Məhkəmə qərarları › İş №2-1(112)-1994/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1994/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1994/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1 və İddiaçı2 cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı orderin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh 2 saylı MKTB-yə qarşı iddia verərək cavabdehin üzərinə orderin alınıb ona verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun mənzilinin orderini gizlədir və məhkəmələri aldadır. Həmin müəssisədən orderin alınıb, ona verilməsinin təmin edilməsi lazımdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli digər bir qərardadı ilə X1 və X2 (zəruri cəlbetmə), B.Sərdarov adına zavod isə üçüncü şəxs qismində adi qaydada inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (6 və 7-ci bəndlər) Məhkəmə də qeyd olunan müddəaların tələblərinə uyğun olaraq iddiaçının hüquqi marağı nəticə etibarı ilə yaşadığını iddia etdiyi yataqxanın 70 saylı mənzili, özünün dediyi ilə desək üçüncü şəxslərin hazırda istifadədə olan 305 nömrəli mənzilinin son nəticədə adına sənədləşdirilməsi və həmin mənzilin onun sərəncamına verilməsinədir. Lakin, iddiaçılar isə həmin mənzilə verilmiş orderin cavabdeh tərəfindən alınıb ona verilməsi formasında iddia qaldırmışdır ki, məhkəmə iclasında iddianın dəqiqləşdirilməsindən əlavə, məhkəmənin icraatında olan digər bir iş üzrə də onun hüquqi marağının reallaşdırılmasına yönəlmiş formal-hüquqi baxımdan eyni iddia olmasa da, mahiyyət üzrə eyni hüquqi marağa, yəni mənzilin ona verilməsinə söykənən iddiasının olduğunu, eyni məsələ ilə bağlı fərqli icraatın aparılmasının, həmin icraatlar üzrə eyni növ sorğuların verilməsi, başqa sözlə heç bir fərqləndirmə olmadan eyni növ araşdırmanın aparılmasının zəruri olmaması tərəfin diqqətinə çatdırılmışdır. İddiaçılar isə hazırkı iddianı müdafiə etdiyini bildirdiyindən məhkəmə mümkünlük şərtlərinin ödənilməməsi səbəbindən hazırkı iddianın mümkün sayılması əsasının olmadığı qənaətindədir. İlkin olaraq, yuxarıda da qeyd edildiyi kimi Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) icraatında olan 2-1(112)-122/2023 saylı inzibati iş materialı mövcuddur ki, 03 sentyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş həmin iş üzrə kifayət qədər geniş araşdırma aparılır ki, həmin işə baxılması ilə bağlı məhkəmə iclası ilə hazırkı iclasın vaxtını bir-neçə dəqiqə ayırır. Adıçəkilən iş üzrə də iddianın və iddiaçıların çoxsaylı ərizələrinin mahiyyətindən aydın olur ki, iddiaçının həmin iş üzrə hüquqi marağı da məhz mübahisəli mənzillə bağlı olmaqla mənzilin son nəticədə onun adına rəsmiləşdirilməsi, onun istifadə hüquqlarının bərpasına yönəlmişdir. Həmin iş üzrə də məhkəmənin hüquqi yardımına uyğun olaraq iddiaçıların hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir, son nəticədə baxılan iddia iddiaçının hüquqi marağına uyğun olaraq üçüncü şəxslərin istifadəsində olan mənzillə bağlı kirayə müqaviləsinin iddiaçıların adına bağlanılması ilə bağlı olmuşdur. Həmin iş üzrə də ilkin iddia tələbində də orderin verilməsi formasında da tələb olmuşdur ki, həmin tələb iddiaçının sonrakı ərizələrində yenə təkrarlansa da, iddia tələbinə dəqiqləşmə nəticəsində son nəticədə tələb məhz kirayə müqaviləsinin bağlanılması ilə bağlı olmuşdur. Lakin, iddiaçılar həmin icraatın aparılması ilə kifayətlənməmiş, yenidən məhkəməyə eyni mübahisə predmeti barədə iddia vermiş, bu dəfə iddia formal olaraq orderin alınıb ona təhvil verilməsi ilə bağlı olmuşdur. Halbuki, istər iddia tələbinin formal baxımından, istərsə də mahiyyəti üzrə qiymətləndirməsi baxımından mümkünlük əsaslarının mövcudluğundan söhbət gedə bilməz. Formal hüquqi baxımdan ona görə mümkünlük şərtinin ödənilməsindən söhbət gedə bilməz ki, cavabdehin iş materiallarında olan nizamnaməsindən də görünür ki, həmin inzibati orqanın hansısa vətəndaş və ya digər şəxsin əlindən hər hansı bir sənədi alaraq digər bir şəxsə təqdim etməsi qismində səlahiyyəti mövcud olmamışdır. Bu səbəbdən iddianın yazılış baxımdan mümkünlük şərtini ödəməsi məhkəmə hesab edir ki, istisna olunur. Lakin məhkəmə mahiyyət baxımdan da iddiaya qiymət verilməsi qənaətinə gəldiyindən mahiyyət etibarı ilə eyni işin məhkəmənin icraatında uzun müddətdir ki, olduğunu, hazırkı halda hər nə qədər formal baxımdan düzgün olmasa belə hazırkı iddianın da həmin iddiada əlavə tələb qismində qoyula bilmək imkanına iddiaçıların malik olduğunu, həmin iş üzrə icraat zamanı verilmiş onlarla məhkəmə sorğusu və ona cavab məktublarının mövcud olduğunu, həmin iş üzrə yerli baxışın da həyata keçirildiyini tərəfin diqqətinə çatdırmaqla eyni mübahisəli məsələlərin təkrar yoxlanılmasının hazırkı iddia üzrə qiymətləndirilməsi məsələsinə münasibət bildirilməsini təklif etmişdir. İddiaçılar iddia tələbində qeyd olunanları müdafiə etdiyini və cavabdeh tərəfindən orderin alınaraq ona təhvil verilməli olması barədə qərar qəbul edilməsini tələb etmişdir ki, həmin tələb onun hüquqi marağına uyğun olmamışdır. Hüquqi marağına uyğun tələb isə başqa icraatda baxılmaqda olmuşdur. Göründüyü kimi məhkəmə iddiaçıların hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə əlavə icraat qaydasında ehtiyacının olub-olmadığı da nəzərə almış, bu zaman iddiaçıların arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlamış, onların hüquqi marağına uyğun dəqiqləşmənin aparılmasını və işin digər faktiki hallarını, həmçinin digər məhkəmə icraatında baxılan işin mahiyyətini izah etmiş, lakin iddiaçılar işə mahiyyəti üzrə baxılmalı olmasını, mövcudluğu təsdiq edilməmiş, maddi daşıyıcıda hələ ki, məhkəməyə təqdim edilə bilməyən orderin fiziki olaraq alınaraq ona təhvil verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar