Məhkəmə qərarları › İş №2-1(112)-1997/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1997/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1997/2023 17.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Bülbülə Bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. Bülbülə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06/22 saylı qərarı ilə İddiaçı 560.25 manat borcun tutularaq «İnzibati icraat haqqında» Qanuna əsasən Yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi üçün İddiaçı istifadəsində olan ünvan 1 ünvanında fərdi yaşayış sahəsinin əmlak və torpaq sahəsinə olan əmlak və torpaq vergisinin, tətbiq edilmiş maliyyə sanksiyasının, müvafiq faizin məcburi qaydada tutularaq Bülbülə Bələdiyyəsinin bank hesabına ödənilməsi qərara alınmışdır.

2. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri Bülbülə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 06/22 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Bülbülə Bələdiyyəsinin 06/22 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə ona 93,60 manat əmlak və torpaq vergisi, 2019-2020-2021-ci illər üzrə 275,40 manat vergi borcu, 91,25 manat faizlər hesablanmış, Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar qanun normaları pozulmaqla qəbul olunduğu üçün ləğv edilməlidir. Belə ki, cavabdeh qərarında xx.xx.2022-ci il tarixli, 06/22 nömrəli inzibati akta və xx.xx.2022- ci il tarixli tədiyyə bildirişinə istinad etmişdir. Həmin akta və tələbnaməyə əsasən ona 2019-2020-2021-ci illər üçün 275,40 manat vergi borcu (əmlak və torpaq vergisi) hesablanmış, habelə 91,25 manat faiz hesablanmışdır. Cari il üçün isə 93,60 manat vergi hesablanmışdır, ümumilikdə 460,25 manat borc hesablanmış və 100 manat da maliyyə sanksiyası tətbiq edilmişdir. 2019-2020-2021-ci illər üzrə bələdiyyə tərəfindən ondan heç bir vergi tələb edilməmişdir, bu barədə rəsmi şəkildə ona nə tələbnamə, nə də bildiriş ünvanlanmamışdır. Bundan əlavə mübahisələndirilən qərarda istinad edilən 08/22 nömrəli xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, ona məxsus 300,00 kv metr yaşayış sahəsi, 0,03 ha torpaq sahəsi vardır. Mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətində olan yaşayış sahəsi 77,3 kv.metrdən ibarətdir, mülkiyyətində torpaq sahəsi isə ümumiyyətlə yoxdur. O, mülkiyyətində olan 77,3 kv metrdən ibarət yaşayış sahəsinin 30 kv. metr hissəsi çıxıldıqdan sonra qalan 47, 3 kv. metr hissəsi üzrə əmlak vergisi ödəyicisidir, lakin heç bir halda 300 kv. metr yaşayış sahəsi üzrə əmlak vergisinin ödəyicisi deyil. Onun mülkiyyətində, icarəsində və ya digər əsaslarla istifadəsində torpaq sahəsi də yoxdur ki, o, torpaq sahəsinin vergi ödəyicisi olsun. Digər tərəfdən, onun iştirakı qərar qəbul edilən zaman təmin edilməmiş, bununla da onun müdafiə hüququ pozulmuşdur, qərarda ondan şikayət etmə qaydası, müddəti, hara şikayət verə biləcəyi göstərilməmiş, o nə inzibati işin materialları ilə tanış edilmiş, nə də icraat ilə bağlı məlumat hüququ təmin edilmişdir. Eyni zamanda barəsində qəbul edilmiş inzibati akt əsaslandırılmamış, onun mülkiyyətində 300 kv. metr torpaq sahəsinin olması və 300 kv. metr yaşayış sahəsinin olması göstərilsə də, həmin ölçülərin nəyə əsasən müəyyən edilməsi göstərilməmişdir.

4. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. lll. Məhkəmənin mövqeyi

7. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir.

8. Belə ki, iddia mümkün iddiadır. Çünki hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçı inzibati orqan tərəfindən onun barəsində qəbul olunmuş əlverişsiz inzibati aktı mübahisələndirir, deməli, İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddia müddəti isə məhkəmə tərəfindən bərpa edilmişdir.

9. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.1995-ci il tarixli müqavilədən görünür ki, X6 Bakı şəhəri, Dzerjınski qəsəbəsi, 1-ci zavod döngəsi, 2 saylı evin 1 otaqlı 16 kv.m yaşayış sahəsi olan 1 saylı mənzilini X1.

10. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 1133 saylı sərəncamından görünür ki, sahəsi 77,27 kv.metr olan 5 yaşayış otağından, sahəsi 25 kv.metr olan köməkçi otaqlardan ibarət Əmircan qəsəbəsi, 2-ci Zavod döngəsi küçəsi, 2 nömrəli evin 1 saylı mənzilinin istifadə etdiyi 209,12 kv.metr həyətyanı torpaq sahəsinin X2 istifadəsində saxlanılması və rəsmiləşdirilməsi qərara alınmışdır.

11. 09.10.1999-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X5 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 105,7 kv.metr, yaşayış sahəsi 77,3 kv.metr olan 5 otaqdan ibarət yaşayış evini oğlu İddiaçı bağışlamışdır.

12. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 022463 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Dzerjınski qəsəbəsi, 1-ci zavod döngəsi, 2 saylı evin yaşayış sahəsi 77,3 kv.metr olan 5 (beş) otaqlı 1 saylı mənzilinə İddiaçı mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır.

13. 1 saylı evin 18 avqust 1999-cu il tarixli texniki pasportundan görünür ki, mübahisəli ünvanda yerləşən yaşayış sahəsindən “A” tikilisinin 1-ci mərtəbəsi 90,0 kv.m, 2-ci mərtəbəsi 65,7 kv.m, B tikilisi 15 kv.m, həyətyanı sahə 209,1 kv.m olmuşdur.

14. İşdə olan Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 08/22 nömrəli, 20 iyun 2022ci il tarixli inzibati aktında göstərilmişdir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, döngə 2, ev 1 ünvanında olan fərdi yaşayış sahəsinin xüsusi mülkiyyətçisi xx.xx.1966-cı il təvəllüdlü (şəxsiyyət vəsiqəsinin seriyası AZE ********; FİN xxxxxxx) İddiaçı istifadəsindədir. Ona məxsus 300.00 kv.m yaşayış sahəsi, 0.03 torpaq sahəsi vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 200.1-ci maddələrinə əsasən yerli əmlak və torpaq vergisinə cəlb edilməsi ilə bağlı həmin əmlak və torpaq sahələrinə ümumilikdə 460.25 manat (dörd yüz altmış manat, iyirmi beş qəpik) məbləğində hesablanmış xx.xx.2022-ci il tarixli **********5919 nömrəli tədiyyə bildirişi verilməsinə baxmayaraq ötən illərə və cari ilə olan əmlak və torpaq borcunu Bələdiyyənin yerli büdcəsinə ödəməkdən və mülkiyyətinə aid olan sənədləri təqdim etməkdən yayınır. Həmin aktla Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 10 (on) gün müddətində fiziki şəxs əmlak və torpaq vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiyi təqdirdə, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiqlənmiş "Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.11-ci bəndinə və "İnzibatı İcraat haqqında" Azərbaycan Respublikası Qanuna əsasən, müvafiq sanksiya tədbirləri tətbiq edilməsi qərar alınmış və aktın surəti İddiaçı ünvanına göndərilmişdir.

15. İşdə olan xx.xx.2022-ci il tarixli, **********5919 seriya nömrəli tədiyyə bildirişinə əsasən İddiaçı (YVÖK – yerli vergi ödəyicisinin kodu: 19011xxxxxxx, ünvanı: Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, döngə 2, ev 1) 2022-ci il üçün 91.8 manat əmlak vergisi, 1.8 manat torpaq vergisi, 275.4 manat ötən dövrlər üzrə vergi borcu, 91.25 manat faiz məbləği olmaqla ümumilikdə 460.25 manat yerli (bələdiyyə) vergiləri üzrə borc hesablanmışdır. Vergi ödəyicisinə vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1% məbləğində faizin tutulacağı və maliyyə sanksiyasının tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. Bələdiyyə Büdcəsinə yerli vergilər, ödənişlər, faiz və maliyyə sanksiyası yaranmış borcların ödənilməsi barədə xx.xx.2022-ci il tarixli tələbnamə ilə vergi qanunvericiliyini pozmuş fiziki şəxs İddiaçı (YVOK 19011xxxxxxx, ünvanı: ünvan 3ahəsi) ona xx.xx.2022-ci il tarixə hesablanmış 560.25 manat borc məbləğinin 5 gün müddətində bələdiyyənin büdcəsinə ödənilməsi tələb edilmişdir.

17. İşdə olan Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün “İnzibati icraat haqqında” Qanunun 2,7,81.1, 81.5, 82.1, 82.2, 83 və 87-ci maddələrinə əsasən İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə 06/22 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vergi qanunvericiliyini pozmuş İddiaçı qeyri-yaşayış sahəsinə və ya mənzilə (yaşayış) görə əmlak və torpaq üzrə 93.60 manat, ötən dövrlər üzrə vergi borcu üzrə (2019-2020-2021) 275.40 manat, faiz üzrə 91.25 manat, VM-57.2 maddəsi üzrə maliyyə sanksiyası 100.00 manat olmaqla, cəmi 560.25 manat borcun tutulması qərara alınmışdır.

18. İddiaçı hazırda bu qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərdən əmlak vergisi; yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aid edilir.

19. Fiziki şəxslərə torpaq və əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir.

20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0-ci maddəsinə görə vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). -8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergis; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; -8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. -196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. - 197.1-ci maddəsinə görə aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. - 198.1-ci maddəsinə görə fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Bakı – 0,4 - 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. - 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. - 203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. -205-ci maddəsinə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -206.3-cü maddəsinə əsasən vu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri, 10000 m²- dək olduqda- 10 manat. -207.1-ci maddəsinə əsasən aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 207.1.3. fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar; -208.1-ci maddəsinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. -208.2-ci maddəsinə görə torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. -208.3-cü maddəsinə görə müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. -208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

21. Sadalanan normalardan göründüyü kimi əmlak və torpaq vergisinin bələdiyyələrin ərazi vahidlərinə, torpaq sahələrinin təyinatına uyğun olaraq müvafiq dərəcələr üzrə hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir.

22. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin tutulması bildiriş, yəni bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında həyata keçirilir.

23. Tədiyə bildirişinin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır və Vergi Məcəlləsinin 5-ci maddəsindən görünür ki, bu, elə həmin Məcəllədə nəzərdə tutulan bildirişi ehtiva edir.

24. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə isə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

25. Həmin Məcəllənin 84.0-cı maddəsinə görə vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir: 84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı; 84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 84.0.3. bildirişin tarixi; 84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri; 84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği; 84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri; 84.0.7. verginin ödənildiyi yer və üsul; 84.0.8. verginin hesablanmasına əsas olmuş hallar; 84.0.9. şikayət etmə qaydası.

26. İşdən görünür ki, iddiaçıdan 2019-2021ci illər üçün torpaq və əmlak vergisi üzrə borcların və həmin borcun vaxtında ödənilməməsi ilə bağlı faizlərin ödənilməsi tələb edilsə də, cavabdeh orqan tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinin, eləcə də borcun ödənilməsinə dair xəbərdarlıq məktubunun iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.

27. Halbuki Vergi Məcəlləsinin 70.1-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

28. Eyni zamanda iddiaçıdan 2019-2020-2021-ci illər üçün 275,4 manat məbləğində əmlak və torpaq vergisi borcu tələb edilsə də, cavabdeh 2019-2021-ci illəri əhatə edən borclar ilə bağlı tədiyə bildirişini ümumiləşdirərək xx.xx.2022-ci il tarixli tədiyə bildirişi tərtib etmişdir. Halbuki, qanunvericilik tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verilməsini, cari il üçün verginin məbləğinin bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsini təsbit etmişdir. Göründüyü kimi, inzibati orqan hər cari il üçün ayrı-ayrılıqda torpaq vergisi ilə bağlı borcun ödənilməsi barədə tədiyyə bildirişlərini göndərməmiş, bunu təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir.

29. O da qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli tədiyyə bildirişində iddiaçının 2022-ci il üzrə 93.6 manat vergi borcunun 46.8 manat hissəsinin xx.xx.2022-ci il tarixədək, 46.8 manat hisəsinin isə xx.xx.2022-ci il tarixədək ödənilmə müddəti olduğu göstərilmiş, lakin cavabdeh iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərarda İddiaçı 2022-ci il üzrə də 93.6 manat vergi borcunu ödəmədiyinə istinad edərək həmin məbləğin də tutulması barədə qərar qəbul etmişdir.

30. Bunadan başqa, işin yuxarıda qeyd olunan hallarından görünür ki, hüquqmüəyyənedici və texniki sənədlərə əsasən iddiaçının istifadəsində 209,112 kv.metr həyətyanı torpaq sahəsi, yaşayış və köməkçi sahələrlə birlikdə 171 kv.metr fərdi yaşayış evi mövcud olsa da, cavabdeh iddiaçıya əmlak və torpaq vergisini 300 kv.metr yaşayış sahəsi və 0,03 ha torpaq sahəsinə əsasən hesablamış, bu zaman yalnız iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın faktiki sahəsinin həmin ölçüdə olmasına istinad etmişdir.

31. Halbuki yuxarıda istinad olunan qanunvericilik normalarından görünür ki, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərdən tutulur, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları torpaq vergisinə cəlb edilmir.

32. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

33. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində 2019-2021-ci illər üzrə vergi öhdəliklərinin tələb edilməsi ilə bağlı inzibati icraat düzgün aparılmadığından, mübahisələndirilən qərarın qəbul edilməsi zamanı isə yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş mübahisələndirilən qərar iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, mübahisələndirilən bələdiyyə qərarı ləğv edilməlidir.

35. Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Bülbülə Bələdiyyəsi tərəfindən qəbul edilmiş 06/22 nömrəli, xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar