Məhkəmə qərarları › İş №2-1(112)-20/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-20/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-20/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX, ******* № li, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106ş saylı, 0,1025 ha bağ sahəsi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. İddiaçı “Novxanı-Pirşağı-Sahil yolu avotomobil yolunun yenidən qurulması” layihəsi ilə bağlı mülkiyyətində olan torpaq sahəsinin yolun altına düşən 0,0175 ha hissəsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair icarə müqaviləsinin müddəti bitmişdir. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106 ş nömrəli bağ torpaq sahəsinin 0,0175 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin yolun altına düşdüyünə görə ona 30.000 manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, bağ sahəsi 01 iyun 2005-ci il tarixdə 35014 saylı müqaviləyə əsasən onun istifadəsinə verilmişdir. Hazırda həmin bağ sahəsi onun mülkiyyətindədir. Həmin bağ torpaq sahəsinin 0,0175 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin yolun altına düşmüşdür. 1 saylı Ərazi İdarəsi bağı mülkiyyətinə verərkən torpaq sahəsinin 1 sotunun hazırkı bazar qiymətini 10000 manat dəyərində qiymətləndirmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bu tip işlərdə alan orqan qismində Agentlik tərəfindən avtomobil yolunun tikintisi ilə bağlı işlər həyata keçirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq alınmanın təsiri altına düşən torpağın kimə məxsusluğunu müəyyən etmək məqsədilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə və ya onun aidiyyəti qurumuna müraciət edilir. Komitənin müvafiq qurumunda olan göstəricilər əsasında və baza məlumatlarında torpağın mövcud mülkiyyətçisi və ya sahibi barədə məlumatlar müəyyən edilməklə alan orqana məlumat verilir. Həmin məlumatlar əsasında alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiyanın ödənişi alan orqan tərəfindən həyata keçirilir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Agentliyə ünvanladığı müvafiq məktubunda qeyd olunmuşdur ki, iddiaçının adına daşınmaz əmlak aşkar edilməmiş və həmçinin “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində iddiaçıya məxsus daşınmaz əmlakın tikinti sahəsinə düşməsi təsdiq olunmamışdır. İş materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçının kompensasiya tələbinə görə istinad etdiyi Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi keçmiş X1 və İstismarı Birliyinə aid əraziyə aidiyyəti yoxdur və iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsi dövlət torpağıdır. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüffatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri ləğv edilərək onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması qərara alınmışdır. İddiaçının iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsinin planı və təsviri hazırlanmamış, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməmiş və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. İddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmiş, ona məxsusluğu və ya hər hansı hüquqi bağlılığı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməmiş, beləliklə, iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Mülki və Torpaq Məcəllələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcüd deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106ş saylı, 0,1025 ha bağ sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh tərəfindən Novxanı-Pirşağı-Sahil yolu avotomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində mübahisəli ərazidən yol çəkilmişdir. İddiaçı iddia edir ki, mülkiyyətində olan torpaq sahəsinin 0,0175 ha hissəsi yolun altına düşdüyündən həmin hissəyə cavabdeh ona 30000 manat kompensasiya ödəməlidir. Cavabdeh isə həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sənəd təqdim etməməsinə, təqdim edilən bağların icarə müqaviləsinin müddətinin bitməsinə istinad edərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur Belə ki, cavabdeh iddiaçının torpaq sahəsinə dair hüququnu mübahisələndirsə də, iş materiallarına əlavə edilmiş dövlət reyestrindən verilmiş çıxarışdan müəyyən edilir ki, mübahisəli ərazidə yerləşən 0,1025 ha bağ sahəsi iddiaçının mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi üçün ilk növbədə iddiaçının dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı alınmanın təsirinə məruz qalan şəxs olub-olmaması müəyyən edilməlidir. İddiaçının təqdim etdiyi çıxarışdan müəyyən edilir ki, imülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,1025 ha-dır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, “...1106ş saylı bağ kimi 1025,0 kv.m sahə **********58 reyestr nömrəsi ilə iddiaçının adına qeydiyyatdan keçmişdir (məhkəmə qərarı və X1 və İstismarı Birliyinin 35014 nömrəli xx.xx.2005-ci il tarixli müqaviləsi əsasında). Vətəndaşın nümayəndəsi 1106ş saylı bağ sahəsinin ilkin sənədinin 1200,0 kv.m olduğunu əsas gətirərək əskik qalan 175,0 kv.m sahənin müəyyənləşdirilməsini istəyir. İddia olunan 175,0 kv.m sahənin faktiki 32.0 kv.m hissəsi yol və yolun səki hissəsinə düşür. Qalan 143,0 kv.m hissəsindən isə yolun işıqlandırılması üçün quraşdırılmış elektrik dirəklərinə gedən yeraltı elektrik xətləri keçir (faktiki həmin hissə çınqıl daşlarla doldurulub). Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunur”. Görünüyü kimi, iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsi mülkiyyət hüququna dair sənədə əsasən onun mülkiyyətində deyildir. Rəydən göründüyü kimi, 175,0 kv.m sahənin faktiki 32.0 kv.m hissəsi yol və yolun səki hissəsinə düşür. Qalan 143,0 kv.m hissəsindən isə yolun işıqlandırılması üçün quraşdırılmış elektrik dirəklərinə gedən yeraltı elektrik xətləri keçir. Yuxarıda sadalanan normalardan göründüyü kimi, alınmanın təsirinə məruz qalan şəxs dedikdə - torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Baxılan işdə iddiaçı mülkiyyətində və eyni zamanda faktiki istifadəsində olmayan torpaq sahəsinə görə kompensasiya tələb edir ki, istinad edilən normalara görə, iddiaçı alınmanın təsirinə məruz qalan şəxs heab edilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar