Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1998/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının əvvəlki vaxtdan təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının əvvəlki vaxtdan təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı mərhum əri X7 29 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. İddiaçıya 2006-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki ona pensiya təyin olunarkən ailə başçısını itirməyə görə əmək pensiyası alacağı bildirilmişdir. Çox təəssüf ki, ona ailə başçısını itirməyə görə əmək pensiyası alacağı izah olunsa da, yaşa görə əmək pensiyası təyin olunmuşdur. 2019-cu ilədək yaşa görə əmək pensiyası alsa da, mərhum ərim X3 təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası aldığını zənn edirdi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. Qanuna edilmiş dəyişiklik ona məlum olduqdan sonra pensiyasının mərhum ərim X3 təminat xərcliyinin 80 faizi miqdarında olmadığını görüb DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin müraciət əsasında 18 sentyabr 2019-cu il tarixdə ona mərhum əri X3 təminat xərcliyinin 80 faizi – 675,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Ona yanlış məlumat verildiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası 2006-cı ildə təyin edilməli olduğu halda, 18 sentyabr 2019-cu il tarixdə təyin edilmişdir. Halbuki, ona 2006-cı il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi bildirilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək ona ailə başçısını itirməyə görə 2006-cı il tarixdən mərhum ərim X3 təminat xərcliyinin 35 faizi miqdarında, 1 iyul 2017-ci il tarixdən isə təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilməsini və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Lalin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi müraciəti təmin etməkdən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 30-cu maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının arvadının həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşma çatmışdırsa ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği həmin Qanunun 13.3cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayma bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qanunun 20.17.2-ci maddəsinə əsasən həmin Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin (əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)) əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanuna dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunun 87-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasım nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Beləliklə də, göstərilən qanunvericilik normalarına əsasən, «Əmək pensiyaları haqqında» Qanuna dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklər nəzərə alınmaqla iddiaçıya münasibətdə tətbiq edilməli və ailə başçısını itirməyə görə 2006-cı il tarixdən mərhum əri X3 təminat xərcliyinin 35 faizi miqdarında, 1 iyul 2017-ci il tarixdən isə təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilməli və yaranmış pensiya fərqi birdəfəlik ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 38, 71-ci maddələrinə, İPM-in 2.1, 34.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya 2006-cı ildən mərhum əri X3 təminat xərcliyinin 35 faizi miqdarında, 1 iyul 2017-ci il tarixdən isə təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə pensiya təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehg DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı 23 iyun 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, mərhum əri X3 29 noyabr 2000-ci il tarixdə vəfat etdiyini bildirmiş və ona 2006-cı ildən yaşa görə əmək pensiyası, 18 sentyabr 2019-cu ildən isə ailə başçısını itirməyə görə mərhum əri X3 təminat xərcliyinin 80 faizi – 675,20 manat məbləğində pensiya təyin edilmişdir. Halbuki, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ 2006-cı il tarixdə yaranmışdır. Hazırda İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 2006-cı il tarixdən mərhum əri X3 təminat xərcliyinin 35 faizi miqdarında, 1 iyul 2017-ci il tarixdən isə təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsini tələb edir. İddiaya etiraz olunur. Belə ki, İddiaçı 19 avqust 2019-cu il tarixdə Mərkəzi Filiala ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, Mərkəzi Filialın sorğusuna əsasən DSMF Yevlax şəhər şöbəsinin 17 sentyabr 2019-cu il tarixli **********4 nömrəli məktubunda ona yaşa görə əmək pensiyası ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. 1 sentyabr 2019-cu il tarixdən Mərkəzi Filial tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə mərhum əri X4 təminat xərcliyinin (844 manat) 80 faizi – 675,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 14-cü maddəsinin tələblərinə görə DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının imtinası əsaslıdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq və İPM-in 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdi olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: (4.1.1) yaşa görə əmək pensiyası; (4.1.2) əlilliyə görə əmək pensiyası; (4.1.3) ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: - (14.1.2) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, DSMF Yevlax rayon şöbəsi tərəfindən hazırkı İddiaçı 28 mart 2007-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun əri X7 29 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. İddiaçı 19 avqust 2019-cu il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş və Mərkəzi Filial tərəfindən tərəfindən ona təyin edilmiş əmək pensiyasının növü dəyişdirilərək mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun 2006-cı ildən yarandığını əsas gətirərək, həmin pensiyanın 2006-cı ildən 1 iyul 2017-ci il tarixədək mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında, 1 iyul 2017-ci il tarixdən 2019-cu ilin avqust ayınadək həmin təminat xərcliyinin 80 faizi miqdarında hesablanaraq ödənilməsini cavabdehdən xahiş etmişdir. lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 20.1 və 20.1.13-cü maddələrinə görə bu Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslərə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.17-ci maddəsinə əsasən bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (Qanunun 20.17.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyadakı tələblərinə görə) hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanununun (bu Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minir) 1-ci maddəsinin 1.76-cı bəndi ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6-cı bəndinə görə: - (6.1) Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34cü maddəsinə uyğun olaraq aparılır; - (6.2) Pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı «Əmək pensiyaları haqqında» Qanunda nəzərdə tutulan ailə başçısını itirməyə görə əmək pensiyası hüququ 2006-cı ildən yaransa da, həmin hüquq onun iradəsindən asılı olaraq, 2019-cu ilin avqust ayından sonra həyata keçirilmişdir. Həmin dövrədək ona yaşa görə əmək pensiyası təyuin edildiyindən, 2019-cu ilin avqust ayında müraciəti əsasında başlanmış inzbati icraat «Əmək pensiyaları haqqında» Qanunun müddəalarına uyğun olaraq əmək pensiyasının növünün dəyişdirilməsi formasında müraciət edilən aydan sonrakı ayın 1-dən tətbiq edilir. Məhkəmənin qənaətinə görə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının 2019cu ildən əvvəlki dövr üzrə ərinin təminat xərcliyinin müvafiq tarixlərdə məbləğləri miqdarında təyin edilərək hesablanıb ödənilməsi «Əmək pensiyaları haqqında» Qanunun 5.3, 34-cü maddələrinin və «İnzibati icraat haqqında» Qanunun 16, 24-cü maddələrinin tələblərinə zidd sayılır. Odur ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtnası qanuna uyğundur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının əvvəlki vaxtdan təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının əvvəlki vaxtdan təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1998/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1998/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver