Məhkəmə qərarları › İş №2-1(112)-2000/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2000/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2000/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "əmək pensiyasının yenidən hesablanması" tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonracavabdeh) müraciət edərək, 2018 və 2019-cu illərdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar pensiya məbləğinin yenidən hesablanması 25 iyun 2018-ci il tarixli Fərmanla nəzərdə tutulan qaydada deyil, 07 fevral 2005-ci il tarixli Fərmanla nəzərdə tutulan qaydada yenidən hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, 20 iyun 2008-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 211,30 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavə 10,57 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 7,61 manat, ixtisas dərəcəsinə görə əlavə 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 70,43 manat olmaqla orta aylıq əmək haqqı 329,91 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.1-ci maddəsinin 1 sentyabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 1 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (329,91 manat) 60 faizi-197,95 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 340,75 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavə 17,04 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 12,60 manat, ixtisas dərəcəsinə görə əlavə 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 113,58 manat olmaqla orta aylıq əmək haqqı 513,97 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.1.1-ci maddəsinin 1 sentyabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 1 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (513,97 manat) 60 faizi- 308,38 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 468,50 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavə 23,43 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 21,53 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 156,17 manat olmaqla orta aylıq əmək haqqı 724,63 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiya Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 6.1.1-ci maddəsinin 1 sentyabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 1 ay 5 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (724,63 manat) 60 faizi- 434,78 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 7 il 1 ay 5 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 23,61 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 515,00 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavə 25,75 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 23,63 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 171,67 manat olmaqla orta aylıq əmək haqqı 791,05 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (724,63 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (791,05 manat) arasındakı fərq məbləğinin (66,42 manat) 23,61 faizi-15,68 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiya (434,78 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 450,46 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 772,50 manat, qulluq stajına görə vəzifə maaşının 5 faizi miqdarında əlavə 38,63 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 35,44 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 257,50 manat olmaqla orta aylıq əmək haqqı 1159,07 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (791,05 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1159,07 manat) arasındakı fərq məbləğinin (368,02 manat) 23,61 faizi-86,89 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (450,46 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 537,35 manat məbləğində hesablanıb. Cari aydan əmək pensiyası 537,35 manat məbləğində müəyyən edilməklə müvafiq iddiaçının kart hesabına köçürülür. Bundan başqa 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-53,74 manat maddi yardım ödənilir.

3. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2018 və 01 sentyabr 2019-cu il tarixlərində dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının pensiya məbləğinin yenidən hesablanmasına Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın tətbiq edilərək, artan pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, dövlət qulluqçusu kimi əmək pensiyası alır. Dövlət qulluqçularının vəzifə maaşının artırılması ilə əlaqədar pensiya məbləğinin yenidən hesablanmasına 25 iyun 2018-ci il tarixli Fərmanın tətbiq edilməsi onun pensiya məbləğinin tamamilə az məbləğdə artırılmasına səbəb olur və nəticədə onun pensiya hüququ məhdudlaşdırılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsi “Mülki qanunvericiliyin zamana görə qüvvəsi” adlanır və həmin maddənin 7.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2-ci maddəyə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki Məcəllənin 7.3-cü maddəsində isə dəqiqliklə göstərilir ki, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Qanunun 7.3-cü maddəsi iddiaçının pensiya məbləğinin yenidən hesablanması barədə mübahisəyə tətbiq edilsə, məlum olur ki, 25 iyun 2018-ci ildə qəbul edilmiş Qaydalar onun pensiya hüquqlarını məhdudlaşdırdığı üçün, pensiya məbləğinin yenidən hesablanmasına həmin qayda deyil, 07 fevral 2005-ci il tarixli Fərmanla təsdiq edilmiş “Qaydalar” tətbiq edilməlidir. Çünki “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası” onun pensiya məbləğinin yenidən hesablanmasına tətbiq edilərkən pensiya məbləği çox az məbləğdə artmış olur. Lakin 07 fevral 2005-ci il tarixli Fərmanla təsdiq edilmiş qaydaları onun pensiya məbləğinin yenidən hesablanmasına tətbiq etdikdə isə pensiya məbləği daha əlverişli məbləğdə artmış olur.

5. Cavabdeh iddiaya dair 10 oktyabr 2022-ci il tarixli yazılı etirazında imtina məktubunda göstərilənləri təkrarlayaraq qeyd etmişdir ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları” tətbiq edilməklə yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi

8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

9. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək, pensiyasının dövlət qulluqçusu kimi hesablanmasını xahiş etmişdir.

10. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 1798 saylı qərarından görünür ki, iddiaçının 7 il 1 ay dövlət qulluğu stajına əsasən “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2005-ci il tarixədək qüvvədə olan 6.1-ci maddəsinə əsasən (6.1.Pensiya dövlət qulluğunda xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1.dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - onun dövlət məvacibinin 60 faizi miqdarında) iddiaçıya xx.xx.2005-ci il tarixdən ömürlük dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir.

11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)- 1432/2015 saylı qərarından görünür ki, həmin qərarla iddiaçının tələbi təmin edilərək, onun əmək pensiyasının məbləğinin dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə ödənilən əlavələr nəzərə alınmaqla, habelə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqq nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən yenidən hesablanaraq artırılması və yaranmış fərqin birdəfəlik iddiaçıya ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilmiş, həmin qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır.

12. xx.xx.2018-ci il tarixdən tətbiq edilən “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli 3787 saylı Sərəncamına əsasən dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılmaqla həmin Sərəncamla təsdiq edilmiş 1 nömrəli, 2 nömrəli və 3 nömrəli Əlavələrə uyğun müəyyən edilmişdir.

13. Eyni zamanda xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli 1268 saylı Sərəncamına əsasən dövlət qulluqçularının aylıq vəzifə maaşları yenidən artırılmış və həmin Sərəncamla təsdiq edilmiş 1 nömrəli, 2 nömrəli və 3 nömrəli Əlavələrə uyğun müəyyən edilmişdir.

14. İddiaçı hazırda 01 mart 2018-ci il və 01 sentyabr 2019-cu il tarixlərində dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar pensiya məbləğinin yenidən hesablanmasına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın deyil, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın tətbiq edilməsini xahiş edir.

15. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları”na əsasən: -bənd 1. Bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. - bənd 2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. - bənd 3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur. - bənd 4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır. - bənd 5. Təyin olunmuş əmək pensiyası dövlət məvacibinin məbləği təqvim ayının 15-dək artırıldıqda həmin ayın 1-dən, 15-dən sonra artırıldıqda isə növbəti ayın 1-dən yenidən hesablanır.

16. Məhkəmə qeyd edir ki, bu Qaydalar qəbul edilən dövrdə qüvvədə olan qanunvericilik dövlət qulluqçusunun pensiya məbləğinin dövlət qulluğunda xidmət illərindən asılı olaraq aldığı dövlət məvacibinin müvafiq faizi miqdarında müəyyən edilməsini təsbit edirdi. Bu Qayda isə həmin qanunvericiliyə uyğun olaraq fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği artırıldıqda, dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin də artırılmış dövlət məvacibin müvafiq faizi miqdarında hesablanmasını təsbit edirdi.

17. İşdən görünür ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı 513,97 manata artırılmış, buna görə də iddiaçının əmək pensiyası orta aylıq əmək haqqının (513,97 manat) 60 faizi, yəni 308,38 manat məbləğində hesablanmışdır. 1 dekabr 2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı 724,63 manat olduğundan bu artıma əsasən iddiaçının əmək pensiyası həmin məbləğin (724,63 manat) 60 faizi, yəni 434,78 manat məbləğində hesablanmışdır.

18. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanuna əsasən bu hesablamaya dəyişiklik edildi. Belə ki, həmin Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsi aşağıdakı redaksiyada verildi: “26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

19. Həmin Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1352 saylı Fərmanının 1.2-ci bəndi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasının layihəsinin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edildi.

20. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edildi.

21. xx.xx.2023-cü il tarixədək qüvvədə olan həmin Qaydaya əsasən: - Bənd 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. - Bənd 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. - Bənd 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır: - 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür.

22. Beləliklə, həmin Qaydanın qəbul edilməsi ilə dövlət qulluqçusunun aylıq əmək haqqı artırıldıqda 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiyaların, müəyyən edilmiş yeni əmək haqqının müvafiq faizi məbləğində hesablanması deyil, minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsinin (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulması nəticəsində əldə edilmiş məbləğ qədər artırılması nəzərdə tutuldu.

23. Buna görə də 01 mart 2018-ci il tarixində dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı iddiaçının pensiyasının məbləği onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə 1 mart 2018-ci il tarixinədək orta aylıq əmək haqqı (724,63 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (791,05 manat) arasındakı fərq məbləğinin (66,42 manat) 23,61 faizi, yəni 15,68 manat qədər artırılmış və həmin tarixədək aldığı pensiya (434,78 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 450,46 manat məbləğində hesablanmışdır (burada 23,61 faiz = (85 ay (yəni 7 il 1 ay) x 50% / 180 ay (yəni 15 il)). 1 sentyabr 2019-cu il tarixindən isə həmin tarixədək orta aylıq əmək haqqı (791,05 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1159,07 manat) arasındakı fərq məbləğinin (368,02 manat) 23,61 faizi-86,89 manat qədər artırılmaqla aldığı pensiyanın (450,46 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 537,35 manat məbləğinə çatdırılmışdır.

24. İddiaçı hazırkı qərarın 23-cü bəndində qeyd edilən hesablama ilə razılaşmayaraq onun pensiyasının hazırkı qərarın 17-ci bəndində göstərilən qaydada hesablanmasını xahiş etsə də, məhkəmə hesab edir ki, bu mümkünsüzdür.

25. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən: -maddə 1.0.12. normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyətidir (uyğunsuzluğu). - maddə 10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. - maddə 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. - maddə 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. - maddə 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. - maddə 10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. - maddə 0.6. Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir. - maddə 11.0. Normativ hüquqi aktların kolliziyası aşağıdakı ardıcıllıqla aradan qaldırılır: 11.0.1. birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir; 11.0.2. kolliziya aradan qaldırılmadıqda ikinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin normaları tətbiq edilir.

26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları” və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” eyni dövlət orqanı tərəfindən qəbul edilmiş eyni münasibətləri tənzimləyən aktlar olduğundan, burada Konstitusiya Qanununun 10.5-ci maddəsi tətbiq edilməlidir.

27. Belə olan halda isə aydın olur ki, 2017-ci il iyulun 1-dək təyin edilmiş dövlət qulluqçularının əmək pensiyasının, o cümlədən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması sonradan qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən həyata keçirilməli olduğundan iddiaçının tələbi əsassız, cavabdehin imtinası isə əsaslı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

28. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1903 saylı Fərmanı ilə həm “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə 2-ci hissəsi, həm də “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ləğv edilmiş, bununla da dövlət qulluqçularına təyin edilən əmək pensiyasının əməkhaqqındakı sonrakı artımlara əsasən yenidən hesablanması qaydası aradan qaldırılmışdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar