Məhkəmə qərarları › İş №2-1(112)-200/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-200/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-200/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “şəhid adının və şəhid ailə statusunun verilməsi üçün arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, oğlu X6 “Şəhid” və ailəsinə “Şəhid ailə”si statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, doğma torpağı Qarabağ uğrunda erməni düşmənləri ilə vuruşanda oğlu- xx xxxxxx 1982-ci ildə anadan olmuş X9, xx xxx 2002-ci ildə Fizuli rayonun mühafizəsi zamanı N saylı hərbi hissədə xidmət etmiş, döyüş tapşırığını yerinə yetirərkən faciəli surətdə güllə yarasından dünyasını dəyişmişdir. Qeyd edilənlərə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz edərək, bildirmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun normaları əsasında, iddiaçının mərhum oğlu E.O.Qasımovun ölümü ilə əlaqədar, ona şəhid statusunun verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən oğluna şəhid və ailəsinə şəhid ailəsi statusunun verilməsi üçün arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidr. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx xxxxxx 2018-ci il tarixli, Q/409 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılan araşdırmaya görə, mərhum övladı X9 N saylı hərbi hissədə hərbi xidmət keçərkən döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı yox, xx.xx.2002-ci il tarixdə əsgər yoldaşı X2 təhlükəsizlik qaydalarını pozması səbəbindən avtomat silahdan açılan atəş nəticəsində həlak olmuşdur. Mərhum X6 şəhid adının verilməsi mövcüd qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı şikayət məktubu əsasında müəyyən edilmişdir ki, mərhum X1 Nazirliyinin döyüş şəraitində yerləşən N nömrəli hərbi hissədə xidmət keçərkən xx xxx 2002-ci il tarixdə əsgər yoldaşı Cabir Məmmədovun avtomat silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində aldığı xəsarətlərdən hadisə yerində həlak olmuşdur. Mərhum E.O.Qasımov döyüş şəraitində yerləşən hərbi hissədə döyüş tapşırığı ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirdiyi zaman güllə yarasından həlak olduğuna və onun hərəkətlərində nizamnamə qaydalarının pozulması hallarının və cinayət əməlinin olmadığına görə şəhid hesab edilməlidir. Bununla əlaqədar mərhumun şəhid hesab edilməsi haqqında müvafiq arayışın verilməsi üçün tərəflərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə müraciət olunmuşdur. Bu barədə müraciətin müəllifinə xx.xx.2018-ci il tarixli, 1/Q-10376 nömrəli məktubla məlumat verilmişdir. (həmin məktubun surəti iş materiallarına əlavə olunmuşdur) -Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx xxxxxx 2018-ci il tarixli, HP-7/153 saylı məktubundan görünür ki, iddiaçı Əfruz Qasımovnanın müraciətinə cavab olaraq bildirilmişdir ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarda təsdiq olunur. Odur ki, mərhum oğlunuz Elsevər Qasımova şəhid statusunun verilməsi barədə olan müraciətlərə baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Xidmət tərəfindən olduğunuz E.Qasımov barəsində qəbul ediləcək qərarla razılaşmadığınız halda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 14.0.8-ci maddəsinə əsasən həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. - Azərbaycan Respublikası ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxx 2002-ci il tarixdə döş qəfəsinin və sağ saidin dəlib keçən güllə yarası səbəbi ilə vəfat etmişdir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun Qaradağ rayon Hərbi Komissarına ünvanlanmış xx xxxxxx 2002-ci il tarixli məktubdan qeyd olunmuşdur ki, xx xxx 2002-ci il tarixdə saat 15:N radələrində N saylı hərbi hissənin 2-ci motoatıcı taborun kiçik çavuşu X4 3-cü manqanın ərazisində olduğu vaxt əsgər X7 istifadəsindəki qundağı alt hissəyə qatlanan avtomat silahında iki ədəd avtomatik ötürücü (caxmaq saxlayan) olduğunu bildirmişdir. C.Məmmədov istifadəsində olan AKMS markalı XC-1317 saylı avtomat silahda da iki ədəd avtomatik ötürücü olduğunu yoxlamaq üçün silahın lülə qutusunu çıxarmış, silahla davranış qaydalarını pozaraq darağı silahın üzərindən çıxarmamış sürgü qolunu çəkib buraxmış darağı silahın üzərində olmasına və patron yuvasına patron keçməsinə fikir verməmiş, tətiyi çəkmiş, atəş səsinə başını qaldırmış, güllənin E.Qasımova dəyməsini bilmişdir. Nəticədə E.Qasımov aldığı xəsarətdən ölmüşdür. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 16/545 saylı məktubun surətindən görünür ki, N nömrəli hərbi hissə hal-hazırda döyüş şəraitində yerləşir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 17/1135 №-li məktubundan və ona əlavə olunmuş xx xxxx 2002-ci il tarixli ittiham aktından görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və dindirilmiş kiçik çavuş X4 ona Azərbaycan Respublikası CM-nin 350.2 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərilmişdir ki, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, əvvəl N saylı hərbi hissədə xidmət etmiş, sonra xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, hərbi hissənin 2-ci motoatıçı tabor 6-cı bölük, 2-ci tağım 1-ci manqasında xidmətdə olarkən xx xxx 2002-ci il tarixdə bölüyün baş çavuşu gizir Rəsulov Akif bildirmişdir ki, briqada komandiri göstəriş verib çavuşlar və bölük komandiri taborun qərargahına toplaşmalıdırlar. Ona görə də, silah sursatını götürmüş bölük komandiri əvəzi Əliyev Azərin onları gözlədiyi yerə 3-cü manqanın ərazisinə getmişlər, orada olduqları vaxt dəmir papağının üstündə oturmuş, öz aralarında söhbət etmişlər, əsgərlərdən İsmayılov Heydər qundağı alta qatlanan silahında iki saxlayan, yəni avtomatik ötürücü olduğunu bildirmiş, istifadəsində olan qundağın silahın yan hissəsində qatlanan XC-1317 saylı avtomat silahda iki avtomatik ötürücü olduğunu yoxlamaq üçün lülə qutusunun qapağını çıxarıb yerə qoymuş, sürgü qolu çəkib buraxmış, həmin hissəyə baxmış və silahın üzərində daraq olmasına fikir verməmiş, sonra tətiyi çəkmiş bir dəfə atəş açlmış, atəş səsinə başını qaldırmış, güllə gedən tərəf baxmış, sol tərəfində olan X9 yerə yıxılmış vəziyyətdə görmüş, silahını yerə atmış, qışqıraraq tez yaxınlaşıb onu qucaqlayıb yerdən qaldırmış, güllənin ona dəyməsini bilmişdir. Hadisə barədə taborun qərargahına məlumat verilmiş, çavuşlar E.Qasımovu taborun qərargahına apararkən, həkim gəlmiş, onun artıq ölməsini bilmişdir. Hadisənin ehtiyatsızlıq nəticəsində baş vermiş E.Qasımovun həmişə mehriban münasibətdə olduğunu bildirmişdir. Məhkəmə sorğusu əsasənda təqdim olunmuş sənədlərdən görünür ki, əsgər X9 17.05.02 tarixdə hərbi xidməti zamanı əsgər yoldaşı k.ç-ş X3 tərəfindən qəflətən avtomat silahından atılan güllədən vəfat etməsi ilə bağlı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayan vətəndaş X14 rayon Hərbi Komissarlığı tərəfindən bildiriş göndərilmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş ölüm haqqında həkim arayışından görünür ki, 1982-ci il təvəllüdlü X9 xx xxx 2002-ci il tarixdə döş qəfəsinin və sağ saidin dəlib keçən güllə yaralanması, üzəriyin hər iki mədəciyinin və qulaqçığının dağılması, sol altıncı, sol üçüncü qabırğanın və mil sümuyunun qəlpəli sınığı, massiv qanitirmə nəticəsində vəfat etmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, oğlu X6 şəhid və onun ailəsinə şəhid ailəsi statusunun verilməsi üçün arayışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, oğlu məhz hərbi xidmət zamanı öz hərbi vəzifələrini icra edərkən vəfat etmişdir. Məhkəmə işin hallarının araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin əsasını “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun təşkil edir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, “Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid olunduğunu əhatə edir. Lakin, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda şəhid hesab olunan şəxslərin əhatə dairəsi geniş göstərilmişdir. Qüvvədə olan normativ hüquqi aktdan görünür ki, döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər – şəhid hesab olunurlur. Bu halda, vətəndaşa şəhid statusu verilməsi üçün zəruri olan hal kimi, vətəndaşın döyüş şəraitində olan hərbi hissədə məhz xidməti vəzifəsini icra edərkən həlak olub-olmamasını müəyyən etməkdir. İşin hallarından görünür ki, xx xxx 2002-ci il tarixdə saat 15:50-də briqada komandirinin göstərişi əsasında çavuşlar və bölük komandiri taborun qərargahına toplaşmaq üçün bölük komandiri əvəzinin olduğu yerə-3-cü manqanın ərazisinə getmişdirlər. Həmin zaman C.Ə.Məmmədov istifadəsində olan AKMS markalı XC-1317 saylı avtomat silahda iki ədəd avtomatik ötürücü olduğunu yoxlamaq üçün silahın lülə qutusunu çıxarmış, silahın üzərindən darağı çıxarmamış, silahla davranış qaydalarını pozaraq sürgü qolunu çəkib buraxmış, darağın silahın üzərində olmasına və patron yuvasına patron keçməsinə fikir verməmiş, tətiyi çəkmiş, tək rejimdə bir dəfə atəş açmış, güllənin X6 dəyməsini bilmiş və nəticədə sonuncu aldığı xəsarətdən ölmüşdür. Göründüyü kimi, iddiaçının mərhum oğlunun ölümü məhz briqada komandirinin göstərişi əsasında taborun qərargahına toplaşmaq üçün briqada komandiri əvəzi Əliyev Azərin olduğu yerdə 3-cü manqanin ərazisində olan zamanı qəflətən açılmış güllə nəticəsində baş vermişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının mərhum oğlu olan X5 briqada komandırının göstərişi əsasında taborun qərargahına toplaşmaq üçün 3-cü manqanın ərazisinə getməsinin xidməti vəzifəsinin icrası kimi qəbul edilib-edilməməsi araşdırmalıdır. Bunun üçün Məhkəmə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun və “Hərbi qulluqçuları statusu haqqında” Azərbaycan Respublikasının Qanunun normaları əsasında araşdırma aparır. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınan şəxslər hərbi qulluqçular; ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları isə hərbi vəzifəlilər adlandırılır. Həmin Qanunun 27-ci maddəsinə əsasən, döyüş əməliyyatlarında iştirak etməsi(27.1.1); hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirməsi (27.1.2); döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olması (27.1.3); vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirilməsi (27.1.5) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərinin hərbi xidmət vəzifələrinin icrası sayılır. “Hərbi qulluqçuları statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, komandirinin əmrlərini, sərəncamları icra etmək, həmçinin, gündəlik və qarnizon növbələrində, o cümlədən, toplanışlarda iştirak etmək hərbi qulluqçunun vəzifəsidir. Göstərilən hallar hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrası deməkdir. İddiaçının mərhum oğlu E.Qasımov xx xxx 2002-ci il tarixdə məhz briqada komandirinin göstərişi əsasında toplaşmaya getmiş və həmin zaman əsgər yoldaşı tərəfindən açılmış güllə əsnasında vəfat etmişdir. Nəzərə alsaq ki, E.Qasımovun məhz hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması, ona “şəhid” adının və onun ailəsinə “şəhid ailəsi” statusunun verilməsini istisna etmir. Hətta, Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsindən fərqli olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, vətəndaş E.O.Qasımovun döyüş şəraitində yerləşən hərbi hissədə döyüş tapşırığı ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirdiyi zaman güllə yarasından həlak olduğuna və onun hərəkətlərində nizamnamə qaydalarının pozulması hallarının və cinayət əməlinin olmadığına görə, ona şəhid statusunun verilməli olduğunu müəyyən etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymətləndirərək, belə nəticəyə gəlir ki, X9 xx xxx 2002-ci il tarixdə döyüş şəraitində olan N nömrəli hərbi hissədə, briqada komandirinin göstərişi əsasında toplaşmaya getməsi və orada əsgər C.Ə.Məmmədov tərəfindən açılan güllə əsnasında vəfat etməsi, E.O.Qasımovun məhz döyüş şəraitində olan hərbi hissədə hərbi vəzifələrini icra edərkən ölməsi kimi qiymətləndirilməlidir. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan, iddiaçının iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx xxx 2002-ci il tarixdə N saylı hərbi hissədə vəfat etmiş X6 “Şəhid” adının və ailəsinə “Şəhid ailəsi” statusunun alınması üçün arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı iddiası təmin edilsin. xx xxx 2002-ci il tarixdə N saylı hərbi hissədə vəfat etmiş xx xxxxxx 1982-ci il təvəllüdlü X6 “Şəhid” adının və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar