Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2002/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9515/2021 nömrəli, 30.08.2021-ci il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.07.2021-ci il tarixli **********4739600 nömrəli güzəştin ləğv olunması barədə qərarının ləğv olunması, iddiaçıya olunan güzəştin bərpa edilməsi və hesabdan çıxarılan pulların geri qaytarılmasına dair qərar qəbul edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9515/2021 nömrəli, 26.10.2021-ci il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01.09.2021-ci il tarixli **********318400 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9515/2021 nömrəli, 07.12.2021-ci il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01.12.2021-ci il tarixli **********831700 nömrəli qərarın ləğv edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin 1, 2, 3 və 4-cü rübləri üçün mənfəət vergisi cari hesablama (151.1 mad) 75% güzəşt ilə hesablanmış və şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. 2019-cu ildə mənfəət vergisi 1765,76 manat olmuş və 2020-ci ilin mənfəət vergisi cari hesablamaları bu məbləğ əsasında aparılmışdır. 2020-ci ilin mənfəət vergisi cari hesablamaları güzəşt əsasında aparılıbsa 2020-ci il üçün təqdim etdikləri mənfəət bəyannaməsinə əsasən yekun hesablaşmada 75% güzəşt əsasında aparılmalıdır. 15.07.2021-ci il tarixli **********966000 saylı uyğunsuzluq məktubunda təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla əldə etdiyiniz ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən 18.10.2021-ci il tarixində 2020-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (729294.39 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (3070.21 manat) (+) cari il ərzində əldə edilmiş e-qaiməfakturaların və alış aktlarının məbləği (491497.47 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (279556.86 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (774124.54 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (57875.42 manat) çıxılması nəticəsində yaranan (716249.12 manat) məbləğin müqayisəsi nəticəsində 13045.27 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Bundan əlavə, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin 5 nömrəli Əlavəsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətinin 75 faiz vergi azadolması (güzəşt) ilə əlaqədar azadolma məbləği qeyd edilmişdir. Lakin uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı müəsissənin fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid edilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarına əsasən müəsissənin fəaliyyəti pandemiya dövründə fəaliyyətinə icazə verilən sahələrə aid edildiyindən Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları ilə müəyyən edilmiş vergi güzəşt və azadolmaları şamil edilməməlidir. Qeyd olunanlar vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə yaranmış kənarlaşmalar ilə əlaqədar 23.11.2021-ci il tarixli **********777100 nömrəli “2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə qeyd edilmiş azadolma məbləği silinərək 59 488,49 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 01.12.2021-ci il tarixli, **********831700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisinin əsas fəaliyyət növü yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, digər fəaliyyət növləri isə yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası, saxlama və anbarlara yığma, təhlükəsizlik sistemlərinin fəaliyyətinin təmin edilməsi olmuşdur. Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 saylı, 31 mart 2020-ci il tarixli 122 saylı, 24 aprel 2020-ci il tarixli 147 saylı və 01 may 2020-ci il tarixli 163 saylı Qərarlarında və Nazirlər Kabinetinin 2 mart 2020-ci il, 7 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 1 may 2020-ci il tarixli Sərəncamlarında pandemiya dövründə fəaliyyəti məhdudlaşdırılan və fəaliyyətinə icazə verilən iş və xidmət sahələri müəyyən edilmişdir ki, iddiaçının fəaliyyət sahəsi xüsusi karantin rejimində fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələrə aid edilmişdir. Odur ki, vergi orqanın uçot-baza məlumatlarına, bəyannamə göstəricilərinə əsasən müəssisənin fəaliyyət növü (yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları ilə müəyyən edilmiş vergi güzəştləri və azadolmalarının müəssisəyə şamil olunmadığı müəyyən edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən 2020-ci il üzrə cari vergi ödəmələrinə 75 faiz güzəşt tətbiq edilmişdir. Vergi ödəyicisi 2019-cu ildə mikro sahibkarlıq subyekti olduğuna görə 2020-ci ilin cari vergi ödəmələrinə də müvafiq olaraq 75 faiz güzəşt tətbiq edilmişdir və tətbiq edilmiş güzəştin pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil edilən güzəştlə hər hansı əlaqəsi yoxdur. Belə ki, Vergi Məcəlləsinin 223.1-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən şəxslərə bu Məcəllənin 151-ci və 201-ci maddələrinə uyğun olaraq cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir. Yəni İddiaçı MMC-yə koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi tətbiq edilsə idi, iddiaçı 2020-ci il üzrə cari vergi ödəmələrdən azad olardı. İddiaçının istinad etdiyi daha bir məqam isə vergi orqanı tərəfindən ona ünvanlanmış 15.07.2021-ci il tarixli uyğunsuzluq məktubu olmuşdur. Nəzərinizə çatdırılır ki, həmin uyğunsuzluq məktubunda vergi ödəyicisi tərəfindən pandemiyadan zərər çəkən sahələrə şamil edilən güzəştin tətbiq edilməsinin uyğunsuzluq təşkil etdiyi vergi ödəyicisinə bildirilmiş və müvafiq təsdiqedici sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. Həmin məktubda vergi ödəyicisinin güzəşt almaq hüququnun mövcud olduğu bildirilməmişdir. İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 04.09.2020-ci il tarixli, **********767400 nömrəli çıxarışında göstərilmişdir ki, qurumun adı: İddiaçı, qeydiyyata alındığı tarix: 13.03.2019, dövlət qeydiyyatı № (VÖEN): **********, təşkilati-hüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1031, ünvan 1 təmsilçi: X2r. İş materiallarına əlavə edilmiş Hüquqi şəxs haqqında məlumata əsasən İddiaçı MMC (VÖEN **********), fəaliyyət növünün kodu 43213 yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, 28992 yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası, 52101 saxlama və anbarlara yığma, 80200 təhlükəsizlik sistemlərinin fəaliyyətinin təmin edilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 02.07.2021-ci il tarixli, **********541600 nömrəli iddiaçıya ünvanlanmış 30.06.2021-ci il tarixliyə arayışın təqdim edilməsi haqqında məlumata əsasən şəxsi hesab vərəqəsinə əsasən 01.07.2021-ci il tarixinə borc məbləğləri aşağıdakı kimidir: vergilər üzrə dövlət büdcəsinə, MDSS üzrə, İşsizlik üzrə borc yoxdur, 01.06.2020-31.05.2021 dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsi 985355,27 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.07.2021-ci il tarixli **********739600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2020-ci il üçün mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi 19.612,08 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 78.448,31 manat, əlavə hesablanmış vergi məbləği 58.836,23 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01.09.2021-ci il tarixli **********318400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2020-ci il üçün mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi 18.959,82 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 78.448,31 manat, əlavə hesablanmış vergi məbləği 59.488,49 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 01.12.2021-ci il tarixli **********831700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2020-ci il üçün mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi 18.959,82 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 78.448,31 manat, əlavə hesablanmış vergi məbləği 59.488,49 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə fəaliyyət növləri üzrə gəlir və xərclərin bölgüsü barədə uyğunsuzluq məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Bildirilir ki, Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən bir neçə fəaliyyət növündə fəaliyyət göstərməyinizə baxmayaraq, tərəfinizdən təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, əldə etdiyiniz ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. Qeyd olunanlara əsasən hər bir fəaliyyətiniz üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlərin (müqavilələr, bank çıxarışları, online kassa məlumatları və zəruri hesab etdiyiniz digər sənədlər) 5 iş günü müddətində vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır. Bildirilir ki, göstərilən müddət ərzində məlumatlar təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının sizin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarına əlavə edilmiş 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Tərəfinizdən 2020-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi” sətrində 284 397,21 manat göstərməyinizə baxmayaraq Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığınız müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. Nəzərinizə çatdırılır ki, qeyd olunan sənədlərdən əlavə bank müvafiq dövr üzrə bank hesablarından çıxarışlar, kassa çekləri, yaranmış kənarlaşmalarla bağlı ətraflı izahat məktubunun və müvafiq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsi sizə bildirilir. Beləliklə, işin hallarından müəyyən olunur ki, cavabdeh orqanın 01.12.2021-ci il tarixli **********831700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iddiaçıya 2020-ci il üzrə mənfəət vergisi üzrə aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 78.448,31 manat vergi hesablanmışdır. Hazırkı iddiasında iddiaçı vergi orqanının qeyd edilən qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı ilk növbədə vergi orqanının onun barəsində 2020-ci il üçün mənfəət vergisi üzrə 16.07.2021-ci il tarixli qərarını mübahisələndirmiş, məhkəmə icraatı dövründə iddiaçı həmin dövr üzrə yeni dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etdikdən sonra vergi orqanı tərəfindən həmin bəyannamələr üzrə 01.09.2021-ci il tarixli qərar, sonuncu dəfə isə 01.12.2021-ci il tarixli **********831700 nömrəli qərarı qəbul edilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı onun barəsində ilkin olaraq vergi məsuliyyəti yaradan 16.07.2021-ci il tarixli qərarını vaxtında mübahisələndirmiş, daha sonra məhkəmə icraatı dövründə yeni dəqiqləşdirilmiş bəyannaməyə uyğun olaraq barəsində qəbul edilmiş 01.12.2021-ci il tarixli qərarın ləğvi ilə bağlı 07.12.2021-ci il tarixdə iddia tələbinə dəqiqləşmə vermiş, bu halda iddiaçı barəsində vergi məsuliyyət yaradan sonuncu qərarı mübahisələndirərkən 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, vergi orqanının mübahisələndirilən 01.12.2021-ci il tarixli qərarından görünür ki, iddiaçının təqdim etdiyi bəyannamə, hesabat üzrə 18.959,82 manat vergi, vergi orqanı tərəfindən əlavə hesablanmış vergi məbləği 59.488,49 manat, ümumilikdə 2020-ci ilin mənfəət vergisi üzrə 78.448,31 manat vergi hesablanmışdır. Qərarın qəbul edilməsinə əsas kimi vergi ödəyicisinin ümumi mənfəət məbləğinə 75 faiz vergi azadolması (güzəşt) silinməklə hesablama aparılır. İddiaçının vergi orqanının qeyd edilən qərarının ləğvi ilə bağlı əsaslandığı dəlillər aşağıdakılardan ibarət olmuşdur: - 2020-ci ilin 1, 2, 3 və 4-cü rübləri üçün mənfəət vergisi cari hesablamalarına 75% güzəşt ilə hesablandığı halda 2020-ci il üçün təqdim etdikləri mənfəət bəyannaməsinə əsasən yekun hesablaşmada 75% güzəşt əsasında aparılmalıdır. - 15.07.2021-ci il tarixli **********966000 saylı uyğunsuzluq məktubunda vergi orqanının 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsində ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edildiyi qeyd edilmişdir. - Vergi orqanı tərəfindən 02.07.2021-ci il tarixdə təqdim edilmiş arayışda iddiaçının vergi borcunun olmadığı bildirildiyi halda ona 2020-ci il üçün mənfəət vegisi hesablanmışdır. Məhkəmə iddiaçının qeyd edilən dəlillərinin cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsinə əsas vermədiyi qənaətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən illik gəliri 200 min manatdan aşağı olan, işçilərin ümumi orta sayı 1- 10 nəfər arasında olanlar mikro sahibkarlar hesab olunur. Kiçik sahibkar illik gəliri 200 min manatdan çox 3 milyon manatdan aşağı olan işçilərin ümumi orta sayı 11-50 nəfər arasında olanlar kiçik sahibkarlar hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -102.1-ci maddəsinə görə fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi. -151.1-ci maddəsinə görə hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. -151.2-ci maddəsinə əsasən vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. -151.3-cü maddəsinə əsasən bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir. -151.4-cü maddəsinə əsasən cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. -151.5-ci maddəsinə görə əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra - əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir: 151.5.1. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır. 151.5.2. Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır. 151.5.3. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər. 151.5.4. Cari vergi ödəmələri bu Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. 151.5.6. Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. -151.6-cı maddəsinə görə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır. Sadalanan normalardan müəyyən olunur ki, mənfəət vergisinin büdcəyə ödənilməsinin təmini üçün vergi ödəyicisindən cari vergi ödəmələri aparmaq tələb olunur. Cari vergi ödəmələri vergi ili üçün ödəniləcək vergi məbləğinə hesablanır. Cari vergi ili üzrə hesabat başa çatdıqda vergi ödəyicisinin ödədiyi cari ödəmələr hesabat üzrə vergi məbləğindən az olduqda qalan hissə vergi ödəyicisi tərəfindən ödənilir və yaxud əksinə cari ödəmələr hesablanmış vergi məbləğindən çox olduqda artıq hesablanmış vergi məbləği azaldılır. Yuxarıda da qeyd edildiyi kimi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodu mövcuddur - hər cari ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir və yaxud rübdəki gəlirinin həcmi keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurulmaqla müəyyən edir. Bu metodlardan birini seçmək isə vergi ödəyicisinə həvalə olunur, lakin vergi ödəyicisi bu metodlardan birini seçmədikdə vergi orqanı birinci metodu seçir. Vergi ödəyicisinə ödənilməmiş cari vergi ödəmələrinə görə faiz tətbiq edilir. Qeyd olunan normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi qismində 13.03.2019-cu il tarixdə qeydiyyata alınmış, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi ödəyicisinin malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsindən) gəliri 74.920,45, ümumi gəlirdən çıxılan xərcləri 66.092,08 manat, mənfəət vergisi 1.765,67 manat olmaqla 2019-cu il üzrə mikrosahibkar statusunda olmuşdur. İddiaçı 2019-cu ildə mikro sahibkar olduğundan onun həmin il üzrə mənfəət vergisinə, 75 faiz güzəşt tətbiq olunmuşdur. İddiaçı 2020-ci il üzrə mikro sahibkar statusundan çıxaraq kiçik sahibkar statusuna keçmiş, bu zaman 2020-ci il üzrə cari vergi ödəmələrini əvvəlki ilin - 2019-cu ilin mənfəət vergisi üzrə ödənilmiş vergi məbləğinə əsasən ödəmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsində 2020-ci ilin mənfəət vergisi üzrə cari vergi ödəmələrindən görünür ki, 2020-ci ilin 1-4-cü rübləri üzrə 110,36 manat cari vergi ödəmələri etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 2019-cu il üzrə hesablanmış vergiyə əsasən 2020-ci ilin cari vergi ödəmələrini ödəmiş, lakin cari ödəmələr hesabat ili 2020-ci ilə aid olduğundan və yekunda 2020-ci il hesabat ili üzrə mənfəət vergisi həmin il üzrə iddiaçının dövriyyəsi nəzərə alınmaqla hesablandığından cari vergi ödəmələrinin məbləği yekunda aid olduğu 2020-ci ilin vergisindən çıxılmaqla iddiaçının qalan məbləği ödəmək öhdəliyi qalmışdır. Başqa sözlə, 2020-ci ilin 1, 2, 3 və 4-cü rübləri üçün mənfəət vergisi cari hesablamalarına vergi ödəyicisinin seçdiyi metoda uyğun olaraq tətbiq edilmiş 75 faiz güzəşt 2020-ci ilin yekun hesablaşmasında ümumi mənfəət vergisinin hesablanmasında 75% güzəştin tətbiqinə əsas vermir. Digər tərəfdən, Vergi Məcəlləsinin 222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Məcəllənin: -222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -222.3-cü maddəsinə görə bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. -222.4-cü maddəsinə görə bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. -222.5-ci maddəsinə görə bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). -224.1-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi. İş materiallarından görünür ki, iddiaçının əsas fəaliyyət növü yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası, saxlama və anbarlara yığma, təhlükəsizlik sistemlərinin fəaliyyətinin təmir edilməsi olmuşdur ki, qeyd edilən fəaliyyət sahələri 2020-ci ilin 01 yanvar tarixindən tətbiq edilən Veri Məcəlləsinin 222.5-ci maddəsində sadalanan pandemiyadan zərər çəkən sahələrə aid deyildir. Belə olan halda iddiaçıya 2020-ci il üzrə əldə etdiyi mənfəət vergisinə 75 faiz güzəşt tətbiq edilə bilməzdi. Bununla əlaqədar iddiaçı vergi orqanının 15.07.2021-ci il tarixli **********966000 nömrəli uyğunsuzluq məktubunda 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsində ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edildiyinin qeyd edildiyinə istinad edərək vergi orqanının özünün ona 75 faiz güzəşt tətbiq etdiyini qəbul etdiyini bildirmişdir. Halbuki, vergi ödəyicisinin özünün təqdim etdiyi 2020-ci ilin mənfəət vergisi bəyannaməsində 237-ci sətrində mənfəət 379.196,29 manat, 238-ci (mənfəət üzrə azadolmalar və güzəştlər) sətrində 284.397,21 manat, 241-ci (mənfəət üzrə azadolma, güzəşt və mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət) sətrində 94.799,08 manat, 247-ci sətrində ödənilməli mənfəət vergisinin məbləği 18,959.82 manat qeyd etmişdir. Göründüyü kimi vergi ödəyicisi təqdim etdiyi vergi bəyannaməsində 379.196,29 manat x 75%=284.397,21 manat qeyd etməklə özü mənfəətinə 75 faiz güzəşti tətbiq etməklə vergi orqanına 18.959,82 manat mənfəət vergisi bəyan etmişdir. Vergi orqanı uyğunsuzluq məktubunda iddiaçıya onun təqdim etdiyi 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsində ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edildiyini nəzərə çatdırmaqla sonda vergi ödəyicisindən hər bir fəaliyyəti üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlərin (müqavilələr, bank çıxarışları, online kassa məlumatları və zəruri hesab edilən digər sənədlər) 5 iş günü müddətində vergi orqanına təqdim etməsini tələb etmişdir. Başqa sözlə, həmin uyğunsuzluq məktubunda iddiaçının güzəşt almaq hüququnun olduğu və ya vergi orqanının vergi ödəyicisinə 75 faiz güzəşt tətbiq etdiyi bilavasitə qeyd olunmamışdır. Vergi Məcəlləsinin 223.1-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən şəxslərə bu Məcəllənin 151-ci və 201-ci maddələrinə uyğun olaraq cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir. Qeyd olunan normaya əsasən məhkəmə hesab edir ki, iddiaçıya pandemiyadan zərər çəkən sahibkar kimi güzəşt tətbiq edilmiş olduğu halda onun 2020-ci ilin cari vergi ödəmələrindən azad olmuş olması tələb oluna bilərdi ki, hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsində 2020-ci il üzrə cari vergi ödəmələrinin ödənildiyi görünür. Eyni zamanda, məhkəmə iddiaçının qeyd etdiyi vergi orqanının vergi ödəyicisinin borcunun olmaması barədə təqdim etdiyi arayışa münasibətdə bildirir ki, vergi orqanının 02.07.2021-ci il tarixli məktubunda iddiaçının 01.07.2021-ci il tarixinə dövlət büdcəsinə borcunun olmaması göstərilmişdir. Nəzərə alınsa ki, iddiaçı 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, həmin hesabat dövrü üzrə kameral vergi yoxlaması başa çatmamış və yalnız kameral yoxlamanın nəticəsi olaraq 16.07.2021-ci il tarixdə vergi borcunun hesablanması barədə qərar qəbul edilmiş, bu halda vergi orqanının 02.07.2021-ci il tarixdə vergi ödəyicisinin 01.07.2021-ci il tarixə olan şəxsi hesab vərəqəsinə əsasən vergi borcunun olmamasını qeyd etməsi qanunauyğun olmuşdur. Bundan əlavə, vergi orqanın araşdırması ilə “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği 3070.21 manat, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği 491497.47 manat, cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların 279556.86 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərin cəmi 774124.54 manat məbləğindən mal-material qalığının məbləğinin 57875.42 manat çıxılması nəticəsində yaranan 716249.12 manat məbləğin müqayisəsi nəticəsində 13045.27 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Belə olan halda vergi orqanı tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə əlavə olaraq 59.488,49 manat, ümumilikdə iddiaçının bəyan etdiyi vergi məbləği daxil olmaqla 78.448,31 manat hesablamaqda haqlı olmuşdur. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə eidlmiş dəyişikliyə qədər qüvvədə olmuş 37.2-ci maddəsinin redaksiyasına əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar əsasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Bildirişdə hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı əsaslı olmuş, iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2002/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2002/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver