Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1994/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı (Cəliabad rayonunda qeydiyyatdadır) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 20.12.1962-ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonu, Uzuntəpə kəndində doğulmuşdur. Hazırda Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmasa da həmin ünvanda yaşayır. O, ailəlidir, hərbi mükəlləfiyyəti var, heç yerdə işləmir, eləcə də cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməmiş, məhkumluğu yoxdur, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməmişdir. Belə ki, iddiaçının “Doğum haqqında şəhadətnamə”si də mövcuddur. O, hazırda Ukrayna Respublikasının vətəndaşıdır. Lakin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyir. Qeyd edir ki, o, Azərbaycan Respublikasının ərazisində doğulmuş, valideynləri də Azərbaycan Respublikasının vətəndaşlarıdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə cavabdeh Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, cavabdeh orqan tərəfindən cavab olaraq bildirilmişdir ki, şəxsin Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Onun məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə iddiaçı vətəndaşlıq mənsubiyyətinin tanınması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə qərar qəbul edilmişdir. Hesab edir ki, DMX iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1962-ci ildə Cəlilabad rayonunda anadan olsa da, sonradan Ukraynaya getmişdir, həmçinin oranın vətəndaşıdır. ”Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa Azərbaycan Respublikasının vətəndaşı hesab olunur. Sözügedən şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixindək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinə səbəb ola bilər ki, o, yuxarıda adı çəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək – 1998-ci il oktyabrın 7-dək – Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-nin vətəndaşlığında olsun) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adı çəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. İşin hallarından da görünür ki, şəxs Ukrayna Respublikasına getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır. Lakin şəxs Azərbaycan Respublikasının ərazisində doğulduğundan o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: AZ-T 165609 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən iddiaçı 27.12.1962-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində doğulmuşdur, X2, anası X3r. İddiaçıya məxsus pasportuna əsasən iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Uzuntəpə kənd inzibati-ərazi darisəsi üzrə Nümayəndəliyinin 12.08.2021-ci il tarixli 725 saylı arayışına əsasən İddiaçı həqiqətən ailə üzvləri: arvadı X5 (1978-ci il təvəllüdlü), oğlu X8 (1997-ci il təvəllüdlü), oğlu X9 (1998-ci il təvəllüdlü) vardır. Uzuntəpə ərazisində yaşamasına baxmayaraq həmin ünvanda qeydiyyatda deyildir. 01.01.2020-ci il tarixdən heç yerdə işləmir. Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Uzuntəpə kənd inzibati-ərazi darisəsi üzrə Nümayəndəliyinin 12.08.2021-ci il tarixli 724 saylı arayışına əsasən İddiaçı ərazisində Uzuntəpə ərazisində yaşamasına baxmayaraq həmin ünvanda qeydiyyatda deyildir. Cavabdeh orqan iddia ərizəsinə etirazi ilə müvafiq sənədlərin surətlərini təqdim etmişdir, o cümlədən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 27 iyul 2021-ci il tarixli qərar, Ukrayna Respublikası vətəndaşlığına dair pasport, rəy sorğularının elektron çıxarışı, iddiaçının Azərbaycan Respublikasının vətəndaş mənsubiyyətinin müəyyənləşdirilməsinə dair ərizəanketi və iddiaçının tərcümeyi halının surətini təqdim etmişdir. İddiaçı tərcümeyi halının surətinə əsasən o, 20.12.1962-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuşdur. 1969-cu ildə Cəlilabad rayonu Uzuntəpə kənd orta məktəbinin 1-ci sinifinə qəbul olmuşdur. 1981-1983-cü illərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Cəlilabad rayon poçtunda işləmiş, 1984-cü ildən isə işləmək üçün Ukrayna Respublikasına getmişdir. 1984-1993-cü illərdə Ukrayna Respublikasında zavodda muzdlu işçi kimi işləmişdir. 1993-cü ildə Azərbaycan Respublikasına SSRİ pasportu ilə gələrək ölkəni tərk etmişdir. 1996-cı ildə ailə qurmuşdur və iki övladı vardır. Hazırda Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayır. X2 10.07.1928-ci ildə Uzuntəpə kəndində anadan olmuş, 1993-cü ildə orada da vəfat etmişdir. X1 03.07.1932-ci ildə Uzuntəpə kəndində anadan olmuş, 2019-cu ildə orada da vəfat etmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş X10 BPQMİ-nin MAPS üzrə 02.11.2021-ci il tarixli arayışına əsasən, İddiaçı 20.12.1962-ci ildə Cəlilabad rayonunda anadan olmuş, 12.12.1983-cü il tarixində Cəlilabad rayonundan qeydiyatdan çıxmışdır. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 27 sentyabr 1998ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur, həmin qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1)bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər...Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (yəni 07.10.1998-ci il tarixədək) yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmalı idi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. İşin faktiki hallarına əsasən iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddənin birinci hissəsinin 2, 3 və 4cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına düşmür. Məhkəmə onu da qeyd edir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etməmişdir, əksinə o, Ukrayna Respublikasının vətəndaşlığını əldə etmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasından qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə iddia tələbi rədd еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1994/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1994/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver