Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1990/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Muradova (Krpoyan) Culyetta Abrahamovnanın cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçıya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi əsasında nikah haqqında arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1963-cü il tarixdə Ermənistanın Ararat rayonunun Kirov sovxozunda anadan olmuş Muradova (nikahdan əvvəlki soyadı: Krpoyan) Culyetta Abrahamovnanın, nikahının xx.xx.1986-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında arayışın iddiaçıya verilməsi vəzifəsinin Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Muradova (Krpoyan) Culyetta Abrahamovna xx.xx.1963-cü il tarixdə Ermənistanın Ararat rayonunun Kirov sovxozunda doğulmuşdur. Onun doğumu xx.xx.1964-cü il tarixdə Ararat rayon VVAQ Şöbəsi tərəfindən 08 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X19 Davti təxminən 1924-cü ildə Ermənistanın Ararat rayonunun Kirov sovxozunda anadan olub. Anası əvvəllər Ermənistan SSR-nin vətəndaşı olub. X16 Sedraki təxminən 1919-cu ildə Ermənistanın Ararat rayonunun Kirov sovxozunda anadan olub. Atası əvvəllər Ermənistan SSR-nin vətəndaşı olub. İddiaçı orta təhsilini səkkizinci sinifə kimi Ermənistanın Talin rayonunun Davtaşen (Aynalı) kənd orta məktəbində almışdır. Daha sonra təhsilini Ararat rayonunun Kirov kənd məktəbində davam etdirmiş və həmin məktəbin 10-cu sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra təhsilini Ararat rayon Peşə məktəbində davam etdirmiş və orada “təcrübəçi laborant" ixtisasına yiyələnmişdir. 16 yaşı tamam olduqdan sonra Ararat rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. Təxminən 1984-cü ildə Ermənistanın Ararat rayonunda anadan olmuş, xx.xx.1957-ci il təvəllüdlü X13 ilə nikaha daxil olmuşdur. Onların nikahı Ararat rayon Kirov kənd sovetliyi tərəfindən qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra ona ərinin soyadına uyğun olaraq “Muradova“ soyadı verilmişdir. Nikaha daxil olduqdan sonra xx.xx.1985-ci il tarixdə Ararat rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən “Muradova" soyadı ilə İV-CJ1 (SL) seriyalı, 525025 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. xx.xx.1985-ci il tarixdə Ermənistan SSR, Qafan rayonu, M.Tapyan küçəsi, ev 15, mənzil 13 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 1985-ci ildə əri X13 ilə birlikdə daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir. Azərbaycana gəldiyi zaman pasportunu və nikah haqqında şəhadətnaməni özü ilə gətirmədiyi üçün Azərbaycanda yenidən nikaha daxil oldu. Onların nikahı xx.xx.1986-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq onlara 4AZ-İ seriyalı, 262249 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Hazırda sənədləşmə işi ilə bağlı ona nikah haqqında arayış lazımdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı mülahizə təqdim olunmuş və xx.xx.2025-ci il tarixli məktubda iddianın təmin edilməsinə etirazlarının olmadığı, qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqları bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1963-cü il tarixdə Ermənistan SSR Ararat rayonu Kirov sovxozunda doğlulmuşdur. xx.xx.1963-cü il təvəllüdlü Muradova Julyettaya BMT QAK tərəfindən himayə sənədi verilmişdir. BMT QAK tərəfindən verilmiş Himayə sənədindən görünür ki, qeydiyyat qrup nömrəsi (UNHCR X17.) 9xx-xx-3444391, fərdi nömrəsi (UNHCR İndividual İD) 982- **********-dur. Sənəddə iddiaçı vətəndaşlığı olmayan şəxs timi qeyd edilmişdir. Dövlət Miqrasiya Xidməti X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1963-cü il təvəllüdlü Julyetta Muradova (himayə sənədi № ***-*******69) Dövlət Miqrasiya Xidməti tərəfindən 15 fevral 2024-cü il tarixindən 28 fevral 2025-ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Bakı ŞİH-nin yanında Mənzil-tikintisi kooperatovinin idarə heyəti "xxxx" Mənzil- Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətinə əsasən xx.xx.1963-cü ildə Ermənistan SSR-də anadan olmuş X5 1988-ci ildə həyat yoldaşı X13 ilə birlikdə Ermənistan SSR-dən qaçqın kimi gələrək Azərbaycan Respublikasında məskunlaşmış, 1989-cu ildən Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “D” y/s, ev 11, mənzil 4-də yaşayır. Arayışa iddiaçının fotoşəkili əlavə edilməklə "xxxx" MTK-nın möhürü və sədrin imzası ilə təsdiq edilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən onun əvvəllər SSR vətəndaşlığına mənsub olmasını təsdiq edən İV-СЛ 525025 nömrəli sovet pasportunun surəti iddia ərizəsinə əlavə edilmişdir. Pasportda onun adı X6 kimi, doğulduğu tarix və yer isə xx.xx.1963-cü il, Ermənistanın Ararat rayonunun Kirov sovxozu olaraq qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 X12”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 X12”nın 1.14-cü bəndinə görə X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Muradova (Krpoyan) Culyetta Abrahamovnanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciəti Dövlət Miqrasiya Xidmətində qeydə alınmışdır. Muradova (Krpoyan) X4 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ***-*******69 nömrəli himayə sənədi əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Muradova (Krpoyan) Culyetta Abrahamovanın Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Muradova (Krpoyan) Culyetta Abrahamovanın xx.xx.1986-cı ildə Nəsimi rayon qeydiyyat şöbəsində X13 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. xx.xx.2021-ci ildə vəfat etmiş Y.Muradovun ölümü 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirildiyi məlum olmuşdur. Həmçinin bidirilir ki, Muradova (Krpoyan) Culyetta Abrahamovanın ölümü, habelə onun və X11 doğumu, övladları, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmadı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə X9 və X7 doğum haqqında akt qeydləri təqdim olunmuşdur. Hər iki şəxsin akt qeydlərində valideynləri qrafasında X11 və X3 adları göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Arxivi tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna xx.xx.1986-cı il tarixli 26 nömrəli nikahın bağlanması haqqında akt qeydi təqdim olunmuşdur. Həmin akt qeydindən görünür ki, X13 ilə X10 arasında nikah bağlanmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, iddiaçı şəxsiyyət vəsiqəsi olmadan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən arayış əsasında ona nikahının xx.xx.1986-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında arayışın verilməsinə nail olmaq istəyir. İddiaçı hazırkı tələblə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia tələbinin birinci hissəsi (şəxsiyyət vəsiqəsi olmadan himayə sənədi əsasında tələbin təmin edilməsi) ilə bağlı Məhkəmə tərəfindən araşdırılmalı hal ondan ibarətdir ki, şəxsiyyət vəsiqəsi olmadan iddiaçının tələbinin təmin olunmasının mümkün olubolmaması yoxlanılmalı, onun şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilibedilməməsi məsələsinə qiymət verilməlidir. Bu istiqamətdə qiymətləndirmənin aparılması üçün məhkəmə aşağdaki qanunvericilik aktlarına istinad edir. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gəlir ki, həmin Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumat əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Məhkəmə bu mövqedən çıxış edərək hesab edir ki, iddiaçının şəxsiyyət vəsiqəsi olmasa da, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış onun şəxsiyyətini müəyyən etməyə imkan verən sənədlər qismində çıxış edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: 158.1. X2 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X2 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... İddiaçının tələbinin faktiki əsasına gəldikdə isə, Məhkəmə hesab edir ki, iddiaçının nikahı barədə məlumatın mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaçının arayışın verilməsi ilə bağlı müraciətinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa görə:
1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.2. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 3.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; 3.0.2. şəxsi və ailə həyatına dair məlumat (bundan sonra - fərdi məlumat) şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər; 3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər; 3.0.6. informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət; 3.0.7. informasiya sorğusu verən (bundan sonra - sorğucu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs;... 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər: 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 15.2. Əgər sorğuçu fərdi məlumat əldə etmək istəyirsə, sorğunu bilavasitə informasiya sahibinin vəzifəli şəxsinə verir və bu zaman şəxsiyyətini təsdiqləyən sənəd təqdim edir. 15.3. Fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. 18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir. 18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 18.2.1. sorğu anonimdirsə; 18.2.2. sorğu şifahi formada verilmişsə. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 27-1.Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. 38.2. Fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. 38.6. Aşağıdakı şəxslər bu maddədə göstərilən fərdi məlumatlarla tanış olmaq və ya onu əldə etmək hüququna malikdirlər: ... 38.6.6. fiziki şəxslər - özləri barəsindəki informasiyalarla. Yuxarıda qeyd olunan Qanunun müddəalarının hazırkı iş üzrə tətbiqi zamanı müəyyən edilir ki, iddiaçı informasiya sorğusu ilə müraciət edən informasiya sorğusu verən şəxs cavabdeh informasiya sorğusu sahibi kimi çıxış edir. Tələb isə sənədləşdirilmiş informasiyanın verilməsi ilə bağlıdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsində təsbit olunmuş imtina əsasları mövcud olmadan, iddiaçının informasiya sorğusunun təminindən əsassız şəkildə imtina edilmişdir. Qeyd olunan normaya əsasən, informasiyanın verilməsindən yalnız qanunvericiliklə müəyyən edilmiş konkret hallarda imtina edilə bilər. Lakin cavabdeh tərəfindən heç bir inzibati araşdırma və ya icraat başlanmadan, sorğunun rəddinə dair hüquqi mövqe nümayiş etdirilmişdir. Halbuki aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə mərhum X13 arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmış, iddiaçının soyadı həmin nikah nəticəsində dəyişərək Krpoyan soyadından Muradova soyadına dəyişdirilmişdir. Bu hal təkcə nikah akt qeydi ilə deyil, eyni zamanda iddiaçının övladlarının doğum haqqında akt qeydləri ilə də təsdiq olunmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 X12”nın 9.7-ci bəndinə əsasən “...16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər”. Həmin qaydaların 9.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında arayışların verilməsi elektron olmayan təkrar şəhadətnamələrin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Cavabdehin isə, öz səlahiyyətləri daxilində olan bu informasiyanın mövcudluğunu müəyyən etməyə yönəlik hər hansı ilkin araşdırma və ya akt qeydinin axtarışına dair tədbir görmədən, formal izahlarla müraciətə imtina cavabı verməsi, inzibati icraatın formal aparıldığına dəlalət edir. Beləliklə, cavabdehin bu cür formal yanaşması nəticəsində iddiaçının hüquqları və qanuni mənafeləri pozulmuşdur. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hərəkətsizliyi və müvafiq arayışın verilməsindən formal xarakterli imtinası hüquqi cəhətdən əsassız olmuşdur. Belə ki, qanunverici açıq şəkildə arayışın verilməsi şərtləri və qaydasını tənzimləməklə bu məsələnin həlli ilə bağlı iddiaçıya müvafiq hüquqi imkan tanımaqdadır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Muradova (Krpoyan) Culyetta Abrahamovnadan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1963-cü il tarixdə Ermənistanın Ararat rayonunun Kirov sovxozunda anadan olmuş Muradova (nikahdan əvvəlki soyadı: Krpoyan) Culyetta Abrahamovnanın nikahının xx.xx.1986-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında arayışın iddiaçıya verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X15.