Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-20/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın nümayəndəsi X2 iştirakı ilə İddiaçı məhdud məsiliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “maliyyə sanksiyasının hesablanmasının və silinməsinin qanunsuz hesab edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş İdarəsi tərəfindən qanunsuz və əsasssız olaraq tətbiq edilən maliyyə sanksiyaları və onların tətbiq edilməsinə səbəb olmuş akt və qərarların ləğv edilməsi, qanunsuz olaraq hesabdan silinmiş 45509 manat pul vəsaitinin, Vergilər Nazirliyi tərəfindən tutulmuş 47570.38 manat pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2018-ci il tarixdə 2017-ci ilin 3-cü rübü üzrə MDSS haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılması) görə 7404,41 manat, 2017-ci ilin 4-cü rübü üzrə xx.xx.2018-ci il tarixdə və 2018-ci ilin birinci rübü üzrə xx.xx.2018-ci il tarixdə eyni əsasla, müvafiq olaraq 15361,47 manat və 17484,26 manat, xx.xx.2018-ci il tarixdə guya MDSS ilə əlaqədar hesabat və maliyyə sənədlərinin təqdim edilməməsi əsası ilə 2018-ci ilin 2-ci rübü üzrə hesablanmış 25894,22 manat rüblük hesablanmış haqqın 10 faizi həcmində, 2589,42 manat, 2018-ci ilin 3-cü rübü üzrə hesablanmış 26674,22 manatın 10 faizi həcmində 2667,42 manat, cəmi 45509 manat cəmiyyətə maliyyə sanksiyaları tətbiq edilmişdir. Maliyyə sanksiyalarına səbəb olmuş aktın və qərarın surəti isə bu günədək onlara təqdim edilməmişdir. Eyni zamanda 2018-ci ilin 3cü rübündə həmin əsas üzrə DSMF tərəfindən 5149,90 manat bank hesabından silinmiş, xx.xx.2018- ci il tarixdə isə 40872.50 (manat pul vəsaitinin silinməsi barədə yeni sərəncam qoymuşdur. İddiaçı MMC-yə tətbiq edilən maliyyə sanksiyaları qanunsuz və əsassızdır. İddiaçı MMC hesabat dövrü ərzində hesabatı və hesablanmış əmək ödənişi və gəlir növləri barədə maliyyə hesabatını qanunvericiliyə uyğun surətdə DSMF-yə təqdim etmiş, bu günədək məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsi (sosial sığorta haqqının azaldılması) hallarına yol verməmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Məhkəmə qərardadında aşağıdakılar müəyyən edilmişdir: -məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu 01 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. -“Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 9-1.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC-nin sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsinə xx.xx.2019-cu il tarixə (ödəmə tarixi xx.xx.2018-ci il olmaqla) sosial sığorta üzrə 17.942,21 manat əsas, 35.852,03 manat penya məbləği saldo ilə keçmişdir. -Cavabdeh orqan iddiaya dair etirazında bildirmişdir ki, qanunvericiliyin tələblərini rəhbər tutaraq, (AR Vergi Məcəlləsi, AR “Sosial sığorta haqqında" Qanunu, “Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları) qeyd olunan borc məbləğləri ilə əlaqədar vergi ödəyicisinin bank hesablarına xx.xx.2019-cu il tarixdə sərəncamlar göndərilmiş və bank hesablarına qoyulmuş sərəncamlar sosial sığorta üzrə borcu olmadığı üçün xx.xx.2019-cu il tarixdə geri çağırılmışdır. Habelə iddiaçı "xxxx" MMC-nin silinməsini tələb etdiyi maliyyə sanksiyasının hesablanması qaydası barədə məlumatın və hesablama üçün əsas olan sənədlərin surətlərinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli müraciətə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, fondun elektron məlumat bazasında olan məlumatlara əsasən "xxxx" MMC-nin 2017-ci ilin İİİ rübü üçün 59.235,27 manat, İV rübü üçün 61,445,89 manat və 2018-ci ilin İ rübü üçün isə 69.937,01 manat vergi orqanları ilə Dövlət Sosial Müdafiə Fondu arasında fərq yaranmışdır. Belə ki, cəmiyyət göstərilən müddətlər uçun vergi orqanlarına muzdlu işlə əlaqədar gəlir mənbəyindən tutulan vergi ilə əlaqədar hesabat təqdim etmiş, lakin DSMF orqanına müvafiq X4ı təqdim etməmişdir. Yaranmış fərqlərin aradan qaldırılması üçün cəmiyyətə 2017-ci ilin 21 dekabr, 2018-ci ilin 27 mart və 04 iyul tarixlərində hesabat məlumatlarında olan uyğunsuzluqların aradan qaldırılması barədə müraciət elektron qaydada göndərilmişdir. Həmin müraciətdə göstərilən fərqlərin 5 (beş) iş günü ərzində aradan qaldırılması və dürüstləşdirilmiş hesabatların təqdim olunması təklif edilmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi bildirilmişdir. Cəmiyyət göstərilən müddətdə dürüstləşdirilmiş hesabatları təqdim etməmişdir. Bununla əlaqədar cəmiyyətə qanuna uyğun olaraq, 2017-ci ilin İİİ rübü üçün 14.808,82 manat məcburi dövlət sosial sığorta haqqı və buna müvafiq olaraq 50 faiz həcmində, yəni 7.404,41 manat maliyyə sanksiyası, 2017-ci ilin İV rübü üçün 15.361,47 manat məcburi dövlət sosiai sığorta haqqı və 100 faiz həcmində, yəni 15.361,47 manat maliyyə sanksiyası, 2018-cı ilin İ rübü üçün isə 14.484, 26 manat məcburi dövlət sosial sığorta haqqı və 100 faiz həcmində, yəni 14.484, 26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə cəmiyyət 2018-ci ilin İİ və İİİ rübləri üçün X4ını da vaxtında təqdim etməmişdir. Belə ki, cəmiyyət tərəfindən hesabatlar xx.xx.2018-ci il tarixində elektron qaydada göndərilmişdir. Cəmiyyətə X4ı vaxtında təqdim etmədiyi üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının 10 faizi miqdarında, yəni 2018-ci ilin İİ rübü üçün 25.894,22 manat dövlət sosial sığorta haqqına 2.589,42 manat, İİİ rüb üçün isə 26.674,22 manat məcburi dövlət sosial sığorta haqqına 2.667,42 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Cəmiyyət sonradan xx.xx.2018-ci il tarixdə elektron qaydada vergi orqanı ilə fərq yaranmış X4ını təqdim etmişdir. Hesabatlar təqdim edildikdənsonra cəmiyyətin şəxsi vərəqəsindən kameral qaydada bərpa edilmiş 47.654,55 manat məcburi dövlət sosial sığorta haqqı azaldılmışdır. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş cədvələ əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlara əsasən 2018-ci il 01 oktyabr tarixinə sığortaedənin Dövlət Sosial Müdafiə Fonduna 0111 fəaliyyət kodu üçün 65.596,76 manat məcburi dövlət sosial sığorta haqqı üzrə, 35.852,03 manat maliyyə sanksiyası (o cümlədən penya) üzrə, ümumilikdə 101.448,79 manat borcu yaranmışdır. -“Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 6.1.1-ci bəndinə əsasən sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Həmin qaydaların 8.4-cü bəndinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərini vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. Həmin qaydaların 8.7-ci bəndinə əsasən sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlər gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. -Hazırki işdən görünür ki, İddiaçı MMC-nin ləğv edilməsini tələb etdiyi maliyyə sanksiyaları cavabdeh vergi orqanı tərəfindən tətbiq olunmuş, geri qaytarılmasını tələb etdiyi silinmiş pul vəsaitləri isə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə onun şəxsi hesab vərəqəsinə DSMF orqanı tərəfindən saldoya işlənmiş məbləğ olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinə uyğun müvafiq sənədləri təkcə cavabdeh inzibati orqandan deyil, 3-cü şəxs qismində işə cəlb olunmuş DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından tələb etməli və iş üzrə zəruri məhkəmə araşdırmasını sonadək aparmalı idi.
7. Həmin qərardaddan verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.
8. Təkrar məhkəmə baxışı zamanı məhkəmənin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 45509 manat məbləğində borcun yaranmasının əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surətinin tələb edilməsinə dair sorğusuna cavab olaraq bildirilmişdir ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu 01 yanvar 2019cu il tarixdən etibarən Azərbaycan Respublikasının vergi orqanlarına həvalə edilmişdir. Göründüyü kimi vergi orqanı 01 yanvar 2019-cu il tarixdən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının və hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Belə olan təqdirdə əvvəlki dövrlər (mübahisələndirilən dövrlər 2017-2018) üzrə hesablamalar vergi orqanı tərəfindən aparılmadığından tələb olunan sənədlərin təqdim edilməsi mümkün deyildir.
9. Təkrar məhkəmə baxışı zamanı məhkəmənin üçüncü şəxs Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialına 45509 manat məbləğində borcun yaranmasının əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surətinin tələb edilməsinə dair sorğusuna cavab olaraq bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (Bundan sonra - MEİS) “Sığorta” (Hesabat)” altsistemində “X4”da İddiaçı MMC-nin 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 65.596,76 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 35.852,03 manat olmaqla ümumilikdə 101.448,79 manat Fonda borcu qalmışdır. İddiaçı ”Mühafizə-MN” MMC-nin şəxsi vərəqəsində Fondun ləğv olunmuş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi tərəfindən MEİS-in “Sığorta (Hesabat)” alt sistemində “X4”da 2017-ci ilin 3-cü, 4-cü və 2018-ci ilin 1-ci rübləri üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlərin gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə məlumatlar aşağıdakı cədvəldə qeyd edilmişdir:
İddiaçı MMC-nin 2017-ci ilin 3 və 4-cü və 2018-ci ilin 1-ci rübləri üzrə m.d.s.s haqqı bərpa edilməklə tətbiq edilmiş maliyyə sanksiyaları barədə məlumatlar
Tətbiq edilmiş maliyyə m.d.s.s haqqı bərpa edilmiş sanksiyaları (manatla) Dövr Rüb məbləğ (manatla)
1 2017 3 14808,82 7404,41 (50%) 2 2017 4 15361,47 15361,47 (100%) 3 2018 1 17484,26 17484,26 (100%) Cəmi: 47654,55 40250,14
Göründüyü kimi, 47.654,55 manat məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə 40.250,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin iddiaçı ”Mühafizə-MN” MMC-nin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərini vaxtında təqdim etməməsinə ğorə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində yəni 2018-ci ilin 2-ci rübü üzrə 2589.42 manat (25894,22x10%=2589,42) 2018-ci ilin 3-cü rübü üzrə isə 2667.42 manat (26674,22x10%=2667,42) maliyyə sanksiyası tətbiq edilmişdir. Məlumat üçün bildiririk ki, həmin dövrdə qüvvədə olan Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 8-ci maddəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyət növləri nəzərdə tutulmuşdur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərini vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda isə qırx dörd manat miqdarında maliyyə sanksiyası tətbiq olunur. Həmin qaydaların 8.7-ci bəndinə əsasən sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlərin gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. İddiaçı MMC tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığı üçün Fondun ləğv edilmiş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi kameral yoxlama zamanı aşkar edilmiş 47.654,55 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və tətbiq olunmuş 40.250,14 manat maliyyə sanksiyası, hesabat və maliyyə sənədlərini vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində 2018-ci ilin 2-ci rübü üzrə 2589.42 manat, 2018-ci ilin 3-cü rübü üzrə isə 2667.42 manat maliyyə sanksiyaları iddiaçı “Mühafizə-MN" MMC-nin 2017-ci ilin 3-cü, 4-cü və 2018-ci ilin 1-ci, 2-ci və 3-cü rüb (Forma B1) hesabatına daxil edilmişdir. İddiaçı ”Mühafizə-MN” MMC kameral qaydada məcburi dövlət sosial sığorta haqqı üzrə bərpa olunmuş 47.654.55 manat məcburi dövlət sosial sığorta haqqı barədə dəqiqləşdirilmiş hesabat vermiş, nəticədə həmin məbləğ 28 noyabr 2018-ci il tarixdə Fondun ləğv olunmuş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi tərəfindən MEİS-in “Sığorta (Hesabat)” alt sistemində “X4’da silinmişdir. Tətbiq olunmuş 40.250,14 manat maliyyə sanksiyaları isə şəxsi hesab vərəqəsində qalmışdır. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Bu qanunun həmin dövrdə qüvvədə olan 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faiz məbləğində penya hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu (penya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin 10-cu hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (penya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, maliyyə sanksiyasının və ya onun vaxtında ödənilmədiyi halda dəbbə pulunun (penyanın) faizlə məbləği qanunvericiliklə dəqiq (sabit dərəcədə) müəyyən edilmişdirsə həmin məbləğ məhkəmələr tərəfindən azaldıla bilməz.
10. Üçüncü şəxs tərəfindən sığortaedənlər altsistemindən çıxarışa, MDSS haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə görə 2017-ci ilin İİİ rübü üçün hesabat məbləğinin 50%-ni təşkil edən 7404,41 manat məbləğində, 2017-ci ilin İV rübü üçün hesabat məbləğinin 100%-ni təşkil edən 15361,47 manat məbləğində, 2018-ci ilin İ rübü üçün hesabat məbləğinin 100%-ni təşkil edən 17484, 26 manat olmaqla qeyd edilən dövr üzrə cəmi 40250 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
11. İddiaçı tərəfindən iddia tələbi 2017-ci ilin İİİ və İV rübü, eləcə də 2018-ci ilin İ rübü üzrə tətbiq edilmiş maliyyə sanksiyasının hesablanmasının və silinməsinin qanunsuz hesab edilməsi və qeyri-qanuni silinmiş cəmi 40250 manat vəsaitin geri qaytarılması qaytarılması kimi dəyişdirilmişdir.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirildi ki, qeyd edilən dövrlər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqları sığortaedən (iddiaçı) tərəfindən ödənilmişdir, yəni həmin dövr üzrə sığortaedənin MDSS haqları üzrə borcu yoxdur, lakin həmin hal hesablanmış maliyyə sanksiyasının silinməsi üçün əsas ola bilməz.
İİ. İddianın növü və mümkünlüyü
15. Hazırkı iddia 2017-ci ilin İİİ və İV rübü, eləcə də 2018-ci ilin İ rübü üzrə tətbiq edilmiş maliyyə sanksiyasının hesablanmasının və silinməsinin qanunsuz hesab edilməsi hissəsində müəyyən etmə və tanında növündə iddia, qeyri-qanuni silinmiş cəmi 40250 manat vəsaitin geri qaytarılması qaytarılması hissəsində öhdəliyin icrasına dair iddiadır.
16. Məhkəmə İPM-in 52-ci maddəsinə əsasən, tələbin öhdəliyin icrasına dair iddia hissəsini “maliyyə sanksiyasının tətbiqi nəticəsində silinmiş cəmi 40250 manat vəsaitin şəxsi hesab vərəqəsinə bərpası” kimi nəzərdən keçirir.
17. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
18. Məhkəmənin tələbinə əsasən mübahisələndirilən dövr maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olmuş qərarın təqdim edilməsi məqsədilə məhkəmə iclası dəfələrlə təxirə salınmış, həmin qərarın qəbul edilmədiyi müəyyən edilmişdir.
19. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
20. İş materiallarından görünür ki, qeyd edilən dövr (2017-ci ilin İİİ və İV rübləri, 2018-ci ilin İ rübü) üzrə sığortaedənin 47654,55 manat məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə həmin məbləğə 40250,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
21. Qeyd edilən dövr üzrə bərpa edilmiş 47654,55 manat məcburi dövlət sosial sığorta haqqı iddiaçı tərəfindən ödənməsinə dair tərəflər arasında mübahisə yoxdur. Mübahisə maliyyə sanksiyasının tətbiq edilməsi və şəxsi vərəqədən silinməsi ilə bağlıdır.
22. “Sosial sığorta haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 21-ci maddəsinə (Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları) əsasən Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər: ...sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə;
23. Maliyyə sanksiyası tətbiq edilərkən qüvvədə olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına əsasən: 7.15. DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. 8.7. Sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlər gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. 9.21. Müzakirələrdə sığortaedən tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları təsdiq olunduqdan sonra DSMF orqanının qərarı (Əlavə №16) əsasında sığortaedənə tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi, habelə aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə tələbnamə (Əlavə №17) göndərilir. DSMF orqanının qərarının surəti və tələbnamə sığortaedənə və ya onun nümayəndəsinə qərarın çıxarıldığı vaxtdan 3 iş günündən gec olmayaraq verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. DSMF orqanının qərarının surəti və tələbnaməsi sığortaedənin və ya onun nümayəndəsi tərəfindən bilərəkdən qəbul edilmirsə, bu sənədlər onların sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab olunur. X5 №16 olaraq Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında Qərarın nümunəsi təsdiq edilmişdir.
24. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
25. Beləliklə, sığorta edənə maliyyə sanksiyasının tətbiqi inzibati aktın qeyd edilən xüsusiyyətlərinə malikdir.
26. “İnzibati icraat haqqında” Qanundan: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;
27. Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, maliyyə sanksiyasının tətbiqi “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən yazılı inzibati aktın qəbulu yolu ilə şərtləndiyi halda, müvafiq inzibati akt qəbul edilməmişdir. Belə ki, digər növ hakimiyyət tədbiri formasında inzibati aktlar qanunda nəzərdə tutulmuş (“İnzibati icraat haqqında” Qanunun 57.3 və 57.5-ci maddələri), yazılı inzibati akt olmadan inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hərəkətlər qanuni hesab edilə bilməz.
28. Hazırkı işin hallarına uyğun olaraq maliyyə sanksiyasının tətbiqi inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkre) məsələni nizama salmaq məqsədilə iddiaçı qurum üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin maliyyə sanksiyası faktiki hərəkətlərlə həyata keçirilmişdir.
29. Məhkəmənin qeyd edilən qənaəti həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02№-li qərardadadına əsaslanır.
30. Həmin qərardadda ifadə edilən mövqeyə əsasən:
37. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyriiradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür.
50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.
31. Beləliklə, məhkəmə hesab edir ki, maliyyə sanksiyasının tətbiqinə dair həmin faktiki xarakterli hərəkət “dürüstləşdirmə” kimi qiymətləndirilə bilməz, belə ki, inzibati orqanın mütləq iradəsini əks etdiri. Odur ki, yazılı inzibati aktın qəbulu formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır.
32. Təsadüfi deyildir ki, Vergi Məcəlləsinin 57-ci maddəsinə (Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları) əsasən maliyyə sanksiyası vergi orqanının rəhbərinin (onun müavininin) qərarı ilə tətbiq edilir.
33. Digər tərəfdən məhkəmə qeyd edir ki, məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyalarını müəyyən edən “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsi 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir.
34. 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 9-1-ci maddə əlavə edilmişdir. 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
35. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
36. Odur ki, qeyd edilən həcmdə və həmin maddəyə əsaslanan maliyyə sanksiyasının tətbiqi əsası hazırda mövcud deyildir.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə görə İddiaçı MMC barəsində 2017-ci ilin İİİ və İV rübü, eləcə də 2018-ci ilin İ rübü üzrə tətbiq edilmiş maliyyə sanksiyasının hesablanması və silinməsi qanunsuz hesab edilsin, maliyyə sanksiyasının tətbiqi nəticəsində silinmiş cəmi 40250 manat vəsait İddiaçı MMC-nin şəxsi vərəqəsinə bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva