Məhkəmə qərarları › İş №2-1(112)-2001/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2001/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2001/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X17 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “şəhid ailəsi kimi mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının X17 Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X17 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “şəhid ailəsi kimi mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası X17 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra mətndə Sosial Xidmətlər Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının (bundan sonra mətndə Suraxanı RİHB) xx.xx.2022-ci il tarixli, 247 nömrəli sərəncamı ilə güzəştli mənzil növbəsi uçotuna alınmağı nəzərə alınmaqla və güzəştli mənzil uçotu siyahısı əsasında mənzillə təmin olunması məsələsinin həll edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1977-ci ildə doğulmuşdur. 2017-ci il tarixdən hal-hazıradək, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsi, 9-cu döngə, ev-28 A ünvanında daimi pasport qeydiyyatındadır və yuxarıda göstərilən ünvanda yaşayır. Oğlu- X1 müharibəsində iştirak etmiş və döyüş əməliyyatları zamanı şəhid olmuşdur. Ona şəhid ailəsi statusu verilmiş və 003559 nömrəli şəhid ailəsi üzvü vəsiqəsi verilmişdir. O, Tərtər Rayon İcra Hakimiyyəti Başçısının (bundan sonra mətndə Tərtər RİHB) 15 aprel 2021-ci tarixli, 62 nömrəli sərəncamı ilə “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota” alınmışdır. Bundan sonra, daimi yaşayış yerini Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsi, 9-cu döngə, ev-28A ünvana dəyişmiş və ünvan 3li, 247 nömrəli sərəncamı ilə uçota alınma tarixi saxlanılmaqla yaşayış yeri üzrə Suraxanı RİH-yə köçürülmüşdür. Güzəştli mənzil növbəsi əsasında ona mənzil verilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə və AR X17 Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, həmin müraciətlərinə Sosial Xidmətlər Agentliyində baxılmış və sonuncunun xx.xx.2024-cü il tarixli, № 317-3/2-A-21120/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, № 317-3/2-A21168/2024 nömrəli cavab (imtina) məktubunda bildirilmişdir ki, Tərtər RİHB-nın 15 aprel 2021-ci il tarixli, 62 nömrəli sərəncamı ilə “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota” alınmasına və sonradan isə Suraxanı RİHB-nın 12 oktyabr 2022-ci il tarixli, 247 nömrəli sərəncamı ilə uçota alınma tarixi saxlanılmaqla yaşayış yeri üzrə Suraxanı RİH-yə köçürülməsinə baxmayaraq, mənzillə təmin olunmağı dövlət mənzil fondunun, o cümlədən də, Sosial Xidmətlər Agentliyinin imkanları xaricindədir və mənzil verilməsindən imtina etmişdir. Hesab edir ki, Sosial Xidmətlər Agentliyi ona qarşı haqsızlıq edir, onun hazırkı səhhəti və çıxılmaz vəziyyətdə olduğu maddi durumu nəzərə alınmır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının tələblərini kobud surətdə pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası X17 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2- 25002/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Abbasova X10 RİHB-nın 15 aprel 2021-ci il tarixli 62 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, daimi yaşayış üzrə pasport qeydiyyatı ünvan 4 ünvanına dəyişmiş və ünvan 5 tarixli 247 nömrəli Sərəncamı ilə uçota alınma tarixi saxlanılmaqla yaşayış yeri üzrə Suraxanı RİH-yə köçürülmüşdür. Tərtər Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli İş-2-16-2027 nömrəli qətnaməsinə əsasən, X7 ilə İddiaçı Tofik qızının nikahı pozulmuş, övladları Gülnarə və Mürşüd onların öz razılığı ilə atanın himayəsində saxlanılmışdır. Həmçinin, Tərtər RİH-nin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə Müdahil Əhmədov yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə müvafiq olaraq imtiyazlı şəxslərə verilmiş dövlət mənzil fondunun yaşayış sahəsi vətəndaşın digər ailə üzvləri ilə birgə yaşayışı üçün nəzərdə tutulmuşdur. Qeyd edirik ki, M.S.Əhmədovun və İddiaçı mənzil uçotuna götürülmələri haqqında Sərəncamlarını nəzərə alınaraq hər iki tərəfin mənzillə təmin olunması dövlət mənzil fondunun, o cümlədən Nazirliyin və Agentliyin imkanları xaricində olduğu üçün hər iki tərəfə Nazirlik tərəfindən ayrılıqda mənzil təqdim edilməsi qanunvericiliyə uyğun deyildir. Yuxarıda qeyd olunanlara münasibətdə iddiaçının tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına” dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs - X5 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Tərtər Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ № 367969 “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X7 ilə İddiaçı nikahı Tərtər Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.1997-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2009-cu ilin 05-ci ayının 01-ci günündə 19 №-li qeyd edilmişdir. Bərdə regional “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № 138645 saylı “Ölüm haqqında şəhadətnamə”sinin surətindən müəyyən olunur ki, X4 xx.xx.2020-ci il tarixdə “Hərbi əməliyyat nəticəsində, digər növ partlayış və qəlpələrlə törənmiş zədələnmələr” əsası ilə döyüş meydanında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12-ci ayının 08-ci günündə 566 №-li qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı verilmiş “Şəhid ailəsi üzvünün” 003559 №-li vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Tərtər RİHB-nın “Tərtər rayonunda yaşayan bir qrup şəhid ailələrinin, Vətən müharibəsi və Qarabağ müharibəsi əlillərinin rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi barədə” xx.xx.2021-ci il tarixli, 62 №-li sərəncamın surətindən müəyyən olunur ki, İddiaçı 2 nəfər ailə tərkibi ilə birlikdə şəhid ailəsi kimi Tərtər RİH-də mənzil növbəsinə götürülmüşdür. Tərtər RİHB-nın “İddiaçı rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılması barədə” xx.xx.2022-ci il tarixli, 135 №-li sərəncamın surətindən müəyyən olunur ki, şəhid ailəsi İddiaçı Tərtər RİH-də mənzil növbəsindən çıxarılması və İddiaçı Tərtər RİH-də olan mənzil növbəsi sənədlərinin Suraxanı RİH-yə göndərilməsi qərara alınmışdır. Suraxanı RİHB-nın “Vətəndaş İddiaçı mənzil uçot işinin yaşayış yeri köçürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, 247 №-li sərəncamın surətindən müəyyən olunur ki, şəhid ailəsi üzvü İddiaçı mənzil-uçot işi növbəyə alınma tarixi (xx.xx.2021-ci il) saxlanılmaqla Suraxanı RİH-yə köçürülməsi və birinci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-A-21120/2024 və xx.xx.2024-cü il tarixli, № 3-17-3/2-A-24468/6/2024 saylı cavab məktublarında qeyd olunmuşdur ki, “...Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Adıçəkilən Sərəncamda 2014-cü ü yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, Siz Tərtər RİHBnın 15 aprel 2021-ci il tarixli 62 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, daimi yaşayış üzrə pasport qeydiyyatınızı ünvan 4 ünvanına dəyişmiş və ünvan 6022-ci il tarixli 247 nömrəli sərəncamı ilə uçota alınma tarixi saxlanılmaqla yaşayış yeriniz üzrə Suraxanı RİH-yə köçürülmüşdür. Nəzərinizə çatdırırıq ki, Tərtər Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli İş-2-16-2027 nömrəli qətnaməsinə əsasən şəhid övladınız X2 atası X7 ilə olan nikahınız pozulmuş, övladlarınız Gülnarə və Mürşüd onların öz razılığı ilə atanın himayəsində saxlanılmışdır. Qeyd edirik ki, X13 RİH-də yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Eyni zamanda qeyd edirik ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq imtiyazlı şəxslərə verilmiş dövlət mənzil fondunun yaşayış sahəsi vətəndaşın digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Məlumat üçün bildiririk ki, Nazirlik tərəfindən bir şəhidin ailə üzvlərinin sayından asılı olaraq ayrı-ayrı mənzillər verilmir. Yuxarıda göstərilənlərə əsasən bildiririk ki, M.S.Əhmədovun, həmçinin Sizin mənzil uçotuna götürülməyiniz haqqında Sərəncamların nəzərə alınaraq hər iki tərəfin mənzillə təmin olunması dövlət mənzil fondunun, o cümlədən Nazirliyin və Agentliyin imkanları xancində olduğu üçun Sizə Nazirlik tərəfindən mənzil təqdim edilməsi nəzərdə tutulmamışdır.” Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Suraxanı RİH-nin xx.xx.2024-cü il tarixli, 5-20/2-1742/2024 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı Tərtər RİHB-nın xx.xx.2021 -ci il tarixli 62 saylı sərəncamına əsasən 2 nəfər ailə tərkibi ilə şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə götürülmüşdür. İddiaçı yaşayış yerini dəyişərək ünvan 4 ünvana qeydiyyata alındığından Tərtər RİH-in xx.xx.2022-ci il tarixli 135 saylı sərəncamı ilə növbədən çıxarılaraq onun mənzil uçotu işi hazırki yaşayış yeri üzrə Suraxanı RİH-ə göndərilmiş və Suraxanı RİHB-nın xx.xx.2022-ci il tarixli 247 saylı sərəncamına əsasən imtiyazlı şəxslərin (şəhid ailələrinin) siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4- 13-9656/2024 №-li cavab məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlara baxış keçirilərkən İddiaçı ilə X5 nikahının xx.xx.1997-ci ildə Tərtər rayonunun qeydiyyat şöbəsində, nikahın pozulmasının isə xx.xx.2009-cu ildə həmin qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Valideynləri İddiaçı ilə Müdahil Əhmədov olan xx.xx.1998-ci il təvəllüdlü Gülnarə Əhmədzadənin doğumu Tərtər rayonunun qeydiyyat şöbəsində, xx.xx.2000-ci il təvəllüdlü Mürşüd Əhmədzadənin (xx.xx.2020-ci ildə vəfat etmişdir) doğumu isə Tərtər rayonunun Evoğlu icra nümayəndəliyində qeydə alınmışdır. Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-3/2-2350/2025 №-li cavab məktubunda göstərilmişdir ki, X6 Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. ... Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilmə. .... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar ... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. ... Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin 2.3-cü bəndinə görə həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: ... Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının X17 Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının X17 Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər;

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı: Bənd 1. Azərbaycan Respublikasının X17 Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.

“Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları ... 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir;

...3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun: Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”: ... Bənd 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; Bənd 1.2. Agentlik Azərbaycan Respublikası X17 Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir; ... Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: ... 3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması ... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə ilk öncə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının X17 Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Daha sonra “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamı ilə Azərbaycan Respublikasının X17 Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır. Göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı xüsusi səbəblər əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. Hazırki iş üzrə isə iddiaçının hüquqi marağı və məqsədi Suraxanı RİHB-nın “Vətəndaş İddiaçı mənzil uçot işinin yaşayış yeri köçürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, 247 №-li sərəncamına əsasən şəhid ailəsi üzvü kimi mənzillə təmin olunmağa nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, X4 xx.xx.2020ci il tarixdə “Hərbi əməliyyat nəticəsində, digər növ partlayış və qəlpələrlə törəmiş zədələnmələr” əsası ilə döyüş meydanında ölmüşdür. Daha sonra şəhid X2 valideynləri İddiaçı (anası) və X7 (atası) şəhid ailə üzvləri qismində vəsiqə ilə təmin olunaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmuşlar. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəhid X2 anası İddiaçı və atası X7 aralarındakı nikaha xx.xx.1997-ci il tarixdə xitam verilmişdir. Odur ki, şəhidin anası İddiaçı xx.xx.2021-ci il tarixdə və atası X7 isə xx.xx.2022-ci il tarixdə ayrı-ayrılıqda şəhid ailəsi kimi Tərtər Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Lakin daha sonra isə İddiaçı yaşayış yeri üzrə ünvan 8 ünvanına qeydiyyata alındığından mənzil növbəsi Suraxanı RİH-yə köçürülmüşdür. Lakin, üçüncü şəxsin də şəhid ailəsi statusuna malik olduğu, Tərtər rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci tarixli sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürüldüyü görünür. Nəzərə almaq lazımdır ki, istinad olunan normalarda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırki işin faktiki hallarına münasibətdə qeyd edilməlidir ki, iddiaçı və üçüncü şəxsin imtiyazlı şəxs kimi mənzil növbəsinə dayandığı və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamında nəzərdə tutulan şəxslərin əhatə dairəsi düşdüyü işin mübahisəsiz hallarına aiddir. Məhkəmə cavabdeh inzibati orqanın mövqeyini əsassız hesab edərək qeyd edir ki, X4 xx.xx.2020-ci il tarixdə şəhid olmuş, iddiaçı və üçüncü şəxs X7 şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsinə qəbul edilmişlər. Belə ki, iddiaçı və üçüncü şəxs şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışlar və bu barədə məlumat, Azərbaycan Respublikasının X17 Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Bu mövqeydən çıxış edərək məhkəmə onu qeyd edir ki, istinad olunmuş sərəncama və müvafiq qanunvericilik aktların işin faktiki hallarına uyğunluğuna qiymət verilərkən həm şəhidin anası, həm də atasının şəhid ailəsi statusuna malik və bu qisimdə mənzil növbəsində olan üçüncü şəxsin maraqları nəzərə alınmalıdır. Bu zaman həm də konstitusion dəyər olan ədalət prinsipi də nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, mənzillə təmin olunma hüququnun reallaşdırılması şəhid ailəsi statusuna malik olan bütün şəxslərin yəni hazır ki halda həm iddiaçının, həm də üçüncü şəxsin maraqları nəzərə alınmaqla təmin olunmalıdır. Məhkəmə iddiaçı və üçüncü şəxsin ayrı-ayrılıqda mənzillə təmin edilməsinin qeyrimümkünlüyü ilə bağlı cavabdeh inzibati orqanın dəlilinə münasibətdə qeyd edir ki, qanunverici şəhid ailəsinin vahid bir subyekt kimi mənzillə təmin edilməsini nəzərdə tutulmuşdur. Bu zaman ailənin mənzillə təmin edilməsi şəxsin şəhid olması faktından irəli gəlir və məqsəd şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasından sonra onun ailəsinin maddi təminatının yaxşılaşdırılmasıdır. Lakin bu təminat sosial ədalət prinsipinə uyğun olmalı, digər şəxslərin hüquqlarını məhdudlaşdırmamaqla dövlət və ictimai marağa zidd olmamalıdır. Yəni, şəhid ailəsinin mənzillə təmin olunması hər bir ailə üzvünün ayrılıqda mənzillə təmin olunmasını ehtiva etmir. Mövcud qanunvericiliyin bu sahədəki yeganə tələbi yaşayış sahəsinin ayrılma normasının 16 kvadratmetr olmasıdır. Qanunvericiliyin tələblərinə əsasən, adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir. Odur ki, iddiaçı və üçüncü şəxs X7 şəhid ailəsi üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malik olan şəxslər qismində qiymətləndirilərək, yaşayış sahəsi ilə təmin edilməsi üçün bütün şərtlər mövcudluğu nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamına müvafiq olaraq növbəlilik qaydasında mənzillə təmin edilməlidir. Beləliklə, iddiaçı və üçüncü şəxs şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi barədə Sərəncamdan irəli gələn öhdəliyin icrası ilə bağlı hazırkı məzmunda tələb hüququ vardır. Eyni zamanda nəzərə alınmalıdır ki, onların mənzil növbələrinə qəbul edilmələri barədə sərəncam hazırda qüvvədədir, ləğv edilməmişdir, dəyişdirilməmişdir və mübahisələndirilməmişdir. İddiaçılar və üçüncü şəxs isə onlara münasibətdə əlverişli xarakter daşıyan sərəncamlara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışlar. Belə olan halda, istər iddiaçıların, istərsə də üçüncü şəxsin mülkiyyətində mənzil olması həmin sərəncamların qüvvəsinə və tərəflərin həmin sərəncamdan irəli gələn hüquqlarına təsir etmir. Çünki, onların güzəştli mənzil növbəsindən çıxarılması barədə hər hansı bir inzibati akt yoxdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar) Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olsa da, bu iddia növündə də öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi kimi İddiaçı və üçüncü şəxs X5 yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla vahid (bir) mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası X17 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar