərara alır : Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş 1727-ci keçid) yerləşən 31 nömrəli evin yaxınlığında fərdi qarajların tikintisi üçün uçotda olan aşağıdakı vətəndaşlara sahə ayrılsın – İddiaçıA-General Şıxlinski küçəsi, ev 25, mənzil 5. İddiaçı tərəfindən məhkəməyə əlavə olaraq Xətai rayonu, 2942-B məhəllə N.Tusi küçəsi (1727 keçid) 31 saylı binanın yaxınlığında qarajın yerləşmə cizgisi məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli “Sənəd surətlərinin təqdim olunması barədə” cavab məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-B məhəllə, 31 saylı binanın yaxınlığında yerləşən qarajın texniki vəziyyətini əks etdirən müayinə aktının və koordinatların təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin Xətai rayon şöbəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, AR ƏMDK – nin verdiyi hüquqmüəyyənedici sənəd ********** nömrəli Çıxarışı olan, 2942-B məhəllə N. Tusi küç., 31 saylı binanın yanında yerləşən İddiaçı məxsus qaraj yerləşmə mövqeyinə uyğundur; tikinti altı sahədə cüzi fərq var; qonşu qaraj ilə arakəsmə divar götürülüb birgə istifadə edilir. Eskiz faktiki vəziyyətə uyğun tərtib edildi.

İV. Məhkəmənin mövqeyi

9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2. hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3. bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

10. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən:

2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; - 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. - 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in hüquq və vəzifələrinə aid edilmişdir.

11. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Xətai rayonu X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5.19 nömrəli Qərarına əsasən iddiaçıya Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş 1727-ci keçid) yerləşən 31 nömrəli evin yaxınlığında fərdi qarajların tikintisi üçün sahə ayrılmışdır, həmin qərar əsasında iddiaçı qaraj tikmiş və Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən Xətai rayonu, 2942-B məhəllə N.Tusi küçəsi (1727 keçid) 31 saylı binanın yaxınlığında qarajın yerləşmə cizgisi təsdiq edilmişdir. Hazırda qanunvericilikdə göstərilən normalar əsasında iddiaçı ona ayrılmış sahədə mövcud olan qarajın texniki pasportunun əldə edilməsi hüququna malikdir. İddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh sözügedən qarajın yaşayış binasından olan məsafəsinin 17.5 metr göstərilsə də, faktiki olaraq 42.5 metr olduğundan imtina etmişdir. Halbuki, iddiaçının inzibati orqana müraciəti əsasında, səlahiyyətli nümayəndələr tərəfindən mübahisəli sahəyə baxış keçirilmiş və müayinə (baxış) aktı tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, qaraj yerləşmə mövqeyinə uyğundur. Odur ki, məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi əsasını iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na əsasən: 1.1. Bu Qaydalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-İVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (bundan sonra - ərazi idarələri), onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri, “ASAN xidmət” mərkəzlərindəki və kiçik və orta biznes evlərindəki xidmət bölmələri (bundan sonra xidmət bölmələri) tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir. 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayonu X3 İcraiyyə Komitəsi tərəfindən 24 mart 1991-ci il tarixli, 5/5, 19 saylı qərarından çıxarışa əsasən Əhmədli Yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi (keçmiş 1727 saylı keçid 31 saylı binanın yaxınlığında fərdi qarajın planı və ölçüsü əsasında texniki pasportu İddiaçı adına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

14. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayonu X3 İcraiyyə Komitəsi tərəfindən 24 mart 1991-ci il tarixli, 5/5, 19 saylı qərarından çıxarışa əsasən Əhmədli Yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi (keçmiş 1727 saylı keçid 31 saylı binanın yaxınlığında fərdi qarajın planı və ölçüsü əsasında texniki pasportu İddiaçı adına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar