Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1995/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin 30 noyabr 2004-cü il tarixli, 86 nömrəli iclas qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin bələdiyyənin inzibati ərazisinin hüdudları daxilində istifadəyə yararsız ərizədən 35000 kv.metr torpaq sahəsi ayrılaraq satılmışdır. Torpağın dəyəri olan 140.000000 manat məbləğində pul vəsaiti noyabr 2005-ci il tarixli ödəniş qəbzi ilə cavabdehə ödənilmişdir.Cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşad İsayev tərəfindən iddiaçı barəsində “Torpaq vergi borcunun ödənilməsi tələbinə dair” 01 iyul 2024-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı qərarın mövcudluğundan Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov tərəfindən həmin şöbəyə dəvət edildikdə, yəni 09 iyul 2024-cü il tarixdə xəbər tutmuşdur. Rəşad İsayevin imzası ilə olan sözügedən qərarın mətnindən isə belə məlum olur ki, həmin qərar Binəqədi qəsəbə bələdiyyəsinin iclas qərarı deyildir, hətta iclas qərarının icrasının təmin edilməsi məqsədi ilə bələdiyyə sədrinin səlahiyyətlərini icra edən şəxs (hazırkı halda Rəşad İsayev) tərəfindən verilmiş qərar da deyildir. Çünki, həmin qərardan Binəqədi qəsəbə bələdiyyəsinin hansı tarixli-nömrəli iclas qərarının icrası məqsədi ilə Rəşad İsayevin bu qərarı verdiyi məlum deyildir. 35000 kv.m torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılıb satılmış olsa da, iddiaçı indiyədək həmin qərarı bələdiyyədən ala bilməyib. Nə də Binəqədi qəsəbə bələdiyyəsi bu torpağın satılmasına dair iclas qərarının və alqı-satqı müqaviləsinin (aktının) indiyədək Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Elektron Kadastrı və Reyestri İnformasiya sisteminə yerləşdirilməsini təmin etməmişdir. Odur ki, həmin İnformasiya sistemində sözügedən 35000 kv.m torpaq sahəsinin iddiaçıya mənsubiyyəti barədə heç bir məlumat aşkar edilmir. Elə bu səbəbdən də mən sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədi, reyestr çıxarışını 20 ildir ki, ala bilmir. 15 may 2024-cü il tarixdə isə “ASAN Xidmət” Mərkəzində Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə etdiyi müraciətlərə cavab olaraq mənə bildirib ki, həmin torpaq sahəsinin iddiaçıya ayrılıb satılması barədə dşınmaz əmlakın elektron kadastrı və reyestri informasiya sisteminə heç bir məlumat yoxdur. Dəfələrlə Binəqədi qəsəbə bələdiyyəsinin rəhbərliyinə müraciət edərək qanunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Həmin torpaq iddiaçıya ayrılana qədər həmin torpaq sahəsində Laçın rayonundan olan 2 məcburi köçkün ailəsi məskunlaşmışdır. Onlar orada özlərinə təsərrüfat qurmuş, xeyli sayda malqara saxlamış, orada ev və yardımçı tikililər tikmişlər. Bu ailələr hazırda da həmin 35000 kv.m torpaq sahəsidə məskunlaşmaqda və ondan istifadə etməkdə davam edirlər. Bu fakt Binəqədi qəsəbə bələdiyyəsinə yaxşı məlumdur və bələdiyyənin rəhbərliyi bilir ki, həmin torpaq sahəsi məcburi köçkünlərin istifadəsində olduğuna görə iddiaçı bu torpaq sahəsindən 2004-cü ildən indiyədək 1 gün də olsun ki, istifadə etməyib. Odur ki, 2004-cü ildən indiyədək 20 il ərzində iddiaçıdan heç vaxt torpaq vergisi ödəməyim tələb edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçıya Binəqədi qəsəbə Bələdiyyəsinin 1450 nömrəli, xx.xx.2004-cü il tarixli Qərarı və sahibkarlıq fəaliyyəti məqsədi ilə torpaq sahəsinin ayrılmasına əsas olan eskiz-sxemi, alqı-satqı aktı, AİT 675819 nömrəli maliyyə qəbzi ilə ona ayrılmış 35000 kv.metr (3,5ha) torpaq sahəsində fəaliyyət göstərəcəyi və Binəqədi qəsəbə Bələdiyyəsinə torpaq sahəsinə görə vergi verəcəyi öhdəliyi olduğu ona bildirilmiş, əks halda ayrılmış torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinə geri təhvil verilməlidir. Keçən müddət ərzində qeyd olunan ərazidə heyvandarlıq və digər fəaliyyət növləri ilə məşğul olan borclu İddiaçı xəbərdarlıqlar edilsə də o, torpaq vergi borcunun ödənilməsindən bilərəkdən yayınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin işirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 bildirmişdir ki, ayrılmış torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı həmin torpaq sahəsini icarəyə verərək gəlir götürür. İddiaçının “məcburi köçkün” adlandırdığı şəxslər məhz həmin torpaq sahəsini icarəyə götürmüş şəxslərdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2004-cü il tarixli, 1450 nömrəli qərara əsasən iddiaçıya Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 35000 kv.metr torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə bağlı iddiaçının alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. İddiaçı ilə cavabdeh arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 08 saylı qərarla iddiaçının cəmi olaraq 18219 manat məbləğində Binəqədi qəsəbə bələdiyyəsinin büdcəsinə torpaq vergi borcunun ödənilməsinə məcbur edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 08 saylı qərar əsasında icraata başlanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Binəqədi qəsəbə Bələdiyyəsinin pul tələbinin məcburi ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi xahiş edir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. İddiaçı qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti buraxmamışdır. Bu səbəbdən iddiaçının əsas tələbi qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri; muxtar respublika vergiləri; yerli vergilər (bələdiyyə vergiləri) (4.1.). Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər (4.4.). Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1- 1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi (8.1). Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir (8.2.). Göründüyü kimi Azərbaycan Respublikasında vergilər dövlət və bələdiyyə vergiləri olmaqla iki yerə ayrılır. Dövlət vergiləri dövlət büdcəsinə, bələdiyyə vergiləri isə müvafiq bələdiyyə orqanının büdcəsinə ödənilir. Bələdiyyə vergilərinin yığılmasına nəzarəti bələdiyyələr həyata keçirir. Vergi Məcəlləsində göstərilmişdir ki, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır (203.1.). Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir (204.). Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır (205). Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir (206.1.). Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir (206.1-1.). Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir (206.2.). Həmin Məcəllənin 206.3-cü maddəsinə əsasən bu Məcəllənin 206.1-ci və 206.1-1ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Sənaye, tikinti, nəqliyyat, Yaşayış fondlarının, rabitə, ticarət-məişət xidməti və həyətyanı sahələrin torpaqları və digər xüsusi təyinatlı torpaqlar vətəndaşların bağ sahələrinin Yaşayış (manatla) tutduğu torpaqlar (manatla) məntəqələri 10000 10000 10000 10000 m²- dək m²- dən yuxarı m²- dək m²-dən yuxarı olduqda olan hissə üçün olduqda olan hissə üçün Bakı şəhəri, habelə onun 10 20 0,6 1,2 qəsəbə və kəndləri Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və 8 16 0,5 1,0 Abşeron rayonunun qəsəbə və kəndləri Digər şəhərlər və rayon 4 8 0,3 0,6 mərkəzləri Rayon tabeliyində olan şəhərlər, 2 4 0,1 0,2 qəsəbələr və kəndlər Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, fiziki şəxslər onların mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri üçün torpaq vergisi ödəməlidirlər. Yəni, həmin torpaq sahəsinin şəxsin mülkiyyətində olubolmamasından asılı olmayaraq həmin sahədən istifadə etdiyinə görə torpaq vergisi ödəməlidir. İddiaçının dəlili ondan ibarətdir ki, həmin torpaq sahəsi bələdiyyə qərarına əsasən ona ayrılsa da, həmin torpaq sahəsini mükiyyətinə keçirmək üçün müvafiq inzibati orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. Həmçinin həmin torpaq sahəsində məcburi köçkünlər məskunlaşdığı üçün sahədən istifadə edə bilmir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçirilib-keçirilməməsi hazırkı mübahisənin mahiyyətinə təsir göstərmir. Belə ki, cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək torpaq sahəsini iddiaçıya ayırmışdır. Hmin sahənin sənədləşdirilməsi ilə bağlı problemlərin yaranması, sahədən istifadəyə görə torpaq vergisinin ödənilməsini istisna etmir. İddiaçı sahəni öz mülkiyyətinə keçirə bilmədiyini müəyyən etdikdən sonra cavabdehə müraciət edərək bələdiyyənin torpaqayırma ilə bağlı qərarının və alqı-satqı aktının ləğv edilməsini tələb edə və torpaq sahəsini geri qaytara bilərdi. Lakin, iddiaçı bunu etməmiş və torpaq sahəsi iddiaçının sahibliyində qalmaqda davam etmişdir. İddiaçı torpaq sahəsi ona ayrılmazdan əvvəl oradan məcburi köçkünlərin istifadə etdiklərini bildirsə də, məhkəmə hesab edir ki, iddiaçı həmin torpaq sahəsini alarkən orada məcburi köçkünlərin məskunlaşdığını bilirdi və ya bilməli idi. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini də əsassız sayır. Vergi Məcəlləsində göstərilmişdir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir (85.4.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdehin xx.xx.2024-cü il tarixli, 08 nömrəli qərarı onun qəbul edildiyi vaxtdan 3 il əvvəlki dövrə aid vergi borcunun hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 nömrəli qərarı onun qəbul edildiyi vaxtdan 03 il əvvəlki dövrə aid İddiaçı hesablanmış vergi borcu istisna olmaqla, qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1995/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1995/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver