Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1995/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “20 sentyabr 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 20 sentyabr 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1956-cı il tarixdə anadan olmuş, 1973-cü ildə orta məktəbi bitirdikdən sonra 22 avqust 1973-cü il tarixdən 29 aprel 1975-ci il tarixədək Füzuli rayonu, Engeles adına üzümçülük sovxozunda fəhlə işləmişdir. 06 may 1975-ci il tarixdən 15 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 29 iyul 1977-ci il tarixdən 20 iyun 2006-cı il tarixədək Horadiz təsərrüfat hesablı Avtonəqliyyat müəssisində sürücü işləmişdir. Beləliklə onun 01 yanvar 2006-cı il tarixədək 33 ilə yaxın sığorta stajı vardır. Odur ki, 01 yanvar 2006-cı il tarixədək 33 ilə yaxın sığorta stajı olduğuna görə ona 20 sentyabr 2021-ci il tarixdən qanunla nəzərdə tutulmuş qaydada yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona 20 sentyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh müraciətə 04 iyul 2022-ci il tarixli məktubu ilə müxtəlif bəhanələrlə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. Hesab edir ki, cavabdehin ona pensiyanın təyin etməməsi əsassız və qanunsuzdur. Həmin imtina məktubunu 13 iyul 2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 3 il 8 ay sığorta stajı, 3089.02 manat vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 28800 manat pensiya kapitalından azdır. İşin faktiki hallarına əsasən, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi hərbi xidmətdə olmuş, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Engels adına üzümçülük sovxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 3 il 8 ay sığorta stajı, 3089.02 manat pensiya kapitalı mövcuddur. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi (28 il 10 ay 22 gün) "xxxx" MMC-də işləməsi faktı aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığı üçün sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət X4 tərəfindən verilən 67 nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən müəssisənin sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər kitabı və s.) Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən olunmuşdur. Beləliklə İddiaçı işləməsi faktının düzgünlüyünü yoxlamaq cavabdeh orqan tərəfindən mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən həmin sənədlərin üzləşdirilməsinin həyata keçirilə bilməməsi səbəbindən, iddiaçının işləməsi faktını təsdiq edən işə daxilolma, işdən azad edilmə əmrlərinin olmaması, həmçinin xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi olan dövrlərə dair əməkhaqqı cədvəllərinin olmaması həmin dövrlərin sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilmir. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərdə xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Bu qeydlərdən də aydın olduğu kimi, iddiaçı xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda “Sığorta AS”-də onun adına ödənilən məcburi dövlət sığorta haqları göstərilməli, yığılmış pensiya kapitalı əks olunmalı idi. Lakin göstərilən heç bir hal baş verməmiş, iddiaçının adına ödənilən heç bir məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Yuxarıda göstərilən halların iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmasına dair əsaslı şübhələr yaratması səbəbindən həmin dövrlər sığorta stajı kimi nəzərə alına bilməz. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində geydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təqdim etdiyi iddiaya dair etiraza əlavədə göstərmişdir ki, işin hərtərəfli, obyektiv araşdırılması məqsədilə tərəfimizdən Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər Şöbəsinə xx.xx.2022-ci il tarixli **********7 nömrəli sorğu ünvanlanmışdır. Füzuli rayon Vergilər Şöbəsinin xx.xx.2022-ci il tarixli **********82000 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyətini dayandırmışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında qeydə alınan pensiya kapitalı barəsində Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 2022-ci il 13 oktyabr tarixli **********2 nömrəli xidməti məktub ünvanlanmışdır. Fondun **********3 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda həmin məsələ ilə bağlı bildirilmişdir ki, Nazirliyin “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin Sığorta (Monitorinq) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN:**********9) tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda İddiaçı adı sığortaolunan kimi qeyd olunmamış, həmçinin hərhansı sığortaedən tərəfindən vətəndaşın xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə mərkəzi filialının **********1 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən "xxxx" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində **********9 saylı SUN-la və ********** saylı VÖEN-lə (VÖEN alma tarixi xx.xx.2006-cı il) 16 yanvar 2009-cu il tarixdə sığortaedən kimi uçota alınmışdır. MElS-in “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2006-cı il üçün 397,50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmiş, sözügedən il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan İddiaçı (SSN: **********516) dair heç bir məlumat qeyd edilməmişdir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cаvаbdеhin nümayəndəsi T.Hətəmova iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1956-cı ildə Füzuli rayonunda doğulmuşdur.r. İddiaçının İZ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması haqqında məktubunda bildirilmişdir ki, təqdim edilən əmək kitabçasının, hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 3 il 8 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Dövlət X4nın xx.xx.2021 -ci il tarixli arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Horadiz "xxxx" MMC-nin xx.xx.1977-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəiləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılıb. 25 avqust 1973-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı Engeles adına üzümçülük sovxozunda xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək fəhlə, "xxxx" MMC-də xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək sürücü işləmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemində vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i **********, vergi uçotu orqanının adı Füzuli rayon Vergilər şöbəsi, hüquqi ünvanı AZ1900, ünvan 4tisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Füzuli rayon Vergilər şöbəsinin Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filiala ünvanladığı 19.1012022-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC xx.xx.2006-cı il tarixində (VÖEN **********) qeydiyyata alınmışdır. Baza məlumatlarına əsasən 03 noyabr 2010-cu il tarixdən 16 noyabr 2025-ci il tarixədək ərizə ilə müraciət edərək fəaliyyətini dayandırmışdır. "xxxx" MMC (VÖEN **********) fəaliyyət göstərdiyi dövrdə sadələşdirilmiş vergi mükəlləfiyyəti üzrə vergi hesabatlarını və ödənişlərini vaxtində təqdim etmişdir. X1 iddiaçıya ünvanladığı müəssisə arayışına əsasən Füzuli rayon təsərrüfat hesablı Avtonəqliyyat müəssəsində iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı ilə qədər sürücü işləmişdir; Qarabağ döyüşləri zamanı müəssisənin sənədləri yanmışdır; arayış Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmək üçün verilmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının müavinət işinin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. 1975-ci ilin may ayından 1977-ci ilin may ayına qədər hərbi xidmətdə olmuşdur, əmək kitabçasında olan qeydlərə və müəssisə arayışına əsasən xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Engeles adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-də sürücü işləmişdir. Pensiya yaşına çatdığı xx.xx.2021-ci ildən ona yaşa görə sosial müavinət təyin edilmişdir, iddiaçı həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının əmək fəaliyyəti (1992- 2006- ci illər) olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilmişdir:” Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir...İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə;v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olubolmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə;ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti;k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət...Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “ Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 ildən çox sığorta stajı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu, Engeles adına üzümçülük sovxozunda xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək, "xxxx" MMC-də xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi müddətlər (cəmi 30 il 7 ay) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. İddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) xx.xx.1977xx.xx.2006-cı illərdə işlədiyi iddiaçıya məxsus əmək kitabçası və X2 tərəfindən verilən müəssisə arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Belə ki, həmin əmək kitabçasında "xxxx" MMC-də işləməsinə dair qeydlər MMC-nin möhürü ilə təsdiqlənmişdir. Müəssisənin arayışı bunu bir daha təsdiq etmişdir. Digər tərəfdən əmək kitabçasında və əmək fəaliyyətinə dair arayışda mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə cavabdehin iddiaçıya məxsus əməkhaqqı cədvəllərinin olmamasına dair münasibətinə nəzərən qeyd edir ki, X1 arayışından məlum olur ki, müəssisənin sənədləri yanıb məhv olduğundan Dövlət Arxivinə təhvil verilməsi mümkün olmamışdır. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək) əmək fəaliyyətinə dair müəssisənin arayışında, o cümlədən əmək kitabçasında (işə qəbul olma tarixi, işdən azad olma tarixi) olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən xx.xx.1977xx.xx.2006-ci il müddətində işləməməsi, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1995/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1995/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver