Məhkəmə qərarları › İş №2-1(112)-1996/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1996/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1996/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A4 korpusu 13-cü mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 26 saylı mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X3 ilə icraçı "xxxx" MMC arasında Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə inşa edilən çoxmərtəbəli binanın A4 korpusu 13-cü mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 26 saylı mənzilə dair 13 sentyabr 2003-cü il tarixli, 133 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən mənzilin 36278 ABŞ dolları dəyərini satıcı "xxxx" MMC-yə ödəmiş və satıcı tərəfindən qəbz verilmişdir. X3 Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində yerləşən yeni yaşayış binasında A4 korpusu 13-cü mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 26 saylı mənzili İddiaçı satmışdır. Belə ki, 24 avqust 2020-ci il tarixli İlkin alğı-satqı müqaviləsinə əsasən X3 Bakı şəhəri, Atatürk prospekti 3078A məhəllənin şimal hissəsində inşa edilən A4 korpusu 13-cü mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 26 saylı mənzili İddiaçı 130000 (bir yüz otuz min) manata satmışdır. 24 avqust 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən X3 "xxxx" MMC ilə aralarında bağlanmış 13 sentyabr 2003-cü il tarixli müqavilə ilə əldə etdiyi Bakı şəhəri, Atatürk prospekti 3078A məhəllənin şimal hissəsində inşa edilən edilən A4 korpusu 13-cü mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 26 saylı mənzildən imtina etdiyini, mənzilin İddiaçıYaşar oğlunun adına keçirilməsinə və sənədləşdirilməsinə razılıq verdiyini və gələcəkdə bu mənzil ilə əlaqədar heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. X3 müqavilə ilə nəzərdə tutulmuş mənzilin dəyərini tam ödəməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhdəliyi icra edib binanı təhvil vermədiyindən həmin binanın sakinləri, o cümlədən iddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayətlər etmiş və prokurorluq tərəfindən cinayət işi başladılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2015-ci il tarixli 1(101)-340/15 saylı hökmü ilə "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində hökm çıxarılmışdır. X3 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində yerləşən yeni yaşayış binasında A4 korpusu 13-cü mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 26 saylı mənzilin ümumi dəyərini müqavilə üzrə tam ödəmişdir və borcu yoxdur. Eyni zamanda İddiaçı 24 avqust 2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi Bakı şəhəri, Atatürk prospekti 3078A məhəllənin şimal hissəsində inşa edilən A4 korpusu 13-cü mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 26 saylı mənzilin İlkin alğı-satqı müqaviləsində nəzərdə tutulmuş ümumi dəyərini ödəmişdir və onun heç bir borcu yoxdur. İddiaçı DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A4 korpusu 13-cü mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 26 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsi imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş çoxmərtəbəli yaşayış binası 350 saylı, xx.xx.2020 tarixli istismara icazə sənədi əsasında istismara verilmişdir. "xxxx" MMC həmin yaşayış binası üzrə tikinti işlərini yekunlaşdırıb təhvil vermədiyinə görə, həmin binadakı mənzillərin alıcıları birləşib yeni şirkət "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təşkil ediblər. İdarəetmə hal-hazırda "xxxx" MMC-yə məxsusdur. Binanın tikintisinin tamamlanması ilə əlaqədar bütün işlər həmin şirkət tərəfindən öz vəsaitləri hesabına həyata keçirilmişdir. Sakinlər, o cümlədən "xxxx" MMMC binanın su, qaz, işıq və lift problemlərini həll etdikdən sonra mənzilləri təmir edib yaşamağa başlamışlar. İddiaçı hesab edir ki, həmin yaşayış sahəsi üzrə iddiaçının mülkiyyət hüquqlarının tanınması üçün əmlakın "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına ehtiyac yoxdur. Qeyd edilən bina Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmiş, bina sakinlər tərəfindən təsis edilmiş "xxxx" MMC tərəfindən idarə edilir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan mənzilə dair ərizəyə əlavə olunmuş sənədlər X1 adına verilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkət etməyə hüququ çatan digər şəxslər vasitəsilə göndərilən ərazisi əsasında aparılır.

4. "xxxx" MMC ilə X3 arasında bağlanmış 13 sentyabr 2003-cü il tarixli, 133 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yeləşən yeni yaşayış binasında A4 korpusu, 13-cü mərtəbə 3 otaqdan ibarət sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m ibarət olan mənzili X2 təhvil verilmişdir.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İlkin Alqı-satqı müqaviləsinə əsasən satıcı X3 "xxxx" MMC ilə arasında bağlanan xx.xx.2003-cü il tarixli 133 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsinin şimal hissəsi ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında A4 korpusu, mərtəbə 1, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m ibarət olan 3 otaqlı mənzilin alıcı İddiaçı satılması barədə gələcəkdə alqısatqı müqaviləsi bağlanmasına dair razılığa gələrək bu müqavilə bağlamışlar.

6. İş materiallarında olan **********6394 nömrəli Ərizədə qeyd olunmuşdur ki, X3 "xxxx" MMC ilə arasında bağlanan xx.xx.2003-cü il tarixli 133 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsinin şimal hissəsi ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında A4 korpusu, mərtəbə 1, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m ibarət olan 3 otaqlı mənzilin satılmasına etiraz etmir, gələcəkdə bu mənzil ilə əlaqədar heç bir iddiası və tələbi olmayacaqdır.

7. İddiaçı Binəqədi-21 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Maliyyə arayışında bildirilmişdir ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yeləşən yeni yaşayış binasında A4 korpusu, 13-cü mərtəbə 3 otaqdan ibarət sahəsi 138,97 kv.m olan 26 saylı mənzilin müqavilə üzrə heç bir borcu yoxdur.

8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışın verilməsi barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir.

9. İddiaçının nümayəndəsi (vəkili) ərizə ilə (elektron məhkəmə sistemi vasitəsilə) məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

10. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

12. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

13. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

14. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

15. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

16. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

17. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

18. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

19. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

20. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

21. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

22. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

23. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

24. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar