Məhkəmə qərarları › İş №2-1(112)-2/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5, X2, X7) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, MTK ilə onun arasında bağlanmış müqavilələrə əsasən mənzillər və qeyri-yaşayış sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, ödəniş edilmiş, həmin daşınmaz əmlaklarla bağlı cavabdehə hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciət edilmişdir. Lakin, cavabdeh heç bir əsaslı səbəb olmadan müraciətin təminindən qanunsuz və əsassız olaraq imtina etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. X5 üçüncü şəxs qismində qoşulma barədə ərizə təqdim edərək qərarın 950 kv.m hissədə qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə təmin edilmiş, qərar qismən- 1250 kv.m qeyriyaşayış sahəsinə dair iddiaçının adına qeydiyyatın aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə icraat dayandırılmışdır, növbəti məhkəmə qərardadı ilə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflər fikirləri dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Müqavilələrdən görünür ki, Bakı ş, Yasamal r, Şərifzadə küç, 571-ci məhəllə ünvanında yerləşən yaşayış binasında mənzillər və 1250 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı və MTK arasında müqavilə bağlanılmış, əmlaklar iddiaçının istifadəsinə verilmişdir. Arayışlardan görünür ki, həmin əmlaklara dair ödənişlər MTK-ya ödənilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. 14 fevral 2015-ci il tarixli çıxarışdan görünür ki, 1119,8 kv.m qeyri-yaşayış sahəsi məhkəmə qərarı əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. 28 oktyabr 2016-cı il tarixli çıxarışdan görünür ki, 1119,8 kv.m qeyri-yaşayış sahəsi iddiaçı ilə bağlanılmış alqı-satqı müqaviləsi əsasında X1 adına dövlət qeydiyyatına alınmışdır. 01 fevral 2018-ci il tarixli çıxarışdan görünür ki, 1119,8 kv.m qeyri-yaşayış sahəsi A.Abdullayevlə bağlanılmış alqı-satqı müqaviləsi əsasında X4 adına dövlət qeydiyyatına alınmışdır. Ali Məhkəmənin 26 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə X3 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilmiş, onunla bağlanılmış müqavilə və arayış isə həmin qətnamə ilə etibarsız hesab edilmiş, ilkin iddia təmin edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ilə şikayət təmin edilməmişdir. Ali Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbinə aid hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində qərar qanuni qüvvəsini almışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Məhkəmə iddianın mümkünlüyü ilə bağlı inzibati prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesab edir ki, qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair iddiaçının adına qeydiyyatın aparılmasına dair iddia mümkünlük şərtlərini ödəmir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı mənzillər və hazırkı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatınına aparılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edərək iddianın təmin edilməsi qərara alınmışdır. Lakin, həmin yekun məhkəmə aktına dair verilmiş üçüncü şəxs qoşulma barədə ərizə təmin edilərkən həmin yekun məhkəmə aktı tam yox, bir hissədə- qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatına alınması hisəssində ləğv edilmişdir ki, məhkəmə hesab edir ki, həmin hissədə də hazırkı iş üzrə yekun nəticəyə gəlinməsi yeganə iş üzrə iki yekun məhkəmə aktının qəbul edilməsi kimi inzibati prosessual qanunvericilikdə yol verilməsi mümkün olmayan halın baş verməsi ilə nəticələnəcəkdir. Məhkəmə hesab edir ki, yekun məhkəmə qərarının mahiyyəti onunla bağlıdır ki, işin aid olduğu məhkəmə tərəfindən iddia tələblərinə dair yekun nəticəyə gəlinmiş olsun. Lakin, hazırkı halda isə məhkəmə tərəfindən növbəti məhkəmə qərarının qəbul edilməsi iddia tələblərinin bir hissəsinə dair 2014-cü il tarixli məhkəmə qərarının, iddia tələbinin digər hissəsinə isə 2024-cü il tarixli yekun məhkəmə qərarının qəbul edilməsi kimi anlaşılmaz halın mövcudluğuna səbəb olar ki, məhkəmə hesab edir ki, hər tələblə bağlı yekun məhkəmə qərarının olması kimi halın mövcudluğu inzibati prosessual qanunvericiliyin, ümumiyyətlə prosessual qanunvericiliyin tələbləri baxımından yol verilməz hesab edilməlidir. Belə ki, yekun məhkəmə aktında “yekun” ifadəsinin anlayışına zidd olan növbəti məhkəmə aktının qəbuluna əsas olacaq iddianın mümkünlüyü istisna kimi qəbul edilməlidir. Həmin istisna eyni zamanda, iddiaçının çatmaq istədiyi hüquqi nəticəyə digər vasitə ilə də çatmasının mümkünlüyü baxımından da qiymətləndirilməlidir. Belə ki, hazırkı iş üzrə 2 yekun məhkəmə aktının qəbul edilməsi əvəzinə, iddiaçı yenidən mülkiyyət hüquqlarına dair dövlət qeydiyyatının aparılması barədə və ya mövcud olmuş qeydin bərpası barədə iddia tələbi ilə müraciət edə bilər ki, həmin iş üzrə yekun nəticə iddiaçının hüquqi marağına uyğun prosessual hüquq müdafiə vasitəsidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, alqı-satqı müqavilələri əsasında ünvan 2 ünvanda yerləşən 1119,8 kv.m qeyri-yaşayış sahəsinə dair üçüncü şəxslər X2, X4 adına aparılmış mülkiyyət hüquqlarına dair qeydə toxunulmadan, hazırda məhkəmə qərarı əsasında İddiaçı adına 14 fevral 2015-ci il tarixdə aparılmış qeyd həmin hissədə iddia tələbi üzrə iddia mümkün sayılmadığından AR İPM-nin 1.2-ci maddəsi və MPM-nin 236-1-ci maddəsinin tələbləri baxımından ləğv edilməlidir. Belə ki, AR İPM-nin prosessual prinsiplərinə zidd olmayan icraya dönüşlə bağlı MPM-nin 236-1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə qərarı icra edilmişdirsə və iş yenidən baxıldıqdan sonra iddianın təmini ilə əlaqədar olmayan nəticəyə gəlinmişdirsə icraya dönüş edilmə barədə məhkəmə tədbirlər görməlidir. Hazırkı işdən də görünür ki, məhkəmə qətnaməsi icra edilərək əmlaka dair iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmış, həmin əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə məhkəmə qərarı ləğv edilmişdir ki, bu isə o deməkdir ki, İddiaçı adına aparılmış mülkiyyət hüququna dair 14 fevral 2015-ci il tarixdə aparılmış qeyd ləğv edilməlidir. Bu zaman, nəzərə alınmalıdır ki, əmlaka hüquqların sonrakı dövriyyəsi, yəni alqı-satqı müqavilələri əsasında üçüncü şəxslərin adına aparılmış qeydlər isə mülki icraat qaydasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə vicdanlı alıcı və müqavilələrin etibarlılıq məsələlərinə qiymət verilmədiyindən hazırkı mərhələdə öz qüvvəsini saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. ünvan 2 ünvanda yerləşən 1119,8 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair 14 fevral 2015-ci il tarixdə aparılmış qeydin ləğv edilməsi cavabdehə həvalə edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar