Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1997/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xaiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 18.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 05.11.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə təqdim edərək, ona 18 oktyabr 2012-ci il tarixdən (52 yaşdan) yaşa görə əmək peniyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin isə 05 noyabr 2017-ci ildən hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xaiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, ümumi və güzəştli iş stajı ilə bağlı şərt ödənildiyindən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışları mövcuddur. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun 06.08.1979-23.04.1980-cı il tarixləri arasındakı dövr ərzində “Bakı Şifer və Keramika məlumatları” Kombinatında növbəçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ verən isthsalaların peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəşli iş stajı 12 il 6 aydan az 11 il 9 ay 9 gün (16.07.1982-25.04.1994-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə eyni zamanda, iddiaçının iddia tələbinə dəqiqləşmə verərək Bundan başqa məhkəmə vurğulamağı zəruri hesab edir ki, baxmayaraq ki, iddiaçının ilkin tələbi ona ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur, onun sonradan iddia tələbinə dəqiqləşmə verərək ona 18 oktyabr 2012-ci il tarixdən (52 yaşdan) yaşa görə əmək peniyasının təyin edilməsi ilə bağlı tələbi də inzibati orqana müraciətin mövcudluğu baxımından mümkündür. Belə ki, aydın məsələdir ki, pensiya təyini növündə iddia tələblərinə dair cavabdehə ilkin müraciətin mövcudluğu əhəmiyyət daşıyır. İddiaçının ilkin müraciəti isə iş stajının ətraflı araşdırılaraq güzəştli şərtlərlə pensiya təyin edilməsi formasında yazılmış və cavabdehə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizənin istər nəticə hissəsi, istərsə də təsviri əsaslandırıcı hissəsi onun 52 yaşdan pensiya təyini ilə bağlı müraciətinə dair araşdırmanın inzibati icraat qaydasında aparılmasına, eləcə də hazırkı iddia tələbi ilə məhz 52 yaşdan pensiya təmin edilməsinə əsas verir. Belə ki, cavabdehə müraciət ərizəsinin mahiyyətindən görünür ki, ərizəçi güzəştli iş stajı barədə məlumatları məhkəməyə təqdim etmiş və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 və ya 2 nömrəli siyahısıya istinad etmədən onun güzəştli iş stajına malik olduğunu bildirmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısınin 8.1.2-ci yarımbəndi isə məhz onun iddiasının mümkünlük şərtini ödəyini təsdiq etmişdir. Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin N nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın bazasında formalaşmış, demək olar ki, güzəştli vəzifə və peşələr olduğu kimi yeni siyahıda öz təsbitini tapmışdır. İddiaçının iddia ərizəsində istinad etdiyi 8.1.2-ci yarımbənddə istinad olunan peşə isə məhz N nömrəli Siyahıdan (Kod: 1080A020, İİ hissə
2. Azbest texniki məmulatların istehsalı) olduğu kimi həmin yarımbənddə göstərilmişdir ki, ərizədə qeyd olunan istinad iddiaçının məhz N nömrəli Siyahı üzrə, yəni 52 yaşdan güzəştli şərtlərlə pensiya təyini ilə bağlı iradə ifadəsini sübut edir. Ərizədə hansı yaşdan pensiyanın təyin edilməsinin əks olunmaması, eyni zamanda cavabdehin N nömrəli siyahı üzrə 52 yaşdan iddiaçıya pensiya təyinindən imtina barədə düzgün araşdırma aparılmaması isə iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, ərizənin icraçısı iddiaçının ona müraciətində qeyd etdikləri istiqamətinidə araşdırma aparmağa və bütün istiqamətlər üzrə, o cümlədən N nömrəli siyahı üzrə 52 yaşdan pensiyanın təyin edilib-edilməməsi ilə bağlı halları müəyyən etməyə borclu olmuşdur. Lakin cavabdeh həmin istiqamətdə araşdırma aparmamışdır ki, məhkəmə hesab edir ki, həmin hal iddiaçının pensiya hüququnun reallaşdırılmasına mane kimi çıxış etmir və cavabdehin hansı yaşdan və hansı siyahı üzrə pensiya təyini məsələsinə baxmasından asılı olmayaraq pensiya təyinin imtina etməsi, yəni indiki iş materiallarında olan imtina ərizəsi təkcə iddiaçının dəqiqləşdirilmiş formada olan iddiasından da imtina kimi qiymətləndirilməlidir. Göründüyü kimi iddia mümkün iddiadır. Belə ki, iş materiallarında olan ərizə mahiyyətinə uyğun olaraq iddiaçının 52 yaşdan pensiya təyini ilə bağlı müraciətini də özündə ehtiva edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:
1. İddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması, bununla da onun 01.01.2006-cı il tarixədk güzəştli iş stajının toplanmamasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun işlədiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunmaması əsası ilə imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olmasıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti, hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 1983-cü ildən 26 iyun 1989-cu il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda “avtomatika və telemexanika” ixtisası üzrə təhsil almışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil müddəti ümumi iş stajına daxil edilərkən təhsilin başladığı müddət 01.09.1983-cü il tarixdən nəzərə alınır. Belə ki, sözügedən diplomda təhsil müddətinin başlamasının 1983-cü ildən olduğu göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövrdə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, Məhkəmə iddiaçının təhsil müddətinin 01.09.1983-26.06.1989 dövrü (05 il 09 ay 26 gün) əhatə etdiyi qənaətinə gəlir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı 10.05.1980-ci il tarixdən 10.06.1982-ci il tarixədək hərbi xidmətdən keçmişdir. Beləliklə, iddiaçının 01 il 11 ay 25 gün təşkil edən xidmət illəri onun sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları bildirir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -06.08.1979-cu il tarixdən 23.04.1980-ci il tarixədək Şifer istehsalına 3-cü dərəcəli növbətçi elektrik montyoru; (08 ay 18 gün) -16.07.1982-ci il tarixdə Şifer istehsalına 3 dərəcəli növbətçi elektrik monyoru qəbul edilmiş, 22.11.1982-ci il tarixdə KÖA və A 3 dərəcəli növbətçi elektrik çilingəri keçirilmiş; 20.04.1984-cü il tarixdə KÖA və A 4 dərəcəli elektrik çilingəri verilmiş; 18.04.1985-cü il KÖA və A 5 dərəcəli elektrik çilingəri verilmiş; 04.11.1985-ci il il kontrol ölçü alətləri və avtomatika üzrə 5 dərəcəli çilingər; 31.08.1988-ci il əməyin ödənişinin yeni şərtlərlə keçməsi ilə əlaqədar olaraq kontrol ölçü alətləri və avtomatika üzrə 5 dərəcəli çilingər üzrə tariflənmiş; 10.12.1990-cı il tarixdə çilingər keçirilmiş, 02.06.1993-cü il tarixdə sahə rəisi vəzifəsinə keçirilmiş, 25.04.1994-cü il tarixdə işdən azad edilmiş; (11 il 09 ay 10 gün) -02.05.1994-cü il Bakı asbosement və keramik məmulalar kombinatından köçürülmə qaydasında 3 N sexə 6 dərəcəli radiomexanik qəbul edilmiş; 01.05.1996-cı il tarixdə laboratoriya müdürü vəzifəsinə keçirilmiş; 01.04.1999-cu il tarixdə 3 №-li sexin 6-cı dərəcəli radiomexanik vəzifəsinə keçirilmiş və 05.05.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (05.05.2006-cı il tarixədək -12 il 04 gün; 01.01.2006-cı il tarixədək 11 il 08 ay) -08.05.2006-cı il tarixdən 09.07.2007-ci il tarixədək "xxxx" ASC “X1 Şəbəkəsi” MMC-də baş mühəndisin müavini vəzifəsində; (01 il 02 ay 02 gün) -10.07.2008-ci il tarixdə "xxxx" ASC “X1 Şəbəkəsi” MMC-nin baş mühəndis vəzifəsinə 1 (bir) aylıq sınaq müddətinə təyin edilmiş, 10.05.2016-cı il tarixdə rəis müavini vəzifəsinə keçirilmiş, 02.11.2018-ci il tarixdə İnformasiya texnologiyaları və Rabitə İdarəsinin Rabitə xidmətinə xidmət rəisinin müavini vəzifəsinə təyin edilmiş və hal hazıradək əmək fəaliyyətini davam etdirir. Məhkəmə qanunvericiliyin müddəalarını hərbi biletdə, diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının 16.07.1982-cı ildən 05.05.2006-ci il tarixədək işlədiyi müddət onun təhsil müddəti (01.09.1983-26.06.1989) ilə üst-üstə düşmüşdür. Bu səbədən Məhkəmə, “Əmək pensiyaları haqqında Qanunun” 22.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının razılığı əsasında onun təhsil müddətini nəzərə almamışdır. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı = 26 il 02 ay 29 gün (06.08.1979-23.04.1980; 10.05.1980-10.06.1982; 16.07.1982-25.04.1994; 02.05.1994-01.01.2006) təşkil edir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, doğrudur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddialara baxılan zaman güzəştli arayışın mövcudluğu əhəmiyyət kəsb edir. Məhkəmə araşdırılması zamanı "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, İddiaçı 06 avqust 1979-cu ildən 23 aprel 1980-cı ilə qədər Bakı asbestsement və keramika məmulatları kombinatında elektomontyor (növbətçi elektrik) və 16 iyul 1982-cı ildən 25 aprel 1994-cü ilədək elektroçilingər (növbətçi elektrik çilingər sahə rəis) işləmiş, onun həmin dövrdə tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8.1.2-ci bəndinin “b” yarımbəndinə uyğun gəlmiş (Azbest texniki məmulatların istehsalı üzrə 8.1.2 bəndinin “a” yarımbəndində göstərilən sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan sahə, növbə rəisləri, ustalar və böyük ustalar), həmçinin o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli xə xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 1080A02b – 23187 kod qrupuna aid edilməklə ona güzəştlər müəyyən edilmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı 01.05.2002-01.05.2004-cü il tarxilərdə N nömrəli hərbi hissədə (hərbi hissənin nömrəsi N nömrəli hərbi hissəyə dəyişdirilib) radiomexanik vəzifəsində işləmiş, həmin illərdə ona Azərbaycan Respublikası Nazirlə Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara dənizdə çalışan neftçilərə yaşa görə güzəşli şərlərlə pensiya hüququ verən istehsalatların işlərin peşələrin vəzifələrin və göstəricilərin N nömrəli Siyahısında qeyd edilən 12412000-17541 (daim radiasiya zərərliyi şəraitində işləyən fəhlələr mütəxəssislər və rəhbərlər) kod qrupuna aid edilməklə ona işlədiyi müddətdə güzəştlər şamil edilmişdir.İddiaçı qeyd olunan illərdə işlədiyi zaman Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus gücü 1 KVT-dan və tzliyi 30 Mhs-dən yuxarı UQD (ultraqısa dalğalı) HAYT (həddən artıq yüksək tezlikli) və yüksək səs-küylə müşayiət olunan radiolokasiya sistemlərinin avadanlıqlarının təmiri zamanı radioekranlaşdırıcı kostyumdan istifadə etmişdir.(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin Siyahısı nın 35-ci bəndi (ümumi peşələr) (Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə) Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının həmin dövrlər ərzində işlədiyi sahə rəisi konkret olaraq 1 №-li Siyahıda nəzərdə tutulsa da, elektroçilingər vəzifəsi həmin Siyahının azbest texniki məmulatlar istehsalında nəzərdə tutulmamışdır. Buna baxmayaraq Məhkəmə həmin vəzifənin iddiaçının güzəşlti şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid olduğunu qəbul edir. Belə ki, iddiaçının "xxxx" ASC tərəfindən verilmiş arayışda onun 16.07.1982-ci il tarixdən 25.04.1994-cü il tarixədək işlədiyi vəzifə üzrə icra etdiyi əmək funksiyaları bilavasitə nəzarət-ölçü cihazlarının, avtomatika və kommunikasiyanın təmiri, profilaktikası və xidməti avadanlığın təmiri üzrə ustaların (böyük ustalar) vəzifəsinə aiddir. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”na nəzər yetirdikdə görünür ki, sahə ustaları, ustalar, böyük ustalar istehsalın vaxtında hazırlığını, fəhlələrin və briqadanın yerləşdirilməsini təmin edir, texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, onların pozulması səbəblərini operativ üzə çıxarır və aradan qaldırır; yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak edir. Bundan başqa, buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirir, sahənin yenidən qurulması üçün tamamlanmış işlərin, texnoloji avadanlığın təmiri, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak edir. Əməyin mütərəqqi üsulları və metodlarının tətbiqi, çoxdəzgahlı və çoxaqreqatlı xidməti, attestasiyanı və iş yerlərinin səmərələşdirilməsi və peşələrin əvəz olunmasını təşkil edir. Fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil edir. Məhkəmə diqqətə çatdırır ki, sahə ustaları, ustalar, böyük ustaların anlayışı geniş təsvir olunmuş, onların əmək funksiyaları bilavasitə təmir ilə bağlı olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının 16.07.1982-ci il tarixdən 25.04.1994-cü il tarixədək əmək funksiyaları bilavasitə nəzarət-ölçü cihazlarının, avtomatika və kommunikasiyasının təmiri ilə bağlı olduğundan, həmin vəzifənin funksiyaları vahid sorğu kitabçasına əsasən “böyük ustalar” vəzifəsi üzrə icra olunan əmək funskiyalarına uyğundur. Məhkəmə bir daha vurğulamağı zəruri hesab edir ki, yuxarıda da göstərildiyi kimi, oxşar mübahisələr ilə bağlı Ali Məhkəmənin bir çox qərarlarında “Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər” ifadələri göstərilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının "xxxx" ASC-də 16.07.1982-ci il tarixdən 02.06.1993-cü il tarixədək işlədiyi elektroçilingər vəzifəsi və 02.06.1993-cü il tarixdən 25.04.1993-cü il tarixədək sahə rəisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli xə xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 1080A02b – 23187 kod altında nəzərdə tutulan azbest texniki məmulatlar istehsalının sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan sahə, növbə rəisləri, ustalar və böyük ustalar vəzifəsinə uyğun olduğundan, eyni zamanda onun 01.05.2002-01.05.2004-cü il tarixlərdə N nömrəli hərbi hissədə işlədiyi radiomexanik vəzifəsi 1 №-li Siyahıda 12412000-17541 (daim radiasiya zərərliyi şəraitində işləyən fəhlələr mütəxəssislər və rəhbərlər) kod altında nəzərdə tutulduğundan, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (12 il 09 ay 11 gün) çox təşkil edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Beləliklə, iddiaçıya 18.10.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə səlahiyyətli inzibati orqan öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 05.11.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 05.11.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni 18.10.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 05.11.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov