Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(112)-19907/2025 24.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyin yenidən qiymətləndirilməsi, ötən dövr üzrə sosial müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyin yenidən qiymətləndirilməsi, ötən dövr üzrə sosial müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə ## ###### 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yenidən əlilliyinin düzgün qiymətləndirilməsi, ötən dövr üçün sosial müavinətin ödənilməsi və dövlət hesabına vəkillə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə, CM-in 234.1-ci maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, 2011-ci il tarixdən sağ qolunun funksiyasının itməsinə görə II qrup əlilliyə görə müavinət almışdır. ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək əlilliyin müddəti alt sistemin məlumat bazasına əsasən müəyyən edilmişdir. Bundan sonra iddiaçı 2021-ci ildə, 2022-ci ildə müavinət alması ilə bağlı müraciətlər etsə də, rədd cavabı almışdır. İddiaçı 2022-ci il tarixdə bədbəxt hadisə nəticəsində sol ayağının bud və diz nahiyəsindən ağır xəsarətlər almış, əməliyyat olunmuşdur. Yenidən müraciətindən sonra Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2025-ci il tarixdə əlilliyi təkrar qiymətləndirilmiş, iddiaçıya orqanizmin funksiyalarının 61-80 % pozulması əvəzinə, 31-60 % pozulmasına uyğun III dərəcə əlillik müəyyən edilmişdir. İddiaçı hazırda buna uyğun 180 manat məbləğində sosial müavinət alır. İddiaçının 2021-2025-ci illər üzrə sosial müavinətinin ödənilməsi haqqında müraciəti ##.##.2025-ci il tarixdə ƏƏSMN DSMFdə baxılmış və imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilmiş, iddiaçı dövlət hesabına vəkillə təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi ona ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixədək əlilliyə görə müavinət təyin edildiyini, növbəti dəfə əlilliyinin ##.##.2025-ci il tarixdə müəyyən edildiyini və 2021-2025-ci illər üçün ona müavinətin ödənilməli olduğunu bildirərək məhkəmədən ötən dövr üzrə sosial müavinətin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Fonda müraciət edərək ona əlilliyinin dayandırıldığı dövrlər, yəni ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə əlilliyə görə sosial müavinətin ödənilməsini xahiş etmişdir. İddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli cavab məktubunda ona ötən dövr üçün müavinətin ödənilməsindən imtina edilmişdir. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminin məlumat bazasına əsasən, iddiaçının əlilliyinin müddəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2016-cı il tarixdən ##.##.2021-ci il tarixinədək müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, ona ümumi xəstəlik səbəbindən II dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyə görə sosial müavinət ##.##.2016-cı il tarixindən qanunvericiliklə müəyyən edilmiş müddətə təyin edilərək ödənilmişdir. Bundan sonra Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2025-ci il tarixindən iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində müddətsiz olaraq ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (III dərəcə) əlillik müəyyən edilmiş və ona həmin tarixdən 180 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilmişdir. Qeyd edilir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir və əlilliyə görə sosial müavinət həmin müddət üçün ödənilir. Belə ki, iddiaçının təkrar əlilliyi Qanunda nəzərdə tutulan 6 ay müddət ötürülməklə müəyyən edildiyindən ona ötən müddət üçün əlilliyə görə sosial müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. ƏSASLANDIRMA HİSSƏSİ Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Həmin Qərarda göstərilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndində o da göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in: -30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. -30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. -37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. -56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. -56.2-ci maddəsinə əsasən, məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrıayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən müxtəlif inzibati orqanların səlahiyyət dairəsinə aid olan və hüquqi təbiəti fərqli tələblər – 1) ona təyin edilmiş III dərəcə əlilliyin II dərəcə əlilliyə (xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması) dəyişdirilməsi; 2) ##.##.2021-##.##.2025-ci il tarixləri arasındakı dövr üzrə ödənilməmiş əlilliyə görə sosial müavinətin ödənilməsi – eyni iddia tələbində birləşdirilmişdir. Halbuki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, bir iddiada yalnız qarşılıqlı əlaqədə olan və eyni hüquqi müdafiə vasitəsi ilə təmin oluna bilən tələblər birləşdirilə bilər. Hazırkı halda tələblər hüquqi təbiətinə, sübut predmetinə və cavabdeh subyektlərin səlahiyyət dairəsinə görə bir-birindən fərqlidir və onların eyni icraat çərçivəsində baxılması iddianın mümkünlük şərtlərinə cavab vermir. Həmçinin tələb düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, hər iki tələb üzrə cavabdeh qismində cavab verməli olan inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu göstərilmişdir. Tələbin birinci hissəsində iddiaçı əlilliyi yenidən qiymətləndirilməklə, ona təyin edilmiş III dərəcə əlilliyin II dərəcə əlilliyə (xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması) dəyişdirilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X2 1.1-ci bəndinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra- Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.7-ci bəndinə əsasən, Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər (1.7-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X2 1.1-ci bəndinə əsasən, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3.1-ci bəndinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək. Göründüyü kimi, əlilliyin müəyyən edilməsi sahəsində səlahiyyətli inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Odur ki, tələb üzrə səlahiyyətli orqan Agentlik olduğundan, iddiaçı hüquqi marağına nail olmaq üçün səlahiyyətli tibb müəssisəsindən yeni qanunvericiliyə uyğun qaydada yeni göndəriş (Forma 88) almaqla, aidiyyəti üzrə Agentliyə müraciət edə, əgər imtina cavabı verilərsə, həmin quruma qarşı inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia qaldıra bilər. Tələbin ikinci hissəsində iddiaçı 2021-ci ildən 2025-ci ilə qədər əlilliyə görə ödənilməli olan sosial ödənişlərin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-yə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək DSMF-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, Sosial Ödənişlərin Təyinatı üzrə X1 Sosial Müdafiə Fondunun strukturuna daxil olan qurum olmaqla, müstəqil qaydada məhkəmədə tərəf və digər şəxs (iştirakçı) qismində bilavasitə təmsil olunan inzibati orqandır. Bu baxımdan, sosial müavinətlərin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisələr üzrə iddia tələbi məhz həmin inzibati orqana qarşı yönəldilməlidir. Hazırkı halda isə iddiaçı tərəfindən tələb birbaşa Dövlət Sosial Müdafiə Fonduna qarşı irəli sürülmüş, lakin mübahisələndirilən inzibati akt və ya hərəkət üzrə səlahiyyətli struktur bölmə düzgün müəyyən edilməmişdir. Odur ki, tələb bu hissədə də iddia mümkün sayılmır. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İstinad olunan Plenum Qərarında həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.) Məhkəmə tərəfindən istinad olunan müddəaların tələblərinə uyğun olaraq iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılması və dəqiqləşdirilməsi təklif edilərək bunun üçün iddiaçıya müddət təyin edilmiş və bununla bağlı iddiaçının cəza çəkdiyi AR ƏN PXnin * saylı Cəzaçəkmə müəssisəsinə məktub göndərilmişdir. Poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub iddiaçıya çatdırılmışdır. Lakin iddiaçı ötən müddət ərzində qeyd olunan çatışmazlıqların aradan qaldırılması və iddianın dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı ərizə təqdim etməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, həm hüquqi yardım məktubunda, həm də hazırkı qərardadın əsaslandırma hissəsində müvafiq hüquq təkliflər verilməklə iddiaçı tərəfə səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-19907/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19907/2025
24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver