Məhkəmə qərarları › İş №2-1(112)-1995/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1995/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1995/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş əlilliyin etibarsız hesab edilməsi barədə qərarın ləğv edilməsi və sosial müavinətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1579/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1579/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı cavabdehin xx.xx.2020-ci tarixli qərarının ləğv edilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona “epilepsiya xəstəliyi, tez-tez təkrarlanan (ayda 5-6 dəfə) generalizə olunmuş qıcolma tutmaları ilə yaddaş zəifliyi” diaqnozu ilə əlilliyə görə ikinci dərəcəli əlillik pensiyası təyin edilmişdir. O, xx.xx.2017-ci il tarixdə həkim əmək ekspert komissiyası tərəfindən tibbisosial ekspertiza müayinəsindən keçdikdən sonra müvafiq rəy çıxarılması yolu ilə ikinci dərəcəli əlil sayılmışdır. Lakin, tibbi-sosial ekspertiza müayinəsindən çıxarışa əsasən növbəti müayinə tarixi xx.xx.2022-ci il tarixə təyin edilməsinə baxmayaraq, heç bir xəbərdarlıq verilmədən ona əlilliyə görə təyin edilmiş əlillik etibarsız hesab edilmişdir. Hesab edir ki, qaydalarla müəyyən edilmiş xx.xx.2022-ci il tarixdən əvvəl, yəni vaxtından əvvəl təkrar tibbi-sosial ekspertiza müayinəsindən keçməli olduğu ilə bağlı heç bir xəbərdarlıq edilmədən və təkrar tibbi-sosial ekspertiza müayinəsindən keçirilmədən ona təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız heab edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, barəsində təyin edilmiş tibbi rəylərdə də, xəstəxanalarda müayinə və müalicədə olduğu öz təsdiqini tapmışdır. O, inzibati aktı qəbul etmiş orqandan həmin inzibati aktın surətinin ona göndərilməsini və eyni zamanda əlilliyin etibarsız hesab edilməsi barədə həmin inzibati aktın ləğv edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, barəsində qəbul edilmiş həmin inzibati aktın cavabdehdən tələb edilməsini xahiş edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, xx xxxxxx 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid xxxxxxx0003 saylı adsızlaşdırılmış göndərişi xx.xx.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 029-2854-1219/5 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilərək, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. İddiaçı adı göndərişləri etibarsız hesab edilmiş siyahıda 668-ci sırada qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundna təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı TSEK müayinələri ilə bağlı sənədlərdən görünür ki, İddiaçı barəsində Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, 4110003AAB17 nömrəli Forma 88 göndərilmiş, göndəriş üçün əsas ümumi xəstəlik qeyd olunmuşdur. Səhiyyə müəsissəsinin İddiaçı aid xxxxxxx0003 saylı adsızlaşdırılmış göndərişi xx.xx.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlilliyin təyin edilməsi barədə qərar verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 029-354-1219/5 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətə baxılaraq bildirilmişdir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Məhkəmə tərəfindən sözügedən məktuba əlavə edilmiş həmin siyahıya baxış keçirilərkən müəyyən edilmişdir, iddiaçının adı göndərişləri etibarsız hesab edilmiş siyahıda 668-ci sırada qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı əlillik vəziyyətini müəyyən edən, “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlilliyin təyin edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının qəbul edilməsinə əsas olmuş sənəd (səhiyyə müəssisəsinin göndərişi) həmin səhiyyə müəssisəsinin məktubuna əsasən etibarsız hesab edildiyindən, cavabdeh tərəfindən əsaslı olaraq iddiaçıya təyin edilmiş əlillik dərəcəsi “Əlillik altsistemi”ndə etibarsız hesab edilmişdir. İddiaçıya əlillik dərəcəsi təyin edilən və etibarsız sayılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbisosial ekspert komissiyaları haqqında» Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin: 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) müəyyən edir; 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.2-ci bəndinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır; 4.8-ci bəndinə əsasən TSEK-də göndərişin forması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir; 4.9-cü bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.9-2-ci bəndinə əsasən qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir; 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır; 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi məhkəmə vasitəsi ilə verilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar